Atlantidanın son sakini. Александр Беляев
işçilər tapmaq mümkün olmasa da, Larison ruhdan düşmürdü. O, okean dibindəki qazıntılara böyük həvəslə rəhbərlik edir, mister Solli isə vaxtının çox hissəsini axtarışların aparıldığı yerin yaxınlığında tikilmiş üzən dokda5 – açıq havada keçirirdi. Fiziki cəhətdən özünü əla hiss edirdi, ancaq daxilən ruh düşkünlüyü artırdı, ümidləri tükənirdi. Üstəlik, hesablayıb görmüşdü ki, əlindəki pul bu gedişlə iki aya bəs edə, ya etməyə. Sonrası məlumdur: iflasa uğrayacaq, bu da azmış kimi, qoca xəyalpərəst kimi rüsvay olacaqdı.
Axşamayaxın Larison okeanın dibindən onun yanına qalxdı. Həmişəki kimi, özü yorğun olsa da, səsi şən və gümrah idi. Mister Solli pulla bağlı kədərli xəbəri ona söyləyəndə qoca Larison ekspedisiya başlayandan bəri ilk dəfə özünü belə məyus hiss edirdi. O heç vaxt ağlına gətirməzdi ki, bu qədər varlı bir fabrikantın cibi də nə vaxtsa boşala bilər.
– Bu, mümkün deyil!
– Necə yəni mümkün deyil? Buyurun, hesablamanın nəticəsinə baxın.
– Biz işimizi ən maraqlı yerində dayandıra bilmərik. Biz artıq yumşaq tufa çatmışıq. İndən sonra işləmək asanlaşıb. Mən elə bu gün dam kirəmitinin bir parçasına oxşayan əşya tapmışam. Pul çatmır? Tapmaq lazımdır!
– Haradan tapaq?
Larison sanki “bu artıq sizin işinizdir” deyərcəsinə dodaqlarını büzüb çiyinlərini çəkdi və otağına getdi. Həmin axşam xeyli nəsə yazıb-pozdu, bəzi göstərişlər verdi.
Səhər oyanıb əlüstü qəlyanaltı etdikdən sonra isə tələsik okeanın dibinə endi.
4. Gözlənilməz kömək
Artıq iki uğursuz ay da arxada qalmaqda idi. İndi mister Solli yalnız bir şeyi hesablayırdı: Atlantidanı tapmaqla bağlı axmaq fikirlərindən əl çəkdikdən sonra öz adi həyatını yaşamaq üçün onun nə qədər pulu qalmışdı? Belə məlum olurdu ki, vur-tut bir neçə yüz min dollar…
Mister Solli fikirli halda siqarını tüstülədib öz yoxsul gələcəyi barədə düşünür, cənub ştatlarının birindəki gözdən uzaq malikanəsinə çəkilib ömrünü tənhalıq içində başa vurmağın hesabını aparırdı.
Birdən onun gözlərinə şimaldan ekspedisiyaya doğru üzən bir neçə gəmi sataşdı. Mister Solli təəccübləndi: “Bunlar haradan çıxdı belə?”
O bilmirdi ki, bu gözlənilməz qonaqlar, əslində, onların köməyinə tələsirlər. Məsələ burasındadır ki, Larison xeyli vaxt idi müxtəlif ölkələrin qəzetlərinə alovlu müraciətlər ünvanlayır, bütün tərəqqipərvər bəşəriyyəti misilsiz bir elmi nailiyyət naminə mister Sollinin sualtı ekspedisiyasına yardım əli uzatmağa çağırırdı. Bu alovlu müraciətlər hamıda dərin təəssürat yaratmışdı. Nəticədə isə budur: çoxsaylı gəmilərdən təşkil olunmuş donanma Atlantidanın axtarışına çıxanların köməyinə gəlmişdi.
Bu dəstəkdən sonra axtarışlar ikiqat sürətlə getməyə başladı. Tezliklə isə Atlantidanın izləri tapıldı: qara, ağ və qırmızı daşlardan tikilmiş hörgü sukeçirməz layda yaxşı vəziyyətdə qalmışdı. Bu barədə xəbər tezliklə qəzetlərin qulağına çatdı və bütün dünyada böyük səs-küy doğurdu. Axtarışlara qoşulan, bununla da sanki Atlantidanın tapılacağı təqdirdə onun sahibi olduğu sərvətlərdən pay uman ölkələrin siyahısı günbəgün genişlənirdi.
Hər ay bir-birindən sevindirici xəbərlər gəlirdi. Bu xəbərlərdən sonra mister Sollinin də kefi kökəlmiş, üzü gülməyə başlamışdı. Artıq Atlantidanın qalıqları üzə çıxmışdı: okeanın dibində gah aralarından balıqların üzgəclərini yüngülcə tərpədib keçdiyi yarıdağılmış cərgə-cərgə sütunlar, gah dağılmış evlərin divarları, gah da hansısa məbədin yana əyilmiş eyvanı görünürdü.
Ekspedisiyanın beşinci ilində isə Poseydon məbədinin xarabalıqları, xarabalıqlar arasında da cilalanmış tunc lövhələrdən ibarət nəhəng kitabxana tapıldı. Lövhələrin üzərinə həkk olunmuş yazıları oxumaq olurdu. Bu işi bir rus dilçi alimi üzərinə götürdü.
Beləliklə, Atlantida yavaş-yavaş öz sirlərini açmağa başlamışdı: məbədlər, piramidalar, heykəllər, evlər, tunc silahlar, avadanlıqlar və atlantların saysız-hesabsız “tunc kitabələri” bircə-bircə aşkara çıxırdı.
Atlantidanın kəşfinin qısa tarixi belədir. Bundan sonra isə biz Atlantidanın öz tarixi haqqında danışacağıq. Bu tarixi yorulmaq bilməyən qoca Larison yazıb. Larison ilhamlı bir adam idi, odur ki onun mətni elmi əsərdən çox, romana bənzəyir. Ancaq tarixi məlumatlara əsaslanan romana!
Təəssüf ki, Larison gözlənilmədən vəfat etdi, onun əsərinin əlyazması isə itmiş sayıldı. Əlyazma bu yaxınlarda alimin evinin çardağındakı şey-şüylərin arasından tapılıb.
Biz indi onu sizin ixtiyarınıza verərkən Larisonun qeydlərini də olduğu kimi saxlamışıq.
Həmin əlyazma budur.
Atlantidanın son sakini
Mən özüm üçün yazıram.
Atlantidanın öyrənilməsinə uzun illər sərf etmişəm. Ona yaxından bələd olmuş, okeanın dibində Atlantidanın xarabalıqları arasında xeyli dolaşmışam. Orada, gözlərim önündə bu materikin keçmiş qüdrətinin və dəhşətli aqibətinin mənzərələri canlanıb. Okeanın dibində və Yerin səthində müxtəlif ölkələrdə tapılmış sənədlərə əsasən mən Atlantida xalqının, hətta onun ayrı-ayrı önəmli şəxslərinin taleyi ilə tanış olmuşam. Sonda isə qəlbimdə bütün bunları yazmaq kimi qarşısıalınmaz istək yarandı. Bu əlyazmanın çap olunmasını istəməzdim.
Onu da deməliyəm ki, Atlantida haqqında yazdığım əsər roman üçün həddindən çox elmi, elm üçünsə həddindən artıq bədiidir. Ancaq mən onu yazmaya bilməzdim, çünki okeanın dibində şahidi olduqlarım məni qarabasma kimi təqib edir. Bəlkə, indi onları qələmə almaqla elmi işlərimi də daha rahat davam etdirmək imkanı qazanacağam.
I. Atlantida
Günəş qərbə doğru əyilirdi. Axşam sahildən əsən külək çiçəkləmiş portağal ağaclarının, maqnoliyaların6 və dağ otlarının ətrini gəmiyə doldururdu.
Beşmərtəbəli gəminin yuxarı göyərtəsinə çıxmış sərnişinlər qarşılarında açılan möhtəşəm mənzərəyə heyranlıqla tamaşa edirdilər.
Onların gözü önündə qızmar günəşin şüalarında çimən nəhəng Atlantida sahilləri qollarını geniş açaraq dayanmışdı.
Sahilin lap yaxınlığında məşhur və möcüzəvi Poseydon mayakı7 ucalırdı. O, konus formasında idi, kəsik zirvəsi sanki göy qübbəsinə dirənmişdi. Üzərinə füsunkar naxışlar çəkilmiş mayak qırmızı, qara və ağ rəngli nəhəng daş kublardan düzəldilmişdi. Onun ətrafı ilə altı arabanın rahatlıqla yan-yana gedə biləcəyi spiralşəkilli geniş yol burulurdu.
Bu dolama yolla gecə-gündüz
5
6
7
Adların əksəriyyətini mən atlantların dilindən götürmüşəm. Bəzi adları (Poseydonis, Atlantida və s.) Platonun zamanında müəyyən edilmiş yazı qaydalarına uyğun saxlamışam. Bu, müasirlərimə daha yaxşı tanışdır. – Larison.