Aya Səyahət. Жюль Верн

Aya Səyahət - Жюль Верн

Скачать книгу
«Topçular klubu» nun üzvlərindən fərqləndirən bir cəhət də vardı: əl-ayağı salamat idi! Məsələ bundadır ki, klub üzvlərinin, demək olar, hamısı müharibədə bədəninin bir hissəsini itirmişdi: kimi əlini, kimi qolunu, kimi ayağını, kimi gözlərini və ya qulaqlarını… Barbikenin isə heç burnu da qanamamışdı.

İclas zalından asılmış iri saat, nəhayət, 8-i vurdu. Barbiken bir göz qırpımında ayağa qalxdı. Bayaqdan ətrafı bürümüş uğultu anındaca kəsildi. Sədr bir qədər təntənəli şəkildə sözə başladı:

– Möhtərəm həmkarlar! Bildiyiniz kimi, iş o yerə çatıb ki, «Topçular klubu» nun üzvləri xeyli vaxtdır işsiz qalıblar. Vətəndaş müharibəsinin davam etdiyi bir neçə il ərzində işlərimiz yağ kimi gedirdi. Elə ki müharibə başa çatdı, klubumuz boş-bikar qaldı. Üfüqdə isə heç bir yeni savaş gözlənilmir. Heç nədən çəkinməyərək bəyan edirəm ki, bizim müharibəyə ehtiyacımız var, özü də tez vaxtda! Yalnız belədə biz əvvəlki qızğın iş günlərimizə qayıda bilərik.

– Hə, müharibə! Müharibə vacibdir! – Maston qışqırdı.

– Lakin hazırda bu, mümkün deyil, – Barbiken sözünə davam etdi. – Silahlarımızı döyüş meydanlarında işə salmaq, yeni silahlar icad eləməyə həvəslənmək üçün çox gözləməli olacağıq. Taleyimizin bu acı qisməti ilə barışmalı və fəaliyyətimizi başqa istiqamətdə davam etdirməliyik.

İclasdakılar hiss etdilər ki, sədr, nəhayət, mətləb üstünə gəlir. Odur ki ona daha diqqətlə qulaq asmağa başladılar.

– Əzizlərim, artıq bir neçə aydır, özümə belə bir sual verirəm: görəsən, öz işimizə sadiq qalmaq şərtilə başqa nə iləsə məşğul ola bilərikmi? Bu sual üzərində uzun müddət baş sındırdım, hesablamalar apardım. Axırda belə qənaətə gəldim ki, dünyada hələ heç kimin ağlına gəlməyən, qısa vaxtda şöhrəti bütün yer üzünə yayılacaq bir işə qol qoya bilərik. Əminəm ki, bunu ancaq siz bacararsınız.

– Deyirsiniz şöhrəti bütün yer üzünə yayılacaq? – klub üzvlərindən kimsə soruşdu.

– Bəli! Bu elə bir işdir ki, bütün dünyaya səs salacaq. Özü də sözün həqiqi mənasında! – Barbiken cavab verdi.

– Sədrin sözünü kəsməyin! – yerbəyerdən səslər eşidildi.

– Möhtərəm həmkarlar, – Barbiken sözünə davam etdi, – yəqin ki, hər biriniz Ayı dəfələrlə görmüsünüz. Təəccüblənib soruşa bilərsiniz ki, bəyəm onu görməyən var? Haqlısınız. Sözümün canı başqadır. Ayı siz də, başqaları da dəfələrlə görüb. Ancaq indi söyləyəcəklərim heç də hər kəsin ağlına gələ biləcək iş deyil. Lap gəlsə belə, onu gerçəkləşdirmək çətin ki, bizdən başqa kiməsə qismət olsun. Xahiş edirəm, məni səbirlə dinləyin. Mən Ayın – bu səma cisminin adını boş yerə çəkmədim. Mən sizi onu fəth etməyə aparacağam. Mənə inanın və çağırışıma səs verin. Bəlkə də, qismətimizdə «səma Kolumbu[2]» olmaq yazılıb!

– Yaşasın Ay! – «Topçular klubu» nun üzvləri bir ağızdan qışqırdılar.

– Doğrudur, indiyəcən Ay kifayət qədər ətraflı öyrənilib, – Barbiken davam etdi: – Onun kütləsi, sıxlığı, həcmi, tərkibi, hərəkəti, Yerlə arasındakı məsafə və Günəş sistemindəki rolu çoxdan dəqiq müəyyənləşdirilib. Qısası, bizə Ay haqqında hər şey məlumdur, lakin indiyədək onunla birbaşa əlaqə yoxdur.

Auditoriyadan səs çıxmırdı. «Topçular klubu» nun üzvləri səssiz-səmirsiz, heyrət və maraq içində sədrə qulaq asırdılar. Hamının tamamilə ona diqqət kəsildiyini görən Barbiken sözlərinə davam etdi:

– İcazənizlə sizə bir neçə maraqlı əhvalat xatırladım. Hələ on yeddinci yüzillikdə David Fabrisius adlı bir nəfər öyünürdü ki, guya o, Ayda yaşayan varlıqları görüb. Min altı yüz qırx doqquzuncu ildə Sirano de Berjerak adlı başqa birisi isə öz kitabında Aya yola düşən ekspedisiyadan danışırdı. Sonralar məşhur fransız yazar Fontenel bütün bunlardan ilhamlanaraq «Başqa dünyalar» adlı kitab qələmə aldı. Ancaq hazırda elm çox inkişaf edib. Yazıçıların fantaziyaları sürətlə həyata keçir, həqiqətə çevrilir. Min səkkiz yüz otuz beşinci ildə yayılan bir kitabçada məşhur astronom Con Gerşelin mükəmməl teleskop yaratdığı yazılmışdı. O həmin teleskopla Ayı xeyli yaxınlaşdıra bilirdi. Bu zaman Ay sanki səksən yard[3] məsafədəymiş kimi görünürdü. Lakin çox keçmədən məlum oldu ki, kitabçada yazılanlar uydurmadan başqa bir şey deyil. Fransada hamı deyilənləri ələ salıb gülməklə məşğul idi.

– Bu, eyni zamanda Con Gerşeli ələ salmaqdır. Con Gerşeli ələ salmaq isə elə amerikanları ələ salmaq deməkdir, çünki o, ingilisdir! – Maston bağırdı. – Bu da sizə müharibə üçün bəhanə…

– Dostum, özünüzü ələ alın! Fransızlar ingilisləri ələ salmazdan öncə özləri gic vəziyyətində qalıblar. Axı onlar əvvəlcə kitabçada yazılanlara inanmışdılar! Nə isə, mətləbdən uzaqlaşmayaq. Tarixə bu qısa ekskursla onu demək istəyirəm ki, əslində, Ayı daha yaxından və dərindən öyrənmək üçün elmi cəhdlər olub; məsələn, bir neçə il əvvəl alman riyaziyyatçılarından biri Sibir çöllərinə elmi ekspedisiya göndərməyi təklif edirdi. Orada reflektorların[4] sayəsində nəhəng həndəsi fiqurlar çəkmək mümkün idi. Bu fiqurlar o qədər parlaq olacaqdı ki, Aydan belə görünəcəkdi. Belədə selenitlər[5] eyni şəkildə onlara cavab verəcək, bununla da Ayla birbaşa əlaqə imkanı yaranacaqdı. Lakin riyaziyyatçının bu fikri, deyəsən, ağlabatan görünmədi, elə fikir olaraq da qaldı. Bir sözlə, Yerlə Ay arasında rabitə yaratmaq indiyədək kimsəyə qismət olmayıb. Əminəm ki, biz bunu bacara bilərik. Çünki Aya səyahət etmək üçün asan və etibarlı üsul tapmışam. Sizi də bura elə həmin üsulla tanış etmək üçün toplamışam.

Dinləyicilər bu sözlərdən sonra Barbikeni böyük şövqlə alqışlamağa başladılar. Onlar natiqin söylədiklərinə əməllicə heyran qalmış, möhkəm həyəcanlanmışdılar. Elə ki alqışlar kəsildi, Barbiken bu dəfə daha təntənəli şəkildə danışmağa başladı:

– Ballistika[6] elminin son illər hansı uğurlara imza atdığı hamınıza məlumdur. Elə bu uğurlardan çıxış edərək özümə belə bir sual verdim: Aya top atmaq olarmı? Buna nail ola biləcək silah icad etmək mümkündürmü?

Bu sözlər zalda uğultuya səbəb oldu. Dərhal da uğultu kəsildi və ortalığa dərin sükut çökdü. Bu lap fırtına öncəsi səssizliyə bənzəyirdi. Həqiqətən də, bir neçə saniyə zalı güclü alqış səsi bürüdü. Alqışlar o qədər güclü idi ki, az qala divarlar silkələnəcəkdi. Barbiken nitqini davam etdirməyə çalışdı, ancaq bu, mümkün olmadı. O yalnız on dəqiqədən sonra yenidən danışa bildi.

– İmkan verin, sözümü bitirim, – təmkinini itirməyən Barbiken dedi. – Mən bu barədə dərindən düşünmüşəm, ciddi hesablamalar aparmışam. Axırda belə qənaətə gəlmişəm ki, dəqiq nişan alınaraq atılmış və

Скачать книгу

2

Kolumb – Amerika qitəsini kəşf edən məşhur səyyah Xristofor Kolumb (1451–1506) nəzərdə tutulur.

3

Yard – 81 sm-ə bərabər olan ingilis uzunluq ölçüsü

4

Reflektor – İşıq mənbəyindən çıxan şüaları əks etdirən cihaz

5

Selenit – Ayda yaşayan xəyali adam

6

Ballistika – mərminin silahın lüləsi içərisində və bu lülədən çıxdıqdan sonrakı hərəkət qanunlarını tədqiq edən elm