İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans

İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə - Eşli Vans


Скачать книгу
isə ağlınıza gələn bütün yollara baş vurulurdu. Ovaxtkı şirkətlər kim daha vəhşi əyləncə növü seçəcək deyə bir-biri ilə bəhsə girmişdi. Tanınmış şirkətlər “bərkgedən” olduqlarını nümayiş etdirmək üçün mütəmadi olaraq konsert salonları kirayələyirdilər. İçkilərin pulsuz olduğu belə gecələrdə səhnəyə Barenaked Ladies (Kanada rok qrupu – İ.N.) çıxır, barlarda isə rəqqasələr şou göstərirdilər. Gənc mühəndislər fahişələr çağırır, tualetlərdə kokain çəkirdilər. Acgöz idilər, ağıllarındakı tək şey varlanmaqdı.

      Sürətli varlanma haqda internet fantaziyalarının çöküşü San-Fransisko və Silikon Vadisini dərin depressiyaya saldı. “Tusovka’’lar yoxa çıxdı. Küçə qadınları artıq səhər saat 6-da küçələrdə “Mənimlə gəl, şəkərim. Qəhvədənsə mən yaxşıyam’’ deyib sabah seksi təklif etmirdilər. İndən belə Barenaked Ladies yerinə Nil Daymondun (Amerikalı müğənni, mahnı sözlərinin müəllifi – İ.N.) mahnıları, pulsuz futbolkalar və boğazda düyünlənmiş qəhər vardı.

      Yüksək texnologiyalar industriyası adamlarının indən belə nə ilə məşğul olacaqları haqda heç bir təsəvvürləri yox idi. Sabun köpüyü kimi partlayan vençur şirkətləri (elmi araşdırmalar, mühəndislik fəaliyyəti və innovasiyaların tətbiqi ilə məşğul olan kiçik şirkətlər – İ.N.) tamam batmamaq üçün maliyyələşdirməni kəsdilər. Təşəbbüskarların nəhəng fikirlərinin yerini təvazökar niyyətlər tutdu. Silikon Vadisinin bütün sakinləri sanki bir anda kütləvi şəkildə içkini buraxdılar. Melodram kimi səslənsə də, həqiqət belə idi. İşıqlı gələcək qurduğuna inanan milyonlarla zəka sahibi birdən bunun doğru olmadığını anladı. Və dəbə yeni davranış şəkli mindi – riskdən qaçmaq üçün ehtiyatlı olmaq.

      Dəyişikliyi görmək üçün o dövrdəki ideyalar üzərində qurulmuş şirkətlərin durumuna baxmaq kifayət idi. Google arenaya 2002-də çıxmışdı və elə o vaxt da uğur qazanmağa başladı. Amma bu, tipik bir örnək deyil. Google şirkətinin qurulması ilə 2007-də Apple iPhone-nun yaranması arasındakı dövrdə bir sıra mənasız şirkətlər yarandı ki, onlar qısa müddətdə batıb yox oldular. Hətta Facebook və Twitter kimi uğurlu qurumlar belə Hewlett-Packard, Intel və ya Sun Microsystems kimi həqiqi məhsul ortaya çıxaran və on minlərlə insanı işlə təmin edən şirkətlərə bənzəmirdilər. Sonrakı illərdə məqsədlər dəyişdi. Artıq böyük risklərə gedib yeni sənaye sahələri açmaq yerinə istehlakçını əyləndirərək bazarı bol-bol reklamla doldurub asan pul qazanmaq dövrü başlayırdı. Facebook-un keçmiş mühəndisi Jeff Hammerbacher mənə belə demişdi: “Bizim nəslin ən parlaq beyinləri insanların mausla reklama daha çox tıklamaları üzərində baş sındırırlar. Bu, dəhşətdir’’. Silikon Vadisi bərbad bir şəkildə Hollivuda oxşamağa başlamışdı. İstehlakçılar isə içlərinə qapanıb virtual dünyanın əsirinə çevrilmişdilər.

      İnnovasiyalardakı bu durğunluğun daha böyük problemə çevriləcəyini ilk dəfə fizik Conatan Hyubner dilə gətirdi. Pentaqonun Kaliforniyadakı Çayna gölündə yerləşən Dəniz Aviasiyasının Elmi Tədqiqat Mərkəzində çalışan Hyubner “Leave it to Beaver’’ serialındakı ölüm tacirinin versiyasıdır. Ortayaşlı, arıq və saçı tökülmüş bu adam, adətən, qəhvəyi köynək, xaki rəngli şalvar və pencək geyinir. 1985-dən bu yana ən son texnologiyalardan istifadə edərək silah sistemləri üzərində çalışmaqdadır. O, “dotkom’’ların (ing. dot.com – “nöqtə-com’’lar internet şəbəkəsi üzərində çalışan şirkətlərə verilən addır – İ.N.) batmasından sonra masasına qoyulan innovativ təkliflərə baxmır, onları ciddiyə almır. Hyubner 2005-ci ildə yazdığı “Dünyada innovasiyaların azalma tendensiyası’’ adlı məqaləsində Silikon Vadisini tənqid edərək ona xəbərdarlıq edir.

      Hyubner innovasiyalarla bağlı vəziyyəti təsvir etmək üçün ağac metaforundan istifadə edir. İnsan oğlu artıq ağacın gövdəsinə çıxaraq budaqları üzərində məskunlaşıb, təkər, elektrik, təyyarə, telefon, tranzistor kimi həqiqətən də böyük kəşflər edib. İndiki nəsil isə ağacın təpəsində yellənərək bizə qədər olunmuş kəşfləri inkişaf etdirmək istəyir. Bu metaforla Hyubner həyatımızı dəyişdirən böyük kəşflərin ciddi şəkildə seyrəldiyini göstərir. Bundan başqa, o, bir nəfərə düşən texniki innovasiyaların zamanla azaldığını deyir. Mənə verdiyi müsahibəsində “Düşünürəm ki, insanın indən belə 100 böyük ixtira edəcəyi ehtimalı getdikcə azalır. İnnovasiya məhdud qaynaqdır’’ deyir.

      Hyubner insanların onun fikri ilə razılaşması üçün beş il lazım olduğunu söyləyir. Onun təxmini hardasa tam doğru çıxdı. 2010-da PayPal-ın (internet üzərindən çalışan onlayn ödəmə sistemi – İ.N.) qurucularından, Facebook-un ilk xarici investoru Peter Thiel yüksək texnologiyalar sənayesinin tənəzzülə uğradığı fikrini irəli sürdü. “Biz uçan avtomobillərin xəyalını qururduq, əvəzində isə əlimə keçən 140 simvol oldu’’ – bu cümlə onun “Founders Fund’’ isimli sərmayə şirkətinin şüarına çevrildi. “Gələcəyə nə oldu’’ adlı essesində Thiel və tərəfdarları iddia edirlər ki, Tvitter özünün 140 simvolu ilə yalançı tərəqqidir. Thielə görə, elmi fantastika bəşəriyyətin gələcəyini tərənnüm etməyi dayandırıb və antiutopiyaya çevrilib. Bunun səbəbi texnologiyaların dünyanı dəyişdirəcəyinə olan inamın qalmamasıdır.

      Mask Diyarını ilk ziyarətimə qədər mən də yuxarıdakı düşüncələrin çoxu ilə razı idim. İlon hədəflərindən çəkinmirdi və onun şirkətlərində çalışanlar xaricində çox az insan zavodları, elmi tədqiqat mərkəzlərini, maşın sexlərini görmüşdü və onun niyyətlərinin miqyasını anlayırdı. Mask çox şeyi, məsələn, sürətlə irəliyə doğru hərəkət etməyi, bürokratik iyerarxiyadan azad olmağı Silikon Vadisindən götürmüşdü. O, bütün bunları real yüksəliş üçün böyük, fantastik avadanlıqların təkmilləşdirilməsinə tətbiq etdi.

      Belə baxanda Mask özü də hamı kimi “xəstəliyə’’ yoluxmuşdu. Universitetdən məzun olan kimi “Zip2” adlı şirkətini (“Google Maps’’in daha bəsit variantı) qurub “dotkom maniyası’’na qapıldı. İlk şirkəti böyük uğur qazandı – 1999-da Compaq 307 milyon dollara Zip2-ni satın aldı. Mask bu satışdan 22 milyon dollar qazandı və onun, demək olar, hamısını yeni şirkətinə, sonralar PayPal adlanacaq startapa yatırdı. 2002-ci ildə isə eBay 1,5 milyard dollar ödəyərək PayPal-ı satın aldı. Mask PayPal-ın ən böyük hissədarı kimi fantastik dərəcədə varlandı.

      Mask həmkarları kimi depressiyaya düşüb Silikon Vadisində veyillənmədi, onların buraxdığı səhvləri təkrarlamamaq üçün Los-Ancelesə köçdü. Doğru olan şey dərin bir nəfəs alıb növbəti əlverişli vəziyyəti gözləmək idi. Ancaq Mask gözləməyi seçmədi. Əlindəki pulun 100 milyon dollarını SpaceX, 70 milyonunu Tesla, 30 milyonunu isə SolarCity şirkətlərinə yatırdı. Bütün sərvətini itirmək üçün bundan sürətli yol ola bilməzdi. “Va-bank’’ gedərək dünyanın ən bahalı iki yerində – Los-Anceles və Silikon Vadisində supermürəkkəb komplekslər inşa etdi. Maskın şirkətləri hər şeyi başdan yaradaraq aerokosmik sahədə, avtomobil istehsalı və Günəş enerjisində qəbul edilmiş həqiqətləri yenidən dərk etməyə başladı.

      Mask ABŞ hərbi-sənaye kompleksinin nəhəngləri olan Lockheed Martin və Boeng ilə mübarizəyə başladı. Rusiya və Çin şirkətlərini də əlavə etsək, görərik


Скачать книгу