Avropa. Türklər. Böyük Çöl. Murad Acı

Avropa. Türklər. Böyük Çöl - Murad Acı


Скачать книгу
tle>

      Nəşriyyatdan

      Türk tarixinə yeni baxış ortaya qoyan Murad Acı (Murad İsgəndəroviç Acıyev) 9 dekabr 1944-cü ildə Moskvada dünyaya göz açıb. O, əslən qumuqdur. Bu xalq, əsasən, Dağıstanda, eləcə də Şimali Osetiyada (Mozdok rayonunda) və Çeçenistanda kompakt şəkildə yaşayır.

      Murad Acı 1969-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Sonralar isə iqtisad elmləri namizədi elmi dərəcəsi alıb. Bununla belə, o daha çox türkoloq, yazıçı və publisist kimi tanınır.

      Müəllif türk tarixi haqqında araşdırmalara elə bir dövrdə başladı ki, artıq 70 illik Sovet imperiyasının süqutu qaçılmaz idi. Uzun illər boyu qadağan edilmiş mövzularda getdikcə daha yüksək səslə danışırdılar. Belə mövzulardan biri də türkçülük idi. Türklərin keçmişi, etnogenezi, dili, mədəniyyəti barədə tarixi həqiqətlər bir çox tədqiqatçıların araşdırma mövzusuna çevrilmişdi. Bu həmin həqiqətlərdir ki, onların gizlədilməsi və ya təhrif edilməsi, sadəcə, Sovet imperiyasının adı ilə bağlı deyil. Elə Çar Rusiyası dövründə də türklərin tarixinə qısqanc, bəzi hallarda isə hətta düşmən münasibəti açıq-aydın hiss olunurdu.

      Lakin 80-ci illərdən başlayaraq o vaxtkı milli hisslərin daha çox önə çıxmağı türklük ruhunun da oyanışını şərtləndirdi. Murad Acı qədim türklərlə bağlı araşdırmalara məhz belə bir tarixi şəraitdə başlamışdı. 90-cı illərdə isə həmin araşdırmalar türkologiyada hadisəyə, yalnız sovet məkanında deyil, dünyada geniş ajiotaja, mübahisə və müzakirələrə səbəb olan əsərlərin meydana çıxmasını şərtləndirdi.

      Onun 1992-ci ildə Moskvada nəşr edilən "Biz qıpçaq soyundanıq!" (Qumuqların, qaraçaylıların, kazakların, balkarların, qaqauzların, Krım tatarlarının, həmçinin rusların və ukraynalıların bir hissəsinin soyağacından) kitabı böyük maraqla qarşılandı, istər elmi dairələrdə, istərsə də geniş ictimaiyyətdə səs-küyə səbəb oldu. Bundan sonra Murad Acının "Müqəddəs Georginin sirri və ya Tenqrinin hədiyyəsi: türklərin mənəvi irsindən" (Moskva, 1997), "Qıpçaqlar. Oğuzlar. Türklərin və Böyük Çölün orta əsrlər tarixi" (Moskva, 2001), "Türklər və dünya: məxfi tarix" (Moskva, 2004), "Asiya Avropası" (Moskva, 2005), "Məhşərin nəfəsi" (Moskva, 2006), "Əbədi mavi səmasız: tariximizin oçerkləri" (Moskva, 2010), "Mənim yovşanlı yolum" (Moskva, 2014) kimi kitabları işıq üzü gördü. Həmin kitablarda irəli sürülən fikir və mülahizələr, ortaya qoyulan faktlar və iddialar həm elmi polemikalar doğurur, həm də türkologiya elmində yeni üfüqlərin açılmasından xəbər verirdi.

      Bu mənada Murad Acının iki kitabı xüsusilə diqqət çəkir: “Qıpçaq çölünün yovşanı” (Moskva, 1994) və "Avropa. Türklər. Böyük Çöl" (Moskva, 1998).

      Təkcə türkoloqların, tarixçilərin deyil, geniş oxucu kütləsinin də ciddi marağına səbəb olmuş bu kitablardan biri – "Qıpçaq çölünün yovşanı" görkəmli alim Tofiq Hacıyev tərəfindən dilimizə çevrilərək nəşr edilib. Sizə təqdim etdiyimiz "Avropa. Türklər. Böyük Çöl" əsəri isə Azərbaycanda ilk dəfə işıq üzü görür. Müəllif bu əsərdə yüzilliklər boyu türk tarixinin yanlış araşdırıldığını, türk xalqlarının öz gerçək kimliklərindən qopduğunu (yaxud qoparıldığını!) önə sürür, bunu müxtəlif faktlarla əsaslandırır, eyni zamanda türk kimliyinə, tarixinə və mədəniyyətinə özünəxas baxış bucağından yanaşır.

      Kitabda "Türk türkü tanımır, o, əcdadlarını yadından çıxarıb!" deyə üsyan edən Murad Acı türklərin öz qıpçaq keçmişlərini unutmasından gileylənir, türklərin tarixindən danışarkən "köçəri mədəniyyəti" termininin istifadə olunmasına qarşı çıxır və bunu uydurma adlandırır. Böyük Çöl mədəniyyəti barədə çoxsaylı yeni (eyni zamanda heyrətamiz!) mülahizələr irəli sürən müəllif, əsərində qədim türklərin dili, inancları, məişətləri, dünyagörüşləri barədə də bir-birindən qiymətli məlumatlar verir.

      Təkcə bugünkü türk xalqlarının deyil, bir çox Avropa xalqlarının da damarlarında qıpçaq qanı axdığına diqqət çəkən Acı yazır: "Qıpçaqlar dünyanın yarısını fəth edib sanki tarixdən yoxa çıxdılar. Hər bir iri ara müharibəsindən sonra ulus ulusun ardınca Dəşt-i Qıpçağı tərk edir, yaxud başqa “yeni” bir xalqa çevrilir, başqa bir xalqla qaynayıb-qarışırdı. Türklər günəşdə qar kimi əriyirdilər…"

      Müəllif vurğulamağı unutmur: "…Rusiya (eyni zamanda Avropa) tarixində heç nəyə təəccüblənmək lazım deyil, ağıl üçün o, çoxdan tapmacaya çevrilib[1]. Bəzi hadisələrin məntiqi dəyişdirilib, faktlar isə yoxa çıxarılıb; məsələn, çar Rusiyasında 196 xalq yaşayırdı. Sovet dövründə həmin rəqəm kəskin surətdə azalıb. Hakimiyyət insanların milliyyəti ilə öz əmlakı kimi, necə istəyir, elə də davranırdı…"

      Elə bu acı həqiqətin işığında yola çıxan alimin "Avropa. Türklər. Böyük Çöl" kitabı türklərlə bağlı uzun müddət davam edən "özgələşdirmə" siyasətinə, onların tarixi və mədəniyyəti haqda şüurlu şəkildə dövriyyəyə buraxılan saysız-hesabsız yalanlara, yanlışlıqlara qarşı üsyan səsi kimi də qəbul edilə bilər.

      Murad Acı bu əsərində Azərbaycanda qədim türk ruhunun yaşadılmasından da bəhs edir, onları "Dəşt-i Qıpçaq adlandırılan Böyük Çöl ölkəsinin tarixi varisləri" arasında göstərir. Sitat: "Türk ənənələrinin Azərbaycandakı kimi güclü olduğunu mən başqa heç yerdə görmədim. Böyük iqtisadi və mədəni imkanlara malik unikal bir ölkə. Orada Avropada çoxdan unudulmuş dəyərlər qorunub-saxlanılır. Əcdadların mədəniyyəti!"

      Yeri gəlmişkən, alim 2005-ci ilin iyulunda Azərbaycana, Naxçıvana gələrək Gəmiqayaya təşkil olunan elmi ekspedisiyada iştirak edib və burada gördükləri – təbiət möcüzələri ilə yanaşı, keçmişin silinməyən izləri qarşısında heyrətini gizlədə bilməyib (Gəmiqayada Miladdan öncə IV–I minilliklərə aid qayaüstü rəsmlər – piktoqramlar var).

      Ümid edirik ki, indi sizə təqdim olunan "Avropa. Türklər. Böyük Çöl" kitabı Murad Acının digər əsərləri kimi maraqla qarşılanacaq, qədim və zəngin türk tarixinin əsrlər boyu gizlədilmiş, təhrif edilmiş, yaxud özgələşdirilmiş qatlarına baş vurmaq istəyən hər bir oxucunun ürəyincə olacaq.

      Müəllifdən

      Bu kitab “Qıpçaq çölünün yovşanı” kitabının davamıdır. Daha doğrusu, mən onu həmin kitabın davamı kimi düşünmüşdüm, ancaq yeni kitab alındı. Yenə də Böyük Çölün tarixi haqqında.

      Yovşan xüsusi bitkidir: onu hamı yox, ancaq seçilmişlər qiymətləndirə bilir; mənim üçün onda Vətən iyi vardır. O tərk edilmiş, indi yaddan çıxmış, bir vaxtlar Böyük Çöl adlandırılan və ya Qıpçaqlar Çölü (Dəşt-i Qıpçaq) deyilən yerdən gələn səssiz bir xəbərdir. Bizim əcdadlarımız vaxtilə uzaq yola çıxanda uğur gətirsin deyə boyunlarından içərisinə bir çimdik yovşan qoyulmuş dəri kisə asardılar. Onlar bunu “qəlb üçün gözmuncuğu” adlandırardılar. Çöldə yaşayan üçün yovşanın ətrindən doğma heç nə yox idi. Ondan sanki Vətənin qoxusu gəlirdi. Bu iy onu geri çağırırdı.

      Təəssüf ki, indi bu sehrli ətir çox az adama tanışdır. Bizi o iyi unutmağa məcbur ediblər.

      Biz də hər şeyi unutmuşuq – nəslimizi, əcdadlarımızı, özümüzü… Nə vaxtsa Böyük Çöldə uzaq qohumuna şad xəbər çatdırmaq, ya da vətənə qayıdacağı haqqında məlumat göndərmək üçün məktub deyil, bir dəstə yovşan yollayardılar… Bu sətirlər yadınıza düşürmü?

      Ona bizim nəğmələri bir-bir oxu,

      Nəğmələrə cavab verməyəndə

      Bir dəstə quru yovşan bağla,

      Ona ver və bax: geri dönəcək.

      Bu, Maykovdur[2]. Şair həmin sözləri qardaşı Otroku Qafqazdan evinə, doğma çölə çağıran Sırçan xanın dilindən deyir…

      IV əsrdə bizim xalq cəsarətlə Avropa tarixində yeni səhifə açdı – o, xalqların çoxunu Roma əsarətindən xilas etdi, onlara azadlıq verdi… Bizim xalq, bəli, məhz bizim xalq bütpərəst Avropaya indiki dini rəmzləri gətirdi, onlar Səma Allahı haqqında eşitdilər,


Скачать книгу

<p>1</p>

* Müəllif burada F.İ.Tyutçevin “Умом Россию не понять…” (Ağılla Rusiyanı anlamaq olmaz) misrasından söz oyunu kimi istifadə edir (red.).

<p>2</p>

Maykov – Apollon Nikolayeviç Maykov (1821–1897) – rus şairi, Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü