Qala. Арчибалд Джозеф Кронин
uzunluqda doğrayıb qutulara bənd etdilər. Kibrit qaranlıqda alışıb Denninin solğun, tutqun üzünü, Əndrunun əsən əllərini aydın işıqlandırdı. Sonra birinci fitil fışıldadı. İçi doldurulmuş dəmir qablar– ən əvvəl uzun fitilləri olanlar bir-bir, ehtiyatla axan lehmənin içinə buraxıldı. Əndru ətrafda nə olduğunu ayırd edə bilmirdi. Ürəyi həyəcanla çırpınırdı. Bu, sırf təbabət məşğələsinə oxşamırdısa da, ömrünün ən yaxşı dəqiqəsi idi. Axırıncı dəmir qab qanova düşəndə, qısa fitili alışıb fışıldayanda birdən-birə Qoukins gördüyü bir siçovulun dalınca qaçdı. Araya müvəqqəti çaxnaşma düşdü, bu intermediyada it hürə-hürə qaçır, onu tutmaq istəyən iki nəfər də indicə ayaqları altında baş verə biləcək partlayışın dəhşətini duyaraq onu qovurdu. Sonra lükün qapağı yerinə qoyuldu və Əndru ilə Denni küçədə üzü yuxarı otuz yardadək dəli kimi yüyürdülər.
Onlar Rednor-pleysin tininə çatıb geri boylanmaq üçün dayanmışdılar ki, birdən gurultu eşitdilər: – part! – birinci dəmir qab partladı.
– Vallah bunu biz elədik, Denni! – deyə Əndru sevinclə çığırdı. İndi onun qəlbində Denniyə qarşı yoldaşlıq hissi baş qaldırmışdı, o, Denninin əlindən yapışmaq, ucadan nəsə demək istəyirdi.
Sonra yubanmadan, dəqiqliklə digər yeni boğuq partlayış səsləri də eşidildi – ikinci, üçüncü, dördüncü, beşinci, nəhayət ən effektlisi – axırıncı partlayış; bu partlayış, deyəsən dörddə bir mildən yaxın deyildi, səs vadinin o başından gəldi.
Denni səsini alçaldıb:
– Hə, bu da belə, – dedi və elə bil həyatının bütün gizli dərdləri bircə bu sözdə ifadə olundu. – Bir biabırçılıqdan qurtardıq.
Bu sözlər ağzından təzəcə çıxmışdı ki, çaxnaşma başladı. Pəncərələr, qapılar taybatay açılır, qaranlıq küçəyə hər yandan işıq düşürdü. Adamlar evlərdən çölə yüyürürdülər. Bir dəqiqə keçməmiş küçə adamla doldu. Əvvəlcə kimsə qışqırdı ki, mədəndə partlayış olub. Lakin camaatın içindən dərhal etiraz səsləri ucaldı, partlayış səsləri aşağıdan, vadidən gəlirdi. Mübahisələr başladı, hərə öz mülahizəsini qışqıra-qışqıra söyləyirdi. Bir dəstə kişi fənərlə kəşfiyyata yollandı. Gecənin bu aləmində həyəcanlı səslər hey uğuldayır, sakitləşmək bilmirdi. Denni ilə Mənson qaranlığın və səs-küyün pərdəsi altında sürüşüb aradan çıxaraq, dolambac yollarla evlərinə qayıtdılar. Əndrunun damarlarından axan qan da zəfər nəğməsi oxuyurdu.
Ertəsi gün səhər hələ səkkiz olmamış qaşqabaqlı sifəti çiy dana ətini xatırladan, gonbul doktor Qriffits avtomobillə gəlib çıxdı. Onu isti yatağından bələdiyyə şurasının üzvü Qlin Morqan dəhşətli lənətlər yağdıra-yağdıra oyatmışdı. Qriffits yerli həkimlərin telefonla çağırışlarına cavab verməyə bilərdi, lakin Qlin Morqanın hirsli hökmlərinə əməl etməmək olmazdı. Qlin Morqanın hirslənməsi üçün isə səbəb vardı: həkim şura üzvünün şəhərin yarım milliyində, vadidə yerləşən təptəzə villası bir gecədə orta əsrlərin lehməsi dolmuş xəndəklə əhatə olunmuşdu. Şuranın üzvü və onun tərəfdarları Heymer Devis və Den Roberts tam yarım saat başqalarının da eşidə biləcəyi tərzdə ucadan tibb inspektoruna dişlərinin dibindən çıxanı dedilər.
Bundan sonra Qriffits alnının tərini silə-silə, qıçlarını sürüyə-sürüyə əhvalatla maraqlanan məmnun camaatın içində Mənsonla yanaşı durmuş Denniyə sarı yeridi. İnspektorun onlara tərəf gəldiyini görən kimi Əndru birdən narahat olmağa başladı. Həyəcanlı, yuxusuz gecədən sonra onun əhvalı dəyişmişdi. Sübhün ayazlı işığında alt-üst olunmuş yolun viranə mənzərəsindən pərtləşən Əndru özünü pis hiss etməyə başlamışdı. Lakin Qriffits kimdənsə şübhələnmək vəziyyətində deyildi. O, iniltili bir səslə Filippə müraciət etdi:
– Hə, dostum, sizin üçün gərək yubanmadan təzə su borusu çəkək.
Denninin sifəti laqeyd vəziyyətdə qaldı. Sonra çox soyuq bir tərzdə dedi:
– Mən neçə ay əvvəl sizi xəbərdar etmişdim, Yadınızdadırmı?
– Bəli, bəli, şübhəsiz! Lakin mən hardan biləydim ki, bu lənətə gəlmiş boru bir gün partlayacaq? Lap məəttəl qalmışam – axı bu necə ola bilər?
Denni ona soyuq nəzərlə baxdı.
– Bəs sanitariyaya aid biliyiniz hanı, doktor? Məgər bilmirsiniz ki, kanalizasiya borularına yığılmış qaz çox asan alovlanır?
Elə bazar ertəsindən təzə borunun çəkilişinə başladılar.
V
Üç ay keçdi.
Gözəl mart günlərindən biri idi. Dağlardan əsən ilıq mehdən baharın gəlişi duyulurdu. Dağlarda güclə sezilən ilk yaşıl zolaqlar burada daş karxanalarının, şlak qalaqlarının törətdiyi biabırçı vəziyyətə meydan oxuyurdu. Mavi səmanın cazibədar fonunda Blenelli belə gözəl görünürdü.
Əndrunu elə indicə Riskin-stritə xəstə üstünə çağırmışdılar. O, xəstəyə baş çəkmək üçün evdən çıxanda yaz gününün gözəlliyindən ürəyinin daha şiddətlə döyündüyünü hiss etdi. O, artıq bura alışmış, elə bil başqa aləmdən tamam ayrılıb dağlar arasına gömülmüş bu orijinal, primitiv şəhərə öyrəşmişdi. Onun heç bir əyləncə yeri, hətta kinosu da yoxdu, ürəksıxan mədənlərindən, daş karxanalarından, filiz emal edən zavodlarından, cərgələnmiş kilsələrindən, bir də tutqun evlərindən başqa heç nəyi yoxdu. Bu, elə bil öz aləminə qapılmış qəribə, sakit bir şəhərdi. Buranın camaatı da, bir növ, yad və anlaşılmazdı; adamların Əndrudan kənar gəzdiyinə baxmayaraq onlar bəzən gənc həkimdə istər-istəməz səmimi hisslər oyadırdılar: alverçilərdən, keşişlərdən və bir dəstə əsnafdan başqa bütün adamlar mədənlərin sahibi olan şirkətin fəhlə və qulluqçuları idi. Hər növbə başlanana yaxın və onun axırında bu kiçik şəhərin sakit küçələri qəflətən oyanar, altına dəmir vurulmuş başmaqların taqqıltısından lərzəyə gələr, insan ordusunun təzyiqi altında birdən-birə canlanardı. Gematit mədənində işləyənlərin paltarları, ayaqqabıları, əlləri, hətta üzləri də tünd-qırmızı filiz tozuna bulaşmış olurdu. Daş karxanasının fəhlələri içinə pambıq qoyulmuş moleskin kombinezonlar geyər, altdan dizlərini sarıyardılar. Pudlinqçiləri diyir-diyir pambıq parçadan tikilmiş sürməyi şalvarlarından tez tanımaq olurdu.
Onlar az, əsasən valli dilində danışırdılar. Ayrıca dolanmalarından, qaradinməzliklərindən digər irqin nümayəndələrinə oxşayırdılar. Lakin bunlar çox yaxşı adamlardı. Evdə, kilsə salonlarında, şəhərin yuxarı hissəsindəki futbol meydanında adi əyləncələrlə qane olurdular. Ən çox isə musiqini xoşlayırdılar, – dəbdə olan bayağı, şit mahnıları yox, ciddi, klassik musiqini. Əndru çox vaxt gecə küçələrdən keçərkən bu yoxsul daxmalardan ucalan fortepiano səsi eşidərdi – bu, çox yaxşı çalınan, gecənin sükutunu yarıb yuxarı, əlçatmaz dağlara, daha yuxarılara qanadlanan Bethovenin sonataları, yaxud Şopenin prelüdləri idi.
Doktor Peycin vəziyyəti Əndru üçün tamam aydındı. Edvard Peyc bundan belə bircə xəstə də qəbul edə bilməyəcəkdi. Lakin fəhlələr tam otuz il onlara can-başla, vicdanla xidmət etmiş həkimi "ələ vermək" istəmirdilər.