Seçilmiş əsərləri. Cəlil Məmmədquluzadə

Seçilmiş əsərləri - Cəlil Məmmədquluzadə


Скачать книгу
Çünki qışda bu evdə təndir yanar, o səbəbə evin tirləri qapqara qaralıbdı. Divarların dəxi yuxarıları qaralan kimi olub. Ev köhnə evə oxşayır; çünki tirlərin çoxusu əyilibdir. Səqfin ortalığından bir “hammal” verilib ki, tirlərə təkyə olub, onları möhkəm saxlasın. “Hammalı” altdan iki sütun saxlayır. Hər sütunun altına bir yekə sal qoyulub ki, sütunları həmçinin möhkəm saxlasın. Evin bir tərəfindən təndir üstə duvaq, bir tərəfdə kürsü, üstə bir qədər çörək qalanıb. Qaranlıq bucaqlarda taxça kimi deşiklərə düzülüb saxsı qab-qaşıq, bir-iki mis qab. Kürsünün altında var üzüquylu çevrilmiş bir qazan, bir çanaq, içində qatıq, bir qara hisli çaydan. Bir tərəfdə salınıb bir palaz, üstə bir iki dəstə yorğan-döşək. Bir-iki taxçaya düzülübdür bir neçə boğça, köhnə papaq və bir-iki mücrü.

      Vəssəlam ki, Məhəmmədhəsən əminin evinə girən əlüstü görər ki, bu kişi kasıb adamdır.

      Məhəmmədhəsən əmi içəri girən kimi gördü ki, oğlu Əhməd üzüquylu sərilib quru yerə və ağlaya-ağlaya gah bu yanı üstə çönür, gah o yanı üstə çönür. Yazıq oğlanı guya ki, bir zəhərli ilan vurubdu. Ağlaya-ağlaya gah başına vurur, gah başını döyür yerə.

      Bir az kənarda qırx beş-əlli sinndə bir övrət çömbəlib, dalını dayayıb kürsüyə və çənəsini hər iki əlinin kəfəsinə qoyub, qaşqabaqnan Əhmədin ağlamağına tamaşa edirdi. Köhnə çarğat, köhnə ağ çit arxalıq və köhnə solmuş şiləyi dizlik – övrətin libası ancaq budur. Əgər deyək ki, bu övrətin ayaqlarında heç başmaq da yoxdu, yəqin eləmək lazımdır ki, bu övrət kasıb bəndənin övrətidir.

      Bəli, bu övrət Məhəmmədhəsən əminin övrəti İzzətdi.

      Məhəmmədhəsən əmi girdi içəri və oğlunu dediyimiz halətdə görüb, gəldi onun yanına. Bir qədər əyilib, yapışdı oğlunun qolundan ki, bəlkə durğuzub ovutsun. Oğlan dəxi də şiddət elədi. Məhəmmədhəsən əmi şirin dillə nə qədər oğluna təskinlik verdisə, oğlu bir tikə ovunmaq bilmədi.

      – Dur, bala, dur. Ağlama, niyə ağlıyırsan, dəli oğlu dəli? Axşam olcaq katda eşşəyi genə gətirəcək da! Eşşəyi öldürməyəcək ki! Dur, bala, dur. Ağlama.

      Məhəmmədhəsən əmi oğluna yalvardıqca oğlan səsini ucaldırdı. Birdən Əhməd bir söz deməyib, durub qaçdı eşiyə. Ancaq Məhəmmədhəsən əmi daldan çağırdı oğlanı ki, bilsin hara gedir. Oğlan cavab vermədi. Sonra üzünü tutdu övrətinə səmt:

      – A kişi, bu səfik oğlu səfik hardan şeytan kimi çıxıb gəlib eşşəyi apardı, bizi mərəkəyə saldı?! Lap, vallah, belə mərəkə olmaz. Əhmədi heç təhərnən ovutmaq olmuyacaq. Allahü-əkbər, belə də şey olardı?!

      Övrəti cavab verdi:

      – Yaxşı-yaxşı. Bildilər, bildilər. Bu sözləri indi sən mənə deyirsən, ta mən neyliyim? Eşşəyi verməmiş bu sözləri mənə deyəydin da! İndi eşşəyi vermisən, mənə məsləhətə gəlmisən?

      – Axı, ay arvad, vallah necə eləyim? Üz üzdən utanır. Gəlir istiyir, adamın üzündən gəlmir ki, desin vermirəm. Və bir də bu bir elə şey deyil ki, itsin, batsın. Eşşəkdi da! Aparıb, genə gətirəcək verəcək özümüzə. Eşşəyin ki, ətini yemiyəcək!

      Bu sözləri deyəndə Məhəmmədhəsən əmi əllərini yanına salıb durmuşdu övrətinin qabağında, guya ki, divanbəyiyə cavab verir. Divanbəyi əllərini ölçə-ölçə səsini atdı başına:

      – Kişi, vallah, billah, səndə bir tük qədəri ağıl yoxdu. Yaxşı, a kişi, axı sabah yox, birigün züvvarlar çıxırlar. Axı o yazıq heyvanı qoy bir gün rahat qalıb dincəlsin, əmələ gəlsin ki, səni buradan altı aylıq yola aparsın, gətirsin. Yaxşı, yekə kişi, srağa günü eşşək getmişdi Uzun ağaca, dünən aparmışdın dəyirmana, bu gün də ki, getdi şəhərə. Pəs havaxt o heyvan evdə qalıb kökələcək ki, sən onu minəsən, ziyarətə gedəsən. Ay vay, qadam o pis sifətinə!

      – Arvad, Allah xatirinə əl çək mənim yaxamdan! Mənim öz fikrim özümə bəsdi. İndi ta necə edək? Eşşəyi Xudayar bəy aparalı yarım saat olar. Mən indi ta gedib, eşşəyi ondan alıb, kişini yarı yolda qoya bilmərəm ki! Kişi, genə necə olsa, ağsaqqaldı. Adamın genə işi düşər. Necə ola bilər ki, bir eşşəkdən ötrü hakimi özündən incidəsən? Aparıb eşşəyi, genə axşam qaytarıb gətirəcək da!

      – İndi pəs mən neyliyim? Gəl indi Əhmədi ovut, görək necə ovudacaqsan. Mən balamın ürəyini sıxım? Axı görək nədən ötrü? Görək Xudayar bəynən sənin nə alıb verəcəyin var? Katdadı, özünə katdadı da! Görək onun katdalığının sənə bir nəfi var?

      Əhmədin eşikdən ağlamaq səsini eşidib, İzzət səsini kəsdi. Əhməd ağlaya-ağlaya içəri soxulub, genə özünü çırpdı quru yerə və ağlaya-ağlaya, “vay, vay” deyə-deyə başladı:

      – Vay-vay! Mənim eşşəyimi, mənim eşşəyimi! Vallah, ana, Xudayar bəy eşşəyi aparıb şəhərə, ordan eşşəyin üstə sal19 yüklüyüb, aparacaqlar körpü qayırmağa. Vay-vay-vay!.. Ana, mənim eşşəyimi!

      Genə bir qədər ağlayıb, oğlan irəliki kimi cəld durub qaçdı eşiyə.

      Məhəmmədhəsən əmi oğlanın dalınca çıxdı həyətə görsün oğlu hara qaçır; amma Əhməd çoxdan gözdən itmişdi. Məhəmmədhəsən genə evə qayıdıb, övrətinə dedi ki, görə bilmədi oğlanı. Bu axırıncı fəqərə İzzətin qeyzini dəxi artıq cuşə gətirdi:

      – A kişi, Allah görüm sənin evini bərbad eləsin! Bir ayaq qoy gör axı uşaq hara qaçdı getdi? Buy, Allah, mən necə eliyim? A kişi, vallah, Əhməd dəlidir. Özünü aparıb quyuya-zada salar.

      – Ay arvad, axı mən başıma nə daş salım? Mən nə bilim indi o hara qaçdı, qoydu getdi?

      İzzət durdu ayağa və köhnə göy çadirşəbi başına salıb, çıxa-çıxa bu sözləri dedi:

      – Atana nəhlət, Xudayar bəy! Anana nəhlət, Xudayar bəy! Dədən tünbətün düşsün, Xudayar bəy! Babanın həşri Ömərin həşrilə qopsun, Xudayar bəy!

      İzzət uzaqlaşdı və səsi gəlmədi. Məhəmmədhəsən əmi bir ah çəkib, gəldi oturdu palazın üstə, dalını dayadı divara. Qeyzindən yazıq kişinin alnından tər axırdı. Məhəmmədhəsən əmi papağını çıxardı qoydu yerə və başladı bu cür öz-özünə şikayətlənməyi:

      – Allah, dərgahına çox şükür! Bəndənin başına bu qədər iş gələr ki, mənim başıma gəlir? Bu Yezid oğlu Yezid elə mənim eşşəyimi gərək gəlib aparaydı ki, başıma bu qədər qalmaqal gəlsin? Kənddə iki min eşşək var. Get birini min, apar da! Elə məni gözün görür? Allahü-əkbər! Elə arvad yalan demir ki! Doğru deyir də! Yazıq heyvan bir gün rahat qalmır ki, bir az əmələ gəlsin… Eh, vallah, mən bir qəpik pula dəymərəm. Mən doğrudan kişi deyiləm ki! Arvad məndən yaxşıdır. Əlbəttə, arvad məndən yaxşıdır. İndi Xudayar bəy eşşəyi İzzətdən istəsəydi, İzzət eşşək verərdi? Hələ İzzət arvaddı. Allahü-əkbər! Lap işlərim çətin yerdə dayandı. Vallah, bilmirəm kasıblıq dərdi çəkim, arvad-uşaq dərdi çəkim, eşşək dərdi çəkim. Yəni eşşəyi də verməmək olmazdı. Söz yox, nə tövr verməmək olar? Eşşəyi verməsən, onda dəxi kənddə baş gəzdirmək


Скачать книгу

<p>19</p>

böyük, yastı daş layı