Kəlilə və Dimnə. Bəydəba
istifadə etsə, həm bu dünyada öz arzusuna çatar, həm də o dünyada xoşbəxt olar… Bilmək lazımdır ki, hər işin öz səbəbi, hər səbəbin öz illəti və hər illətin öz məkan və zamanı vardır. Ömrün uzunluğu və dövlətin varlığı bunlardan biri ilə bağlıdır. Bu kitabın Hindistandan Farsa gətirilməsinin səbəbi odur ki, Allah- taala dünyanın padşahı olan xoşbəxt, qüdrətli Ənuşirəvan Kəsra ibn Qubadi ağıl nurundan və ədalət xəzinəsindən qəni etmiş, iş bilməkdə, fikri düz başa düşməkdə, mahir yaratmış; səy göstərməkdə, söz söyləməkdə ona fövqəladə bir istedad vermişdi. O, bütün bunlardan «istifadə edərək elm öyrənməkdə, onun incəliklərini dərk etməkdə, müxtəlif bilik sahələrindəki məlumatda elə yüksək bir rütbəyə çatmışdı ki, ondan əvvəlki şahların heç biri bu mövqeyə qalxa bilməmişdi. Belə ali bir rütbə, şərəfli bir mənsəb onlara qismət olmamışdı.
Padşahlıq qüruru və dünyanı tutmaq həvəsi onunla nəticələndi ki, Ənuşirəvan bir çox ölkələri ələ keçirdi, bir sıra zülmkar hakimləri özünə tabe olmağa məcbur etdi, hər bir adamın həsəd apara biləcəyi şən, şövkət, qüdrət və əzəmət sahibi oldu. Bu zaman onun qulağına çatdı ki, hind şahlarının xəzinəsində quşların, vəhşi heyvanların və həşəratın dilindən yazılmış bir kitab vardır. Padşahlar rəiyyətə cəza vermək, ədalətli və mərhəmətli işlər görmək, düşmənləri darmadağın edib aradan qaldırmaq istərkən ona müraciət edirlər. Bu kitab bütün yaxşılıqların mənbəyi, bütün elmlərin məxəzi, xeyir və mənfəət xəzinəsi, hikmət açarı hesab edilir. Bu kitab şahlara fayda verdiyi kimi, xalqa da xeyir verir. Bu kitabın adı «Kəlilə və Dimnə»dir.
Ənuşirəvan– Adil bu kitabı görmək fikrinə düşdü. Əmr etdi, elə bir istedadlı adam tapsınlar ki, o elm sahəsində şöhrət qazanmış olsun, fars və hind dilini bilsin və bu mühüm işin ona tapşırılması nəzərdə tutulsun.
Çox gəzdikdən, sorğu-sual və axtarışdan sonra bütün bu deyilən xüsusiyyətlərə malik olan və tibb elmində şöhrət qazanmış Bərzuyə adlı cavan bir oğlan tapdılar.
Ənuşirəvan onu yanına çağırıb dedi:– Çox fikirləşib götür-qoy etdikdən, məşvərət və məsləhətdən sonra belə qərara gəlmişik ki, sənə çox mühüm və məsuliyyətli bir iş tapşıraq. Sənin əql və kamalın, istedad və bacarığın bizə məlumdur; elm öyrənməkdəki hərisliyin, sənət sahibi olmaqdakı inad və iradən sübut olunmuşdur. Deyirlər ki, Hindistanda qiymətli bir kitab vardır. Biz istəyirik, o kitab gətirilib bizim ölkəmizdəki başqa hind kitablarının içərisinə daxil edilsin. Hazırlaşıb bu iş üçün Hindistana getmək, nə vasitəilə olur-olsun, o kitabı ələ gətirmək lazımdır. Sənə çoxlu pul və mal-dövlət veriləcəkdir. Onu ehtiyacın olan yerdə, istədiyin kimi xərcliyə bilərsən.
Orada çox qalmaq lazım gəlsə və sənin yenə də pula ehtiyacın olsa, yaz göndərək. Əgər bütün xəzinəni bu yolda qurban vermək lazım gəlsə, müzayiqə edilməyəcəkdir.
Sonra Ənuşirəvan əmr etdi, Bərzuyənin yola düşməsi üçün xoş və münasib bir gün təyin etsinlər. Həmin gün gəlib çatdıqda Bərzuyə yola çıxdı. Onun ixtiyarında əlli xurcun və hər xurcunda əlli min dinar pul var idi. Bütün qoşun, sərkərdələr və dövlət adamları onu yola salırdılar. Bərzuyə böyük bir həvəslə bu işi yerinə yetirməyə gedirdi. Bərzuyə Hindistana çatdıqda padşahın sarayı olan şəhərə gəldi və orada yaşamağa başladı. O, alimlər yığıncağına, əyan-əşrəflər məclisinə, qara camaat toplanan yerlərə gedir, bir sözlə, adamların içərisinə girib hər yeri dolanır, şahın yaxın adamlarının vəziyyətini öyrənir, şəhərin adlı-sanlı adamları, alim və filosofları haqqında sorğu-sual edib məlumat toplayırdı. Hara gedirdisə, qaynayıb qarışır oradakılara, hamı ilə dostlaşaraq təmkin və nəzakətlə dolanırdı. Hamıya deyirdi ki, mən bura elm öyrənmək və təhsil almaq üçün gəlmişəm. Dərin elmi məlumatı olduğu halda özünü sadəlövhlüyə vurur, özünü avam kimi aparırdı. Hər fürsətdən istifadə edərək müxtəlif təbəqədən olan adamlarla dostlaşır və hərəsini bir yol ilə sınaqdan keçirirdi. Nəhayət, o, axtardığını tapdı, istədiyi adama rast gəldi. Bu adam ağıl və kamalda, istedad və huşyarlıqda başqalarından fərqlənirdi. Bərzuyə həmin adamla dostluğa başlayıb ona o qədər yaxşılıq etdi ki, axırda qardaşlaşıb can bir qəlb dost oldular. Az vaxt içərisində həmin adamın əxlaq və xasiyyətini öyrəndi, dostluq və sədaqətini sınaqdan keçirdi. Sonra öz-özünə dedi: «Əgər bu sirrin açarını ona verib, könül evinin qıfılını onun üzünə açsam, o, nankorluq edib duz çörəyi tapdalamaz, kərəm və mürüvvət, dostluq və yoldaşlıq xatirinə xəyanət etməz».
Bir müddət keçdikdən və onların arasında olan səmimilik bir az da möhkəmləndikdən sonra, Bərzuyə onun əmanətə xəyanət etməyəcəyinə, sirri heç kəsə açmayacağına inandı. Daha çox hörmət göstərib, daha artıq yaxşılıq etməyə başladı və bir gün ona dedi:– Qardaşım, mənim bir sirrim var, onu indiyə qədər səndən gizlədirdim, lakin bilirəm ki, sən bunu hiss etməmiş deyilsən, çünki arifə bir işarə də kifayətdir.
Hindli dedi: – Doğru deyirsən, hərçənd sən öz məqsədini gizlədirdin, lakin mən onun səndə olan nişanə və əlamətlərini görürdüm. Ancaq sənin rəftarın onu deməyə imkan vermirdi. İndi ki, sən özün məsələni açdın, elə bilirəm ki, o barədə danışmağına dəyər. Günəş kimi aydındır ki, sən bizim vilayətin nəfis və qiymətli sərvətlərini aparıb öz şahının hikmət xəzinəsinə əlavə etmək üçün gəlibsən, bunu isə məkr və hiylə ilə həyata keçirmək istəyirsən. Lakin mən səndə olan səbir və iradəyə heyran qalmışam. Mən söhbət vaxtı ağzından bir şey qaçıracağını və beləliklə, öz məqsədini bildirəcəyini gözləyirdim. Lakin belə bir şey olmadı, səndə olan bu möhkəmlik və ağzıbütövlük mənim sənə olan etiqadımı artırdı, dostluq və qardaşlıq hisslərini gücləndirdi. Çünki heç bir məxluqda belə bir iradə və özünü saxlaya bilmək qabiliyyəti ola bilməz ki, qürbət vilayətdə, tanımadığı, əxlaq və adətlərini bilmədiyi, nabələd bir xalq arasında özünü sənin kimi apara bilsin.
İnsanın ağlı özünü səkkiz xüsusiyyətdə büruzə verər: Birinci – nəzakətli və təmkinli olmaqda; ikinci – öz şəxsiyyətini tanıyıb öz iradəsinə malik olmaqda; üçüncü– adil şahlara itaət edib onların arzu və istəklərini yerinə yetirməkdə; dördüncü – öz sirlərini dosta verib-verməməsinin yerini bilməkdə; beşinci – özünün və başqalarının sirrini saxlamaqda; altıncı – şahlar qapısında ehtiyatlı olub, şirin dil ilə saray adamlarını ələ ala bilməkdə; yeddinci– öz dilinə malik olub artıq-əksik danışmamaqda; səkkizinci – məclislərdə susmağı özünə adət edib, soruşulmayan şeyləri deməməkdə və peşmançılıq gətirən şeyləri dilə gətirməkdən çəkinməkdə…
Kimdə bu səkkiz xüsusiyyətin hamısı bir yerdə olsa, o, öz ehtiyaclarına üstün gəlməyə, dostlarından tələb etdiyi bütün şeyləri almağa və arzusuna çatmağa layiqdir. Bu xüsusiyyətlərin hamısı səndə vardır. O da məlum oldu ki, sənin mənimlə dostluq etməkdən məqsədin nə imiş. Doğrudur, bu fəzilətlərə malik olan adamın bütün arzu və istəklərini yerinə yetirmək mürüvvət və kərəm sahiblərinin yanında səhv sayılmaz, lakin sənin xahişin məndə dəhşət yaratdı. Bu çox böyük və qorxulu bir işdir.
Bərzuyə