Mənim üçün qızılgül. Samirə Əşrəf

Mənim üçün qızılgül - Samirə Əşrəf


Скачать книгу
m…

      “UNUTMAQ VƏ XATIRLAMAQ DÖNGƏSINDƏ”

      Nəsrdə yazı üslubları, gördüyünü, şüuraltında, ürəyinin hansısa qatında saxlanılan nəsnələri qələməalma metodu bilmədiyimiz qədər fərqlidir, biz bu fərqləri sadalamaq istədikdə zənn etdiyimizdən çox şeylər yaddan çıxır. Adicə hekayə də belədir, yazırsan, bu proses məhz nələrinsə əvvəlcə yavaş, sonra sürətlə unudulmasına əsaslanır, belə bir “unutqanlıq” olmadıqca yazı – hekayə, ya roman alınmaz. Yazmaq unutmaq sənətidir. Amma bizə elə gəlir ki, biz nələrsə yada düşdükcə, xatirələr canlandıqca yazmağa başlayırıq. Yazanda hər şeyi arxada qoyub hər şeyi sürətlə unudursan…

      İnsan hansısa dərdin, ağrının təsiri altında bəzən o qədər yorulur, o dərəcədə dünyadan bezir ki, bunun bir balaca əksi baş verdikdə yaddaşını təzələmək istəyirsən, təzələyirsən də, amma o ağrı hardasa, bəlkə, sənin içində, bəlkə, səndən çox uzaqlarda qövr edir, bu ağrının küləyi dünyanın hər yerindən əsir, sən bunu bilir, hiss edir, amma əllə toxuna bilmirsən.

      Buna uyğun olaraq yazı tərzləri də fərqlənir, bəzən yerlə göy qədər. Göylərdən yerə, ömrün boyu bircə yağış damcısı da düşməyən “şoran” və şırım-şırım torpaqlara bir ümid payı hərədə bir cür gəlir. Nasir var, yazını qurur, belədə bizdən xəbərsiz içimizdəki burulğanın o qurma işinə təsiri çox az olur, nasir də var içində, başladığı əhvalatın ən müxtəlif qatlarında bir gözəgörünməz mexanizm olur, bu əhvalat, bu danışıq tərzi sənin içində sonuna varmayınca sanki bir tilsim içində olursan, o mövzu, o mətləb sənin içində tamamlanmalıdır ki, yaxud ən əsas kərpicləri düzgün qoyulmalıdır ki, onu qələmə ala biləsən. Sənin içində olduğun o tilsim yazını rəngdən rəngə salır, göy qurşağı kimi, ondan qaçıb qurtulmaq mümkünsüz olur.

      Samirə Əşrəfin hekayələri bu ikinci tipə aiddir. Həmişə ona elə gəlir ki, başına gələnləri yazır, zahirən bu elə belədir, insan başqa nə yaza bilər ki?! Amma və lakin… Əsas o əhvalat və ömrün ən müxtəlif dönəmlərində başına gələn hadisələri bu gün bu şəkildə quran bir mexanizm də var və əsas da odur, onun varlığı, onun olmasıdır. Bu hekayələrdə hər şey sayrışır, eynən səhər çağı gün işığında, həmin işıq güllərdəki şeh damcılarında dünyanın təkrarsız mənzərələrini yaradır (amma qurmur!). Yazını, ona can verən əhvalat və mətləbi, ən əsası – onların hörgü prinsipini dünyaya gətirən mexanizm (təhkiyə çarxı) həmişə səndən öndədir, bəzən o, məktub kimi yazdığın yazını da hekayəyə, bədii əsərə çevirə bilir. Sən onu hiss etdiyin anda varlığındakı ikinci nəfəslə yaşayırsan – bu, insana nə qədər ömür verir, yaxud Allahın verdiyi ömrü kəsib doğrayırmı, – bunu demək, bəlləmək qeyri-mümkündür.

      “Mənim üçün qızılgül” hekayəsi çox kədərli bir əhvalatın rəsmidir, bu hekayədə keçmiş və indiki zaman elə dəqiq və görüntülü detallarla işlənib ki, xatirələrdən bu günə, bu gündən xatirələrə çəkilən “arx” böyük dənizlər, bəzən də göz qaraldan okean kimi aşıb-daşır, sahilləri yuyub aparır və bu məqamda keçmişlə indiki zaman bir nəfəs dərimində birləşir və yox olur.

      Təsadüfi deyil ki, Samirə hekayələrinin əksərində “sonrakı” ömründən yox, məhz uşaq qəlbindən, onun dediklərinin dili ilə danışır.

      Baxın: “… Atam qohum əqrəbanın işinə yarayan adam olmuşdu. Amma həmişə bircə rumka içkinin badına gedərdi. Bir xeyir iş olanda əldən ayaqdan gedərdi. Çadırından tutmuş bazarlığına qədər hər işə əl atardı. Amma toyun axırına yaxın oturub bir-iki tikə yeyər, üstündən də o zəhrimardan içib keflənərdi. Ya oynamaq, ya da başqa bir şeyi bəhanə edib biri ilə dalaşardı. Vəssalam. Bununla da adı vayqanlı olardı. Toy qurtarandan sonra hamı evinə dağılışardı. Atamın bu hərəkəti onun ağırbaşlı qohumları üçün göydəndüşmə idi. Dərd orasıdı ki, biz də atamın badına gedərdik. Bizi də onun “günah”larının gözünə qatıb toydan sonrakı qonaqlıqların heç birisinə çağırmazdılar. İçki atamı əməlli-başlı hörmətdən salardı. Belə məqamlarda atama qəzəblənsəm də, mənim uşaq qəlbimdə həmişə ona qarşı bir mərhəmət, acıma hissi olardı”.

      Samirənin “Soyuducumun kölgəsi” hekayəsi də bu mənada bol material verir. Hekayədəki detallar və göndərmələr, əşyaların təsviri, onlarla söhbətlər, kənara deyilən kəlmələr nəqlin bir məqamında eyni zamanda bir neçə nəsnəyə işarə edir, adi məişət hadisəsi bir çox qəliz psixoloji anların fəlsəfəsini anladır. Hekayədə qəfildən Zvyagintsevin filmləri, xüsusən “Yelena” filmi anılır, əşyalarla insanın daxili dünyasını çılpaq şəkildə göstərmək məqamının altı cızılır. Təhkiyədə qəribə bir ritm var, başlanğıcdakı yuxuyla oyaqlıq arasındakı yumurta söhbəti (yumurtanın ağındakı bərq vuran kristallar…), aclığa dözməyən uşağın kənddəki halının təsviri, yuxudan reallığa açılan pəncərədən (yaxud əksinə) hər şeyin dumanlı şəkildə (həm də kölgəsiz) görüntüsü və zaman keçdikcə atmosferin (ərazinin) aydınlanması, daha sonra əşyalar yerlərini dəyişdikcə hər şeyin boz rəngə boyanıb kölgənin cənginə keçməsi insan həyatının bilinməyən, nadir hallarda hiss edilən keçidlərinə işıq salır. Müəllif Zvyagintsevə istinad edir, amma nədənsə yadımıza müasir ingilis yazıçısı İen Makyuenin “Bağışlanma” romanı və onun eyni adlı ssenarisi əsasında çəkilən bədii film düşür (rejissor Co Rayt, 2007). Bu film iki dəfə “Qızıl Qlobus”, iki BAFTA mükafatını alıb və “Oskar”ın yeddi nominasiyasında qalib olub. Romanda təsvir edilən, vaxtaşırı olaraq diqqət mərkəzinə çəkilən güldan artefaktdır, artefakt isə insan ruhunun “abidəsi” kimi, onun məqsəd və ideyasına çevrilir, zamanla bədii əsərlərin içini “zəbt edən” artefaktlar olmasa, canlı olan hər şey (hərəkət, fikir, sözün özü) itib batar, çünki deyildiyi kimi artefakt yaddaşın simgəsidir, bəzən də özü. Samirənin hekayəsində soyuducu və onun (köhnə soyuducu və köhnə zamanların nəsildən nəslə ötürülən əşyaları, həm də köhnəliyi sıraya düzülüb, maneə yaradıb qoruyan ağbirçək qadınlar metaforası…) yaddaşla bağlı olması, insan həyatının dərin qatlardakı qüssəsi, bəzən özünə də bəlli olmayan narahatlığı, əslində əşyaların, yaddaşla bağlı artefaktların içinə sığınır. Fransız strukturalisti Bodriyarın “Əşyalar sistemi” kitabında bu məsələyə, yəni artefaktın ikincili işarə sistemi olmasına maraqlı baxış sərgilənib. Artefakt insan həyatı barədə yaddaşla bağlıdır. Təzə və köhnə əşya hekayədə insanın içində özü və başqaları ilə mübarizəsini də göstərir. Diqqət edilərsə, bu hekayədə daxili səs (soyuducu ilə, qəhrəmanın özü ilə, qızıyla) bütün gücü və parlaqlığı ilə ifadə edilir. Əşyalar qəhrəmanı indidən keçmişə aparır, indidən gələcəyə yollayır, torpaqlar işğal edildiyi üçün keçmiş həm donuq, həm də həyəcanlıdır, o təkcə zaman yox, insanın daxilindəki hər şeydir, məsələn nəsildən nəslə keçən, cehiz kimi verilən qablar, sənə yad hissdən xilas olmaq üçün təzə soyuducunun üstünə ləyənlərin düzülməsi… Həm də o həyəcanlı, hər şey olan keçmişi diriltmək, qaytarmaq cəhdidir. Bu mənada Samirənin hekayədə qoyduğu, nişanladığı detallar çox mənalı və çox funksiyalıdır. Onun “Eybəcər” hekayəsindəki keçmişə aid köhnə modalı əşyalar satılan dükan, qəhrəmanın şalvarın qıçında güllə yeri axtarması… yenə də keçmişdən təşrif gətirən əşyaların insan ruhunda bilinməyən qatların oxunmasına xidmət edir.

      Samirənin əksər yazılarında bu hal – keçmişə dialoq, daha çox isə keçmişə baxıb, onun nəfəsini dinləyib susmaq təyinedici funksiyadadır.

      Yəni, hekayəni quran mexanizm həmişə Samirədən bir addım irəlidədir. O, diktə ilə yazır və bu bir ömürdə nadir hallarda baş verə bilər. Həm də insanın ən ağır halında, dərdlərə dözmədiyi məqamlarda… Amma və lakin… Torpaqlar, elə Samirənin uşaqlığının keçdiyi Cəbrayıl işğaldan azad olunduqdan sonra o yerlərə iki, ya üç dəfə səfər etdi, evlərinin uçulub dərd heykəli kimi qalmış yerini tapdı, uşaqlıqdan qoyub (qurub!) gəldikləri saat haqqında yazdıqları və ümumən səfər təəssüratları ona qədər yazdığı hekayələrindən fərqlənirdi, saatın əqrəbləri çoxdan dayansa da, içindəki mexanizm işləyirdi…

      Əslində, hekayə nədir? İnsanlar bunu niyə yazır, niyə bir-birinə danışırlar? Yazılmayan hekayələr, danışılmayan nağıllar da var. Nağılın hər dəfə danışılması onun yeni doğuşudur, bu eyni zamanda başqa birisinin


Скачать книгу