Hədəf – Bakı: “Qara qızıl” Uğrunda Mübarizə. 1917-1922. Fərhad Cabbarov

Hədəf – Bakı: “Qara qızıl” Uğrunda Mübarizə. 1917-1922 - Fərhad Cabbarov

Скачать книгу
yanaşma isə söyləməyə əsas verir ki, Bakıdakı böhranlı durumun kökləri 1917-ci ildən daha əvvələ gedib çıxır. 1917-1920-ci illərdə, qismən isə 1921-1922-ci illərdə cərəyan edən bütün hadisələr birbaşa və ya dolayısı ilə XX əsrin əvvəllində baş vermiş proseslərlə bağlı idi.

Beləliklə, XX yüzilin başlanğıcında Rusiyada böyük iqtisadi və siyasi sarsıntılar yaşanırdı və bu proseslər təbii ki, Bakıya da təsirsiz ötüşməmişdir. 1900-1903-cü illər böhranından, həmçinin 1905-1907-ci illərin inqilabi hadisələrindən sonra neft hasilatı və emalı durmadan aşağı düşürdü. Neft istehsalının azalması Bakının ümumrusiya hasilatında payına da mənfi təsir göstərmişdir: 1910-cu ildə bu göstərici 84,7 %-ə, 1913-ci ildə isə 79,6 %-ə bərabər idi. 1901-ci ildən 1903-cü ilədək Bakıda neft hasilatı 33,2 % aşağı düşmüşdür.6 Hasilat və emalın aşağı düşməsi ilə yanaşı, ixracat da azalmışdır. Mövcud vəziyyətdən istifadə edən ABŞ-ın “Standart oyl” tresti 1904-cü ildə Rusiya ixracatçılarını beynəlxalq bazarların bölüşdürülməsi haqqında sazişi imzalamağa məcbur etmişdir. Həmin saziş Bakıda fəaliyyət göstərən Rotşild və Nobel firmalarının mövqeyinə ciddi zərbə vuraraq, onları Qərbi Avropa ölkələri üçün zəruri olan neft məhsullarının yalnız cüzi hissəsinin təchizatçısına çevirirdi.7 Bakıda neft hasilatının azalması nəticəsində Rusiyanın neft ölkəsi kimi rolu zəifləmiş, ABŞ-ın mövqeyi isə artmışdır.

1914-cü ildə başlayan Birinci Dünya müharibəsi neft sənayesi üçün yeni sınaq oldu. Dəmir yolları müharibənin ehtiyacları üçün yükləndiyindən, Rusiyanın özündə texniki materialların qıtlığı, həmçinin xarici bazarların bağlanması səbəbindən Bakıya texniki materialların gətirilməsi xeyli çətinləşmişdi. Maliyyə vəsaitlərinin çatışmazlığı, neft məhsullarının ixracının dayandırılması, texniki materialların qiymətində artım və işçi qüvvəsinə sərf olunan xərclərin çoxalması əlavə çətinliklər yaradırdı. Yeni quyuların qazılması azalmış və ya tamamilə dayandırılmışdır ki, bu da gələcəkdə neft hasilatına daha ağır təsir göstərəcəkdi.

Statistik məlumatlardan görünür ki, 1913-cü ildən 1917-ci ilə qədər dörd əsas neftçıxarma rayonunda – Balaxanıda, Sabunçuda, Ramanada və Bibi-Heybətdə hasilat durmadan aşağı düşürdü (cüzi artım yalnız 1915-ci ildə müşahidə edilirdi). 1913-cü il ilə müqayisədə 1917-ci ildə hasilat 2 dəfəyədək azalmışdır.8

Neft sənayesində böhran ixracatın azalmasına da təsir göstərmişdir. Bunun nəticəsində Bakıda xeyli miqdarda satılmamış neft məhsulları yığılıb qalmışdır. Anbarlarda yığılan neft ehtiyatı 1913-cü ildəki 1,3 mln. tondan 1917-ci ildə 1,5 mln. tona qədər artmışdır.9 Həmin ehtiyatların böyük hissəsi 1918-ci ildə Bakı bolşevikləri tərəfindən Sovet Rusiyasına daşınırdı. Yüksək keyfiyyətli məhsullar sayılan və əsasən ixraca gedən ağ neftin, benzinin və sürtkü yağlarının ehtiyatları daha çox artmışdır. Daxili bazar isə əsasən neft qalıqlarını (xüsusilə mazutu) istehlak edirdi ki, müharibə illərində bu məhsulların istehsalı azalmamışdır. Beləliklə, neft ixracının kəskin aşağı düşməsi istehsal edilən məhsulun strukturunda da dəyişikliklərə gətirib çıxarmışdı. Xroniki yanacaq çatışmazlığı ilə üzləşən çar hökuməti neft ixracının genişləndirilməsinə ciddi maraq göstərmirdi. Bununla belə, ölkə daxilində yanacağa tələbat həddindən artıq çox olsa da, yerli bazar neft məhsullarının texniki baxımdan ən qiymətli hissəsinin ixrac olunduğu xarici bazarın itirilməsini kompensasiya etmək iqtidarında deyildi.

İxracatın azalması nəticəsində neft emalı zavodları mazut istehsalına daha çox üstünlük verməyə başladılar. Bakıdan Rusiyaya daha çox mazut daşınırdı: ümumi daşımada onun payı 1913-cü ildə 69,4 %-dən 1915-ci ildə 81,7 %-dək artmışdır. Digər neft məhsullarının payı isə əhəmiyyətli dərəcədə azalmışdır: ağ neft – 22,4 %-dən 14,7%-dək, sürtkü yağları – 5,1 %-dən 1,7 %-dək, benzin – 1 %-dən 0,3%-dək.10 1914-сü ilin oktyabrında Bakıdan neft məhsullarının əsasən ixrac olunduğu Bosfor və Dardanel boğazlarının Osmanlı hökuməti tərəfindən bağlanması isə həm Qərbi Avropa, həm də Yaxın Şərq bazarlarının tamamilə itirilməsi demək idi. ABŞ Bakı neft məhsullarının ixrac olunduğu ənənəvi bazarlarda hökmranlıq etməyə başladı.11

İxracatda yaranan çətinliklərə baxmayaraq, Bakı neftinin əsas istehlakçısı yenə də Rusiya bazarı idi. Statistik göstəricilərdən göründüyü kimi, şimal istiqamətində daşımalar ümumi daşımanın 80-90 %-ni təşkil edirdi.12 Rusiya bazarı Bakı neft sənayesi üçün həmişə xüsusi önəm kəsb etmiş və buna görə irəlidə bəhs olunduğu kimi, 1918-1920-ci illərdə həmin bazarın itirilməsi Bakıdakı vəziyyətə olduqca mənfi təsir göstərmişdir.

Beləliklə, neft sənayesinin XIX əsrin sonuncu rübündə başlanan coşğun yüksəlişi 1900-cü ildə böhranla əvəz olundu. Rusiya sənayesinin aparıcı sahələrindən biri iqtisadi və siyasi təlatümlər dövrünə qədəm qoydu. Bakı nefti dünya bazarlarında aparıcı mövqelərini itirdi. Neft mədənləri fəhlə tətillərinin və millətlərarası toqquşmaların meydanına çevrildi. Məhz bu göstəricilərlə Bakı neft sənayesi 1917-ci ilə daxil olurdu. Hasilatın və emalın azalması, texniki materialların çatışmazlığı, ixracatın dayanması, həmçinin bir sıra ictimai-siyasi amillər neft sənayesini fəlakət həddinə çatdırdı, sonrakı hadisələr isə bu faciəni qaçılmaz etdi.

II.

“RUSIYANIN TALEYI BAKIDAN GÖNDƏRILƏN NEFTIN HƏCMINDƏN ASILIDIR…”

Əgər XIX əsrin sonu-XX əsrin əvvəllərində neft uğrunda rəqabət aşkar iqtisasi xarakter daşıyırdısa, sonrakı dövrdə bu rəqabət siyasi müstəvidə də aparılmağa başladı. Neft uğrunda gedən mübarizə tədricən dünya münaqişələrinin tərkib hissəsinə çevrilir, neft məsələsi isə beynəlxalq münasibətlərdə, böyük dövlətlərin xarici siyasətində önəmli yer tuturdu.13

XX əsrin 20-ci illərində ABŞ müəllifi Pec Arnot yazırdı: “1914-1918-ci illərin hadisələri sübut etdi ki, neft hərbi təchizatın ən mühüm növüdür. Aeroplanları, sualtı qayıqları neftsiz təsəvvür etmək mümkün deyil, neftin hərbi və ticarət donanmasında və yerüstü nəqliyyatda istifadəsi haqqında isə danışmaq artıqdır. Neftin hərbi işdə əhəmiyyəti aydın olandan sonra böyük dövlətlərin hamısı özlərini neftlə lazımi qədər və fasiləsiz təmin etməyə tələsdilər. Bunun üçün hər dövlət qiymətli neft yataqlarına yiyələnmək naminə hətta müharibə riskinə gedib başqası ilə münaqişəyə girməyə hazır idi.”14

Birinci Dünya müharibəsi illərində Bakı dünyada çıxarılan neftin 15,7 %-ni verirdi.15 Bu amil vuruşan dövlətlərin diqqətini Bakı neftinə cəlb edirdi. Müharibədə iştirak edən ölkələr hərbi-strateji planlarını hazırlayarkən mövcud neft ehtiyatlarının öyrənilməsinə xüsusi diqqət verirdilər. Nəticədə

Скачать книгу

6

Ибрагимов М.Дж. Нефтяная промышленность Азербайджана в период империализма. Баку, 1984, с. 54.

7

Ахундов Б.Ю. Göst. əsəri, s. 172.

8

Нефтяное дело, 1918, №17-20, стлб. 6.

9

Ахундов Б.Ю. Göst. əsəri, s. 183.

10

Мурадалиева Э.Б. Кровь земная – нефть Азербайджана и история. Баку, 2005, с. 89.

11

Алияров С.С. Нефтяные монополии в Азербайджане в период первой мировой войны. Баку, 1974, с. 20.

12

Нефтяное дело, 1919, №15-16, стлб. 4-5; Вывоз бакинских нефтепродуктов в 1920-1923 гг. / Азербайджанское нефтяное хозяйство, 1924, №3, с. 61.

13

Мурадалиева Э.Б. Göst. əsəri, s. 81.

14

Арнот П. Мировая политика нефти. Москва-Ленинград, 1925, с. 7.

15

Алияров С.С. Göst. əsəri, s. 20.