Mənim mübarizəm - 8. Seymur Baycan
tanıyan adamlar kino zövqümün, bazamın kifayət qədər yaxşı olduğunu bilir. Sözümün canı odur ki, insanların kino zövqünün müsbət istiqamətdə dəyişməsinə yalnız və yalnız sevinə bilərəm. Əgər bir insanın ürəyində paxıllıq hissi yoxdursa, işini-gücünü buraxıb adamların kino zövqünün müsbət istiqamətdə dəyişməsini, adamların səviyyəli filmlərə baxmasını, yaxud adamların ədəbiyyat oxumasını ilin-günün bu vaxtı niyə, nədən ötrü özünə dərd eləməlidir?
Arzusuz yaşamaq mümkündürmü?
Çox da varlı olmayan ailəmiz dolanışığını birtəhər təmin edirdi. İdarədə axşamacan çalışan atamın maaşı qəpik-quruş sayılardı. Məndən başqa iki bacım da vardı. Hər şeydə qənaət eləmək anamın canını sıxırdı və bundan dolayı atam vaxtaşırı ondan ağır tənbehlər, üstüörtülü kinayələr eşidərdi. Zavallı atamın bunların cavabında etdiyi jest mənə dərin iztirab verərdi. Alnının tərini silməsini xatırladan bu hərəkətdən sonra susduğundan onun bu çarəsiz kədəri qismən mənim də çiyinlərimə çökərdi. Ev təsərrüfatımızda bacardıqca hər şeyə qənaət edərdik: qonaq çağırıldığımız yerlərə getməzdik ki, qarşı tərəfi qonaq dəvət etmə məcburiyyəti duymayaq. Ərzağın ən ucuzunu, yatıb-qalmışını özümüzə rəva bilərdik. Bacılarım donlarını özləri biçib-tikərdilər və metrəsi on beş santimə satılan hər hansı kantı alıb-almamaq barədə uzun-uzadı məslə-hətləşərdilər. Hər gün yediyimiz ət şorbasına və mal əti soyutmasına cürbəcür ədviyyatlarla fərqli dad qazandırardıq. Bunun çox dadlı və cana faydalı olması söylənsə də, şəxsən mən fərqli bir şeyə üstünlük tanıyardım.
Hər səfər düyməm qopub düşəndə və ya şalvarım cırılanda atamın amansız kötəklərinə tuş gələrdim.
“Jül əmi” hekayəsində qəddar, amansız bir Mopassan görürük. Bu, heç də yeni xəbər deyil. Yaradıcılığına dərindən yox, lap azacıq bələd olan hər kəsə aydındır ki, Mopassan çox amansız, qəddar yazıçıdır. O, həyatını qələmə aldığı adamları heç əfv etmir, bağışlamır. Ən xırda bir səhvi, yaxud hər hansı naqis cəhəti böyüdərək, şişirdərək Mopassan adamları yıxıb-sürüyür, əzir və onları həyatın keşməkeşləri, sərt zarafatları qarşısında olduqca aciz vəziyyətdə göstərir. Mopassanı oxuyarkən atın qabağına ət, itin qabağına ot qoyan, “həyat adlanan bir zibilə qərq olduğumuzu” anlayırıq və mütləq kimisə, kimlərisə xatırlayırıq, nələrsə barəsində düşünürük.
Amma çox maraqlıdır ki, Mopassan öz amansızlığı, qəddarlığı ilə adamı dərin depressiyanın içinə dürtmür. Mopassanın ən qəddar, ən amansız əsərlərini oxuyanda belə adamın vücudunu şirin bir kədər bürüyür. Adamda istər-istəməz Mopassanın bədbəxt, həyatı alınmamış obrazlarına qarşı təəssüf və mərhəmət hissi yaranır. İstər-İstəməz, hər şeydən əvvəl bir oxucu kimi Mopassanın çox vaxt heç nədən, adi səhvlərin ucbatından həyatı alınmamış, həyatı məhv olmuş obrazlarının halına yanırsan. Bunun çox sadə bir səbəbi var. Mopassan öz amansızlığını, qəddarlığını, kədərini, insanların həyat qarşısında acizliyini karnaval estetikasında təqdim etməyi bacaran yazıçıdır. Mopassanı oxuyarkən bilirsən ki, yazdıqlarının hamısı bu və ya digər formada olmuş, real hadisələrdir. Bununla bərabər yenə də bu reallığı reallıq kimi qəbul etmək çətindir. Hər şey adama zarafat kimi görünür. Ən azı hər şeyi zarafat kimi qəbul etmək məcburiyyətində qalırsan. Başqa cür mümkün də deyil. Əks halda adam dəli ola bilər.
Hər dəfə məzun günü formalarının üstünə müxtəlif rəsmlər çəkilmiş, müxtəlif arzular yazılmış, atlanıb-düşən, şənlənən, sevinən məzunları görəndə məni kinayəli bir gülmək tutur. Məzunlar elə hesab edirlər ki, şagird, tələbə olmaqdan canlarını qurtarmaqla həyatda böyük bir nailiyyət əldə ediblər. Daha bilmirlər ki, bu vaxta qədər baş verənlər olsa-olsa jurnal idi, kino hələ qabaqdadır. Həyat adlı əjdaha səbrlə dayanıb onları, öz qurbanlarını gözləyir. Bu əjdaha elə bir əjdahadır ki, nə qədər adam udsa da qarnı və gözü əsla doymur. Əksinə, qurbanlarını udduqca daha da acır.
Ümumiyyətlə, Mopassan az qala bütün əsərlərində deyir və xəbardarlıq edir ki, arzularla bağlı çox ehtiyatlı olmaq lazımdı. Bacardıqca gərək kiçik, lap kiçik arzuların ətəyindən yapışasan. Yəni, loru dildə desək, ayağını gərək yorğanına görə uzadasan. Arabanı ölçüb, darvazanı tiksəsən. Amma hər məsələdə olduğu kimi burda da incə bir nüans var. Məsələ ondadır ki, adi, balaca, həyata keçməsi, reallaşması çox mümkün görünən arzuların həyata keçməməsi adamı daha çox yandırır.
Heç yadımdan çıxmaz hərbi xidməti başa vurmağıma on gün, bir həftə qalmışdı. Bizim hərbi hissədə bir əsgər vardı. Sözün həqiqi mənasında əcaib bir adam idi. Birdən, heç hazır olmadığın bir vaxtda elə söz deyirdi ki, adamın tükləri biz-biz dururdu, matın-qutun quruyurdu, əlin üzündə qalırdı. Bax bu əcaib adam hərbi xidməti başa vurmağıma on gün, bir həftə qalmış mənə yaxınlaşdı və dedi:
– Evə getməyə hazırlaşırsan?
– Hə.
– Kefdəsən.
– Niyə?
– Hər gün səhər şirin çay içəcəksən.
Adamın cahilliyinə, arzusunun adiliyinə, bayağılığına gülmüşdüm. Bir az da bu cahilliyə, adamın belə adi, bayağı arzuyla yaşamasına paxıllığım tutmuşdu. Mən fkirləşirdim ki, darıxmaqdan, əmrlə yatmaqdan, əmrlə yuxudan oyanmaqdan canım qurtarır. Fikirləşirdim ki, əsgərliyi qurtaran kimi gərək işləyəm, özümə yol açam, nələrsə quram, nələrsə yaradam, ən azı özümə təzə pal-paltarlar, ayaqqabı, saat alam. Bu isə deyir ki, kefdəsən, evə gedirsən, hər səhər şirin çay içəcəksən. Bunun arzusuna bax sən allah? Əsgərlikdə və o qəbildən olan yerlərdə (xüsusən həbsxanada) adama elə gəlir ki, həyat çox sürətlə səndən uzaqlaşır, hamı harasa getdi, sən qaldın, həyata, harasa çıxıb gedən adamlara çatmaq üçün gərək möhkəm qaçasan, qan-tərə batasan. Amma azad olunanda görürsən hər şey yerindədir, həyat da heç hara uzaqlaşmayıb, həyat yerində dayanıb. Adamlar da heç hara getməyiblər, onlar da yerlərində dayanıblar. Belə bir ovqatda, belə bir ab-havada şirin çayla bağlı arzu mənə bayağı, həm də gülməli görünməyə bilməzdi.
Sonralar, çox sonralar səhvimi başa düşdüm. Başa düşdüm ki, əgər nüvəsində qara niyyət, nüvəsində xüsusi bir acgözlük, görməmişlik yoxdursa, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq heç bir insan arzusuna gülmək, heç bir insan arzusunu bayağı qəbul etmək olmaz…
Sonralar, çox sonralar başa düşdüm ki, adamların böyük hissəsi müxtəlif arzularını özləri ilə bərabər qəbirə aparmalı olurlar. Hər adamı basdırdıqda, biz onun cəsədi ilə bərabər müxtəlif arzularını da basdırmalı, müxtəlif arzularının üstünü torpaqlamalı oluruq.
Mopassan az qala bütün əsərlərində deyir və xəbardarlıq edir ki, insanlar arzularla bağlı ehtiyatı əldən buraxanda, yəni arzu kisəsinin dibi görünməyəndə həyat adamı çox pis cəzalandırır. Mopassan az qala bütün əsərlərində adamlara çox ağır