Leykoz. Məlahət Həsənova

Leykoz - Məlahət Həsənova


Скачать книгу
qızının alnından öpdü.

      – Mənim balam, sənə veriləcək qədər qan yetər məndə. Lazım gəlsə, son damlasına qədər qanımı verərəm.

      Telefonla zəng edərək danışmağa başladı. Qızıma təcili müalicə lazım imiş. Ya Belorusiya, ya İran. Seçim etmək lazımdı. Belorusiyaya getmək qərarı alındı. Orada həkimlər daha təcrübəli idi. Həm də yoldaşımın qardaşı orda olduğundan yaşayış da mümkün idi. Axşam uçuş var. Bütün bunlar təəccüb doğursa da, qızım bunları sakit qəbul edirdi. Düşünürdü, mənim o cür atam var, o hər şeyi həll edər. Atasını hamıdan güclü, hamıdan ağıllı sayırdı. Hətta mənə bir dəfə demişdi: “İstərdim gələcək həyat yoldaşım atam kimi ailəcanlı, etibarlı, güclü olsun”. O güclü ata indi gözü qarşısında əriyən balasına baxaraq aciz qalmışdı.

      Onun nə düşündüyü aydın idi: “Yox mən nəyin bahasına olursa-olsun balamı aparmalıyam”.

      Biletlər alındı. Uçuşa hazırlaşmaq lazım idi. Evdə hamı pərişan idi. Axı hardan bilək ki, bizi nələr gözləyir. Biz elə bir ailə idik ki, həmişə hər problemin öhdəsindən gələrdik, bütün çətinliklərə sinə gələrdik. Bizim ailə həqiqətən də başqalarının ailəsinə bənzəmirdi. Ailəmizin hər bir üzvü başqasının fikrinə yüksək yanaşardı, onun hüqüqlarına hörmət edərdi. İndi isə bir xəstəliyin qarşısında aciz, boynubükük dayanmışdıq.

      Hazırlıq görmək lazım idi. Axşam təyyarə ilə uçacaqdılar. Mən rayona gedib qızımın paltarlarını gətirməliydim. 4-5 saat vaxtımız var idi. Yoldaşımla maşına oturub yola düşdük. Qızımı isə xalasının yanında qoydum. Balam isə xəstə halı ilə evdə hazırlığını gördü. Hətta xalası ilə alış-veriş edərək, özünə lazım olan kurtka aldı. Mən isə rayonda onun qış paltarlarını yığdım. Yoldaşımla çox pərişan idik. Yol boyu gözlərimi göyə dikərək, Allahımdan imdad istədim. Mən həmişə şükür edərdim, Allahımdan razı idim. Allahım mənə qayğıkeş ailə, gözəl, ağıllı balalar vermişdi. Bütün bunlara görə hər gün şükür edirdim. İndi də şükür edirdim və göz yaşlarımla yalvarırdım. Yalvavrırdım ki, bütün bunları mənə çox görmə Allahım. Yol boyu nə yoldaşım dindi, nə də mən. Ancaq mən maşının güzgüsündən yoldaşımın göz yaşlarının yağış kimi yağdığını gördüm. Onun fikri heç yolda deyildi. Maşını necə sürdüyünü belə bilmirdi. Mən onun nə hiss etdiyini, nə düşündüyünü duyurdum. Çünki düşündüklərimiz də, çəkdiyimiz acı da eyni idi. Bu yol heç bitmək bilmirdi. Uzanır hey uzanırdı. Tez evə çatmaq, balamı bağrıma basmaq istəyirdim. Nəhayət, evə çatdıq. Qapıdan içəri keçən kimi balamı bağrıma basdım, elə bil neçə vaxtdı balamı görmürdüm. Ancaq hərarəti duyduqca nələr keçirdiyimi bir bilsəniz… Hamımız boynubükük oturaraq nə edəcəyimizi bilmirdik. Söhbəti mən açdım.

      – Bəlkə mən də gəlim?

      – Lazım gəlsə, ordan sənə xəbər edərəm gələrsən.

      – Ana, məncə ehtiyac yoxdu, gedib müayinə olub qayıdacam, birdə ki fikrim sənin yanında qalacaq təyyarədə ürəyin sıxılar.

      Özü xəstə olduğu halda belə, məni düşünürdü balam.

      Gec idi, yatmaq lazım idi. Gecə yarısı aeroporta getmək lazım idi. Oğlum, yoldaşım yatdı. Mən yır-yığış etməyə başladım. Qızımın səsi gəldi..

      – Anaa

      – Can anaa

      – Ana gəl yanımda yat da, nə olar…

      İşimi atıb balamın yanına gəldim. Qızım divanda yatmışdı. Atası isə ayaq tərəfdən yerdə yatmışdı. Qəribəsi bu idi ki, yoldaşım yatdığı yerdən balasının ayağından tutmuşdu. Sanki balasının harasa gedəcəyindən qorxur, heç yerə buraxmaq istəmirdi. Qızım dedi:

      – Ana, ata bayaqdan belə yatıb. Mən də tərpənmirəm ki, əli düşər yerə.

      Mən sakitcə onun əlini yanına saldım.. Qızımın yanına uzandım. Ona lay-lay deməyimi istədi. Sakitcə ona lay-lay dedim. Körpə vaxtı ona lay-lay deməyim yadıma düşdü. Balamı bərk-bərk qucaqladım. Mən də onu bağrıma basdıqca sanki onu mənim əlimdən kiminsə alacağından qorxurdum. Sakitcə yanında uzanmışdım. Qızdırmadan yanan balama heçnə edə bilmirdim. Aciz idim. Qızım hərdən gözlərini açır, baxırdı…

      – Ana yatmamısan? Niyə yatmırsan?

      – Sən yat balam, yatacam mən.

      Saatı gedəcək vaxta qurmuşdum. Əslində yatmamışdım, saatın səsinə dik atıldım. Tez durdum. Çay-çörək hazırladım. Heç yeyən də olmadı. Kimin boğazından çörək keçirdiki…Bir az qızımı məcbur elədim yesin, çünkü yol gedəcəkdi. Xətrimə dəyməmək üçün az da olsa yedi. Hər şeyi axşamdan hazır etmişdim. Saat, vaxt tamam oldu. Hamımız aeroporta yola düşdük. Yolda hamımız susurduq. Mən dua edirdim.. Ananın duadan başqa əlindən nə gələr ki?!… Balam başını çiynimə qoyub yuxulamışdı. Hərarəti ürəyimədək işləyirdi. Canım qızım özünü elə iradəli aparırdı ki… Nə fikirləşdiyini bilmirdim. Ürəyi arzularla dolu, sevgi ilə dolu idi. Ümid edirdi sağalacağına, qayıdacağına inanırdı. Bəlkə də bunları mən belə düşünürəm, onun nə düşündüyünü hardan bilərdim?!

      Qızım ilk dəfə idi təyyarəyə minirdi. Çox sakit idi, sanki dəfələrlə təyyarəyə minmişdi. Mən balamı bər-bərk bağrıma basdım… Qardaşı da sağollaşdı.

      – Bacı səni buradaca qarşılayacam.

      – İnşallah, qaqa.

      – Tez sağal, qayıt. Söz verirsən?

      Bir az fikrə getdi yenə də…

      – İnşallah, qaqa, – dedi.

      Qızım gülümsəyərək atasının qoluna girdi və yoxlanış söbəsindən keçdilər. Əl sallayaraq gözdən itdilər…

      Çox ümüdlü idik… Bir xeyli arxalarınca durub baxdıq. Mən şok vəziyyətdə idim. Başqa bir şey düşünmürdüm, ağlıma da gəlmirdi. Heç qızımın gedişi səbəbini də anlamırdım. Oğlumla geri qayıtdıq, maşına doğru gəlib oturduq.

      – Anaa

      – Hə oğlum.

      – Bacım salamat qayıdacaq hə?

      – İnşallah, oğlum.

      Nə deyəcəkdim ki?!… Ümüdümüz Allaha idi. Allahımdan razı idim. Məni heç vaxt darda qoymamışdı. İndi də darda qoymayacağına inanırdım.

      Evə gəldik, ikimiz də pərişan idik.

      – Hələ işə getməyimə vaxt var, ana, mən bir az yatım.

      – Yat, ana qurban.

      Mən isə gözümə yuxu getməyəcəyini bilib, mətbəxə keçib yığışdırmağa başladım. Vaxtın tez keçməsini istədim. Oğlumu işə yola saldım və yoldaşımdan xəbər gözlədim. Nəhayət yoldaşımdan zəng gəldi. Səsi xırıltılı gəlirdi. Çətin də olsa, dediyini anlamağa çalışırdım. Mən balamın vəziyyətini soruşdum.

      – Qorxulu bir şey yoxdu, nə lazımdısa o da olunacaq, ən düzgün üsulla müalicə alacaq, narahat olma, – dedi.

      Mən içimdə sanki


Скачать книгу