Radetski Marşı. Йозеф Рот
“Aman Tanrım" deyə qışqırdı; baxışlarını bir qalib ədasıyla alqış gözləyirmiş kimi yan masalarda gəzdirdi; oturdu, şlyapasını çıxardıb kürsünün yanındakı çınqılların üzərinə atdı, qovluğu laqeyd bir rəftarla "natəmizlik" olaraq tanıtdıqdan sonra qoluyla masanın kənarına itələdi, başını leytenanta çevirdi, qaşqabağını tökdü, yenidən geriyə söykəndi:
–Necə yəni, cənab qubernator, oğlundurmu?
–Gənclik yoldaşım, professor Moser, – deyə bölgə qubernatoru açıqladı.
–İlahi, demək, cənab qubernator, – deyə Moser təkrarladı. Bunu deyərkən bir ofisiantın frakından tutub ayağa qalxdı; ofisiantın qulağına gizli bir söz deyirmiş kimi sifarişini verdi, oturub susqunluğa büründü. Gözləri ofisiantların içkilərlə gəlməli olduqları tərəfə çevrilmişdi. Nəhayət, su kimi şəffaf olan “Slivovitz” ilə yarısına qədər dolu bir soda stəkanı qarşısında dayanırdı; stəkanı qanadları genişlənmiş burnunun altında irəli-geri apardı, sanki bir qurtumda bitirəcəkmiş kimi bir qol hərəkətiylə başına çəkdi, amma təkcə kiçik bir qurtum almaqla kifayətləndi, sonra diliylə dodaqlarında qalan damlaları yaladı.
–Demək iki həftədir buradasan, amma məni ziyarət etmədin, – deyə amiranə bir sərtliklə başladı.
–Əziz Moser, – herr von Trotta dedi, – dünən gəldim, sabah yenə gedirəm.
Rəssam uzun-uzadı bölgə qubernatorunun üzünə baxdı. Sonra stəkanı yenə dodaqlarına apararaq heç ara vermədən birnəfəsə su kimi içdi. Stəkanı yenidən yerinə qoymaq istəsə də bacarmadı, Karl Cozefin stəkanı əlindən almasına icazə verdi.
–Təşəkkür edirəm, – deyən rəssam sonra barmağını leytenanta doğru uzadaraq bildirdi.
Solferino qəhrəmanıyla qeyri-adi bir bənzərlik. Sadəcə bir az daha yumşaqdı! Arıq bir burun. Yumşaq ağız. Əlbəttə, zaman keçdikcə dəyişə bilər…
Yaşlı Trotta oğluna dedi:
–Professor Moser babanın şəklini çəkmişdi.
Karl Cozef atasına və rəssama baxdı, gözlərinin qarşısında siqaret otağının yuxarı kandarının altında babasının yavaş-yavaş unudulub gedən portreti canlandı. Professorun atasıyla əlaqəsini ağlı qəbul eləmir, atasının Moser ilə səmimiyyəti onu qorxudurdu; yad adamın geniş, çirkli əlinin dostcasına bir şapalaq kimi bölgə qubernatorunun xətli şalvarına endiyini, atasının ayağını dözümlü bir müqavimətlə geri çəkdiyini gördü. Yaşlı kişi həmişəki ağır halıyla eləcə otururdu; sinəsinə və üzünə dəyən spirt iyindən qaçmaq istəyirmiş kimi geriyə söykənmişdi, gülümsəyərək hər şeyə dözürdü.
–Özünü yeniləsən yaxşı olar, – rəssam dedi. – Dağınıq olmusan. Atan çox fərqli idi.
Bölgə qubernatoru əlini bakenbardlarının üzərində gəzdirərək gülümsədi.
–Bəli, bəli, yaşlı Trotta, – deyə rəssam yenə başladı.
Bölgə qubernatoru birdən-birə yavaşca dedi:
–Hesab. Bizi üzrlü hesab elə, Moser, bir görüşümüz var.
Rəssam qaldı; ata və oğul bağçanı tərk etdi.
Bölgə qubernatoru oğlunun qoluna girdi. Karl Cozef atasının sısqa qolunu sinəsində ilk dəfə hiss edirdi. Tünd boz, parlaq bir əlcəyin içindəki əl yüngülcə formanın mavi qolunun üzərində idi. Manjetlə əhatələnmiş, qəzəbli şəkildə xəbərdarlıq edən əl idi bu sısqa əl; incə barmaqlarıyla səssizcə səhifələri çevirən, siyirtmələri hiddətlə çəkib yenə bağlayan, bir qapını qıfılladıqdan sonra üstündəki açarı sanki o qapı sonsuzluğadək qıfıllı qalacaqmış kimi çəkib çıxardan əl. Əgər bir şey istədiyi kimi edilməzsə pusquda gözləyən bir səbirsizliklə masanın kənarında baraban çalan, otaqda əlverişsiz bir vəziyyət meydana gələrsə pəncərəni tıqqıldadan əl idi bu əl. Bu əl evdə kimsə başısoyuqluq etdikdə şəhadət barmağını qaldırır, heç bir zaman bir yerə enməyən susqun bir yumruq halına gətirilir, dəstəksiz gözlüyü ehtiyatla burnun üstündən götürür, şərab stəkanından zərifliklə tutur, qara Virciniya siqaretini böyük bir həzlə dodaqlarının arasına aparırdı. Atasının bu sol əlini oğul çox yaxşı tanıyırdı. Amma özünü yenə də bu əlin atasının əli olduğunu hələ yenicə öyrənibmiş kimi hiss edirdi. İçindən bu əli bağrına basmaq istəyi keçdi.
–Bilirsənmi, Moser… – deyən bölgə qubernatoru sonra susub uyğun, tarazlayıcı bir söz axtardı; nəhayət, dedi. – Moserdən bir şey ola bilərdi.
–Bəli, ata.
–Babanın şəklini çəkdikdə on altı yaşında idi. İkimiz də on altı yaşındaydıq. Sinifdəki tək yoldaşım idi. Sonra akademiyaya girdi. Şnaps bəlasına tutuldu. Yenə də…
Bölgə qubernatoru susdu; bir neçə dəqiqə keçdikdən sonra dedi:
–Bu gün yenidən gördüyüm bütün insanlar arasında hər şeyə baxmayaraq yeganə dostumdu.
–Bəli, atacan.
Cozef ilk dəfə "atacan" demişdi. Dərhal öz sözünə düzəliş verdi:
–Bəli, ata.
Hava qaralır, axşamın qaranlığı küçəyə düşürdü.
–Üşüyürsənmi, ata?
–Heç üşümürəm.
Lakin bölgə qubernatoru addımlarını tezləşdirmişdi. Bir az sonra otelə yaxınlaşdılar.
Arxalarından bir səs gəldi: “Cənab qubernator”. Göründüyü kimi, rəssam Moser arxalarınca gəlmişdi. Geriyə döndülər. Orada eləcə şlyapası əlində, başı əyik, sanki ironiyalı səslənməni yox etmək istəyirmiş kimi təvazökar bir halda dayanırdı.
–Cənablar qüsuruma baxmasın, – dedi, – qutumun boşaldığını gec gördüm.
Qapağı açıq, boş bir tənəkə qutusunu göstərdi. Bölgə qubernatoru cibindən bir siqar qutusu çıxardı.
–Siqar çəkmirəm, – rəssam dedi.
Karl Cozef bir siqaret qutusu uzatdı. Moser qovluğu ayaqlarının önünə – səkiyə qoydu, qutusunu doldurdu, yandırmağı xahiş etdi və mavi alovu əlləriylə bürüdü.
Oynaqlara görə böyük olan əlləri qırmızı və yapışqan kimiydi, yüngülcə titrəyir, mənasız bir aləti xatırladırdı. Dırnaqları elə yenicə yerdə nəcis, rəngli bulamac və maye nikotin qarışdırmış kiçik, düz, qara kürəklərə bənzəyirdi.
–Demək, bir-birimizi artıq görməyəcəyik, – deyərək qovluğu yerdən götürmək üçün əyildi. Dikəldi, yanaqlarından iri göz yaşları süzülürdü. – Heç görməyəcəyik, – deyə hıçqırdı.
Karl Cozef:
–Mən bir dəqiqəliyinə otağa getməliyəm, – deyərək otelə girdi.
Pilləkənləri sürətlə qalxıb qaçaraq otağına girdi, pəncərədən çölə sallandı, qayğıyla atasını izlədi, yaşlı kişinin pulqabısını çıxardığını gördü; dərhal sonra rəssamın gücünü toplamış bir tərzdə dəhşətverici əlini bölgə qubernatorunun çiyninə qoyaraq: “Yaxşı, Frans, həmişəki kimi üçündə" – dediyini eşitdi. Karl Cozef yenə aşağıya qaçdı,