Mənim Universitetlərim. Максим Горький
O, işdən səhər qayıdırdı. Yuxusuz keçən gecədən sonra onun sifəti sanki bir az da qaralırdı, gözləri isə şişmiş olurdu.
Quri evə çatan kimi mən dərhal qaynar su dalınca yüyürürdüm. Çünki nə çaydanımız, nə də samovarımız vardı. Sonra gətirdiyim qaynar su ilə çay dəmləyir, ardınca pəncərə qabağında oturub çörəklə çay içirdik. O, qəzet xəbərlərini mənə nağıl eləyir, bu zaman zarafatlarından da qalmırdı. Qurinin bu qədər məşəqqətli həyat içində şən əhvali-ruhiyyəsini qoruması məni təəccübləndirirdi.
Çaydan sonra Pletnyov yatır, mən isə iş axtarmağa gedirdim. Evə axşamdan xeyli keçmiş, Quri mətbəəyə gedən zaman qayıdırdım. Əgər mən çörək, kolbasa, yaxud bişmiş içalat gətirirdimsə, biz bu qəniməti yarı bölürdük. Pletnyov öz payını götürüb gedirdi.
Tək qaldığım vaxtlarda «Marusovka» nın koridorlarında dolaşaraq buraya yerləşən adamların necə yaşadıqlarına göz yetirirdim. Ağzına qədər adamla dolu olan bu ev qarışqa yuvasına oxşayırdı. «Marusovka» səhərdən gecə keçənədək uğuldayırdı: paltartikən qadınların maşınları şaqqıldayır, opera xorunda oxuyan qızlar məşq edirdi. Bütün bu səslərə kiminsə şən qəhqəhəsi, kiminsə qəzəbli çığırtısı qarışır, bir sözlə, bəzən, ümumiyyətlə, ağız deyəni qulaq eşitmirdi.
Evdə qalan ac, yoxsul gənclər arasında biri xüsusilə diqqətimi çəkmişdi. O, sarıbəniz idi, daz başı, enli sifəti, çubuq kimi nazik ayaqları, iri ağzı vardı. Bu gənc bütün günü veyillənirdi. Dişləri at dişlərinə bənzədiyi üçün ona «Kürən At» ləqəbi vermişdilər. Üçüncü il idi ki, tacir olan bir qohumu ilə məhkəmə davası aparırdı. Rastına çıxan hər kəsə bunu elan edir, ardınca da mütləq deyirdi:
– Ölsəm də, qalsam da, gərək onu müflis edib axırına çıxam! Qoy dilənçi gününə düşüb qapı-qapı gəzsin, üç il sədəqə dilənib yaşasın! Yalnız bundan sonra ondan məhkəmə yolu ilə nə alacağamsa, hamısını özünə qaytaracağam. Sonra isə soruşacağam: «Hə, necəsən, şeytan balası? Bax belə olar!
«Deməli, sənin həyatının yeganə məqsədi budur?» – ondan soruşardılar.
– Hələ ki hə! Bütün varlığımla bu işə baş vurmuşam, bundan başqa məni heç nə düşündürmür.
Kürən Atın bütün günü məhkəmədə, ya da vəkilinin yanında keçirdi, axşamlar isə qonaqlıqlar düzəldirdi. Tələbələri, paltartikən qadınları, bir sözlə, doyunca yeyib-içmək istəyən hər kəsi bu dəvət edir, elə ki sərxoş olurdu, o saat başlayırdı:
– Mənim sevimli quşcuğazlarım! Sizi ürəkdən sevirəm, siz namuslu adamlarsınız. Mən isə yaramazın biriyəm, acgöz timsaham, çünki tacir qohumumun axırına çıxmaqdan başqa bir şey barədə fikirləşmirəm. Bunu hər şeydən çox istəyirəm, istəyimə də çatacağam. Buna şübhəniz olmasın.
Bunu deyib susur, çox keçmədən məclisdəkiləri ilk dəfə görürmüş kimi gözdən keçirir və qışqıraraq deyirdi:
– Siz nə cür yaşayırsınız?! Belə də yaşayış olar?! Aclıq, soyuq, cır-cındır paltar… Bu nə qədər doğrudur? Eh, əgər padşah sizin necə yaşadığınızı bir bilsəydi…
Sözünü tamamlamaz, dərhal cibindən bir dəstə kağız pul çıxarıb təklif edərdi:
– Kimə pul lazımdırsa, götürsün. Götürün, qardaşlar, götürün!
Xorda oxuyan qızlar, paltartikən qadınlar acgözlüklə bu pulları Kürən Atın tüklü əllərindən qapar, o isə qəhqəhə çəkib deyərdi:
– Canım, sizə vermirəm! Tələbələrə təklif edirəm.
Lakin tələbələr ondan pul almazdılar.
Bir dəfə mən ondan soruşdum ki, bu qədər pulu varsa, niyə mehmanxanada yox, burada yaşayır.
– Əzizim, ürəyim belə istəyir! – deyə Kürən At cavab verdi. – Sizinlə bir yerdə ürəyim isinir…
6
Bir gün köhnə tanışım Nikolay Yevreinovla yenidən qarşılaşdıq və o məni müəmmalı bir adamla tanış elədi. Həmin tanışlıqdan sonra ürəyimə dammışdı ki, nəsə çox ciddi şeylər baş verəcək.
Belə ki, bir dəfə Nikolay məni yanına salıb şəhərin kənarına, Arskoye çölünə apardı. Yolda xəbərdarlıq etdi ki, bu tanışlıq məndən son dərəcə ehtiyatlı olmağı tələb edir, mən gərək bu tanışlığı həmişə gizli saxlayım. Sonra o mənə xeyli irəlidə boş çöl ilə ağır-ağır addımlayan kiçik bozumtul bir fiquru göstərdi, ətrafa boylanıb yavaşdan dedi:
– Bax odur! Onun dalınca gedin, elə ki dayandı, yaxınlaşıb belə deyərsiniz: «Mən bura təzə gəlmişəm».
Gizli və sirli şeylər adama həmişə xoş gəlir. Lakin burada mənə gülməli göründü: isti, günəşli bir gün idi, ətrafda ikimizdən başqa, bir də, irəlidə gedən adam vardı. Elə isə, bu qədər ehtiyatlı olmaq nəyə lazım idi?
Mən Nikolaydan ayrıldım, iti addımlarla onun göstərdiyi adamın arxasınca getdim. Nəhayət, çölün bir hissəsini tutan qəbiristanlığın darvazası önündə ona yetişdim. İndi qarşımda balaca quru üzü və sərt baxışlı yumru gözləri olan bir gənc dayanmışdı. Əyninə boz gimnazist paltosu geyinmişdi, köhnə furajkasında[8] gerbin izi qalmışdı.
Ona Yevreinovun mənə öyrətdiyi kimi, bura təzə gəldiyimi söylədim. Biz qəbiristanlığa adladıq, məzarların arası ilə uzanan sıx kolların kölgəsində oturduq.
Bu adam olduqca quru və işgüzar əda ilə danışırdı. Odur ki elə də xoşuma gəlmədi. Məni oxuduqlarım barədə uzun-uzadı və ciddi şəkildə sorğu-suala tutdu. Axırda isə özünün yaratdığı dərnəyin məşğələlərinə qatılmağı təklif etdi. Mən razılıq verdim. Biz ayrıldıq: əvvəlcə o, ətrafı ehtiyatlı şəkildə gözdən keçirib yola düzəldi, sonra da mən.
Dərnəkdə məndən savayı üç-dörd gənc də iştirak edirdi. Onların arasında yaşca ən kiçiyi mən idim. Biz Müəllimlər İnstitutunun tələbəsi Milovskinin mənzilində toplaşırdıq. Milovski dinib-danışmayan, fikirlərini qorxa-qorxa büruzə verən bir adam idi. Onunla bir yerdə olduqda adamın ürəyi sıxılırdı. Elə dərslərin də ürəyimcə olduğunu söyləyə bilmərəm. Buna görə də bir müddət sonra yenidən Volqa çayının sahilinə, zəhmətkeş insanların arasına can atmağa başladım.
Həmin günlərdə Kazan yaxınlığında yüklə dolu bir barj[9] altı deşildiyi üçün suya oturmuşdu. Yükdaşıyanlar barjı boşaltmaq üçün məni də özləri ilə aparmışdılar. Sentyabr ayı idi. Yuxarı tərəflərdən külək əsir, çayın üzərində hiddətlənmiş dalğalar dayanmadan atılıb-düşürdü. Əlli nəfərədək yükdaşıyan həsir və brezentlərə[10] bürünərək qaşqabaqlı halda boş bir barjın göyərtəsində yerləşmişdilər. Balaca bir yedək gəmisi isə sanki tövşüyə-tövşüyə barjı çəkib aparırdı.
Qaranlıq qovuşurdu. Yükdaşıyanlar yağışa, küləyə, həyata lənətlər yağdıraraq deyinir, soyuqdan və rütubətdən qorunmaq
8
9
10