Mobi-Dik. Герман Мелвилл

Mobi-Dik - Герман Мелвилл

Скачать книгу

Mənim adım İzmaildir. Bir neçə il bundan əvvəl cibimdə siçanlar oynamağa başlayanda yer üzündə, daha doğrusu, quruda artıq məni maraqlandıran heç nə qalmamışdı. Onda anladım ki, gəmidə işə düzəlib dənizləri kəşfə çıxmağın vaxtıdır.

Dənizlərdə, okeanlarda üzməyi sevirəm. Sərnişin kimi yox ha! Axı sərnişinlərin pul kisəsi dolu olur. Mənimsə, dediyim kimi, cibimdə qara qəpiyim də yox idi. Bir də ki, sərnişinlər dəniz xəstəliyindən, yuxusuzluqdan əziyyət çəkir, gəmidə dava-dalaş salır, qısası, səyahətdən doyunca ləzzət ala bilmirlər. Kapitan və ya bosman[1] kimi üzmək də istəmirəm. Qoy arzusunda olanlar bu vəzifələrin şan-şöhrətindən yararlansınlar. Mənsə öz qayğıma qalsam, bəsdir. Üstəlik, yelkənin, dorağacının, takelajın[2] dərdini çəkməyəcəyəm ki!

O ki qaldı koka[3], hə, bax bu, yaxşı peşədir, ancaq… toyuğu odun üstündə tutub ütməyə səbrim çatmaz.

Yox, mən üzmək istəyəndə adi matros[4] kimi gəmidə işə düzəlirəm. Düzdür, onda da məcbur eləyirlər ki, çəyirtkə çəmənlikdə hoppanan sayaq dorağacının təpəsində o tərəf-bu tərəfə tullanasan. Bu, əvvəl adama xoş gəlmir, xüsusən də əgər hörmətli-izzətli nəslin soyadını daşıyırsansa. İstər-istəməz adamın heysiyyətinə toxunur. Ancaq eyib etməz, hansısa qoca kaftarın əmri ilə göyərtəni süpürsən, dünya dağılmayacaq ki!

Və nəhayət, ona görə matros kimi üzmək istəyirəm ki, onlara pul ödəyirlər. Məgər siz hansısa sərnişinin gəmidə bir penni[5] belə qazandığını görmüsünüz? Əksinə, sərnişinlər özü gəmi ilə səyahətə çıxmaq üçün pul verməli olurlar.

Bəs niyə həmişə ticarət gəmilərində işlədiyim halda bu dəfə balina ovlayan gəmidə işə düzəldim? Hə, bax bu sualın cavabını heç mən özüm də bilmirəm. Yəqin, alnıma belə yazılıbmış… Çox güman ki, bu işdə dənizlərin nəhəng və əsrarəngiz varlıqları olan balinalar da öz rolunu oynayıb. Axı balinalara həmişə böyük maraq duymuşam. Bundan başqa, uzaq sahillər, tropik ölkələr də məni özünə cəlb eləyib.

Beləliklə, balina ovunun bütün təhlükələrini yaşamağa hazır idim. Artıq təsəvvürümdə bütöv bir balina sürüsü canlanırdı. Və onların arasından ağappaq, nəhəng bir balina qəfil dənizin dərinliklərindən suyun üzünə çıxıb gün işığında buz parçası kimi bərq vururdu…

2

Balina ovlayan gəmidə işləməyə qərar verəndən sonra içinə iki köynək atdığım köhnə həsir çantamı qoltuğuma vurub yola düzəldim. Sakit okeana üz tutmaq məqsədilə Nyu-Bedforda[6] gəldim. Dekabr ayı, şənbə günü idi. Nantaket adasına üzən kiçik paketbotun[7] limandan təzəcə aralandığını öyrənəndə çox məyus oldum. Çünki növbəti gəmi bir də bazar ertəsi yola düşəcəkdi.

Balina ovunun çətinliklərini dadmaq istəyən bütün gənc macərapərəstlərin yolu Nyu-Bedforddan keçir. Axı balina ovunun vətəni sayılan Nantaket adasına gəmilər həmin limandan üzür. Bir amerikalı tərəfindən vurulan ilk balina isə məhz Nantaket adasında sahilə çıxarılıb.

Beləliklə, bazar ertəsinə kimi Nyu-Bedfordda gecələyəcək yer tapıb, üstəlik, qarnımı da doyurmalı idim. Axşam düşmüşdü. Hava şaxtalı idi. Bu şəhərdə heç kimi tanımırdım. Ciblərimi eşələyib bir ovuc gümüş tapdım. Körpünü keçib «Çarpaz harpunlar»[8] adlı mehmanxanaya yaxınlaşdım. Bura çox səs-küylü və bahalı yerə bənzəyirdi. Həmin mehmanxananı keçəndən sonra üzərinə «Qılıncbalığı» yazılmış lövhə gözümə sataşdı. İçəridən qədəh cingiltiləri gəlirdi. Mehmanxananın pəncərələrindən çölə elə gur işıq düşürdü ki, mən «Qılıncbalığı»nın da cibimə uyğun yer olmadığını dərhal anladım. Yoluma davam eləyib dənizə yaxın məhəllələrə tərəf üz tutdum. Fikirləşdim ki, yəqin, dəniz sahilində çox dəbdəbəli olmasa da, münasib qiymətə qalmağa yer taparam. Qaranlıq küçələrlə addımlayırdım. Körpüyə yaxınlaşanda qulağıma cırıltı səsi gəldi, başımı qaldırıb baxdım. Laxlayan qara lövhənin üstünə ağ rəngli boya ilə yazılmışdı:

Tabut Piterin «Balina fəvvarəsi» mehmanxanası

Qapısından bu qəribə lövhənin asıldığı uçuq-sökük daxma iflic vurmuş adam kimi yana əyilmişdi. Pəncərələrdən işıq düşmürdü, içəridən səs-səmir də gəlmirdi.

«Hə, bax bura mənim cibimə uyğun daldalanacaqdır», – ürəyimdən keçirdim.

Daxmanın qapısını açıb içəri girdim. Bura alçaqtavanlı, divarları taxta lövhələrlə üzlənmiş alaqaranlıq dəhliz idi. Divardan çoxlu mizraq və dəyənək asılmışdı. Balina ovunda istifadə olunan bir xeyli harpun və yaba da vardı. Bu cansıxıcı dəhlizdən keçib qonaq otağına çatdım. Otaq da dəhliz kimi alaqaranlıq və darıxdırıcı idi. Tavana taxta tirlər vurulmuş, divarlar taxta lövhələrlə üzlənmişdi. Bura girəndə özümü qaranlıq gecədə körpünün altında yırğalanan köhnə gəminin alt göyərtəsindəki kimi hiss elədim. Divarboyu dünyanın ən ucqar guşələrindən toplanmış cürbəcür əşyaların yığıldığı, üstünü toz basmış şüşə qutular düzülmüşdü. Şam yeməyini gözləyən bir neçə matros qutuların ətrafında vurnuxaraq uzaq diyarlardan gətirilmiş bu bər-bəzəyə tamaşa eləyirdi.

Otağın lap dərinliyində Qrenlandiya balinasının başını xatırladan əcaib bir şey gözümə sataşdı. Yaxından baxdıqda onun, həqiqətən də, balina çənəsi olduğunu gördüm. Çənə elə iri idi ki, altından rahatlıqla araba keçə bilərdi. Balina çənəsinin içinə taxçalar quraşdırılmış, onların üstünə cürbəcür qədimi qrafinlər, şüşələr düzülmüşdü. Həmin şüşə qabların arasında isə beli bükülmüş, balacaboy bir kişi gözə dəyirdi. Çox güman, mehmanxananın sahibi Tabut Piter idi. O, matroslara içki süzür, pulunu da qabaqcadan alırdı.

Kişiyə yaxınlaşıb qalmağa yer axtardığımı dedim. O, mehmanxanada boş yer olmadığını bildirdi. Sonra birdən nəsə xatırlayıb əlini alnına vuraraq dedi:

– Dayan bir görüm… Sənə harpunçunun yanında yer versəm, yəqin, etiraz etmərsən. Görürəm ki, dəniz səfərinə çıxmağa hazırlaşırsan. Elə isə, hər şəraitə uyğunlaşmalısan.

Mən cavabında dedim ki, yad adamla bir otaqda yatmağı sevmirəm, lakin əgər o harpunçu pinti və içki düşkünü deyilsə, birtəhər dözərəm.

– Çox gözəl! – kişi dilləndi. – Buyur, otur, şam yeməyinə az qalıb.

Birazdan mehmanxanada qalanların hamısı yan otaqdakı masanın ətrafına toplaşdı. İki sısqa şam içərini güclə işıqlandırırdı. Hava çox soyuq olsa da, buxarı yanmırdı. Buşlatımıza[9] bürünüb oturmuşduq, içində qaynar içki olan parçı əlimizlə bərk-bərk sıxıb donmuş barmaqlarımızı isitməyə çalışırdıq. Ancaq yeməyə söz ola bilməzdi! Ətlə qızardılmış kartof və şipşirin bulka! Adamlardan biri bulkaları acgözlüklə təpişdirməyə başladı.

– Bu həmin harpunçu deyil ki? – mən pıçıltı ilə mehmanxana sahibindən soruşdum.

– Yox, – kişinin üzünə qorxunc təbəssüm yayıldı, – o bu sarışın matrosdan fərqli olaraq qarabuğdayıdır, özü də şirin bulka yeməyi sevmir, qanlı ətlə qidalanır.

– Lənət şeytana! – mən dedim. – Yaxşı, bəs o haradadır?

– Narahat olma, indilərdə gəlib çıxar.

Mən artıq qorxmağa başlamışdım…

Şam yeməyi başa çatdı. Matroslar öz otaqlarına çəkildilər. Qonaq otağında bircə mən qalmışdım. Narahat idim, harpunçu ilə bir otaqda necə qalacağım barədə düşünürdüm. O isə hələ də gəlib çıxmamışdı.

3

– Ağa, – deyə handan-hana mehmanxana sahibinə

Скачать книгу

1

Bosman – gəmidə kiçik komanda heyətinə rəhbərlik edən şəxs

2

Takelaj – yelkənləri dorağacına bağlayan kəndir

3

Kok – gəmi aşpazı

4

Matros – hərbi-dəniz donanmasında komanda heyətinə mənsub olmayan sıravi xidmətçi; mülki donanmada adi dənizçi

5

Penni – İngiltərə və Finlandiyada xırda pul

6

Nyu-Bedford – ABŞ-ın Massaçusets ştatında şəhər

7

Paketbot – poçt-sərnişin gəmisi

8

Harpun – dəniz heyvanlarını ovlamaq üçün nizə

9

Buşlat – dənizçi kürkü