Mobi-Dik. Герман Мелвилл
Lakin biz adamlara fikir vermirdik. Limana gəlib çatanda isə paketbot artıq yola düşməyə hazırlaşırdı. Gediş haqqını ödəyib gəmiyə mindik.
Çox keçmədən paketbot açıq dənizə çıxdı. Güclü külək əsirdi, bizim balaca gəmimiz suda burnundan ağ köpük çıxara-çıxara irəliləyirdi. Mən Kvikeqlə göyərtədə dayanıb duzlu dəniz havasını ciyərlərimə çəkirdim. Göyərtədəkilər bizə baxıb xısın-xısın gülürdülər. Kvikeq əvvəl onlara fikir vermədi, lakin bir qədər sonra qəfildən kişilərdən birinin yaxasından yapışıb başının üstünə qaldırdı, havada fırladaraq göyərtəyə çırpdı.
– Kapitan! Kapitan! – həmin adam özünə gələn kimi yerdən qalxıb qışqırmağa başladı. – Bir görün, bu qara iblis neyləyir!
Dorağacı kimi arıq, uzun kapitan Kvikeqə yaxınlaşıb dedi:
– Cənab, belə olmaz axı! Siz onu öldürə bilərdiniz.
– O nə deyir? – Kvikeq məndən soruşdu.
– Deyir ki, sən az qala onun adamını öldürəcəkdin.
– Mən bu balaca balığı öldürəcəkdim? – dostum üz-gözünü əyib soruşdu. – Kvikeq balaca balıq öldürmür, böyük balina öldürür.
– Lənətə gəlmiş adamyeyən! – kapitan özündən çıxdı. – Hünərin var, bir də mənim gəmimdə kiməsə barmağının ucunu toxundur!
Elə bu vaxt güclü külək yelkənləri dorağacına bağlayan kəndiri qırdı. Dorağacının üfüqi dirəklərindən biri göyərtənin üstündə sürətlə o tərəf-bu tərəfə yellənərək qarşısına keçəni vurub-yıxmağa başladı. Ardınca da Kvikeqin bir az əvvəl yerə çırpdığı adama dəyib onu göyərtədən suya saldı. Matroslar çaşıb-qalmışdılar. Bircə Kvikeq özünü itirmədi, dərhal dizləri üstə dorağacının altına tərəf süründü. Kəndirin bir ucunu əlinə keçirib falşborta[11] bağladı, digər ucundan isə kəmənd düzəldərək başının üstündə yellənən dirəyə tərəf atdı. Dirəyi kəməndə salıb yenidən dorağacına bərkitdi. Yelkənlər tarım çəkildi. Matroslar adamı xilas eləmək üçün qayıq sallamağa macal tapmamış Kvikeq buşlatını və köynəyini çıxarıb suya tullandı. Güclü qolları ilə dalğaları yararaq adamı axtarmağa başladı. Adam suyun üzündə görünmürdü. Onda Kvikeq suyun altına dalıb bir neçə dəqiqədən sonra üzə çıxdı. İndi o, bir əli ilə üzür, digər əliylə isə adamın hərəkətsiz bədənini suyun üzündə saxlamağa çalışırdı.
Matroslar cəld suya qayıq sallayıb onları göyərtəyə çıxartdılar. Kvikeq adamı ölümdən xilas eləmişdi. Dənizçilər də, kapitan da onun əlini sıxıb «çox sağ ol» dedilər. Mənsə gəmiyə yapışan balıqqulağı kimi Kvikeqə elə bərk sarıldım ki, son ana kimi bir gün belə ondan ayrılmadım.
Bundan savayı yolda qeyri-adi hadisə baş vermədi və biz sağ-salamat Nantaket adasına gəlib çatdıq.
8
Nantaket… Xəritəni götürüb baxsanız, bu bapbalaca adanın qurudan nə qədər uzaqda olduğunu görərsiniz. Okeanın qoynundakı bu kiçik qum təpəciyinə diqqətlə baxın! Nantaketlilərin çörəyi okeandan çıxır, odur ki əkinçilərin hər gün torpağı şumladıqları kimi onlar da durmadan suların qoynunda «şırım» açırlar.
Adada Tabut Piterin bizə məsləhət gördüyü mehmanxanaya düşdük. Balıq şorbası ilə toqqanın altını yaxşıca bərkidəndən sonra otağımıza yollandıq. Yatmazdan əvvəl səhəri gün üçün plan tərtib eləməli idik. Lakin Kvikeq dedi ki, o artıq bu barədə gecələr qarşısında dua elədiyi fiqurla – Yoco ilə məsləhətləşib. Yoco bu fikirdədir ki, Kvikeq sabah otaqdan çıxmasın. Odur ki mən təkbaşına sahilə yollanıb işə düzələcəyimiz balina ovlayan gəmini seçməliyəm. Kvikeq öz tanrısına çox bel bağlayırdı. Əmin idi ki, Yoconun dediyi kimi hərəkət eləsək, heç bir çətinliklə qarşılaşmarıq.
Kvikeqin, daha doğrusu, Yoconun bu planı heç də mənim ürəyimcə deyildi. İşə düzələcəyimiz balina ovlayan gəmini seçərkən Kvikeqin təcrübəsinə ehtiyacım vardı. Axı bizim gələcək taleyimiz məhz bu gəmidən asılı idi. Lakin nə qədər etiraz eləsəm də, dostumu mənimlə sahilə gəlməyə razı sala bilmədim. Ertəsi gün isə onu öz Yocosu ilə baş-başa qoyub dəniz kənarına yollandım. Yerli sakinlərdən soraqlaşıb öyrəndim ki, üç gəmi balina ovuna çıxmağa hazırlaşır. Mən onları gözdən keçirəndən sonra «Pekod» adlı gəmini seçdim. «Pekod» bir vaxtlar Amerikanın Massaçusets ərazisində məskunlaşmış və hazırda nəsli kəsilmiş hindu qəbiləsinin adıdır.
Həyatım boyunca çox gəmi görmüşdüm, ancaq beləsinə ilk dəfə rast gəlirdim. «Pekod» – qədim dənizçilik məktəbi ənənələrinə uyğun inşa olunmuş, yanlardan enli, orta ölçülü gəmi idi. İlk baxışdanca bu gəminin okeanlarda çox tufanlardan, qasırğalardan çıxdığını anlamaq olardı. Taxta burnu elə didilmişdi ki, lap saqqala bənzəyirdi. Gəminin dorağacı, yəqin ki, ən güclü küləklərə belə mətanətlə sinə gərmişdi. Göyərtəsi qədimi kilsələrin döşəmə taxtaları kimi köhnəlib yeyilmişdi. Yerli sakinlərdən öyrəndim ki, gəminin sahibi qoca kapitan Falekdir. O, «Pekod» da əvvəl kapitan köməkçisi, sonra kapitan işləsə də, artıq öz hücrəsinə çəkilib.
Köhnə gəmi qəribə tərzdə bəzədilmişdi. «Pekod» un dörd bir tərəfindən ələ keçirilmiş qənimətlərin sümükləri asılmışdı. Gəminin göyərtəsi isə geniş açılmış heyvan çənəsini xatırladırdı. Bu «çənə»nin içini iri kaşalot[12] dişləri qaplamışdı. Dorağacının kəndirləri həmin dişlərə bərkidilmişdi. Bir sözlə, qeyri-adi gəmi idi!
Göyərtədə heç kim gözə dəymirdi. Elə bu vaxt gözümə dorağacının yaxınlığında qurulmuş çadırabənzər bir şey, daha doğrusu, balina bığcıqlarından hörülmüş viqvam[13] sataşdı. Çox güman ki, bu viqvam müvəqqəti, yalnız limanda istifadə olunmaq məqsədilə düzəldilmişdi. Viqvamın içində yaşlı bir kişi buşlatına bürünüb oturmuşdu.
– Bu gəminin kapitanı sizsiniz? – mən ona yaxınlaşıb soruşdum.
– Tutaq ki, mənəm. Nə lazımdır? – kişi dilləndi.
– İşə düzəlmək istəyirəm.
– Belə de… – kişi susdu. Bir az fikirləşəndən sonra isə əlavə etdi: – Görürəm, gəlmə adama oxşayırsan. De görüm, heç parçalanmış qayıqda üzmüsən?
– Xeyr, cənab, üzməmişəm.
– Yəqin, balina ovundan da xəbərin yoxdur?
– Yoxdur, cənab, ancaq öyrənə bilərəm. Mən ticarət gəmisində…
– Cəhənnəm olsun sənin ticarət gəmin! – kişi qəfildən əsəbiləşib sözümü ağzımda qoydu. – Bir də mənim yanımda bu sözü ağzına alma, bildin! Buna bir bax! Bəlkə, ticarət gəmisində xidmət elədiyinə görə qürrələnəsən də!
Dillənmədim. Kişi bir az sakitləşəndən sonra dedi:
– Bəs niyə birdən-birə balina
11
12
13