İdeal. Muğanna İsa
dənə barama toxumuna oxşayan, dəftər vərəqində qara nöqtə kimi xırdaca toxum gizləndiyini, o toxumun ən quru-quraq çöllərdə aylarla xarab olmayıb nə vaxtsa yağış yağanda, ləçəklə birlikdə torpağa yapışıb cücərdiyini də, həmin quru çöllərdə qaratikan kollarının o sap kimi nazik cücərtilərdən qalxdığını da təkcə “Dəli Səməd” görmüşdü və gördüklərini Qəlyanlı qocalara danışıb, “yerin altını-üstünü bilən” qəlyanlılardan “yaşı bilinməyən” “Xızr Abı” ilə yaşının çoxluğuna görə və özünün dediyi kimi, “zəmanə ilə düz gətirmədiyinə görə” “Çürük” adlanan Çürük Aşıqdan öyrənmişdi ki, “qaratikan heç yerdə tək-tək bitməz, gur bitər”, buna görə də Qaratikan – “Gurtikən” deməkdir… Bir vaxt varmış, indiki Qonaqlı meşəsindən, Sudüşən çəmənindən, əkinlərdən, otlaqlardan əsər-əlamət də yoxmuş, quru-qaysaq çöllərmiş, boş-boşanaq düzlərmiş. Gecə-gündüz yel əsərmiş, tozanaq qalxarmış. Elə tozanaq ki, göyün üzünü tutarmış, gecə ilə gündüzün fərqi bilinməzmiş. Haman tozanağın içində bu yerə hardansa Qaratikan toxumları düşüb, bu meşənin yerində əvvəlcə kom-kom Qaratikan bitib, artıb çoxalıb, qaratikanların dibində, ara-bərəsində ot-ələf, kol-kos bitib və bu aralara dolan toxumlardan Qaraağac şivləri əmələ gəlib, sonra da “bu gördüyün meşə, sel-su, əkin-tikin…” “Yel toxum gətirər, meşə bitirər”, – deyirdilər. “Meşə su götürər, su verər, çay axıdar”, -deyirdilər. Belə-belə şeylər danışmaqdan nə Çürük Aşıq usanardı, nə də Xızr Abı. Və Səməd yaxşı bilirdi ki, qocalar hər şeyi ona – Səmədə eşitdirmək üçün danışardılar. Buna görə də bütün kənddə təkcə “Dəli Səməd” görmüşdü ki, qarağac da “gurağacdır”, çünki bu da “axça – “qızıl” bitirir, yazın orta ayında isti yellər əsəndə qarağacın sarı-qızılı ləçəkləri də kəpənək kimi uçuşub çöllərə yayılır. Əmma bu ləçəklər çox tabsızdır, quru yerlərdə tezcə ölüşgəyir, buna görə də lap yüngül yaranıb ki, çölə düşəndə az-maz mehdən də yenidən qanadlanıb gedib qaratikanı tapsın, vaxtı yetişəndə o gurtikənliklərdə də meşə əmələ gəlsin, sel-su, əkin-tikinti olsun.
“Dəli Səməd” belə şeylər görüb, gördüklərinin sevincindən demək olar ki, hər “həftə sonu” adlanan qısa dərs gününün axırında sinif yoldaşları Xızr Abı ilə Çürükdən saz, söz öyrənməyə gedəndə “Dəli Səməd” Ortayolda qalardı, gur, dalğalı saçlarını dalğalandıra-dalğalandıra, yolla o baş-bu başa addımlaya-addımlaya bütün kəndə səs salardı: “Ey Qıllı! Korsunuz hamınız!” – deyərdi. “Sizin aranızda bir mən bilirəm nə var – nə yox bu dünyada” – deyərdi. Danışmaqdan, qaynamaqdan yorulanda isə, yenə gülünün ətrini arzulayardı.
Əgər o vaxtlar o gülə qəsd eləmək, o sehrli ətri yanıq iyinə çevirmək niyyətinə düşən olsaydı, “Dəli Səməd” də, şübhəsiz, kiməsə xəbər yetirmədən, hardasa nəyisə uçurub dağıtmadan, yandırmadan sakitlik tapa bilməzdi. İndi, Gülgəzin yanıb tüstüyə çevrildiyini bütün aydınlığı ilə gördüyü, yanıq iyini bütün kəskinliyi ilə duyduğu dəqiqələrdə isə Səməd ümidsizliyin son həddində dərd yükünün ağırlığından başqa heç nə hiss eləmirdi.
Yenə nə isə soruşmaq istəyirdi, soruşa bilmirdi.
Dönüb getmək istəyirdi, gedə bilmirdi.
Ovcuna nə isə soyuq, sürüşkən şey toxundu. Diksinmədən, ürpənmədən baxdı: çamadanının qulpu idi; Xeyrə arvad birdən böyründə peyda olub, biləyindən yapışıb silkələyirdi ki, çamadanını alsın.
Ərinin əksinə, arvad elə sərtdi ki, elə bil onu cinayət üstündə tutmuşdu.
– Söz-gap yerdən-göydən çıxıb. Sən də gəlib durubsan burda dirək təki!.. Nə baxırsan, ay oğul?! İşdi, olub də!.. Neçə kərə çalışıb özünə qəsd eləsin bu yazıq gəlin. Bir dəfə nöyüt qabını almışam əlindən. Başına tökürdü… Bir dəfə paravozun qabağından itələyib çıxartmışam. Günahı yoxdu bunun. Yoxdu! Əmin də günahsızdı. Görüş özünnən. Görüş! İndi yox… Yara təzədi hələ. Çıx get burdan. Elə qaranlıqlı get ha, gözə görükmə!..
Arvad onun barmaqlarını çamadanın qulpunun altında qatlayıb, hətta qolundan çəkdi. Səməd bu kobud qadının iradəsinə tabe oldu, əmisinin arvadına daha ötəri baxmağa da cəsarət eləməyib, nəhayət, ayağını yerdən üzdü, başını qaldırmadan, ağır-ağır aralandı.
* * *
Hara gedirdi? Nə üçün gedirdi?
Baş verən hadisənin özü də ürək də, ağıl da deyirdi ki, Gülgəzdən həmişəlik ayrılıb. Gülgəzlə birgə “Gürtikənli”, “Gurağaclı” dünyadan da, sevinclərdən, fərəhlərdən də həmişəlik ayrılıb. Dünya indi yanıq iyindən və tüstüdən ibarətdir, Başqalarına “kor” deyən Səməd özü indi kor olub, bu tüstünün içində hətta əmisini də görmür. Bundan sonra Sultan əmi ilə nəinki bir evdə, bir süfrə başında oturmayacaqlar, yəqin ki, heç üz-üzə də gəlməyəcəklər, bir vaxtkı kimi, rayonun işlərindən, şeyx əmilərin elmi fəaliyyətini davam etdirən “Batin-gizlin”, “AdıPünhan” Ağların, yəni Ağ Əmir kimi SafAğların, “Muğ”ların Sibirə, Qazaxıstana sürülüb, itib-batmağından, Cənubda şah zülmündən – savadsızlıqdan, aclıqdan danışıb dərdləşməyəcəklər. İndi tamamilə aydındır ki, Sultan Əmirli də “ölüb, stolun dalında qaraltısı qalıb”. O qaraltının isə “axırı çatıb”, tezliklə doğrudan da “yeşikdə qalacaq”, “hakimiyyəti qurtaracaq”. O vaxt Xudiyev dəstəsi ilə birgə fəallar da qorxusuz-qadağasız olub daha o səkilərdə pıçıldaşa-pıçıldaşa “konfrans” – filan gözləməyə də ehtiyac duymadan, hər gün, hər saat Gülənovun, Sayılovun, RİK Atamalının səslərinə səs verəcəklər, beləliklə, qırmızı tuf daş binadakı kabinetlərdən başlamış, o kazarmasayağı binalara, kolxoz və sovxozlara qədər, hər yerdə – ancaq “bezobraziye”nin KQB kadrları əyləşib, “bezobraziye”nin əmrlərinə “baş üstə”, “göz üstə” deyəcəklər, Səməd isə, bütöv bir rayonda hamıya, hər şeyə nifrətdən, qəzəbdən boğula-boğula tək-tənha qalıb, bu mühitdən baş götürüb qaçmağa, doğma yurddan, doğma torpaqdan da həmişəlik ayrılmağa məcbur olacaq.
Belə bir aqibəti görə-görə hara gedir, nə üçün gedir? “Bezobraziye” kadrları arasında perspektivsiz yaşamağa dəyərmi? Ümumiyyətlə, yaşamaq mümkündürmü? Yaxşı olmazmı ki, bu saat burdan cumub bu şəhərdə az-çox hörmət elədiyi adamlar arasında, “Dəli Səməd”in köhnə dostlarından “pyanska Yusifi” “pyanskaların” daimi məktəbində – dəmiryol restoranında tapsın, iki il bundan əvvəl Bakıya yola düşəndə anasının sandıqcasından götürdüyü və birini də xərcləmədiyi qədim “axça” lardan birini ofisiant Qayım Qudalının üstünə atsın: “Bufeti köçürt bu stolun üstünə!” – deyib, Yusifin muğamlarına, təsniflərinə, bayatılarına qulaq asa-asa nə ki var “vursun”, sonra da stansiyanın ucqar, qaranlıq bir yerində başını relsin üstünə qoysun. “Pyanıska”nın o gözəl, köyrək səsi qulaqlarında cingildəyə-cingildəyə, bu yanıq iyindən, bu tüstüdən, Sultansız, Gülgəzsiz dünyadan birdəfəlik yaxa qurtarmaqdan yaxşı nə ola bilər?!
Darvazaya