İdeal. Muğanna İsa
elə teleqram gələn günü qovdu rayondan, o heç. Bir töhmət Gülənova yapışdırdı, birini prokuror Sayılova, birini RİK Atamalıya. O vaxtdan orqan-zad yoxuydu rayonda. Bir o teleqramıydı stolun üstündə, bir də Sultan Əmirli. “Prekratite” deyib ayaqlayırdı hamını.
Məni necə ayaqladı, bilirsən? Büro iclası çağırdı. Getdim gördüm yeddi nəfər büro üzvündən altısı cərgəynən oturub divarın dibində. Əlləri dizlərinin üstə, gözləri bərələ qalıb, quruyublar, elə bilirsən nəfəs də almırlar. İstədim him-cimnən soruşum Gülənovdan ki, məni niyə çağırtdırıb bu “həqiqətən sultan olan Sultan”? Gördüm dirigözlü ölüb o gördüyün heyvərə nəçənnik, mənim üzümə baxmaqdan da qorxur. RİK Atamalıya baxdım, o da ölmüşdü dirigözlü. Həmişə Sultanın böyründə, yumşaq kresloda oturan “fəhlə sinfinin nümayəndəsi”ndən başqa heç kəs baxmadı üzümə. O da elə qanlı-qanlı baxdı ki, elə bil atasını öldürmüşdüm. Hə!.. Əlahəzrət “sultan olan Sultanımız” ayaq üstəydi. Yumruqları stolun, şüşənin üstə. Pırpız qaşlar çatılı. Gözlər qan çanağı. Başladı ki, “RİK sədriynən, milis rəisiynən əlbir olub rayonun bütün mağazalarına gələn malları hökumət qiymətinə kürüyüb aparırsan bədbəxt əhaliyə iki qat artıq qiymətə sırıyırsan! İş o yerə çatıb ki, partiya komitəsinin bürosu məşğul olur sənin işinlə. Öz iştirakına rəy soruşuram, qulaq as”. Rəyi isə, bilirsən ki, “fəhlə sinfinin nümayəndəsi” deyir həmişə. Döşündə bir qatar dəmir-dümür, o uzun-hoqqar fəhlə “fatihə” oxudu mənə: “Rayonumuzun müdrik və ədalətli rəhbəri Əmirli yoldaşın qısa, lakin çox aydın məlumatı əsasında prokuraturaya verilməlidi bu iş!” Qılınc Qurban malı yüklədi belimə, eşşək kimi saldı qabağına, milisə qədər piyada apardı: “Əmirli yoldaş tapşırıb ki, bu eşşəyin palanını alın, özünü də qovun ticarət sistemindən…”
Məsimnən Gülbənizi qoşdum bir-birinə, yolladım yanına ki, buyruq quluyam mən, Xudiyev elə buyururdu, o ayrı cür buyursun, nə oyun açır-açsın başıma, əmbə çörəyimi kəsməsin. Yalvardım ki, bir parça vaxtımdan daşda-tərəzidədi əlim, ayrı şey gəlmir əlimdən… Eşitmədi. Ayaqladı!.. Bədbəxt hardan biləydi ki, orqandanam mən, “zasekreçenniyəm”!26 Lazım gələndə lazımi adamlara göstərirəm üzümü. Aydın oldumu?!
Məsələ ayrı cürdü, qadası. İcazə ver, nəzər-diqqətinə çatdırım ki, sənin özüyün də vəziyyətin yaxşı deyil. Əmiyin evinə getməməlisən sən. Niyə? Orasını demiyəcəm indi. Yaxşı olar ki, düşüb burdan birbaş gedəsən bizim Məsimgilə. Mən bilirdim ki, sən bu il qurtarırsan məktəbini. Qohumum var mənim orda. Sizin də qohumunuzdu ata tərəfdən. Hə, tanıyırsan. Professor Məhərrəmov Məhərrəm Abbasoviç. Hə. Onu da bilirdim ki, təyinnamən öz rayonumuzdadı. Dünən partiya uçotundan çıxıbsan, ordan da gedib bilet alıbsan bu altıncı vaqona. Gör iş nə yerdədi ki, vaqonunu da öyrənmişəm. May ayından indiyəcən fikrim-zikrim sənnəndi, qadası. Niyə? Orasını da demiyəcəm indi. Bircə şey deyirəm hələlik: getmə o evə!
Gülbənizə bir neçə dəfə tapşırmışam bu dörd ayda, bəzi sözlər deyəcək o sənə. Bilirəm, şübhən var mən sarıdan, yaxşı-yaman fikirləşirsən. Soruşma hardan bilirəm. Bax, birinci kərədi belə üz-üzəyik, əmbə səni mən sənin özündən də yaxşı tanıyıram, qadası! İçərin qaynayır sənin. Düşmən görükür gözünə. Qan düşməni… Hesablamışam, bu gün düz yeddi il səkkiz aydı beləsən. Rəhmətlik Mədəd maşını o cür sürüb bizim həyətdə kişmişi dağıdanda idarədəydin sən, pəncərəni açıb baxırdın. Yaman söydü məni rəhmətlik, yaman hədələdi. Sonra da getdi elə iş gəldi başına… Deyirlər, elə o vaxtdan başlanıbmış bu qırğın – terror. Lap belə müharibədə qırırmışlar ey bizimkiləri! Qırx səkkizinci ildə erməniləri xaricdən bizim İrəvana – Göyçəyə-zada köçürdəndə, deyirlər, planlaşdırılıb Moskvada ki, azərbaycanlı-türk deyilənin dünyadan bir şey qananı səlamat qalmamalıdı. Tuturlar, sürürlər, qırırlar!.. Sən uşağıydın onda… Atan əmbə qananlardan, görənlərdəniydi. Elə ona görə də elə oldu. Budu açığı. Hə!.. İnan, sevinmədim… Həyətdəydim onda mən. Oturub, podpolkovnik Xudiyev Aron İsayeviçə lənət deyirdim. Xudiyev çağırtdırmışdı axı onda Mədədi rayona. Doprosamı, tutmağımı, nə bilim, allah bilir. Şübhəsiz, bilirmiş Mədəd. Çünki hirsliydi yaman. Heç nədənsə güdaza getdi rəhmətlik. Heç nədənsə! Gülbənizi göndərdim xəbər eləsin sənə. Getdi gəldi ki, “yatır. Qıymadım oyadım”. Açığı, çox qorxurdum səndən, qadası. Yaman dəliqanlıydın o vaxt. Nə danım, qızı da elə ona görə göndərdim ki, gedib gözünnən görəsən necə olub o bədbəxtlik, qəsd işidi, yoxsa avariyadı?.. Sən qınama məni, can şirin şeydi, qadası, o müsibətin içində öz canımın qeydinə qaldım. Gülbəniz, deyirəm, oyatmamışdı. Özüm getdim. O şəkilləri gördüm, qorxu aldı canımı, dabanı üstə qayıtdım. O vaxtdan qaçırdım səndən. Yeddicə il gündə bir evdə yatdım Qudalı məhləsində. Keşikçim olmuyanda yuxu getmirdi gözümə. Mürgüləyən kimi görürdüm gəldin… Danışılası şey deyil. Allah heç kəsə göstərməsin mən çəkəni… Sən Bakıya gedəndən sonra bu iki ildəcə adam sifətinə düşmüşəm. Sən də dəyişibsən, şükür, necə deyərlər, inteligent olubsan. O Səməd hara, bu hara? İndi söhbət eləmək olar sənnən, hə. Məni sən elə “Çax-çux” təki tanıyırdın. Savadım-zadım haqqında təsəvvürün yoxdu. Bir az dedim, vaxtı çatanda biləcəksən hər şeyi, inşallah.
Çox şey deyəcəm mən sənə, qadası.
O avariya günü bir yaradı, bu gün yeddi il səkkiz aydı dövr eləyir o yara bu sinədə. Vaxtı çatıb, kəsib atmalıyam daha yaranı. Bu gün danışsaq, bu gün atacam, sabah danışsaq, sabah atacam. Onda özün görəcəksən, kimlər vururlar bu yaranı, necə vururlar, nə üçün vururlar. Bir az dedim bayaq. Əmbə hər şeyi açmaq olmur. Zəmanə çox dəyişib, qadası. Kim qarantiya verə bilər ki, bu plaskart vaqonun ora-burasına səs yazan şey-mey qoyulmayıb?! Xüsusi gələcəm yanına, xəlvət bir guşədə danışaq, açım töküm sənə bu zəmanənin iç üzünü. Hə. Əmbə, dediyim kimi, əvvəlcə Məsimgilə gedəsən gərək. Gülbəniznən kəlmələşəndən sonra o şəkk-şübhələrin hamısını özün çıxardıb tulluyacaqsan ürəyindən, özün axtarıb tapacaqsan məni, danışmaq istəyəcəksən hökmən.
Kənddə olacam. Getmiyəcəm heç yana. Oturub səni gözlüyəcəm. Həm də çax-çuxum var orda bir az. Kişinin çax-çuxuru olanda köhnə arvad da xoş baxır üzünə. Elə onun yanında qalıram indi, Badsəbanın daxmasında.
Dörd otağım var Bakıda. İyirmi səkkiz aprel küçəsində. Qismət olacaq, inşallah, görəcəksən. Qonşum da elə Məhərrəm Abbasoviçdi. Köməkləşib şərait düzəltmişik ikimizə də. Əmbə Badsəbanın o cırıq daxmasını min elə şəraitə dəyişmərəm. Ağzımın dadı da ordadı, can rahatlığım da. Səhv eləmirəmsə, sən özün də meyilliydin o cırıq daxmaya. Görürdüm, qadası, görürdüm hər şeyi. Bizim Gülbəniz çox istəyirdi sənin xətrini. Nə danım, açığı, mən özüm də ayrı göznən baxırdım sənə. Sonra o cığalı qız gəldi ortalığa. Əlləzoğlunun Gülgəzi, qaraçı gözəli. Bir dəfə istədim risk eləyim açım sənə ki, o Göbələk Məmiş deyilənə yazmaq, oxumaq öyrədiblər “mekbez”də – savad kursunda, donos yazandı, ev yıxandı o cırtdan kişiciyəz, alma onun qızını. Sonra gördüm lap pis çıxır axı, –