Xatirələr. Nağı bəy Şeyxzamanlı
üçüncü günü səhər erkən Kazak alayı komandiri general Fleyşerin (əslən alman idi) rəhbərliyi ilə bir bölük süvari kazak sürətlə meydana girdi. Onlar böyük Gəncə meydanında görünər-görünməz kazakların üzərinə "Dörd yol" küçəsi və Sofulu tərəfdən yaylım atəşi açıldı. Kazaklar meydanda bir neçə ölü və yaralı qoyaraq geri çəkildilər. Bir saat sonra polis rəisi və polislər meydana gələrək, silahları xalq tərəfindən alınmış cəsədləri və yaralıları götürüb apardılar. Bu kazak bölüyü meydana nə üçün gəlmişdi və nə etmək istəyirdi? Anlaya bilmədik. O gün axşama doğru məşhur qaçaq Dəli Alı kəndlərdən toplanmış iki min silahlı cavan ilə şəhərə girdi. Məşhur adamlar bir yerə toplaşıb, müsəlmanları gözləyən təhlükəni aradan qaldırmaq üçün müəyyən tədbirlər görməyə başladılar. Qərara aldılar ki, qaranlıq düşəndə dağlıq tərəfdən ermənilərə hücum etsinlər. Nəhayət, şəhərdən toplanmış min nəfər cavan da Dəli Alının dəstəsi ilə birləşərək axşam saat 7-də erməni məhəllələrinə hücuma keçdilər. Gəncədə xalq qüvvələri Ələkbər bəy Rəfibəyli tərəfindən idarə olunurdu. "Nəşri-maarif" və "Xeyriyyə" cəmiyyətinin binası qərargaha çevrilmişdi. Ələkbər bəy buradan xalqa müəyyən göstərişlər verir və vəziyyətə nəzarət edirdi. Gəncə şəhərində vəziyyətin gərginliyi çar üsuli-idarəsinin yüksək rütbəli məmurlarını narahat etməyə başladığı üçün onlar general-qubernator (vali) Bauyerin ətrafına toplaşmışdılar və nə edəcəklərini bilmirdilər. Nəhayət, belə qənaətə gəldilər ki, xalq hərəkatını Ələkbər bəydən başqa heç kəs dayandıra bilməz. Bu məqsədlə Ələkbər bəyin yanına gələrək, "Ələkbər bəy, şəhərin yarısını məhv etmək fəlakətdir. Ermənilər də tutduqları işdən peşmandırlar", – dedilər və ondan xalq hərəkatını dayandırmasını xahış etdilər. Nəhayət, uzun xahişminnətdən sonra Ələkbər bəy hərəkatın dayandırılması əmrini verdi. Hər iki tərəfdə sakitlik təmin olundu və general-qubernator on türk, on erməni dəvət edərək onları barışdırdı. Bundan sonra Dəli Alı da iki minlik dəstəsi ilə şəhəri tərk edib dağlara çəkildi. Sonradan öyrəndiyimizə görə, Bakıda, Qarabağda olduğu kimi, Tifisdə də ermənilərlə türklərin barışması olmuşdur. Ancaq Tiflis barışığı daha maraqlı olduğu üçün, təfsilatı ilə yazacağam.
Burada barışıq Qafqaz canişininin yanında olur. Türklər barışıq prosesində on nəfər gürcünün də iştirak etməsini istəyirlər. Beləliklə, on erməni, on türk və on gürcü, canişinin hüzurunda toplaşırlar. Canişin uzun bir nitq söylədikdən sonra barışıq arzuladığını deyir və faciənin bir də təkrar olunmaması üçün var qüvvəsi ilə çalışacağına söz verir. Təbii ki, gürcülər və ermənilər barışıq istəyirdilər. Türklər isə: "Biz barışıq olmasın demirik, ancaq Tiflisdə ermənilər əksəriyyət təşkil etməkdədir. Türklər böyük Tbilisinin bir məhəlləsində yaşamalıdırlar. Biz qırğın törətmədik, soyqırıma məruz qaldıq. Hökumət də bu faciəli hadisəyə laqeydlik göstərdi. Əgər gürcü xalqı olmasaydı, əmin olun ki, türklərdən sülh üçün on nəfər də tapa bilməyəcəkdiniz. Demirik ki barışmırıq, ancaq tələblərimiz var".
Canişin tələblərin nədən ibarət olduğunu soruşur. Türklər öz tələblərini səsləndirirlər:
1. Ermənilərin katalikosu Tbilisiyə gələrək bizim Şeyxülislamdan qətl üçün əfv diləyəcək;
2. Qətl edilmiş türklərin qatilləri hökumətə təslim ediləcəklər.
Ermənilər bu maddələrin aşağıdakı şərtlərlə yerinə yetiriləcəyini demişlər: "Katalikos xəstədir. Onun tərəfindən Yepiskop Baturyan Şeyxülislamın yanına gedərək qətllərdən kədərləndiyini bildirəcək. Ancaq qatilləri rus məhkəməsinə verə bilmərik, çünki məhkəmə olarsa, iş uzanar. Baş verənləri erməni millətinin vicdanına həvalə edək. Onlar qatillərin cəzasını öz bildikləri kimi versinlər".
Çar hökuməti törətdiyi hadisəni var qüvvəsi ilə ört-basdır etməyə çalışdı. Məsələ qapandı, ancaq ruslarla ermənilərin birlikdə hərəkət etdiyi bu hadisələr xalqımızı bundan sonra çox ehtiyatlı və tədbirli olmağa sövq edirdi.
Qafqaz canişininin xahişi ilə Bakıda qəzet çıxaran, xalqın, xüsusilə də ziyalıların rəğbətini qazanan, milli Azərbaycanın vacib işləri ilə məşğul olan Əhməd bəy Ağaoğlu Gəncəyə gəlmişdi. Xalq hökumət tərəfindən böyük cameyə dəvət edildi. Came ağzına qədər dolu idi. Mən də oradaydım. O gün Əhməd bəyi ilk dəfə görürdüm. Ağaoğlu minbərin ikinci pilləkəninə çıxaraq, xalqa müraciət etdi: "Möhtərəm Gəncəlilər, türklərlə ermənilər arasında baş verən son hadisə hamımızı pərişan etdi. Nə müsəlmanlıq, nə də insanlıq belə vəhşi hərəkətə razı ola bilməz. "Bu hadisə nədən oldu, nə üçün oldu, səbəbkarı kimdir", – deyə tədqiq və müzakirəyə başlasaq, heç bir nəticə əldə edə bilmərik. Türklər və ermənilər olub-keçənləri unutmalıdırlar. Bilməlidirlər ki, yer üzündə Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı heyvan varsa, başqa heyvanları parçalasa da, öz həmcinslərinə toxunmur. Nə qədər ağır olsa da, bildirməliyik ki, vəhşi heyvanların etmədiklərini insanlar edir. Çar üsuli-idarəsinin bura gəlməsindən əsrlər əvvəl türklərlə ermənilərin Qafqazda dost və yaxın qonşuluq münasibətində yaşadığını unutmaq olmaz. Tarixdə bu naqis hadisəyə oxşar heç bir hadisə qeydə alınmamışdır".
O vaxt gizli təşkilatımız ilhamını bir neçə məşhur millətpərvərimizdən alırdı. Bunların başında Ələkbər bəy Rəfibəyli, Ələkbər və Ələsgər Xasməmmədli qardaşları, Nəsib bəy Yusifbəyli, doktor Həsən Ağaoğlu dururdu. Onlar camedəki bu görüşdən sonra Əhməd bəy Ağaoğlunu axşam yeməyinə dəvət edərək, onunla geniş söhbət apardılar. Azərbaycan xalqının gələcəyinin qaranlıq olduğunu, ermənilərin əli ilə irəlidə rusların bir pislik edə biləcəklərini nəzərə alaraq, xalqı yenidən təşkilatlandırmaq lazım idi. Bu təşkilatlanma vasitəsilə rus hökuməti ilə mübarizə etmək və onlara anlatmaq gərək idi ki, asanlıqla istismara baş əyməyəcəyik. Rusların gözünü qorxutmaq üçün gizli terror komitəsi qurmaq, gizli firqəni "Difai" deyə adlandırmaq qərara alınır. Çox keçmədən möhür də hazırlanır. Firqənin ilk qurbanı Kiresçinski olmuşdur. Bu rus məmuru Gəncə general-qubernatorunun (valinin) Qarabağda müşaviri idi. Pis əməllərinə görə Gəncədə ona heç kim salam verməzmiş. Qəddar və bəd işlər sahibi olduğunu özü də etiraf edən bu məmur hökumətdən başqa yerə təyin olunmasını xahiş etmişdir.
Qətlin ertəsi günü gecə "Difai" fırqəsinin möhürü ilə divarlara bəyannamələr yapışdırılmışdır.
Bir həftə sonra "Difai" Bilal adlı bir qarabağlını general Kalasçapovu öldürmək üçün Tbilisiyə göndərmişdir. Kim idi bu Kalasçapov? O, Qarabağda diviziya komandiriydi. Diviziyada qulluq edən erməni əsgərlərinə mülki paltar geydirərək, silahsız türkləri qətl etdirmişdir. Bu səbəbdən Tbilisiyə göndərilən Bilal iki gün sonra ermənipərəst generalı küçədə öldürmüşdür.
Beləliklə, ermənipərəst rus məmurları ard-arda məhv edilirdilər. "Difai" firqəsi yaydığı bəyannamələrdə öldürülənlərin günahlarını aydın göstərirdi.
Bu hadisələrdən sonra rus məmurları qorxu içərisində yaşayır, hərəkətlərini