Ağ qoç, qara qoç. Anar
Novruz tətillərindən istifadə edib Bakıya gələ bilmədiyimə çox üzüldüm. Sizinçün burnumun ucu göynəyir. Axı nə qədər bir-birimizi ekranda görə, bilgisayarla yazışa bilərik? Onu bilin ki, həmişə qəlbimdəsiniz. Sizi bərk-bərk öpürəm, – Burla.
Məlik təəssüflə düşündü ki, nə iyirmi yeddi yaşlı Beyrək, nə iyirmi beş yaşlı Burla hələ ailə qurmayıb, valideynlərindən babalıq-nənəlik sevincini əsirgəyiblər. Bilgisayarda bugünkü günlüklərin (qəzetlərin) mədəniyyət səhifələrinə ötəri nəzər saldı, bəlkə proqramında istifadə ediləsi xəbərlər var.
“Yeni gün” qəzeti may ayında Nabranda Xəzər – Qara dəniz uluslararası sinema festivalı haqqında məlumat verirdi. Bəli də, bu festivalları, ədəbiyyat, şeir günlərini, mədəniyyət həftələrini, musiqi konkurslarını, teatr yarışlarını işıqlandırmağı çatdıra bilmirik, biri də burdan çıxdı. Nə qədər tədbir, bayram olar: Qobustanda üç ildən bir Dədə Qorqud törənləri, Muğanda iki ildən bir Koroğlu idman oyunları, Gəncədə Nizami günləri, Naxçıvanda Əshabi-Kəhf din mərkəzində Qafqazda İslam mövzusunda beynəlxalq elmi məşvərət, Dərbənddə Narınqala açıq səma teatrında tarixi tamaşalar festivalı, Şamaxıda Sabir günləri, Qazaxda Molla Pənah Vaqif və Səməd Vurğun günləri, Şuşada Vaqif, Natəvan və Cabbar Qaryağdıoğlu şeir, musiqi məclisləri, Qəbələdə Yunis İmrə şöləni, Şəkidə gülüş şənlikləri, Lənkəranda Rəqs yarışı, Mərdəkanda Sergey Yesenini anma günü, Təbrizdə Şəhriyar həftəsi, Ərdəbildə Xətai simpoziumu, Marağada muğam gecələri, Tovuzda, Salyanda, Tufarqanda aşıq deyişmələri, di gəl çatdır, hamısında iştirak edə bilməsən də, hamısını mütləq işıqlandırmalısan ki, o biri kanallar qabağa düşməsin.
Oğuz günlüyü Novruz ərəfəsində türk dünyasından məlumatlar verirdi: Kazanda Rudolf Nuriyev teatrında Qara Qarayevin 3-cü simfoniyası və Skripka konserti əsasında balet tamaşası hazırlanır, Parisdən ən avanqardçı xoreoqraf kimi tanınan Roje Düpon dəvət olunub. Türkmənistanda Nebit- dağda Türkmən neftinin kəşf olunmasında böyük xidmətləri olan Azərbaycan neftçilərinə həsr edilmiş muzey açılıb. Moskvada Avrasiya mənəvi məkanı və tarixi rus-slavyan – türk-tatar mədəni əlaqələri mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. İstanbulda Gürcüstan filmləri həftəsi keçirilir. Günlük İstanbulda belə bir Azərbaycan filmləri festivalının keçirilməməsinə görə irad tuturdu. İşçi çırağı günlüyündə tələb olunurdu ki, hökumət Kəlbəcərdə fəhlə dincərliyinin tikintisinin ləngiməsinin səbəblərini izah etsin. Bu barədə Fəhlə Həmkarlar Birliyinin bəyanatı da dərc olunmuşdu. Azad Azərbaycan günlüyündə sağ və sol partiyalara mənsub olan gənclərin Boz Qurd və Əməkçi futbol takımlarının sabahkı oyunu haqqında elan verilmişdi.
Məlik düşündü ki, indi hansı tərəf məğlub olsa, günahı hakimin üstünə yıxacaq. Çinar aylığı (jurnalı) iyul ayında Göygöldə Qafqaz rəssamlarının birgə sərgisinə hazırlıqdan reportaj dərc etmiş, Göygöl yolunda Əhməd Cavad abidə- bulağının şəklini vermişdi. Türk eli dərgisinin üz qabığında Nazım Hikmətin İstanbuldakı heykəli əks olunmuşdu, səhifələrində isə Şəkidə keçirilmiş talış mədəniyyət günlərindən rəngli şəkillər və Naxçıvanda açılmış ləzgi-avar xalq sənəti sərgisiylə bağlı illüstrasiyalar verilmişdi.
Odlar yurdu aylığında Qaradağ sinema şəhərciyinin dörd ən böyük studiyasında Azərfilm, Turanfilm, Xəzərfilm və Qobustanfilmdə çəkilən ssenarilər haqqında yazı vardı, Şeytanbazar həftəliyində isə həmişəki kimi Qaradağ sahil villalarının sakinlərinin sinema ulduzları haqqında dedi-qodular dərc olunmuşdu. Məlik ərinmədi Pəri Cadu həftəliyinin saytına da nəzər saldı – yenə ulduz falları, tilsimlər, sehrlər, cadular, hər növ esktrasenslərin proqnozları – öncədən demələri. Məlik – XXI əsrdə də bütün bunları oxuyanlar, hətta bunlara inananlar tapılır – deyə düşündü. Doqquz mövsüm – yaz toplusu da çapdan çıxmışdı. Dəbdə olan modlar, geyimlər toplusuydu. Adını niyə Doqquz qoymuşdular?
Yadına düşdü ki, toplunun hər sayının üstündə– GÖZƏLLİK ONDUR, DOQQUZU DONDUR sözləri yazılırdı. Azərbaycan ocağı aylığı məlumat verirdi ki, Xankəndində Şirvanzadə erməni teatrında Mirzə Cəlil Məmmədquluzadənin Kamança pyesi tamaşaya hazırlanır. Məlik düşündü ki, nə yaxşı məhz barışa, anlaşmaya çağıran bu yüksək humanist qayəli əsəri seçiblər. Doğrudur, keçən ağır hadisələr hələ yaddaşlardan silinməyib və bəlkə uzun zaman unudulmayacaq, amma Ermənistana, doğma dədə-baba yurdlarına qayıdan azərilərin və Dağlıq Qarabağdakı ermənilərin eyni ölçüdə hüquqları təmin olunandan sonra münaqişələrə ehtiyac qalmamışdı. Eyni hüquqlara Gürcüstandakı azərilər də malik olandan bəri, Gürcüstanın da ərazi bütövlüyü qarşılıqlı anlaşma və bütün milli azlıqların mədəni-iqtisadi tələblərinin ödənməsi şərtilə bərpa olunandan bəri Cənubi Qafqazda da Şimali Qafqaz kimi tam bir sabitlik əldə olunmuşdu. Az bir zaman ərzində qarşılıqlı əməkdaşlıq nəticəsində quruculuq işləri bəhrəsini vermiş, işsizlik tamamilə aradan götürülmüş, ticarətin, sənayenin başqa sahələriylə yanaşı, turizm industriyası da sürətlə inkişaf etmişdi. İndi, doğrudan da, Qafqaz turist Məkkəsinə çevrilmişdi. Çoxlu turist şirkətlərindən ən böyük imkanlara ikisi malik idi – bir sıra ölkələrin şərikli İpək yolu şirkəti və Qafqaz-tur. İpək yolu şirkəti Baykaldan Balkana adlı səyahət marşrutu təşkil edirdi. Marşrutun bir ucu Baykal göstərilsə də, bəzi hallarda bu marşrut Yakut Saxa elindən, yaxud Monqolustanda Orxon abidələrindən başlanır və Qüzey Kıprıs Türk Cümhuriyyətində bitirdi. Əlbəttə, uçaq marşrutları da vardı, amma çox vaxt turistlər qatarla, ya avtobuslarla səyahət etməyə üstünlük verirdi. Üç ox ekspres qatarı sərnişinləri Doğu Türküstandan, Altaydan, Qazaxstandan, Orta Asiyadan Xəzər sahillərinə gətirir, burada Azərbaycan və Türkmənistan azman bərələri qatarları, avtobusları tərkinə alır və Bakının Türkan limanına çatdırırdı. Buradan isə ya Bakı-Tiflis-Batum Sırp atabanıyla Türkiyəyə və oradan Avropaya, ya Bakı – Xudafərin – Sədərək– İqdır yoluyla yenə də Türkiyəyə, oradan Avropaya səyahət davam edirdi. Qafqaz-tur şirkəti isə Qara dəniz sahillərindən Xəzər sahillərinə, Neft daşlarından Bakurianiyə, Elbrusdan, Tiberdadan, Dambaydan Göyçə gölünə, Dilicana uzanan yollarla turistlərə bir aylıq rahat və xoş səyahət təklif edirdi.
Turistlərə yadigar suvenirlər kimi Qubalı ustalarının düzəltdiyi metal döymələr, Quba xalçaları, Lahıc misgərlərinin məmulatı, Şəki ipəkləri, Basqal kəlağayıları, Gürcustan çaxırları, Erməni konyakları hədiyyə edilirdi.
Məlik Bildiriş bülleteninə göz atdı. Mirzə Fətəli Axundzadə adına Dövlət dram teatrında Hüseyn Cavid pyesləri həftəsi uğurla davam edirdi. Üzeyir Hacıbəyli Dövlət Opera Balet teatrında Milanın La Skala teatrının solistlərinin qastrolları haqqında anons vermişdi. Hüseynqulu Sarablı Muğam teatrında Yeddi muğam silsiləsində həftənin hər günü bir dəstgah səslənəcəkdi – Çahargah, Segah, Rast, Şur, Bayatı Şiraz, Humayun, Şüştər… Hüseyn Ərəbli səhnəsində, gürcü teatrı Şekspirin Koriolan pyesini göstərəcəkdi, Sinema-klubda Çaplin-Fellini filmləri retrospektivi başlanırdı.
Qara Qarayev musiqi mərkəzində, Niyazi konsert salonunda, Fikrət Əmirov oda musiqisi evində, Tofiq Quliyev estrada teatrında, Rəşid Behbudov Mahnı teatrında, Vaqif Mustafazadə caz-klubunda bayram konsertləri, İçəri şəhər