Mir Cəlal xatirələrdə. Коллектив авторов

Mir Cəlal xatirələrdə - Коллектив авторов


Скачать книгу
nəfər köhnə kommunist zəmanəti vacib idi. Heydər Hüseynov isə partiya üzvlüyünə namizəd idi. Ona görə də Heydərin akademiyada işləməyi yerinə düşdü.

      Əhəd Yaqubov (akademiyanın prezident müavini idi) Mərkəzi komitədə katib sifətilə işləməyə gedəndə yerinə Heydəri cəlb elədilər. O da həvəslə müavinliyi öhdəsinə götürüb həvəslə işə girişdi.

      Respublika Elmlər Akademiyası SSRİ Elmlər Akademiyasının fillalı olanda imkanı da, nüfuzu da çox idi. Milli mədəniyyətə, milli respublikalara, elmi idarələrə diqqət, qayğı çox idi.

      Akademiya mərkəzindən ayrılandan, yerli büdcəyə tabe olandan sonra yerlərdə vəziyyət xeyli dəyişdi. Heydər Hüseynov cavan, həvəsli, enerjili, qeyrətli oğlan idi. Kitab nəşr etməyə, cavan alimlər hazırlamağa, İnstitutlar açmağa, qonşu respublika alimlərilə yarış aparmağa çox səy edirdi. Gecə-gündüz akademiyada, öz otağında əyləşir, kitab-dəftərilə əlləşirdi.

      Kəskin və haqsız tənqid onu sarsıtdı. O, özünü faciəli surətdə həlak etdi.

      Mənim hələ Gəncə seminariyasında ikən əlaqədar olduğum, inandığım və hörmət bəslədiyim kommunistlərdən biri, sonralar Respublika Maarif Kommisarı işləyən Məhəmməd Cuvarlı idi. O, vücudca balaca, arıq, bir az da xırdagöz, zahirən qaş-qabaqlı olardı. Ancaq mənəvi cəhətdən əksinə, fəal, çevik, ayıq, dərrakəli, təşəbbüskar kommunist idi. Onunla tanışlığım tələbəlik skamyasından, seminariyada oxuduğum illərdən başlamışdı. O zaman Cuvarlı Gəncə vilayət komitəsində təbliğat üzrə katib vəzifəsində çalışırdı. Seminariya tələbələrinin tərbiyəsi, inkişafı ilə ciddi məşğul olurdu.

      Görünür, bilik, məslək eşqi, işə həvəsindən başqa, Cuvarlıda təşkilatçılıq bacarığı və təmkini də güclü idi. Seminariyada olduğum, təşkilatda çalışdığım müddətdə (mən tələbə təşkilatının sədri vəzifəsində idim) Cuvarlının mənə qarşı rəğbətini hiss etməmişdim.

      Sonuncu kursda və təhsil ilinin son aylarında bir axşam yoldaşlarımla əl-ələ verib gəzməyə getdiyim zaman çiynimə bir əl endiyini duydum.

      Dönəndə gördüm Cuvarlıdır!

      Güldü və mənə təsəlli verdi:

      – Deyəsən, səni diksindirdim?

      Mən dinmədim. O, mənim kürəyimə əl vura-vura dedi:

      – Sabah Vilayət Komitəsinə gəl, səninlə işim var.

      – Saat neçədə gəlim?

      – Saat 9-dan sonra mən ordayam. Ha vaxt istəsən, gəl. Dərsdən çıxanda gələ bilərsən!

      – Baş üstə, – deyib getdim.

      Getdim, ancaq bu çağırış məni çox narahat elədi.

      Cuvarlı məni nə üçün çağırır? Görəsən, nə deyəcək? “Səninlə işim var?” Görəsən, bu nə işdir. Bəlkə, mənə təzə bir iş tapşıracaq, qulluq təklif edəcək! Bəlkə də, tələbə həyatı ilə əlaqədar tapşırıq verəcək.

      Cuvarlının evi seminariya olan küçədə (28 Aprel küçəsi), məktəbin qabağında idi. Mən dərsə gedəndə, o da işə gedirdi. İşə getməzdən əvvəl mənimlə görüşəndə içəri çağırdı və sözünü açıq dedi:

      – Seminariya məzunlarının təyinatı gedir. Anketində gördüm ki, sən kəndə getmək istəyirsən. Gədəbəy məktəbinə müdir lazımdır. Səni oraya məsləhət görmüşük. Necə baxırsan?

      – Müdirlik çətin olmazmı?

      – Çətin olmaz, komsomolda yaxşı işləmisən, yerli təşkilatlar da sənə kömək edəcək!

      – Gədəbəyin raykom katibi Ramazanov yanıma gələcək. Ona da xüsusi tapşıracağam, sənə kömək eləsin. Ora dağ yeridir, səfalıdır, həm də fəhlə rayonudur. Məktəbi də böyüdüb yeddiillik eləyirik. Cavan oğlansan, seminariyada aldığın bilik və tərbiyə fəhlə balalarına vacibdir. Sən orda çox xeyir verərsən. Fəhlələr də qədirbilən camaatdır. Sənin inkişafına kömək edərlər.

      Mənim sükut və razılığmı görəndə Cuvarlı sevinclə əlimi sıxıb xeyir-dua verdi:

      – Mübarək olsun! Sənə yaxşı yol. Sabah siyahını maarif şöbəsinə göndərəcəklər. Əmrini alıb, yola düşərsən! İki aylıq maaş da qabaqcadan verilir.

      İndi mən daha aşkar və yəqin görürdüm ki, bizi xalis hazır, məsul maarif işçisi kimi müəyyənləşdirib əməli işə göndərirlər.

      Gədəbəyi görməmişdim. Təsəvvürüm də ibtidai və yanlış idi. Kakor deyilən bir gödək, zirək kişinin məftil təkər faytonu, zınqırovlu, gümrah atları ilə bizi Yasamal yolundan yoxuşa doğru aparanda güman edirdim ki, məktəbə dərs deməyə yox, dumanlı, əsrarlı dağlarda cəhalət, qaranlıq, zülmət ilə vuruşmağa gedirik.

      İyriminci illərin ortaları və axırlarında bizim respublikada maarif və mədəniyyət adamları az idi. Xüsusilə, Sovet dövlətinin və Kommunist Partiyasının böyük miqyaslı gələcək tədbirlərini – “mədəni inqilab” şüarını nəzərə alsaq və bu baxımdan maarif qüvvələrinə yanaşsaq, çətinlik daha da aydın görünər.

      Gədəbəy kimi məşhur fəhlə rayonuna ilk qədəm qoyan seminarist mən idim. Bəlkə, ona görə Cuvarlı məni xüsusi hörmət, hazırlıqla yola salır, rayonun adlı-sanlı adamları ehtiramla qarşılayırdılar.

      Mülayim sentiyabr axşamında mənim mənzilim – mədən komitəsinin binasındakı otaq qonaqlarla dolmuşdu. Adətən, qonaqları çay-çörək süfrəsilə qarşılayırlar. Bizdə belə imkan yox idi. Bizim üçün ayrılan otağın təchizatı da sahmanda deyildi. “Biz” deyirəm, ona görə ki, mənimlə bərabər qonşu, yaxın kəndlərin (Qumlu, Söyüdlü) müəllimləri də var idi. Onlar bir-iki günlüyə də olsa, rayon mərkəzində, bizim otaqda qalmaq istəyirdilər.

      Rayon işçiləri, qocaman fəhlə kommunistlər bizə “xoş gəldin” eləmək üçün yığışmışdılar. Buna baxmayaraq, biz yerlilərin açıq dedikləri arzu və tələbləri eşidirdik. Həmin günlərdə mən 19 yaşlı cavan bir seminarist idim. Görünür, yerlilərin “bu təzə müəllimdən” gözləri su içmirdi. Çünki onların aləmində qalustuk, yaxşı qatdama köynək, komsomol qayışı “ bu yerlərə” o qədər də münasib deyildi, birtəhər gəlirdi.

      60-70 yaşlı qocaman mədən fəhləsi Əlihüseyn əmi masaya dirsəklənərək diqqət və ərk ilə mənə baxıb deyirdi:

      – Oğlum, arxayın ol, fəhlə camaat müəllimin qədrini biləndir. Nə qədər ki biz varıq, bir köpək oğlu müəllimə deyə bilməz ki, gözün üstə qaşın var! Müəllim bizim əzizimiz, uşaqlarımızın tərbiyəçisidir. Bu şərt ilə ki, bəzi-bəzi işlər gərək bizim yerlərdə görünməsin.

      Əlihüseyn əmi ətəklərini yığışdırıb ayağa qalxdı, bir də oturub dedi:

      – Mən nəyi deyirəm: mən iki babətdən deyirəm, mültəfit ol!

      Biri budur ki, müəllim gərək içki sarıdan özünü gözləsin, biri də əxlaq sarıdan, qadın babətindən, abır-həya babətindən özünü gözləsin! Bu iki şərt olan yerdə dərs də, tərbiyə də, hörmət də qaydasında olar. Oğlum, sənə indidən başa


Скачать книгу