Qış gecəsi. Salam Qədirzadə
sərt bir hərəkətlə dabanlarının üstündə fırlanıb üzünü Rəhmana tutdu:
− Qara zəhrimar Diləfruz, dərd Diləfruz! Sənə milyon dəfə demişəm ki, məni adımla çağır! Gül kimi adım var, dilin qurumaz ki…
Rəhman arvadını yenə “xanımsız” dindirdiyinə görə onun hirsləndiyini görüb tez səhvini düzəltməyə çalışdı:
− Bağışla, Diləfruz xanım… Sən deyirsən yəni mənim də özümə görə zövqüm var… Əlbəttə, zövqüm pis olsaydı, daha bir belə arvadın içindən təkcə səni seçməzdim ki…
Diləfruzun kefi pozulmuşdu. Bu sözlərlə onu dilə tutub ürəyini almaq çətindi. O, hirsləndiyini bir daha ərinə bildirmək üçün ayağını yuxarı qaldırıb elə yellətdi ki, qara lak çəkməsi havada fırlanıb birbaş şappıltı ilə pəncərədəki akvariumun içinə düşdü. Balıqlar diksinmiş kimi bir sıçrayışla suyun dibinə cumdu. Arvad ağır gövdəsini aynanın yanındakı divana yıxıb arxasını ərinə çevirdi. – Bəli də… Heç dəxli mətləbə var? Ayran içdik, xataya düşdük!− deyə Rəhman öz- özünə deyinərək akvariumda qayıq kimi üzən tufliyə baxıb, asta-asta başını buladı. –Allah dəvəyə qanad versəydi, dam daşı dağıdardı! Axı mən buna nə dedim ki, cin atına minib göyə çıxdı? – Kişi heç bir söz demədən tuflini götürüb dəsmalı ilə sildi, evin bir küncünə qoydu. Bufetdən Diləfruzun üstü zərlə yazılı göy fincanını çıxarıb çay süzdü.
− Yaxın otur, təzə dəmləmişəm.
Diləfruz fısıldadı, ancaq danışmadı. Divardan asılmış saat altı dəfə səsləndi.
Rəhman, qızıl suyuna çəkilmiş çay qaşığı ilə kiçik büllur vazadakı gilas mürəbbəsindən götürüb onun fincanına tökdü.
− Al, iç bir fincan, yorğunluğun çıxsın canından, − deyə o, qənddanla fincanı da arvadının yanındakı dolabçanın üstünə qoydu, − Diləfruz xanım, iç hirsin soyusun.
Diləfruz hikkə ilə çiyinlərini əsdirib yerində fırlandı.
− O şoğərib termometri bəri ver! Yenə qızdırmamı qaldırdın! – deyə şikayətli bir səslə dilləndi.
Rəhman, həmişə arvadı üçün hazır saxladığı termometri götürüb yaxına gəldi. Əlini uzadıb Diləfruzun yaxasını açmaq istəyəndə, arvad onun üstünə elə çığırdı ki, Rəhman qorxusundan geri sıçradı.
− Rədd ol! Çox elə gözüm atırdı səninçün!
Diləfruz sərt bir hərəkətlə termometri Rəhmanın əlindən alıb ətli qoltuğunun altına qoydu.
Vəziyyətin gərginləşdiyini görən Rəhman yavaş-yavaş aradan sürüşüb özünü o biri otağa verdi. Diləfruz xeyli susduqdan sonra köksünü ötürüb, yan-yörəsinə baxdı. Üzünü ara qapıya çevirib amiranə bir səslə:
− Rəhman! – deyə ucadan çağırdı.
Kişi qapının dalında əmrə müntəzir kimi tez özünü içəri saldı.
− Bəli!
Diləfruz çəpəki bir nəzərlə ona baxıb gözlərini süzdü:
− Tut, bir görüm qızdırmam hara qalxıb!
Rəhman termometri alıb, pəncərə qabağına keçərək gözlərini qıydı.
− Hələ öz qaydasındadır Diləfruz xanım.
− Zəhrimar qaydasındadır! Nə qədərdir!
− Otuz yeddi xal!
− Nə?! – arvadın səsi elə bil küpdən çıxdı. – Bu saat mənim heç olmasa qırx dərəcə hərarətim var. Bəlkə, o andıra qalmış xarab olub?!
− Bəlkə də, bəlkə də, Diləfruz xanım, höcət eləmirəm, − deyə Rəhman geri çəkildi. − Doğrudan da bu saat sənin hərarətin çox olar. Gözlərin, yanaqların qıpqırmızıdır. Axı bir də nahaq yerə niyə əsəbləşirsən ki…
Bu sözlər deyəsən, Diləfruzun hirsini bir az soyutdu.
− Bəs mamulya hardadır? − deyə o bu dəfə astadan soruşdu.
− Elə o vaxtdan ki sən getmisən, Məmməd də oynayır küçədə özüyçün. Yaxşı, Diləfruz xanım, de görüm heç bir şey ala bidin?
− Xaraba qalsın, belə şəhər! − deyə arvad əlini uzadaraq qənddandakı konfetdən birini götürüb kağızını açdı. − Hansı maqazinə, hansı komisyonniyə gedirsən, hamısı Bakı, Moskva malı. Adam diş qurdalamağa da bir dənə zaqranişni şey tapa bilmir.− O, dodaqlarının boyası silinməsin deyə, konfeti dişlərinin arasından ehmalca ağzına ötürdü; fincanı götürüb, çaydan bir qurtum içdi. − Ancaq Rəhman, qanımı qaraltsan da qoy deyim: bu şlyapadan heç yerdə yoxdur, mənim əziz canımçün, küçəni gedirəm, hamı dönüb həsrətlə mənə baxır, bu gün elə şəhər içinə qəsdən ona görə çıxmışdım. Rastıma gələn arvadların, qızların başına baxdım, buna oxşayanını görmədim. Var ey … ancaq bu maldan, bu cür, belə gəşəng olanı yoxdur.
− Ola da bilməz, Diləfruz xanım! − deyə Rəhman keçib divanda, onun yanında oturmaq istədi. Diləfruz üz-gözünü turşudub, kişinin sinəsindən itələdi.
− Rədd ol burdan a…Paltarımı əzmə!
Rəhman ayaq üstə durub sözünü başa vurdu:
− Ancaq, Diləfruz xanım, acığın tutmasın, hələ o gətirdiyim yaponju da nahaq yerə cırdın, sənin əziz canıncün, o da pis parça deyildi.
− Rəhman, məni təzədən hirsləndirmə. Bir dəfə dedim pisdir, qurtardı! Onu bil ki, üzüyü qaşı ilə tanıyarlar! Məsəl var, deyərlər, pendiri dəri saxlar, arvadı əri. Sən həmişə bir şey alanda əvvəlcə papağını qoy qabağına, fikirləş, gör kimə alırsan! Gərək mənim adıma, özümə layiq olsun! Yaponjun da öz adamı var. Başa düşdün!
− Başa düşdüm, ancaq ki…
− Rəhman! Ancaqsız! – Arvad ayağını döşəməyə vurub qışqırdı. − Sən nə alsan, gərək mənim adıma layıq olsun!
Rəhman “baş üstə” deyib susdu. Elə bu əsnada həyət qapısının zəngi çalındı. Rəhman aynabəndə çıxdı.
− Ay kimsən?
Qapının o tərəfindən kişi səsi gəldi:
− Aç, mənəm.
− Kimdir o?! – deyə Diləfruz otaqdan dilləndi. –Olmaya yenə Saleh müəllimdir?!
− Deyəsən özüdür, səsindən ona oxşayır.
Rəhman tənbəl-tənbəl pilləkəni enib, qapını açdı.
Məmməd, əlində köhnə bir avtomobil pakrışkası, üst-başı toz-torpaq içində həyətə girdi. Beş-altı yaşlarında olan bu uşağın, yaxası qarnının ortasınadək cırılmış köynəyi o qədər kirlənmişdi ki, nə rəngdə olduğunu bilmək çətindi. Gödək tumanının aşırması qırıldığından, bir balağı sıyrılıb qanamış dizinə qədər sallanmışdı. Onun sir-sifətinə cırmaq dəyməyən yer yox idi. Boynundan, çirkli ipə keçirilmiş iri bir gözmuncuğu asılmışdı.
Məmməd həyətə gircək heç nəyə əhəmiyyət vermədən, əvvəlcə pakrışkanı çarhovuzun yanına yuvarladı.