Əlvida silah. Эрнест Миллер Хемингуэй
skamyada oturmuşdu. Miss Ferqyuson da onunla idi. Elə bil gəlişimdən sevindilər, bir az sonra miss Ferqyuson üzr istəyib qalxdı.
– Sizi ikilikdə qoyuram. – dedi. – Siz mənsiz çox yaxşı keçi-nirsiz.
Miss Barkli:
– Ellen, getməyin, – dedi.
– Yox, mən gedirəm. Mən məktub yazmalıyam.
– Gecəniz xeyrə qalsın, – dedim.
– Gecəniz xeyrə qalsın, mister Henri.
– Elə şey yazmayın ki, senzor təftiş eləsin.
– Narahat olmayın. Mən ancaq necə gözəl yerdə yaşadığı-mızdan və bütün italyanların necə igid olduqlarından yazıram.
– Bu qaydada davam edin, onda orden alarsız.
– Çox şad olaram. Gecəniz xeyrə qalsın, Ketrin.
Miss Barkli:
– Bir azdan sizə baş çəkəcəyəm, – dedi. Miss Ferqyuson qaranlıqda gözdən itdi.
– Yaxşı qızdır, – dedim.
– Əlbəttə. Çox yaxşı qızdır. O, şəfqət bacısıdır.
– Bəs siz şəfqət bacısı deyilsiz?
– Ah, yox. Mən VAD11 deyilən dəstədənəm. Biz yaman çox işləyirik, amma bizə etibar etmirlər.
– Bəs niyə?
– İş olmayanda etibar etmirlər. İş çox olanda etibar edirlər.
– Bəs fərq nədədir?
Şəfqət bacısı bir növ doktordur. Çox oxumaq lazımdır. VAD-lar isə ancaq qısa müddətli kursları bitirirlər.
– Başa düşürəm.
– İtalyanlar qadınları cəbhə xəttinə bu qədər yaxın buraxmaq istəmirdilər. Odur ki, bizim burada xususi rejimimiz var. Biz heç yerə çıxmırıq.
– Bəs mən bura gələ bilərəm?
– Əlbəttə. Bura monastır deyil.
– Gəlin müharibəni unudaq.
– Bu o qədər də asan deyil. Belə yerdə müharibəni unutmaq çətindir. Hər halda unudaq.
– Yaxşı.
Biz qaranlıqda bir-birimizə baxdıq. O mənə çox gözəl görün-dü və mən onun əlini tutdum. Qız əlini çəkmədi, mən ona tərəf əyildim və belini qucaqladım.
– Lazım deyil, – dedi. Mən onu buraxmadım.
– Nə üçün?
– Lazım deyil.
– Lazımdır, – dedim. – Belə yaxşıdır.
Mən qaranlıqda əyildim ki, onu öpüm, ancaq nə isə ani ola-raq məni yandırdı. O, üzümə bərk bir şillə vurdu. Şillə gözləri-min və burnumun üstünə dəydi, gözlərim yaşardı.
– Bağışlayın məni, – qız dedi.
Mən öz tərəfimdə bir qədər üstünlük duydum.
– Siz düzgün hərəkət etdiz.
– Yox, siz məni bağışlayın, – o dedi. – Düzgün hərəkət etmə-dim, – şəfqət bacısı zabitlə, özü də istirahət günü axşamı. Mən sizi incitmək istəmirdim. Ağrıyır?
O, qaranlıqda mənə baxırdı. Mən acıqlı idim və eyni zaman-da şahmat oyununda olduğu kimi, hər şeyi qabaqcadan görərək özümdə inam hiss edirdim.
– Siz tamamilə düzgün hərəkət etdiz, – dedim. – Mən bir tikə də acıqlanmıram.
– Zavallı!
– Bilirsizmi, mən çox mənasız həyat sürürəm. Hətta ingiliscə danışmağıma da ehtiyac qalmır. Bir də siz çox gözəlsiniz.
Mən ona baxırdım.
– Bütün bunları mənə niyə deyirsiz? Mən ki, sizdən üzr istədim. Biz artıq barışmışıq.
– Elədir, – dedim. – Bir də daha müharibədən danışmırıq.
O güldü. Onun necə güldüyünü birinci dəfə görürdüm.
Mən gözümü onun gözünə dikmişdim.
– Siz yaxşı oğlansız, – qız dedi.
– Heç də yox.
– Hə, siz mehribansız. İstəyirsiz, mən özüm sizi öpüm?
Mən onun gözlərinin içinə baxdım, yenə belini qucaqlayıb onu öpdüm. Mən onu bərk-bərk öpdüm və özümə möhkəm sıxaraq dodaqlarını aralamağa çalışdım; dodaqları bərk yumul-muşdu. Mən hələ də acıqlı idim, buna görə də onu özümə sıxanda birdən diksindi, mən onu bərk-bərk sıxırdım və ürəyi-nin necə döyündüyünü hiss edirdim, bu vaxt onun dodaqları aralandı və başı qolumun üstünə düşdü, başa düşdüm ki, başını çiynimə qoyub ağlayır.
– Əzizim! – dedi. – Siz mənimlə həmişə yaxşı dolanacaqsız, eləmi?
«Lənət şeytana», – fikirləşdim. Mən onun saçlarını oxşadım və əlimi kürəyinə döydüm. O ağlayırdı.
– Doğrudan, yaxşı dolanacaqsız? – Qız gözlərini mənə zillə-di. – Çünki bizim həyatımız çox qəribə olacaq.
Bir az sonra mən onu villanın qapısına qədər ötürdüm, o içəri girdi, mən isə evə yollandım. Evə qayıdıb öz otağıma qalxdım. Rinaldi yatağında uzanmışdı. O mənə baxdı.
– Deməli, miss Barkli ilə işləriniz düzəlir?
– Mən onunla dostam.
– İndi siz ovdakı köpəyə oxşayırsız.
– Mən başa düşmədim. Nəyə?
O, başa saldı.
– Siz özünüz köpəyə oxşayırsız… – dedim.
– Bəsdir, – dedi. – Bir az da keçsə, biz bir birimizə pis şeylər deyərik. – O güldü.
– Gecəniz xeyrə qalsın, – dedim.
– Gecəniz xeyrə qalsın, kefcil oğlan.
Mən balışla onun şamını vurub yıxdım və qaranlıqda yerimə uzandım. Rinaldi şamı qaldırıb yandırdı və mütaliəsinə davam etdi.
ALTINCI FƏSİL
İki gün mən postlara baş çəkdim. Evə qayıdanda artıq çox gec idi və miss Barkli ilə ancaq o biri gün axşam görüşə bildim. O, bağda deyildi, buna görə də o, aşağı düşənəcən, mən hospitalın dəftərxanasında gözləməli oldum. Dəftərxananın yerləşdiyi otağın divarları önündəki rənglənmiş taxta postamentlərin üstündə çoxlu mərmər büstlər qoyulmuşdu. Dəftərxananın qarşısındakı vestibüldə də belə büstlər var idi. Mərmər heykəllər öz ümumi xüsusiyyətlərinə görə elə bil eyni sifətdən götürülmüşdü. Heykəllər həmişə məni kədərləndirir; tunc heykəl olsa yenə dərd yarıdır, amma mərmər büstlər mütləq mənə qəbiristanlığı xatırladır. Yeri gəlmişkən deyim ki, Pizada gözəl bir qəbiristanlıq var. Ən çox pis mərmər büstlər Genuyadadır. Bu villa əvvəllər varlı bir almana
11
Voluntary Aid Department (ingiliscə) döyüşən orduya xidmət edən qadın korpusu.