Cenni Herhardt. Теодор Драйзер
isə sorğu-sualı davam etdirirdi:
– Neçə uşağınız var?
– Altı.
– Söz yox, böyük ailədir. Siz, şübhəsiz, ölkə qarşısında borcunuzu yerinə yetirmişsiniz.
– Bəli, ser – deyə onun diqqətindən mütəəssir olmuş missis Herhardt cavab verdi.
– Siz deyirsiniz ki, bu sizin böyük qızınızdır?
– Bəli, ser!
– Bəs əriniz nə ilə məşğul olur?
– O, şüşəüfürəndir. Ancaq indi xəstədir.
Onlar söhbət edir, Cenni isə dinləyirdi. Onun iri mavi gözləri heyrət və maraqla baxırdı. Hər dəfə senator ona baxdıqda elə sadəlövh, məsum baxışlarla, elə gözəl təbəssümlə qarşılaşırdı ki, gözlərini ondan çəkməyə çətinlik çəkirdi.
O, rəğbət hissi ilə:
– Bəli, bunlar hamısı çox ağırdır, – dedi. – Burada mənim bir az palarım yığılıb qalıb, siz onları, lütfən, yuyun. Gələn həftə, yəqin, yenə olacaqdır.
O, paltarları üstünə naxış vurulmuş kiçik, göy kisənin içinə qoydu.
– Nə vaxt gətirək? – deyə missis Herhardt soruşdu. O, dalğıncasına cavab verdi:
– Fərqi yoxdur. Gələn həftənin hansı günündə istəsəniz, gətirə bilərsiniz. Ana təvazökarlıqla təşəkkür etdi və onlar çıxmağa hazırlaşdılar.
– Gəlin belə edək. Bazar ertəsi gətirin, – deyə senator qabağa keçərək qapını açdı. Missis Herhardt:
– Baş üstə, ser, – dedi, – sağ olun.
Onlar getdilər, senator isə yenidən mütaliəyə başladı, lakin nədənsə qəribə bir fikir dalğınlığı ona hakim kəsildi.
O, kitabı örtərək:
– Kədərli haldır, – dedi. – Bu adamlarda nə isə çox mütəəssiredici bir şey vardır. Cenninin maraq və heyrət ifadə edən obrazı otaqda dolaşırdı.
Missis Herhardt isə öz qızı ilə yenə qaranlıq küçələrlə evə qayıdırdı. Gözlənilməz müvəffəqiyyət onları dirçəltmişdi.
– Onun otağı necə gözəldir! Düz demirəm? – deyə Cenni pıçıltı ilə soruşdu.
– Bəli, – deyə ana cavab verdi. – O, çox yaxşı adamdır. Qız davam etdi:
– O senatordur, eləmi?
– Bəli.
Qız yavaşcadan:
– Adlı-sanlı olmaq, yəqin, yaxşı şeydir, – dedi.
II FƏSİL
Cenninin mənəvi aləmini necə təsvir edək? Senatorun paltarlarını yumaqda anasına kömək etməyə, onun çirkli paltarlarını gətirməyə və təmizini aparmağa ehtiyac üzündən məcbur olan bu zavallı qız qəribə yumşaq xasiyyətə malik idi. Bu xasiyyətin bütün gözəlliyini sözlə təsvir etmək mümkün deyildir. Elə nadir təbiətli insanlar olur ki, onlar dünyaya nə üçün gəldiklərini bilmir və axıradək heç bir şey anlamadan həyatdan köçüb gedirlər. Həyat onlara həmişə, son dəqiqələrinədək hədsiz gözəl, həqiqi sehrlər aləmi kimi görünür və əgər onlar bu həyatda yalnız bir şeyə valeh ola-ola gəzə bilsəydilər, həyat onlar üçün cənnətdən pis olmazdı. Onlar gözlərini açarkən ətraflarında ürəklərinə yatan kamil dünya: ağaclar, güllər, səslər və rənglər dənizi görünürdü. Bu onların ən qiymətli mirası, ən yaxşı sərvətidir. Əgər onları heç kəs: "Bu mənimdir" sözlərilə dayandırmasaydı, bu adamlar səadətdən qanadlanaraq, bir zaman bütün dünyanı eşidəcəyi mahnı ilə bu torpaq üzərində nəhayətsiz dolaşa bilərdilər. Bu mahnı xeyirxahlıq mahnısıdır.
Lakin həqiqi aləmin qəfəsinə salınmış belə adamlar, demək olar ki, həmişə bu aləmə yad qalırlar.
Bu təkəbbürlük və acgözlük dünyası idealistə, xəyalpərvərə çəp baxır. Xəyalpərvər süzüb keçən buludların seyrinə dalsa, onu avaraçılıqda məzəmmət edərlər. O, küləklərin mahnısına qulaq assa, bunlar onun könlünü açar, ətrafdakılar isə bu zaman onun əmlakını ələ keçirməyə tələsərlər. Əgər cansız adlandırılan bütün aləm onu cəlb edərək canlı və idraklı görünəcək qədər incə və valehedici səslərlə onu çağırmış olursa, xəyalpərvər kortəbii qüvvələrin pəncəsində məhv olur. Həqiqi dünya həmişə acgözlüklə öz əllərini belə adamlara uzadır və onlara hakim kəsilir. Həyat məhz belələrini müti qullara çevirir. Cenni də bu kobud və nasiranə aləmdə belə idi. Hələ uşaqlıqdan onun hər bir addımı yaxşılıq və mehribanlıqla əlaqədardı. Sebastyan yıxılıb əzildiyi zaman qardaşı üçün həyəcan və təşvişini boğaraq, məhz Cenni ona kömək edir, qaldırır və anasının yanına gətirirdi. Corc aclıqdan şikayət edəndə, Cenni öz çörək payını ona verirdi. O, saatlarla zümzümə edərək balaca qardaşlarına və bacılarına layla çalar və eyni zamanda nə barədə isə xəyala gedərdi. Cenni yeriməyə başlayan kimi anasının sadiq köməkçisi olmuşdu. O yuyur, təmizləyir, bişirir, dükana qaçır və balacaları saxlayırdı. Öz acı taleyi haqqında çox düşündüyünə baxmayaraq, heç kəs və heç bir zaman onun bircə kəlmə ilə belə şikayətləndiyini eşitməmişdi. O bilirdi ki, qızların bir çoxu ondan çox-çox yaxşı və şən yaşayır, ancaq onlara həsəd aparmağı heç fikrinə də gətirmirdi. Bəzən o gizlində kədərlənirdi, buna baxmayaraq, yenə də öz mahnılarını oxuyurdu. Aydın günlərdə mətbəxin pəncərəsindən küçəyə baxdığı zaman onu təbiətin geniş qoynu, yaşıl çəmənlik cəlb edirdi. Təbiətin gözəlliyi, onun cizgiləri və rəngləri, işığı və kölgələri qızı gözəl mahnı kimi həyəcanlandırardı. Bəzən o, Corcu və başqa uşaqları kiçik çayın şırıltıyla axdığı, ta uzaqlarda geniş tarlaların uzandığı fındıqlığa, gözəl kölgəli yerə aparardı. O hiss etdiklərini şair kimi sözlərlə ifadə etməyi bacarmasa da, qəlbi bütün bu gözəlliklərə qızğınlıqla cavab verir və hər bir səsdən, hər bir titrəyişdən sevinirdi. Uzaqdan onun qulağına meşə qumrularının, bu yayın nəfəsini hiss etdirən quşların asta və zərif səsi çatdıqda, o, başını əyib qulaq asar, zərif səslər gümüş damcılar kimi, düz onun ürəyinə düşərdi.
Günəş daha da şiddətlə qızdıranda, onun şüaları budaqlar və yarpaqlar arasından keçib qızıl naxışlar kimi otların üzərinə səpiləndə Cenni onlara baxmaqdan doya bilmirdi, oraya, şüaların daha artıq parladığı yerə can atır və sehrlənmiş kimi meşənin müqəddəs qalınlığına doğru gedirdi.
O, rənglərin bütün gözəlliyini hiss edirdi. Günəş batarkən səmada parlayıb yayılan fəcr onu hədsiz dərəcədə şadlandırır və heyrətə gətirirdi. Bir dəfə o lap uşaq kimi dedi:
– Bu buludlarla birlikdə süzmək necə yaxşı olardı!
O, təbiətin özünün çöl üzümü tənəklərindən hördüyü bir yelləncək tapmışdı, Marta və Corcla yellənirdi.
– Belə bir qayığımız olaydı, – deyə Corc dilləndi.
Cenni başını geri ataraq gümüş dənizindəki al-qırmızı adaya – uzaq bir buluda baxırdı. Bir az sonra o dedi:
– Kaş