Dahi. Теодор Драйзер
idi. Kimsə burada hər şeyin – ipək abajur altındakı böyük lampanın, ailəvi albomun, döşəmədəki xalçanın və güllü divar kağızının qırmızı tonda olması üçün qayğı göstərmişdi.
Yucin Rubini gözləyərək, albomu açdı və şəkilləri nəzərdən keçirməyə başladı. Yəqin bunlar qızın qohumlarıdır, deyə Yucin düşündü. Onlar hamısı xırda adamlar – kontorçular, dükançılar, kommivoyajerlər idi. Bir az sonra Rubi gəldi və Yucinin gözləri parıldadı. Bu qızda (onun yenicə on doqquz yaşı tamam olmuşdu) onu həmişə heyrətə gətirən gənclik məlahəti hiss olunurdu. Onun əynində boynu və qolları qırmızı məxmərdən olan qara kəşmiri paltar, boynunda oğlanlarda olduğu kimi səliqəsiz düyünlənmiş qırmızı qalstuk var idi. O, bəzənmiş və kefi kök halda daxil oldu və gülər üzlə əlini Yucinə uzatdı.
– Hə, bizim evi tapmaq çətindir, eləmi? – deyə soruşdu.
Yucin başını buladı:
– Mən bu yerlərə çox yaxşı bələdəm. Mən buralara borc toplamağa gəlirəm, mən axı “Ucuz mebel və xalçalar” kompaniyasında xidmət edirəm
Onun açıq danışmasından xoşlanan Rubi:
– Deməli, mən əbəs yerə narahat olurdum, – dedi. – Mən qorxurdum ki, siz bizi tapana qədər tamam əldən düşərsiniz. Çox pis havadır, hə?
Yucin onunla razılaşdı, sonra isə ətrafdakı mənzərələrin onu nə kimi fikrə gətirib çıxartdığı haqqında danışdı.
– Əgər mən rəssam olsaydım, məhz belə şeyləri çəkərdim. Bu elə əzəmətli, elə gözəldir ki.
O, pəncərəyə yanaşdı və oradan görünən mənzərəyə baxmağa başladı.
Rubi onu maraqla süzürdü. Onun hər bir hərəkəti Rubiyə ləzzət verirdi. O bu gənclə özünü olduqca sərbəst hiss edirdi, sanki əvvəlcədən əmin olmuşdu ki, onu sevəcəkdir. Onunla söhbət etmək necə asandır. İnstitut, onun naturaçı işləməsi, Yucinin ümidləri, qızın yaşadığı yer – bütün bunlar onları yaxınlaşdıran mövzular idi. Onlar qızın işi haqqında söhbət edərkən, Yucin:
– Burada şöhrət qazanmış emalatxanalar çoxdurmu? – deyə soruşdu. O, Çikaqo rəssamlar aləminin vəziyyətini öyrənmək istəyirdi
– O qədər də çox deyildir. Hər halda yaxşıları azdır. Axı bəzi rəssamlar elə xəyal edirlər ki, guya şəkil çəkməyi bacarırlar.
Yucin soruşdu:
– Bəs burada ən böyük sənətkar kim hesab olunur?
– Məsələ belədir: mən ancaq başqalarından eşitdiklərimi bilirəm. Deyirlər, mister Rouz çox istedadlıdır. Bayem Cons məişət şəkillərini pis çəkmir. Uolter Lou yaxşı portretçidir. Menson Stil də həmçinin, hə, bağışlayın, bir də Artur Biqs vardır, o ancaq mənzərə çəkir. Onun emalatxanasında mən heç vaxt olmamışam. Sonra Finli Vud vardır ki, o da portretçidir. Uilson Bruks isə çox fiquralı kompozisiyalar çəkir. Lakin hamısını yadda saxlamaq olmur, onlar çoxdurlar.
Yucin ovsunlanmış kimi dinləyirdi. İncəsənətə aid olan şeylər haqqında bu iddiasız söhbətlər onda buranın rəssamları barəsində indiyə qədər bütün eşitdiklərindən daha artıq təsəvvür yaradırdı. Yəqin bu qız çox şey bilirdi. O bu aləmin adamıdır. Yucin düşünürdü: görəsən həmin adamlarla bu qızın münasibəti necədir?
Bir müddətdən sonra onlar yenidən pəncərəyə baxmağa başladılar.
Qız:
– Bura çox gözəl deyil, – dedi. – Amma atama və anama xoş gəlir. Atamın iş yeri bura yaxındır.
– Mənə qapını açan sizin atanız idimi?
– O mənim doğma atam deyil, – deyə qız izah etdi. – Onlar məni qızlığa götürmüşlər, amma öz doğma qızları kimi baxırlar. Mən onlara çox borcluyam.
Yucin qızın hələ nə qədər gənc olduğunu düşünərək:
– Siz yəqin, bu peşəyə yaxın zamanlarda başlamısınız? Deyə soruşdu.
– Bəli, təqribən bir il olar.
O, Yucinə danışdı ki, əvvəllər “Bazar”da kassirlik edirdi, birdən onun və yoldaşlarının ağlına naturaçı olmaq fikri gəldi. “Tribun”un bazar günü nömrəsində onlar tələbələrin qarşısında duran bir qızın şəklini gördülər. Bu hadisə onları həvəsləndirdi. Onlar bu işdə özlərini sınamağı məsləhətləşdilər. O vaxtdan naturaçılıq peşəsində işləyirlər. Onun rəfiqəsi də şam yeməyində olacaqdır.
Yucin onu həvəslə dinləyirdi. Rubinin sözləri vaxtilə qəzetlərdə onu cəlb edən şəkilləri – Çikaqo çayı üzərində Qazlar adasının mənzərələrini, köhnə balıqçı evlərini, üzü üstə çevrilərək adamlara sığınacaq yerini əvəz edən qayıqları xatırlatdı. O bu barədə, həmçinin özünün Çikaqo səfəri haqqında nağıl etdi. Qız ona böyük maraqla qulaq asırdı. Qız düşünürdü ki, o, həddindən artıq hissiyata qapılsa da, oğlandır. Necə də boylu-buxunludur, – o, Yucinin yanında xırdaca görünürdü.
– Siz, gərək ki, çalırsınız? – deyə Yucin soruşdu.
– Az-maz. Bizdə royal yoxdur. Çəkilmək üçün getdiyim studiyalarda bir az öyrənmişəm.
– Rəqs edirsiniz?
– Əlbəttə.
Yucin kədərlə:
– Mən də rəqs etməyi öyrənmək istərdim, – dedi.
– Nə mane olur ki? Bu çox sadə işdir. Mən bir dərsdə sizə öyrədərəm.
– Lütfən, – deyə Yucin xahiş etdi.
Rubi ondan bir addım aralanaraq:
– Bu heç də çətin iş deyildir, – dedi. – Mən bütün addımları – “pa”ları sizə göstərərəm. adətən valsdan başlayırlar.
O, paltarının ətəklərini qaldırıb, balaca ayaqlarını bir az açaraq, Yucinə birinci “pa”nı göstərdi. Yucin təkrar etmək istədisə də, bir şey alınmadı. O zaman qız onun bir əlini öz belinə qoydu və o biri əlini öz əlinə aldı.
Rubi:
– Mən sizi apararam, – dedi.
Qızı öz ağuşunda hiss etmək necə də ləzzətli idi! Görünür, qız dərsi qurtarmaq üçün azacıq belə tələsmirdi, – onunla səbrlə məşğul olur, müxtəlif hərəkətləri izah edir, onun addımlarını düzəltmək, onun və özünün səhvlərinə gülmək üçün tez-tez dayanırdı.
Onlar bir neçə tur etdikdən sonra qız:
– Yavaş-yavaş düzəlir, – dedi.
Onların nəzərləri dəfələrlə qarşılaşdı, Yucin gülümsədiyi zaman qız ona şən təbəssümlə cavab verirdi. Yucin bu qızın studiyaya onun yanında durduğu və çiyni üzərindən boylanaraq baxdığı axşamı xatırladı. Əlbəttə, o daha cəsarətli olsaydı, dərhal bütün şərtilikləri addımlayıb keçə bilərdi. O yüngülcə qızı ağuşuna sıxdı, durduqları zaman isə buraxmadı.
O güclə:
– Siz necə mərhəmətlisiniz, – dedi.
Onun ağuşundan azad olmağa