Dalanda. Сабир Азери

Dalanda - Сабир Азери


Скачать книгу
güclü külək dolmuşdu, qulaqları ağac koğuşu kimi uğuldayırdı. Evə qaçmaq istəyirdi, di gəl ki, qolunu onun əlindən çəkməyə heyi qalmamışdı, buna görə də diplom rəhbərinə yazıq-yazıq baxırdı. Diplom rəhbəri isə sözlərinə ara vermirdi.

      Bilirsən, Malik… Bizim hörmətli akademikin oğlu.. sənin atanı…– Mahmuda elə gəldi ki, axırıncı sözü eşidənəcən aradan düz bir gün keçdi– …maşınla vurub…

      – Atamı? Nə vaxt? Harda?

      Mahmud qəfildən götürüldü. Professor Qasımzadə onun dalınca yüyürdü, akademik Mürşüdov da iki-üç addım atıb dayandı və öz qapılarının zəngini basdı.

      Mahmud özünü içəri salan kimi anasına, bacısı Çimnaza baxdı, onların ikisi də ağladı. Mahmud yan otağı açıb, atasını üz-gözü, ayağı sarıqlı görəndə qışqırdı:

      – Ataa!

      Qafar gözlərini açıb gülümsündü.

      – Necəsən?– Mahmud əlini ehtiyatla atasının sifətində ayaqlarında gəzdirdi. Onun sağ ayağı gipsdə idi.

      Qafar zorla pıçıldadı:

      – Qorxma… İndi yax..şı…yam:

      Mahmud atasının gipsli ayağını qucaqlayıb ağladı.

      Qafar gücdən düşmüş əliylə oğlunun saçını yüngülcə sığalladı.

      Professor Qasımzadə də içəri keçib astadan salamlaşdı.

      – Elədir, öyrənmişik, qorxulu bir şey yoxdur,– dedi.

      Mahmud qalxıb onu təqdim elədi.

      – Mənim diplom rəhbərimdir, kafedra müdirimiz, professor Qasımzadədir. Əhvalatı eşidib gəlib.

      Qafar üzüntülü halda gülümsündü və yenə kirpiklərini zorla qaldırıb professora baxdı:

      – Çox sağ ol…un,– dedi.

      Fəridə də dil-ağız etdi:

      – Allah sizdən razı olsın. Əziyyət çəkmisiz!

      – Nə əziyyəti var, bacı, borcumdur. Bə insan insana nə gündə gərəkdir, heç ürəyinizi sıxmayın, bacı, tezliklə sağalacaq. Bir adama ki, professor Mürşüdov baxa…

      Fəridə kükrədi:

      – Professor Mürşüdov? Bu da o əclaf Mürşüdovlardandır?

      Professor Qasımzadə gördü ki ehtiyatsızlıq edib, tez səhvini düzəltdi.

      – Yox, yox, eləcə familiyaları eynidir.– Söhbəti dəyişdi.– Oğlunuzdan da çox razıyam. Maşallah, savadlıdır, ağıllıdır. Xəbəriniz var ki, fikrimiz onu aspiranturada saxlamaqdır? Bu harasıdır, sonrası daha yaxşı olacaq. Akademik Mürşüdov söz verir ki, Mahmudu öz institutumuza müəllim düzəldəcək…– Fəridə bu dəfə dinmədi. Çimnaza tərəf döndü.– Gərək ki, bu qəşəng qızın adı Çimnazdır? Mahmud mənə danışıb haqqında. İnşallah bu il əmiləri onu da instituta düzəldər.

      Fəridə köksünü ötürdü, lakin yenə dinmədi.

      Çimnaz tez aynabəndə keçib əl-üzünü yudu, saçını daradı, professor Qasımzadəyə çay süzüb gətirdi. Çimnazın gözlərində qəribə bir işıq yanırdı. Çimnaz bunu özü də hiss edir və gözlərini atasından gizlətmək istəyirdi.

      – Mən bu saat qayıdıram,– deyib professor Qasımzadə həyətə endi, maşından bir dolu səbət gətirdi. Fəridə, Çimnaz, Mahmud ona təəccüblə baxanda professor Qasımzadə sıxıldı, səbəti şüşəbəndin küncünə qoydu.– Yüngülvarı bazarlıq eləmişəm. Qardaş payıdır.– Çimnazın üzünə gülümsündü.– Hə, qəşəng qız, indi sənin çayını məmnuniyyətlə içərəm. Əlbəttə etiraz eləmirsənsə?

      – O nə sözdür!– Çimnaz stolun üstündəki köhnə süfrəni götürüb, yerinə təzəsini saldı.

      Professor Qasımzadə stəkanı burnuna yaxınlaşdırdı.

      – Bəh-bəh-bəh, adamı lap məst edir. Deyəsən, kəkotu da vurubsan?

      – Hə, bir az qatmışam.– Çimnaz qıpqırmızı olmuşdu.

      – Ürəyim gedir kəkotuyçun. Çoxdan idi ki, həsrətindəydim, əlimə keçmirdi.

      Qafar gözlərini açmışdı, arxa otaqdan səsləndi:

      – Gərək ki, bizdə var. Anam bu yaxınlarda yollamışdı, gərək ki, bir az qalıb.– Arvadına tərəf çevrildi.

      Fəridə yerindən qalxdı.

      – Hə, varımızdı,– dedi.

      – Onu professora bağışla.

      – Əşi, zarafat edirəm.– Professor çayın qalanını birnəfəsə başına çəkdi. Çimnaz əlini stəkana uzadanda dedi:– Çox sağ ol, qızım.

      Fəridə evdəki kəkotunu bir sellofan torbaya doldurub stolun üstünə qoydu.

      Professor Qasımzadə təşəkkür etdi.

      Bir müddət araya sükut çökdü. Heç kəs bilmirdi ki, nədən danışsan. Professor Qasımzadə təzədən başladı Çimnazın çayını, sonra da özünü tərifləməyə:

      – Çimnaz qızımız evdar olacaq.

      Çimnaz utanıb stəkanı aparmaq bəhanəsiylə yan otağa keçdi.

      Fəridə də sevinirdi. Hətta, arada bugünkü dəhşəti– Qafarın başına gələni də unudurdu. Ona elə gəlirdi ki, əri o çarpayıda boş yerə yatır. Yorulub, ya da tənbəllikdən yatır, vəssalam. Tənbəllik Qafarın anadangəlmə canında var. Başqa kişilər kimi pul qazanmaq əvəzinə özünü salıb yorğan-döşəyə…

      Və başladı qızını tərifləməyə:

      – Hə, əmisi, Çimnaz çox qulluqdardır, əlindən hər iş gəlir. Bir xörəklər bişirir, bir xörəklər bişirir ki, yeməklə doymaq olmur. Onu özüm bu cür öyrətmişəm.

      – Yaxşı eləmisiz, bacı, lap ağıllı iş tutmusuz. İndi evdar qız tapmaq Xəzərdə qızıl balıq tapmaqdan da müşküldür.

      Fəridə ürəyində qət etdi ki, yox yanılmayıb, porfessorun açıqca niyyəti var, vallah. Professor da sevinirdi ki, söhbətin ağzı ayrı səmtə çevrilir. Mahmud isə utandığından bacısının yanına keçmişdi. Yalandan orda kitabla qurdalanırdı… Çimnaz da kranın altındakı boşqab-nəlbəkiləri yumaq adıyla qurdalanırdı.

      Amma su havayı yerəcə axırdı, nəlbəki əlində dayanıb qulağını şüşəbəndə dikmişdi…

      Professor səsinə yanıqlı bir ifadə verib sözünə davam etdi: – Başım çıxmır, o cür qızların anaları nə düşünürlər? Bə fikirləşmirlər ki, sabah qızları başqa evə köçəcək, ailə qayğısı, hələ bəlkə də qaynana-qaynata qayğısı çəkməli olacaq…

      – O cür olmasaydı indiki bir para ailələr qum evciklər sayağı balaca mehdən səpələnib uçardı, ay qardaş? Təqsir anadadır.

      – Düz buyurursuz, bacı, tamam düz buyurursuz. Nahaq yerə demirlər ki, anasına bax, qızını al!

      – Elədir, qardaş, elədir…

      Professor Qasımzadə bayaqdan bir şeydən narahat idi– Mahmud bu söhbətlərə qarışmır, heç mətbəxdən bəri də keçmirdi.... Mahmudu


Скачать книгу