Çaldıran döyüşü. Фарман Керимзаде
sağ olsun! – Hüseyn bəy sözə başladı. – Atası da sənin düşmənin deyildimi? Düşmənini öldürüb. O ki qaldı oğlun atasını öldürməyinə, bu ayrı işdi. Şirvan şahlığı çürüyüb, qocalıb, hökmdar nəsli cılızlaşıb. Belə bir vicdansıza taxta çıxmaq qismət olubsa, demək sülalənin sonudu. Teymur nəslində də belə olmadımı? Uluğbəy kimi ulu bir şəxsiyyəti oğlu Əbdüllətif öldürdü. O boyda səltənət görün necə parçalandı!
Şah İsmayıl onun sözünü kəsdi.
– Yaxşı, bəs Zahirəddin Baburun vəziyyəti necədir?
– Necə olacaq. Şeybani xan onu ölkədən didərgin saldı. İndi Heratdadımı, Əfqanıstandadımı? Cəlayi-vətən oldu.
– Hüseyn bəy, sənin təklifin nədir?
– Mənim fikrimi soruşursansa deyim. Şeyx İbrahim bizə möhkəm kin saxlayır. O, Şirvan taxtında möhkəmlənsə, bizə böyük başağrısı verəcək… Hazır öz ayağı ilə gəlib çıxıb. Allah qoysa sabahkı döyüşdə qalib gələnnən sonra, ölkədə sakitlik yaranan kimi…
Şah İsmayıl isə başqa cür fikirləşirdi. Ata qatili olan adamla əlaqə saxlamaq, onun köməyinə bel bağlamaq, ata qatili olmaq kimi bir şeydir. O, şahdırsa, onu cəzalandırmalı, hamının gözü qarşısında qədim adətlərə xəyanət etmiş qatili məhkəməyə çəkməlidir. O, qürurla başını Qara Piri bəyə çöndərdi.
– Sənin fikrin nədir?
Qara Piri bəy çiynini çəkdi.
– Hər halda Lələ bəyin dediyində həqiqət var.
– Amma bu həqiqət sənin ürəyincə deyil. Elədirmi?
Qara Piri bəy kobud, ətli, çeçələ barmaqsız əlini dizinin kündəsinə çırpdı:
– Sizin hüzurunuzda olmasaydı, mən qılıncımı onun başında sınayardım. Dünən zağlatmışam. Amma heyifim də gəlir bu qılınca. Onu sabah, allah qoysa, dan üzü, Murad Mirzənin başında sınayacağam. Amma atası barəsində deyəndə öz oğlanlarım gəlib dayandı gözlərim qabağında. Fikirləşdim ki, indiyə qədər mənə məhəbbətlə oğulluq eləyən bu igidlərdən hansı məni öldürə bilər. Adam şübhəyə düşür. Yer üzündə ədalət bərqərar eləyən hökmdar belə caniləri cəzasız qoymamalıdır.
Hüseyn bəy alındı. Onun təklifi keçməsə, sözü yerə düşsə, necə olar? Bir dəfə, iki dəfə, üç dəfə bu təkrar olunsa, onun sözünə inam itə bilər. Həm də bu siyasət aləmidir. Hər şeyi bu ölçü ilə ölçmək düz olmaz.
– Hörmətli Piri bəy, sizin hiddətinizə mən də şərik oluram. Amma bir məsələ də var ki, o, hələlik bizim təbəəmiz deyil. O, əmisinin üstünə yeriyib Şirvan taxtını ələ keçirəndən sonra bizim təbəəmiz olacaq. Onda cəzasını verməyə nə var ki…
– Bəs onda bu qurumsaq bizim qılıncımızın köməyi ilə taxta çıxandan sonra bizə xəyanət eləsə necə? Atasını öldürən sənə, mənə sədaqətli olacaqmı?
– Yox, olmayacaq. O heç indi də sədaqətli deyil. Əmisinə qalib gəlmək üçün bizim üstümüzə gəlib. Bəlkə də heç atasını özü öldürməyib. Belə deyir ki, zamanın sahibinin rəğbətini qazansın. Ancaq onda hökmdar ağlı yoxdur. Ondan heç vaxt hökmdar ola bilməz. Elə bizə də bu lazım deyilmi? Zamanın sahibi harda Azərbaycan, türk tayfaları varsa, o vilayətləri bir yerə birləşdirmək istəmirmi? Şirvanda da Yezid nəsli şirvanşahların hakimiyyəti çox sürməyibmi?
Şah İsmayıl Hüseyn bəyin fikrini xeyli götür-qoy eləyəndən sonra bəyəndi. Siyasət belə dərin və uzaqgörən mətləbdir, onu tez-tələsik həll eləmək olmaz.
– Daha kimin fikri var?
– Mən də Hüseyn bəy Lələynən razıyam, – Dədə bəy dilləndi.
Qara Piri bəy Qacar:
– Yox, ağıllı fikir olmağına ağıllı fikirdi. Amma qurumsaqlara, anasının əmcəyini kəsənlərə bel bağlamaq məni açmır.
– Biz ona bel bağlamırıq. Bizə onun elə bu cəhəti lazımdı ki, istədiyimiz alınsın.
Şah İsmayıl səfər taxtının üstündə bardaş qurmuşdu. Onun ağ geyimi, o ağ ipəyin üstündəki zümrüd və qızıllar, başındakı qırmızı ipək çalma və çalmadakı humay quşunun lələyi, lələyin ətrafındakı almazlar gözəllik, gənclik və qüvvə ifadə eləyirdi. Bu səfər taxtını Ərdəbil Darülirşadına gələn nəzirlə düzəldib, üstünü Quran ayələri ilə bəzəmişdilər ki, səfərlərdə gənc şah həmişə qalib gəlsin, məğlubiyyətin nə olduğunu bilməsin. Taxtı düzəltdirəndən sonra Darülirşada gətirmiş, onun üstündə dualar oxumuş, sahibinə xeyir-dua vermişdilər. Bu taxt həm də onun babalarının yenilməz ruhunun rəmzi kimi Təbrizdə şaha təqdim edilmişdi.
Şirvanşahın gəlib qayıtmağı onların söhbətini səhərki döyüşdən yayındırmışdı. Yenidən əsas söhbətə qayıtmaq vaxtı yetişmişdi.
Şah İsmayıl Qara Piri bəyə baxdı.
– Sabahkı döyüşdə əsas ağırlıq sənin üstünə düşür. Nahaq yerə sənə «Tozqoparan» deməyiblər. Qaçar süvariləri ildırım sürəti ilə birbaşa Murad Mirzənin çadırına doğru şığımalıdır. Bu düşmən sədlərində qarışıqlıq salacaq. Çünki Muradın müxtəlif yerlərdən yığdığı, ayrı-ayrı dillərdə danışan qoşunu, birdilli, birfikirli qoşuna qarşı dayana bilməyəcək. Hüseyn bəyin şamlı və rumlu atlıları sağ cinahda olacaqlar. Dədə bəyin igidləri düşərgəni qoruyacaq. Lazım olsa köməyə də gələcəklər. Sol cinahda isə Məhəmməd bəy Ustaclının səfləri irəliləyəcək. Xadim bəy Xulafanın qoşunu həmişəki kimi pusquda durmalıdır. Qaçan düşməni doğramaq işini o hamıdan yaxşı bacarır.
Sabahkı döyüşün tədbirini əvvəldən tökmüşdülər, indi onu dəqiqləşdirirdilər.
– Mən özüm isə hər yerdə olacam!
Şah İsmayılın bu sözü Hüseyn bəy Lələni narahat elədi. Cavan şahın dərin ağlı ilə bərabər, yeniyetməlikdən gələn dəliqanlılığı, bu yaşında şah taxtında oturmağından gələn sərbəstliyi də vardı. O, hamıya nümunə göstərmək üçün atını döyüş meydanına sürərsə, hər şey çalpaşıq düşə bilərdi. O, şahdı, sərkərdədi, döyüşü kənardan idarə etməlidir. Şahın döyüşə girdiyini görən düşmən tərəf də ürəklənə bilər. Düşünər ki, demək, qüvvələr tükənib. Ona görə də şah özünü döyüş meydanına atıb. Həm də axı onun əzələləri döyüşlər, vuruşlar görmüş Yaşlı süvarinin əzələləri kimi möhkəmlənməyib.
Hüseyn bəy Lələ mənalı-mənalı Dədə bəyə baxdı. O da başını yüngülcə tərpətməklə niyyətini başa düşdüyünü bildirdi. Demək, Dədə bəy bir addım da olsa Şah İsmayıldan uzaqlaşmayacaq.
Gecədən xeyli keçmişdi. O, sərkərdələrin, Əmirəlüməranın getməyinə icazə verdi. Özü isə yata bilmədi. Gözünə yuxu getməyəcəkdi. Nədənsə, qəlbi bərk narahat idi. Döyüş heç yadına düşmürdü. Elə bil döyüşü artıq udmuşdu. Deyəsən, bu, şeir narahatlığı idi. Qələm davatını götürdü, yerdən mütəkkəyə dirsəkləndi, səkkizkünc, nəfis işləməli mizin üstündəki qızıl şamdanda şam yanıb əridikcə,