Dodaqdan qəlbə. Решад Нури Гюнтекин
uşaq kimi, ümidsizliyə qapıldığı halda, yaşlı bir adam kimi halını, vəziyyətini kimsəyə duydurmamağa çalışırdı. Uzun gecələri gözünü yummadan bu haqda çox düşünmüşdü. Heç bir çarə, heç bir ümid yeri yox idi. Bu gözəl kübar qızı sevmək Kənan üçün göydəki ulduzlardan birini ələ keçirmək kimi bir şey idi. Ürəyindən keçənləri bilsələr, kim bilir, ona nə qədər gülərdilər. Leylaya bu barədə bir şey sezdirmək ehtimalı onu ölümdən betər qorxudurdu. Kənan çox məğrurdu. O qədər sevdiyi Leylanın bu ümidsiz sevda ilə əylənməsi Kənan üçün dözülməz bir dərd olardı.
Bununla birlikdə, o, gənc qızın keçəcəyini təxmin etdiyi yollarda saatlarla dolaşırdı. Lakin onu görər-görməz ya yolunu dəyişir, ya da başını aşağı salıb yanından keçib-gedirdi.
Leyla onun bu sevgisini çoxdan hiss etmiş, ancaq… buna gülməmişdi. Əksinə, o da Kənanı bəyənir, zərif, qarayanız üzü, həyalı mavi gözləri olan bu oğlanı tanıdığı bütün gənclərdən üstün tuturdu.
Yol üstündəki həmin təsadüfdən sonra Leylanın, Kənanın onu sevdiyinə heç bir şübhəsi qalmadı. Başqa qonşu qızları kimi o da Kənanla sevişmək, aylı gecələrdə evdən qısa fasilələrlə qaçıb görüşə gəlmək, onunla qol-qola gəzmək istəyirdi. Lakin Kənan onun açıq-aşkar etdiyi təklifləri anlaşılmaz bir inadla rədd edir, “bu uşaqlıqdan əl çəkməsi” üçün qıza yalvararkən çox vaxt özü ağlayırdı.
Kənanın İstanbula getməsinə iki gün qalmış bağda son dəfə rastlaşdılar. Leyla özünü saxlaya bilmir, yaylığı ilə üzünü örtərək ağlayırdı.
– Mənə məktub yazacaqsanmı, Kənan?
– Xeyr… Mümkün deyil…
– Bir neçə il sonra sən mühəndis olanda biz evlənərik, elə deyilmi, Kənan?
– Nə üçün bunu söyləyirsən, Leyla xanım?
– Sən də məni… sevirsən, elə deyilmi, Kənan?
– …
– Niyə cavab vermirsən?
– Ağlamayın, Leyla xanım. Mən sizə layiqəmmi?
– Anan məni anamdan istəsin… Hələlik nişanlanarıq…
– Mənmi, Leyla xanım… Sizi mənim üçünmü istəsinlər?
İndi ağlamaq növbəsi ona gəlmişdi. Göz yaşlarını gizlətmək üçün üzünü yana çevirdi. Leyla od kimi yanan əlləri ilə onun biləklərini tutmuşdu. Qız özünü bir an onun ağuşuna atmaq istədi. Kənan isə ümidsiz sevdasının bütün çılğınlığına baxmayaraq, Leyladan uzaqlaşıb ağlaya-ağlaya oradan qaçdı. Bu cür izzəti-nəfs sahibi, yaşlı adam kimi belə fədakarlıq etdiyi vaxt onun vur-tut on yeddi yaşı vardı.
O biri il Kənan tətil vaxtı İzmirə gedəndə, Leylanın Saib paşanın böyük oğlu Cəmilə nişanlandığını öyrəndi. O qədər də məyus olmadı: əslində Kənan Leylaya olan məhəbbətini bir il əvvəl qəbirə gömmüş, Leylası üçün doyunca, ağlaya bildiyi qədər ağlamışdı.
O, yalnız bir şeyə peşman idi. “Madam ki, bundan sonra sevməyəcəyəm, niyə fürsət var ikən Leylamı bir kərə də olsun bağrıma basmadım” deyirdi.
Kənanın bu ilk məhəbbəti bir müddət sonra sönmüş, lakin onun izi, əsəri həzin və gizli bir həsrət kimi illər boyu qəlbindən silinməmişdi. İyirmi yaşına girəndə Kənan tamam süst, lal-dinməz bir gənc olmuşdu.
Məktəbdə Cavad adlı bir yoldaşı vardı. Xasiyyətləri, təbiətləri, hətta zövqləri arasında qətiyyən uyğunluq yox idi. Cavad şən, kələkbaz, zəkalı bir əsilzadə oğlu idi. Buna baxmayaraq bir-birilərini çox sevirdilər.
Cavad yoldaşını bir az şənləndirib əyləndirmək, bir az həyata bağlamaq istəyirdi. Lakin bütün səyi boşa çıxırdı. O, bəzən Kənana:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.