Seçilmiş əsərləri. Чингиз Айтматов
belə qocalmasında günahkarmış kimi ürəyində özünü danladı: “Gör necə də qocaltdım səni!” Yedigey ürəyində arvadına böyük minnətdarlıq hissilə susurdu, bu minnətdarlıq hər şeyi əhatə edirdi, birgə keçirtdikləri ömür-günə görə, həm də ərinə sədaqət və hörmət əlaməti olaraq bu gecəyarısı belə uzun yol qət edib razyezdin ən uzaq nöqtəsi olan bu yerə gəlib Qazanqapın ölüm xəbərini ona, Yedigeyə çatdırdığına görə idi. Çünki Ukubala bilirdi ki, qohumu-zadı olmasa da, hamı tərəfindən tərk edilib kimsəsiz qalmış bu bədbəxt qocanın ölüm xəbəri bircə Yedigeyə təsir edəcək.
– Otur, bir nəfəsini dər, – içəri girən kimi Yedigey arvadına dedi.
– Sən də əyləş.
Oturdular.
– Nə olub?
– Qazanqap ölüb.
– Nə vaxt?
– Elə indi baş çəkməyə getmişdim, dedim görüm necədir, bəlkə, bir şey-zad lazımdır. İçəri girdim, gördüm, işığı yanır, uzanıb yerində, amma saqqalı belə birtəhər dik durub… Yaxınlaşıb soruşdum ki, Qazı əkə, bəlkə, sizə isti çay gətirim? Gördüm ki… – səsi tutuldu, qəhər onu boğdu, qapaqları nazilib qızarmış gözləri doldu, içini çəkib yavaşdan ağlamağa başladı. – Sən bir adamın axırına bax?! Necə insan idi! Ölüb getdi. Yanında gözünü qapamağa bir adam da olmadı, – hönkürdü, ağladı, – axı kimin ağlına gələ bilərdi! Elə beləcə də kimsəsiz-kimsənəsiz öldü… – Ukubala demək istədi ki, səmə it kimi kimsəsiz öldü, amma demədi, sözünü uddu, sözsüz-sovsuz da hər şey aydın idi.
Cəbhədən qayıdandan bəri Yedigey, Boranlı razyezdində xidmət edirdi, hamı onu Boranlı Yedigey kimi tanıyırdı. İndi o, divarın dibinə qoyulmuş, stulu əvəz edən taxtanın üstündə oturub arvadına qulaq asa-asa bulud kimi tutqun halda, düyünlü ağır əllərini dizinə dirəmişdi. Yağlanıb çirklənmiş dəmiryolçu şapkasının günlüyü gözlərini kölgələmişdi.
– İndi nə eləyək? – deyə arvadı sükutu pozdu.
Yedigey başını qaldırıb arvadına baxdı və acı-acı qımışdı:
– Nə eləyəcəyik? Ölü düşəndə nə eləyərlər? Dəfn eləyəcəyik.
O, qəti qərara gəlmiş adam kimi ayağa durdu.
– Arvad, sən qayıt geri, amma indi mənə qulaq as…
– Qulağım səndədi…
– Osmanı oyat. Baxma ki, razyezdin rəisidir, dəxli yoxdur, ölüm qabağında hamı bərabərdir. Ona de ki, Qazanqap ölüb. Kişi qırx dörd il burada can çürüdüb. Qazanqap burada işləyəndə, bəlkə, Osman heç anadan olmayıbmış.
O vaxt heç it itliyinən burada, Sarı-Özək çöllərində işləməzdi… Amma Qazanqap buradan başının tükü sanı, bəlkə, lap ondan da çox qatar yola salıb. Qoy bir fikirləşsin. Elə belə də deyərsən. Mənə bax, qulaq as… Hamını bircə-bircə oyat, pəncərələrini döy. Bir ovuc adamıq, barmaqla saymaq olar, cəmi səkkiz ev deyilik? Hamını ayağa qaldır. Belə adam ölən günü hamı, gərək, ayaq üstə ola.
– Birdən narazılıq eləsələr, acıqlansalar, necə?
– Bizim işimiz onlara xəbər verməkdir. Qalanını özləri bilsinlər. Denən ki, mən göndərmişəm. Gərəkməz ki, adamın vicdanı da ola. Dayan!
– Dayanmışam, de.
– Əvvəlcə növbətçinin yanına qaçarsan, bu gün növbətçi dispetçer Şahmərdandır. Ona de ki, bəs belə-belə, gör neyləyə bilir, bəlkə, mənə bu günlük əvəz tapa bildi. Əgər mümkün olsa, tez xəbər versin, başa düşdün? Necə deyirəm, elə də de!
– Deyərəm, deyərəm! – Ukubala getmək istəyərkən, birdən bağışlanması mümkün olmayan, əsas bir şeyi unudubmuş kimi ayaq saxladı. – Bəs, uşaqları?! Əcəb! Axı əvvəlcə uşaqlara xəbər vermək lazımdır! Ataları ölüb…
Yedigey tutuldu, sonra qaşları çatıldı, sifəti sərtləşdi… Cavab vermədi Ukubala bu söhbətin ərini açmadığını bilirdi, buna görə də özünə haqq qazandırırmış kimi mülayim bir səslə:
– Yaxşı, ya pis uşaq uşaqdır, – dedi.
Yedigey əlini yellədi:
– Bilirəm, başım xarab olmayıb ki! Mən də bilirəm ki, uşaqlarsız olmaz… Amma ixtiyar məndə olsaydı, heç yaxına da buraxmazdım!
– Yedigey, bizim nə işimizə, qoy gəlib özləri basdırsınlar, sonra söz-söhbətdən yaxa qurtara bilmərik.
– Gəlsinlər də! Mən bəyəm deyirəm gəlməsinlər?
– Oğlu, görəsən, şəhərdən özünü çatdıra bilər?
– İstəsə, çatdırar. Srağagün stansiyada olanda özüm teleqram vurmuşam. Yazmışam ki, atan ölüm ayağındadır, daha bundan artıq nə yazmalı idim ona. Özünü çox ağıllı sayır, başa düşməlidir ki, iş nə yerdədir…
– Hə, onda sözüm yoxdur, – deyə Ukubala ərinin cavabı ilə razılaşsa da, onu narahat edən məsələni də unuda bilmədi. – Yaxşı olardı ki, gəlinlə birgə gələydi. Qayınata gəlin üçün yad adam deyil ki…
– Daha bu, öz işləridir. uşaq-zad deyillər ki…
– Hə, elə olmağına elədir, – Ukubala tərəddüd etsə də, razılaşdı.
Onlar susdular.
– Yaxşı, di yeri, ləngimə, – deyə Yedigey arvadını tələsdirdi.
Ukubalanın isə, deyəsən, ürəyində yenə sözü vardı:
– Bəs qızı necə olsun? Ayzadə bəxtiqara, qalıb əyyaş əlində uşaqlarıyla, görəsən, stansiyadan özlərini yetirə bilərlərmi?
Yedigey acı-acı gülümsündü:
– Hə, indi hamının dərdini sən çəkəcəksən… Ayzadəyə əl uzatsan, çatar. Səhər bir adam stansiyaya gedib xəbər eləyər. Gələr, lap yəqin gələr. Amma bir şeyi bil ki, arvad, nə Ayzadədən, nə də Sabitcandan bizə kömək eləyib, əl tutan olmayacaq. Gəlməyinə gələcək, amma adını kişi qoysa da, qonaq kimi dayanıb baxacaq. Sən ləngimə, get necə demişəm, elə də elə.
Ukubala yol alıb getdi, sonra tərəddüdlə ayaq saxladı, təzədən yola düzələndə Yedigey özü onu səslədi:
– Əvvəlcə növbətçi Şahmərdanın yanına get a!.. Qoy mənim yerimə adam göndərsin, sonra əvəzini artıqlaması ilə işlərəm. Kişinin cənazəsi bomboş evdə qalıb, yanında da bir Allah bəndəsi yox. Belə şey olmaz! Elə belə də deyərsən ona!
Arvadı razılaşıb yola düzəldi. Elə bu vaxt yolun hərəkət göstəricisində qırmızı işıq göz vurub səs salmağa başladı.
Boranlı razyezdinə yeni qatar gəlirdi. Növbətçinin göstərişinə görə, onu ehtiyat yola qəbul etmək lazım idi ki, razyezdin o biri başından qarşıdan gələn qatarın hərəkətinə mane olmasın. Bu, gündəlik adi tədbir idi, qatarlar hərəsi öz yolu ilə hərəkət edərkən Yedigey köbərin böyrüylə yeriyən Ukubalanın dalınca baxdı, sanki, yenə nəyisə demək istəyirdi.
Əlbəttə, dəfn