Erkən gələn durnalar, Ana tarla. Чингиз Айтматов

Erkən gələn durnalar, Ana tarla - Чингиз Айтматов


Скачать книгу
Sultanmuradın az qala ürəyi qopacaqdı yerindən. Bəs nə! Onun çoxdan şəhərə getmək arzusunu atası gör necə də gözlərindən oxuya bilib! Axı o, indiyəcən bir dəfə də olsun şəhər üzü görməyib. Buna daha nə söz ola bilərdi!

      Amma çox səsə-küyə salma ha, – atası dedi. – Yoxsa balacalar elə bir qiyam qopararlar ki, heç yana tərpənə bilmərik.

      Həqiqətən beləydi. Hacımurad ondan üç yaş kiçik olsa da, heç vaxt heç vəchlə güzəştə gedən deyildi. Eşşək kimi tərsdir. Atası evdə olanda Hacımuradın ucbatından heç kəs kişinin yanına düşə bilmirdi. Atasından əl çəkmirdi. Təki o olsun, o birilər vecinə də deyildi. Onda bapbalaca olan iki kiçik bacıları belə ata nəvazişinə ağlamaqla nail olurdular. Kiçik oğlunun atasına bu cür bağlılığını qonşular da anlaya bilmirdi. Zəhmli, dəyənək kimi quru, ciyiltili səsli Aruukan nənə ki vardı – ondan hamı qorxardı. Bax həmin o qarı qaxac barmaqlarıyla dəfələrlə Hacımuradın qulağından tutub dartardı:

      – A şəppəli, sənin bu kişiyə yapışmağından gözüm su içməyir! Yer üzündə fəlakət olacaq! Harda gorunüb ki, atası sağ ola-ola oğlan uşağı belə həsrət çəkib xiffət eləsin!

      «ola, oğlan uşağı belə həsrət çəkib xiffət eləsin! Bu nə təhər uşaqdır belə? Ay camaat, sözlərimi yadda yaxşı saxlayın, bu, bizim başımıza bəla gətirəcək!

      Anası astadan pıçıldayar, yerə tüpürər, Hacımuradın boynunun ardından vurardı, amma Aruukan qarıya cavab qaytarmağa cəsarət etməzdi. Ondan hamı qorxurdu.

      Fəqət belə çıxır ki, Aruukan qarının dedikləri əbəs deyilmiş. Elə də oldu. Yazıq Hacımurad. İndi üçüncü sinifdə oxuyur, yekə oğlandır, heç nə büruzə verməməyə çalışır, xüsusilə anasının yanında özünü tox tutur, əslində isə gözləri yoldadır, elə bilir ki, atası bugün-sabah cəbhədən qayıdıb gəlməlidir. Yatmağa hazırlaşanda yaşlı adamlar kimi gecə duası pıçıldayır: -«Allah eləsin, allah eləsin, atam sabah qayıdıb gəlsin».

      Özü də hər gün beləcə. Qəribə oğlandır. Düşünür ki, yuxulayacaq, ayılacaq, gözlərini açanda – hər şey dəyişəcək.

      Əgər atası müharibədən sağ-salamat qayıdıb gəlsə, onda qoy təkcə Hacımuradın olsun, qoy onu qucağında, başında gəzdirsin. Təki gəlib çıxaydı nəhayət. Bircə onu sağ-salamat görəydi. Şəxsən Sultanmurada bu səadət də bəs idi. Təki atası qayıdıb gələydi.

      O indi elə arzulayırdı ki, atası Çüy kanalından qayıdıb gələndə baş verən hadisə kaş ailədə yenidən təkrar olunaydı. Atası həmin tikintiyə inişilin yayında getmişdi, özü də arabasıyla, beş aylığa, bütün yayı-payızı orda olmuş, torpaq daşımışdı. Staxanovçu adı almışdı.

      Evə qaş qaralanda gəldi. Həyətdə qəflətən təkər səsləri eşidildi, atlar fınxırdı. Uşaqlar yerlərindən sıçraşdılar. Ata! Arıqlayıb, yanıb qaralmışdı, qaraçı kimi saç-saqqalı uzanmışdı. Sonralar anasının dediyi kimi, pal-paltarı da avaralara oxşadırdı onu. Yalnız meşin çəkmələri təzəydi. Hacımurad birinci qaçaraq atasının qucağına atıldı, sarmaşıb boynunu qucaqladı və kişini buraxmadı. Özü də hıçqıra-hıçqıra ağlayır və elə bunu deyirdi:

      – Ata, atake, ata, atake…1

      Atası onu bağrına basdıqca onun da gözlərindən yaş axmağa başladı. Bu ara qonşular da tökülüşüb gəldilər. Bu mənzərəni görən kimi onlar da ağladılar. Hələ sevincək, xoşbəxt anası yan-yörədə qaçıb fırlanır, Hacımuradı kişidən ayırmağa çalışırdı:

      – Bala, rahat qoy atanı! Bəsdir. Sən tək deyilsən. O birilərə də imkan ver, ay ağılsız bala! Allah amansan, gör nə qədər adam gəlib atanla görüşməyə.

      Onunsa vecinə deyil…

      Sultanmurad hiss etdi ki, qəlbində nəsə tərpəndi, sonra qızmar qəhər yumağı sürünərək hülqumuna yaxınlaşdı, onu boğmağa başladı. Ağzı duz daddı. Özü də hələ deyirdi ki, qətiyyən ağlamayacaq. Dərhal özünü ələ aldı. Ayılan kimi oldu…

      Dərs isə davam edirdi. İnkamal müəllimə indi Yava, Borneo, Avstraliya haqda danışırdı. Yenə də əfsanəvi torpaqlar, əbədi yay fəsli. Timsahlar, meymunlar, palmalar, nə bilim, cürbəcür möcüzəli şeylər. Hələ kenquru – möcüzələr möcüzəsi! Balasını qarnındakı torbaya ataraq hara istəsə səkir, onu da özüylə gəzdirir. Kenquru gör bir nə düşünüb tapıb, daha doğrusu, təbiət necə hikmət yaradıb…

      O, kenquru görməmişdi. Yalandan necə deyəydi görüb. Çox təəssüf. Amma, meymun və başqa vəhşi heyvanlar görmüşdü, lap yaxından baxmışdı onlara. Əlini uzatsan – çatardı…

      Atası həmin gün onu şəhərə aparacağını deyəndə Sultanmurad özünə yer tapa bilmirdi. Səbrsizlik, həyəcan onun içini yeyirdi, lakin – bu barədə heç kimə bir şey deyə bilməzdi. Əgər Hacımurad xəbər tutsaydı, fəryad qoparardı: niyə Sultanmurad gedər, amma o gedə bilməz, deməzsənmi, niyə atası onu aparır özüylə, Hacımuradı isə yox? Bu halda nə deyə bilərsən? Buna görə də sabahkı səyahətin sevincinə və intizarına qardaşı qarşısında bir növ xəcalət hissləri də qarışırdı. Qarşıdakı hadisələri qardaş-bacılarına danışmaq onun ürəyindən yaman keçirdi. Çox istəyirdi ürəyini açsın. Lakin atası, xüsusilə də anası sirri açmamağı ona bərk-bərk tapşırmışdılar. Sən yolda olanda balacalar xəbər tutsalar eybi yoxdur. Belə yaxşıdır. O, böyük çətinliklə özünə güc gəldi, sirri qoruyub saxlaya bildi. İçindəki sirr onu lap ölümcül hala salmışdı. Bir məsələ də var ki, həmin gün o, olmazın dərəcədə nəzakətli, mülayim idi, hamıya nəvaziş və qayğı göstərirdi. Hər işin qulpundan yapışır, hər şeyə vaxt tapırdı. Buzovun otlaq yerini dəyişdi, bağçada kartof kollarının dibini doldurdu, paltar yuyan anasına kömək etdi, palçığa bələnmiş körpə bacısı Almatayın əl-ayağını yuyub təmizlədi, üstəlik xırda-para işlər də gördü. Sözün kəsəsi, həmin gün o elə qoçaq, elə çalışqan olmuşdu ki, hətta anası gülməkdən özünü saxlaya bilməyib qəhqəhə çəkdi, başını buladı.

      – Gün hardan doğub? – anası gülməyini gizlədərək ona müraciət etdi. – Kaş həmişə belə olaydı – xoşbəxtliyə bir bax! Göz dəyməsin barı! Bəlkə səni qoymayaq şəhərə getməyə! Əməlli-başlı köməkçi imişsən ki mənə.

      Lakin anası elə-belə sözgəlişi deyirdi bunu. Özü isə xəmir yoğurdu, kökələr bişirdi, yola azuqə hazırladı. Yağ əridib butulkaya süzdü.

      Axşam ailəliklə toplaşıb samovar çayı içdilər. Qaymaqla, isti kökələrlə, həyətdə, arxın kənarında, alma ağacının altında süfrə açmışdılar. Ata balacaların əhatəsində oturmuşdu – bir yanında Hacımurad, o biri yanında qızcığazları. Anası çay süzür, Sultanmurad isə piyalələri bir-bir süfrəyə qoyur, hərdən samovara kömür atırdı. Ürəkdən canfəşanlıq edirdi. Özü də ürəyində düşünürdü ki, sabah şəhərdə olacaq. Atası ona iki dəfə göz vurdu. Üstəlik də qardaşının gözü qabağında.

      – Bura bax, Acike, – atası çayını hortuldadaraq kiçik oğluna müraciət etdi, – öz Qarayalmanına hələ day öyrətməmisənmi?

      – Yox, ata, – Hacımurad gileylənməyə


Скачать книгу

<p>1</p>

“Atake”-ata, atacan