Xeyrin çöküşü. Zaur Pənahov
oğlan, evinə get,” dedi.
Eçso, sanki çoxdandı bu sözü gözləyirmiş kimi, heç nə demədən dönüb oradan uzaqlaşdı. Meşədən çıxıb nakraları geridə qoyduqca axşamkı hadisəni daha çox xatırlamağa çalışdı. Xatırladıqca da tükürpərdici gecənin yaddaşında qoyduğu qorxunc anları gözlərinin önünə gətirdi. Nədənsə çox az müddətdir tanıdığı həmin qocanın ölümü ona təsir etmişdi. Elə hey özünə eyni sualı təkrar-təkrar verirdi:
Eçsonun kəndə çatmağı çox çəkmədi. Hadisənin baş verdiyi yerin yaxınlığından keçərkən vidra cəsədlərinin olmadığını görüb təəccübləndi. Görünür qazzalar təmizlik işini müdafiədən yaxşı görürdülər. Kəndin darvazasından içəri girib qonaq qaldığı evə yönəldi. Günün doğuşu ilə kənd əhlisinin çoxu yaxınlıqdakı bostanda işləməyə getdiyi üçün, küçələrdə həmişəki kimi uşaq qaynayır, kəndin bəzi əldən düşmüş müdrik qocaları isə həyətlərindəki cavan ağaclara qulluq edirdilər. Onlardan bir neçəsi Eçsonun əhvalını soruşmağı ehmal etməmişdilər. Eçso getdikcə özünü qəribə və təhlükədə hiss edirdi.
Darvazadan içəri girdiyi andan mənşəyini bilmədiyi qəribə bir hiss, sanki ona “Qayıt, qayıt geri…” deyirdi. İsti havaya baxmayaraq bədəni az qala soyuqdan titrəyən Eçso, bütün bunların keçirdiyi ağır və qorxu dolu günün təsiri olduğunu düşünərək özünə hakim olmağa çalışırdı. Birdən o dayandı. Kiminsə onu izlədiyini, hətta nəfəsini boynunda hiss edib cəld geri baxdı. Heç kəs yox idi. Onu getdikcə bürüyən səbəbsiz şübhə hissi artıq qorxuya çevrilirdi.
“Eçso… Eçso!” deyə kimsə onu arxadan səslədi.
Eçso onu tanıyırdı, bu onunla yaxınlıq edən bir neçə gəncdən biri idi. Eçsodan iki yaş kiçik olan Dupra, yaşıdlarının əksinə olduqca iri görünürdü. İriliyi boydan çox eninə verən Dupra yenə yaşıdlarının əksinə günün bu vaxtında tarlada işləməyin yerinə, kəndin içində boş-boş gəzməyi və bir də yatmağı sevirdi.
“Nə olub Dupi?”
“Sən haradaydın? Elə bildim ölmüsən, hamı elə bildi. Deyirlər gecə vaxtı kənddən qaçmısan, heç kimə də heç nə deməmisən. Nə olmuşdu? Hara getmişdin? Deyirlər sənə vidralar hücum edib, yaralı deyilsən?” deyərək qayğıkeş baxışlarla dostunu aşağıdan yuxarı süzdü.
Eçso onu sakitləşdirərək “Narahat olma,” dedi kefsizcə, “mən yaxşıyam.”
“Səni qazzalar xilas etdi?”
Eçso tez vaxtda söhbəti dayandırıb buradan getmək üçün nakra mövzusunu açmadı, çünki onun ən az yarım gün sual verəcəyini bilirdi. Sadəcə, başı ilə təsdiqləyərək dönüb evə doğru irəlilədi.
Dupra “Bəs onda qazzalar səni niyə axtarır?” deyə yüksək səslə soruşdu.
Bu söz Eçsonu nədənsə çox qorxutdu. Ürəyi dəli kimi çırpınmağa başlamışdı. Çevrilib “Məni axtarırlar?” deyə soruşdu. “Niyə?”
“Bilmirəm, yəqin, axşamkı hadisə haqda soruşacaqlar,” deyərək getmək istədi, ancaq yadına nə isə düşüb dayandı. “Hə, bir də… onlar, buradakı mühafizəçilərdən deyil, daha çox müdafiəçilərə bənzəyirdilər. Yekə qılıncları və zirehləri var. Onları birinci dəfə idi ki, görürdüm. Səhv etmirəmsə, yüksək rütbəlilərdi, yəqin, onlar üçün vacib bir iş görmüsən,” deyə əlavə edib getdi.
Eçsonun ağlına gələn ilk şey, qadağan olduğu halda, kəndin xaricinə çıxmaq oldu. Səbəbi nə olursa olsun, həmin qanunun pozulmağı ciddi cinayət sayılırdı. Çünki ona görə vidralar hətta içəri də girə bilərdilər. Qazzaların həmin axşam kənddə olmamağını da üzərinə gəlsək, nə cür bir faciə baş verə biləcəyi dəhşətli idi.
Bunlara baxmayaraq Eçso özünə haqq qazandırmağa çalışaraq deyə düşünürdü. Əgər bu cinayətə görə onu həbs etmək istəsələr şəxsi müdafiəsini bu cür hazırlamışdı. Ancaq nə qədər özünün haqlı olduğuna inansa da, ürək döyüntülərini sabitləyə bilmirdi. Eçso ən yaxşısının hələ dünən planlaşdırdığı kimi şimala qayıtmaq olduğuna qərar verdi.
Tələsik səyahət çantasını hazırlayıb, topladığı otları da ora yığaraq evdən çıxdı.
Eçso qapının ağzında ehtiyatla ətrafa boylandı. Onun getdiyinə fikir verəcək heç kəsi görmədi. Bir gün buradan qanun qaçağı kimi gedəcəyi heç ağlına da gəlməmişdi. Özünü bu cür adlandırmaq, ona utanc verirdi.
Heç nə olmamış kimi ehtiyat və sürət qarışıq addımlarla evdən uzaqlaşaraq çıxışa doğru gedən yolu izlədi. Yeriyərkən başını aşağı salsa da, girdiyi hər döngədə dayanaraq ətrafa nəzər yetirirdi. Qazzaların hər an onu tapa bilmə qorxusu ilə yol ortasından kənar durmamağa çalışırdı.
Eçso ona çox uzun gələn yolun böyük qismini keçmişdi. Kəndin çıxışı ilə arasındakı məsafə qısaldıqca üzündəki gülümsəmə daha da genişlənirdi. deyə düşündü. Ən çətini qapıdan çıxmaq idi. Kəndin xaricində qazzaların onu tapma, tapsa belə tanıma ehtimalı çox az idi.
Qapı ilə arasında iyirmi addımlıq məsafə qaldıqda ayaqları sevincdən bu dəfə qaçmağa başlayırdı ki, arxadan qulaqbatıran “DAYAN!” səsi gəldi. Eçsonun üzünə gələn sevinc cizgiləri, heç bu qədər tez silinməmişdi. Arxaya dönərkən özünü müdafiə etməyə olduqca hazır görünürdü. Ancaq iri cüssəli, keçəl qazzanın qəddar sifətini görəndə bir anlıq nəinki müdafiəni, hətta adını belə unutdu.
“Adın nədi?” dedi keçəl qazza yaxınlaşaraq. “Səninlə deyiləm! Adın nədi?!” kükrəyərək təkrarladı.
Qorxudan kəlmələri boğazına düyünlənən Eçso, adı barədə yalan danışmağı ağlından belə keçirmədi.
Eşidilməsi mümkün olmayan səslə “Eçso,” dedi. Sonra yenidən “Eçso,” deyə təkrarladı yüksək səslə.
Qazza axtardığı gəncin qaçmağa cəhd göstərdiyini görüb bərk hirslənmişdi. Burnuyla elə şiddətlə nəfəs alırdı ki, az qala burnundan alov çıxacaqdı.
“Nədi qaçmaq istəyirdin?” qazza istehza qarışıq səs tonu ilə dedi.
Eçso yalvaran baxışlarla “Mənim heç bir günahım yoxdu,” deyə danışmağa başladı. “Xahiş edirəm… Burada səhv nə var axı? Mənim heç bir günahım yoxdu.”
Qazza bu sözlərdən bərk hirslənərək “Günahın yoxdu, bəs onda niyə qaçırdın?!” deyə qışqırdı. “Əgər qaçırsansa, deməli günahkar olduğuna özün də inanırsan.”
Eçso təlaşla “Yox, burada mənim bir günahım yoxdu,” deyə təkrarladı yenidən. “Mən, o qocanı xilas etmək istəyirdim. Əgər müdafiəçilər vaxtında gəlsəydi, bunların heç biri