Əfsanələr. Исмаил Шихлы
yenidən şaqqıldadı. Elə bil səma ortadan buz kimi çatlayıb qırıldı və əyri-üyrü yarıqların arasından göz qamaşdıran od püskürdü. Bu odlu zolağın bir ucu yerə sancılıb xeyli titrədi. Ətrafdakı hənirtidən qarsalandılar. Nə isə çatırdadı, alov qarışıq tüstü göyə ucaldı.
Təpəyə pənah gətirənlər alışan üfüqlərə baxdılar… Meşələr od tutmuşdu, çatırtıdan qulaq batırdı, alov ərşə dirənmişdi.
‒ Allah, sən saxla, başımıza göydən od yağdırma. Səhra ləpəsiz, dalğasız, sakit və sonsuz bir dənizə dönmüşdü. Uğultu indi üfüqlərdən gəlirdi. Suyun üzündə qaraltılar görünürdü. Qarış-qarış suya batan təpənin zirvəsinə toplaşanlar titrəşirdilər. Qocalar dua edir, uşaqlar analarının ətəyindən yapışıb matdım-matdım baxırdılar. Saçı üzünə dağılmış bir qadın təpənin ən uca yerində dayanmışdı. Onun yaşı qurumuş gözləri sonsuzluqlara dirənmişdi, dodaqları titrəyirdi.
Birdən fışıltı qopdu. Meşələrdən yeriyib gələn alov suya hücum çəkdi. Su qəzəblənib paqqıldadı, alovun üstünə atıldı, əlbəyaxa oldular. Elə bu vaxt göy gurultusundan da dəhşətli, zəhmli, amiranə bir səs eşidildi:
‒ Dayanın!
Bu səs şaqqıldadı, əks-səda verə-verə üfüqə doğru gedən selin dalınca yayıldı, alovda qovrulan meşənin üstündən keçdi. Hər şey diksinib dayandı. Sel də, su da, od-alov da bir anlığa sakitləşdi.
‒ Sən kimsən?
‒ Mən vicdanam!
Ləpələr bir-birinə dəyib şappıldadı: “Vicdan, vicdan”. Od tutub alışan meşədəki ağaclar çatırdadı: “Vicdan, vicdan”. Səslər əks-səda verdi, qol-qanad açdı və kainatın hər yerindən eşidildi: “Vicdan, vicdan”. Bu sözlər müdrik qocaları toxtatdı, elə bil əyilib onların qulaqlarına pıçıldadılar: “Qorxmayın”. Bu səs ilıq bir nəfəsə dönüb uşaqların göz yaşını qurutdu, diz çöküb göylərdən imdad istəyən qadınların qolundan tutub ayağa qaldırdı. Ətrafdakı uğultu azaldı.
Birdən su çalxalandı, qabarıb hirslə təpəyə yerimək istədi. Od da çatırdayıb alovlandı. Vicdanın göy şaqqıltısından da güclü səsi yenidən eşidildi.
‒ Geri çəkilin!!!
‒ Yolumuzu kəsmə!
‒ Kəsəcəyəm.
‒ Niyə?
‒ Çünki yolunuzu azmısınız.
Od alovlandı. Çatırdayıb, şaqqıldayıb qəhqəhə çəkdi.
‒ Yoxsa bizə düz yol göstərmək istəyirsən, ey vicdan?
‒ Bəli! Sən dünyaya yandırıb-yaxmağa, sən də, ey su, uçurub dağıtmağa gəlməyibsən. Bilin və yadınızda saxlayın: dünyaya gələn yaratmalı, yaradanlara kömək etməlidir.
Vicdan əlini havaya qaldırıb, selləmə suların basdığı çöllərdən o yandakı üfüqləri aşan, günəşin istisindən qovrulub qarsalanmış, sinəsi cadar-cadar bəhrəsiz boz çölləri göstərdi və başa saldı ki, sən həzin zümzüməli, şırıltılı çaylara, çeşmələrə dönməlisən, şehli, ətirli nəfəsinlə torpağın sinəsinə yaşıl xalı sərməlisən, güldən, çiçəkdən ona naxış vurmalısan. Elə etməlisən ki, insanlar səni axtarıb tapsınlar, sənin izinə düşüb vadidə məskən salsınlar. Qızmar yay günlərində, çeşmə başında bəslədiyin şah çinarın kölgəsində oturub sənə rəhmət oxusunlar.
Su vicdana qulaq asdı. Sakitcə çalxalandı. Əl-ayağını yığıb üfüqdən geri çəkildi. Dinməz-söyləməz dəstələnib öz yatağına yığışdı. Suyun altında qalmış insan məskənləri üzə çıxdı. Hürküdülmüş heyvanlar, üfüqlərə qədər baş alıb gedən yel qanadlı atlar geri qayıtdılar. Təpənin zirvəsinə pənah gətirənlər sevinclərindən ağlaya-ağlaya aşağı endilər. Ancaq yolun ortasında dayandılar. Hər yan lillənmişdi.
‒ Niyə dayanmısan? ‒ deyə vicdan çaşıb qalmış odu səslədi. Tez ol, bataqlığı qurut, daxmalarda ocaq qala, soyuqdan titrəşənləri öz nəfəsinlə isit!
Od hərəkətə gəldi. Azacıq sonra daxmaların bacalarından tüstü qalxdı, həyətdəki ocaqlar çatırdadı.
İnsanlar məskənlərinə qayıtdılar. Odun ətrafına toplaşdılar. Müdrik qocaların səsi eşidildi:
‒ Rəhmət düzənə, lənət pozana.
…O gündən od, su və vicdan yoldaş oldular. Əllərində əsa, ayaqlarında polad çarıq, başlarında dəmir dəbilqə dünyanı dolaşdılar. Sonsuz səhralara su verdilər, şaxtalı, boranlı diyarlara istilik gətirdilər. Harada insan gördülər, dayandılar, onların məskən saldıqları yerləri suladılar, evlərində ocaq qaladılar, ürəklərə sevinc gətirdilər, bütün dünyanı sevinclə doldurdular. İndi isə yorulmuşdular. İşləri də azalmışdı. Bir azca dincəlmək istəyirdilər.
Uca bir dağın döşündə dayandılar. Qarşıdakı sonsuz üfüqlərə baxdılar. Ayrılmaq vaxtı idi. Vicdan əlini dostlarının çiyninə qoyub soruşdu:
‒ İşdir, birdən bir-birimizi itirsək, necə tapışa-cağıq?
Su gülə-gülə dilləndi:
‒ Harada çəmənlik, yaşıllıq görsəniz, məni orada axtarın.
Od dedi:
‒ Harada ocaq, bacalardan burulub çıxan tüstü görsəniz, bilin ki, oradayam. Bəs səni itirsək, necə tapaq, ay vicdan?
Vicdan köksünü ötürüb üfüqlərə baxdı və titrək səslə dilləndi:
‒ Amanın günüdür, məni itirməyin, itirsəniz, bir də tapa bilməzsiniz.
Sapı özümüzdəndir
Bu gün quşlar lap tezdən oyanmışdılar. Dan yerinə çəhrayı rəngli gümüş işıq çilənib üfüq qızaranda artıq onların səsi meşə yarpaqlarının həzin xışıltısına qarışmışdı. Dünənki yağışda çimib tərtəmiz yuyunmuş çiçəklərin ləçəkləri arasında elə bil səhər-səhər mirvari səpələnmişdi. Meşə xoruzlarının, qırqovulların sinəsi, saçaqlı quyruqları alışıb-yanırdı. Günəşin qızılı şüalarını, göy qurşağının əlvan zolaqlarını, deyəsən, xaliq özü onların boynuna dolamışdı.
Ağacların sultanı, dünyanı yorub yola salmış qoca palıd da tezdən oyanmışdı. O, səhər küləyinin dağlardan qovub gətirdiyi, sərin bulaq suyu kimi diş göynədən təmiz havasını ciyərlərinə çəkib meşəyə qulaq asırdı. Qumru quşları qoşalaşıb naz-qəmzə ilə çəmənlikdə dolaşırdılar. Onların qurultusu hop-hopların səsinə, hop-hopun səsi alabaxtaların oxumasına, alabaxtaların nəğməsi bülbüllərin cəh-cəhinə qarışmışdı. Elə bil bu qalın meşə havanın ətrindən bihuş olub min bir dillə zümzümə edir və bu nəğməli dünyaya heyranlığını bildirirdi. Qoca palıd sonsuz boşluqlara qədər baş alıb gedən meşənin cah-calalına baxdıqca ürəyi dağa dönürdü. Bilirdi ki, bu ağacların çoxu onun kökündən, ətrafa səpələnən qozalarından törəmişdir. Pöhrələr boy atdıqca bir-birinə dayaq olub arxa-arxaya dayanmış, küləyə, tufana boyun əyməmək üçün ayaqlarını yerə dayayıb torpağın qalın qatlarına kök atmışdılar və indiyə qədər onların başından bir tük də əskik olmamışdı.
Birdən