40-cı gün. Xaliq Azadi Məmmədov
yorğunluğu bu uşağı almışdı ağuşuna. Lenaya cavab verəndə pıçıltı ilə danışırdı.
Bir müddət sonra Lena, Viktorla birlikdə yenidən ora qayıtdı.
Çox keçmədi, nəhayət, bütün prosedurlardan keçdilər, Nastya evə aparıldı.
3-cü hissə
Nastyanın olduqca ağıllı uşaq olduğu ilk gündən məlum oldu.Təmizliyin, məsuliyyət daşımağın nə olduğunu 7 yaşlı uşaq çox gözəl başa düşürdü. İşgüzarlığına isə söz yox idi: Lena təmizlk işləri aparır, Nastya iştirak etməyə çalışırdı, Lena mətbəxdə yemək hazırlayır – Nastya kömək etməkdən məmnundu.
Bu uşağın bir yaxşı cəhəti də ortaya çıxdı: yalan danışmağın pis addım olduğunu Nastya gözəl başa düşürdü və yalanla işi yox idi. Lena dərhal, demək olar ki, ilk gündə Viktora dedi:
– Bizim qızımız yalan danışmağı bacarmir. O, heç vaxt bizi aldatmayacaq! Mən bunu dəqiq bilirəm.
Aralarındakı münasibətdə ilk gündən mehribanlıq yarandı.
Viktor və Lena, hər ikisi ailələrinin belə böyüməsindən çox razı idilər. Bunun üçün taleyə və əlbətdə ki, ilk növbədə onları tanış edən uşaq evinin müəlliminə təşəkkür etdilər.
Amma, onu da qeyd edək ki, ilk baxışdan hər iş gözəl getsə də, arada bir kiçik problem var idi: ilk günlərdən Nastya Viktoru və Lenanı yalnız adları ilə adlandırmağa başladı.
Viktor bir neçə dəfə başa salmağa çalışdı:
– Nastenka, anla məni, bundan sonra səninlə bir ailəyik. Sən bizim balamızsan, biz də sənin valideynlərin. Demək, Lena sənin üçün anadır, mənə isə atayam.
Bu danışıqların heç bir nəticəsi olmadı. Viktor qaldı “Viktorluğunda”, Lena da həmçinin, “Lenalığında”.
Gözləməyə qərar verdilər. Düşündülər ki, uşağa vaxt lazımdır, qoy üz-gözü öyrəşsin, hər şey öz-özlüyündə düzələr. Baxar, qonşu uşaqlarına, həmyaşıdlarına, anlayar ailə qanunlarını.
Həftələr keçdi, Nastyanın davranışında heç nə dəyişmədi.
Bir aydan çox keçdi, nəhayət Lena həmin mövzuya qayıdaraq, niyə onları "ata", "ana" adlandırmaq istəmədiyini sual edəndə, Nastya onu qucaqladı və hərəkətini uşaq sadəliyi ilə belə izah etdi:
– Hər ikiniz yaxşı adamlarsınız. Hər ikinizi də çox sevirəm. Ancaq, Viktor mənim atam deyil, sən də mənim anam deyilsən. Mən …onları yaxşı xatırlayıram, həm atamı, həm anamı!
– Nastya, heç olmasa “xala”, “dayı” deyə müraciət et bizə!
– Yox! Mənə belə daha yaxşıdır! – dedi Nastya.
Bu mövzuya bir daha qayıtmadılar. Nastyanı yola gətirməyə çalışmağın mənası yox idi. Bu gedişlə uşaq onlara heç vaxt "ana", "ata" demədi. Yalnız adları ilə müraciət etdi. Əlavə olaraq, aydın oldu ki, özünə də "qızım" sözüylə yox, öz adı ilə müraciət edilməyi daha xoş olur.
Günlər və aylar keçdi. Bəzən olurdu ki, Viktor ikinci növbə işləyəndə onu özü ilə bərabər işə götürürdü. Nastya hərdən Viktorun yanında kabinada, bəzən də arxada- salonda otururdu. Nə qədər təəssüratlar yaranırdı uşaq qəlbində! Bu günlər onun üçün unudulmaz olurdu. Nastya "onun Viktorunun” belə böyük bir maşını idarə etdiyi ilə fəxr etirdi!
Məktəb vaxtı yetişdi. İlk gündən Nastya intizamı və yaxşı oxumaq bacarığı ilə müəllimlərinin sevimlisinə çevrildi. Məktəbdən gəldikdə, yeməyini yeyərdi və dərhal dərslərə başlayardı. Ev tapşırıqlarını yerinə yetirdikdən sonra, əgər Lena mətbəxdə bir iş görərdisə, Nastya kömək etməyə çalışırdı.
Axşamlarsa Viktor və Lena ona nağıllar oxuyardılar. Nastyanı xoşu gəlirdi uşaqlar üçün yazılmış nağılları dinləməyi. Viktor növbədə olarkən – onun iş qrafiki dörd gündə bir dəyişirdi – nağılları ona Lena oxuyardı. Nağıl danışmağı və oxumağı Lena daha yaxşı bacarırdı.
İllər keçdi, Nastyanın nağıl və hekayələrə qulaq asmaq həvəsi kitablara üz tutdu. Onun neçə həvəslə uşaqlar üşün yazılmış kitabları oxuduğunu görən Viktor məmnuniyyətlə Nastya üçün "uşaq kitabxanası" toplamağa başladı. Tez-tez jurnallar, kitablar alırdı. Bəzən dostlar qonaq gələrkən, Nastyaya şəkilləri olan kitablar hədiyyə edirdilər. Nələr yox idi bu kitablarda! Cazibədar şəkillər, hekayələr, gülməli nağıllar, şahzadələrin taleyi, sirli ölkələr… Bu kitablardan təsirlənərək sirlərlə dolu bir dünyada yaşayırdı Nastya. Öz düşüncəsi ilə, öz istəyi ilə qururdu öz dünyasını. Bu dünya həmişə reallıqdan uzaq olardı. Öz şahzadələri ilə, igidləri ilə. Bu qəhrəmanlar nədənsə, Viktoru xatırladırdılar Nastya üçün. Burada nə qədər oxşarlıqlar tapırdı uşaq qəlbi. Və həmişə də bir möcüzə baş verəcəyini gözləyirdi Nastya.
Bəzənsə, qorxulu hadisələr baş verirdi.
Bir günləri Nastya məktəbdən gəlmişdi. Evdə tək idi, nə Viktor, nə də Lena evdə yox idilər. Dünən axşamdan Nastyanı xəbərdarlıq edərək, yaxınlıqdakı qonşu şəhərə gedəcəklərini demişdilər. Lenanın orada müalicə ilə əlaqədar olacaq təcili işi vardı. Viktorun bu binadaca iki mərtəbə aşağıda yaşayan bacısı gəlib onunla oturmalı idi. Viktor, özü demişdi bacısına.
– Biz isə, axşam 7-yə, 8-ə qayıdacağıq, – dedilər.
Nastya yemək tökdü, yedi. Məktəb çantasını açdı, kitab – dəftəri çıxarıb ev tapşırıqlarının həllinə başladı. İki saatdan sonra hər şeyi bitirdi. Başqa nə etməli? Kitab şkafını açdı.
Viktor bu yaxınlarda ona bir neçə kitab almışdı. Onların arasında maraqlı, bəzən qorxulu, bəzən gülməli şəkilləri olan enli bir kitab var idi. Ən çox bu kitabı vərəqləməyi sevirdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.