Dorian Qreyin portreti. Оскар Уайльд

Dorian Qreyin portreti - Оскар Уайльд


Скачать книгу
anasını mən yaxşı tanıyırdım. Marqaret Devere əsrarəngiz gözəlliyə malik idi, kişilərin ağlını başından çıxarırdı. Axırda miskin, kasıb bir zabitə qoşulub qaçdı, deyəsən, piyada alayının zabiti idi. Evlənəndən bir neçə ay sonra bədbəxti dueldə vurub öldürdülər. Şayiələrə görə, muzdlu qatili lord Kelso özü göndərmişdi. Məsələni ört-basdır elədilər. Hətta Kelso qızını evə də qaytardı, amma Marqaret ölənədək onunla danışmadı. Kədərli əhvalatdır. Özü də qız çox tez dünyasını dəyişdi, heç bir il keçmədi. Deyirsən, oğlu qalıb? Necə oğlandır? Anasına oxşayıbsa, qəşəng uşaq olmalıdır.

      – Hə, çox gözəldir. – Lord Henri dayısının fərziyyəsini təsdiqlədi.

      – Ümid edirəm ki, yaxşı əllərə düşəcək. Kelso xətrinə dəyməyibsə, puldan korluq çəkməməlidir. Anası da dövlətli idi.

      – Xəbərim yoxdur. Məncə, korluq çəkmir. Deyirsən, anası çox gözəl olub?

      – Marqaret Devere mənim tanıdığım ən yaraşıqlı qadınlardan biri idi. Bilmirəm, niyə belə elədi, bu axmaq nikah onun nəyinə lazım idi? Yeri gəlmişkən, axmaq nikahlar demiş, doğrudur ki, bizim Dartmur amerikalı qadınla evlənməyə hazırlaşır? Yəni ingilis qızlarını bəyənmir?

      – Corc dayı, indi amerikalılar dəbdədirlər.

      – Görəsən, bu amerikalı qadınlar niyə öz ölkələrində oturmurlar? Sonra da deyirlər ki, Amerika qadınlar üçün cənnət kimi bir yerdir.

      – Buna görə də onlar əcdadları Həvva kimi, cənnətdən qaçmağa çalışırlar, – deyə lord Henri dayısına izahat verdi. – Yaxşı, məlumat üçün çox sağ olun. Məni Aqata xalagildə səhər yeməyinə gözləyirlər. Mister Qreyi də ora dəvət etmişəm. Aqata xala təzəlikdə onu himayəsinə götürüb.

      Alicənab qoca razılıqla başını yellədi və qonağı ötürmək üçün qulluqçunu çağırdı.

      Yolboyu lord Henri Dorianın ailəsi barədə dayısından eşitdikləri haqda düşünürdü. Bu, qeyri-adi, demək olar ki, romantik əhvalat onu həyəcanlandırmışdı. Gənc qız hər şeyi məhəbbətinə qurban verir. Bir neçə həftə davam edən xoşbəxt həyata mənfur cinayətkarın əli ilə son qoyulur. Ardınca ayların həsrəti, əzablar içində doğulan uşaq. Ananı qara torpaqlar udandan sonra oğulun qismətinə yetimlik və əzazil baba düşür… Dorianın obrazını daha sirli və cəlbedici etmək üçün əla fondur.

      Lord Henrinin yadına dünən axşam klubda Dorianla nahar etməyi düşdü. Dorian ona həm qorxu, həm də ürkək bir sevinclə baxırdı. Özünün başqası üzərində hökmünü sınamaq insan üçün necə də maraqlıdır! Nəzərə almaq lazımdır ki, bu başqası da adi adam deyil, saflığı və gözəlliyi ilə hamını məftun etmiş bir gəncdir. Ondan nə istəsən yoğura bilərsən – böyük şəxsiyyət də, oyuncaq da. Lord Henri qərara gəldi ki, onu tamamilə öz iradəsinə tabe etsin. Dorian Basili necə özündən asılı vəziyyətdə saxlayırsa, o da bu gözəl gənci eyni vəziyyətə salsın, onun qəlbinə hakim olsun.

      Lord Henri xalasıgilə çatanda bütün qonaqlar artıq masanın arxasında idilər. Masanın o biri başından Dorian sevinclə onu salamladı. Lord Henri xalasının yanında, hamının sevimlisi hersoginya Harli ilə üzbəüz oturdu.

      – Biz Dartmurdan danışırıq, – hersoginya lord Henriyə başı ilə salam verdi. – Necə bilirsiniz, o bu amerikalı qadını alacaq?

      – Bəli, hersoginya.

      – Amerika kəşf olunanda… – parlamentin üzvü ser Tomas Berden söhbətə qarışmaq istədi.

      Hersoginya onun sözünü kəsdi:

      – Kaş heç kəşf olunmayaydı. Bu amerikalı qadınlar bizim qızlarımızın ərlərini əllərindən alırlar. Bir neçəsini tanıyıram. Görünüşləri pis deyil, geyimləri də yaxşıdır. Donlarını Parisdə sifariş edirlər.

      – Mən səndən incimişəm, Henri, – deyə ledi Aqata söhbətin mövzusunu dəyişdi. – Niyə sən əziz Dorianı dilə tutursan ki, mənə xeyriyyəçilik işlərində kömək etməsin? Bir gör ətrafda nə qədər dərdli insan var.

      Lord Henri çiyinlərini çəkdi:

      – Dərdə, eybəcərliklərin içərisinə yox, gözəlliyə, parlaq rənglərin və həyat sevinclərinin hökm sürdüyü yerə can atmaq lazımdır.

      – Ah, lord Henri, – hersoginya dedi, – bəlkə, mənə də məsləhət verəsiniz, gəncliyi necə qaytarmaq olar?

      Lord Henri bir dəqiqəliyə fikrə getdi.

      – Gəncliyinizdə buraxdığınız səhvlərdən hər hansı birini yadınıza sala bilərsinizmi, hersoginya?

      – Təəssüf ki, birini yox, səhvlərim çox olub.

      – Onda onları təzədən təkrar edin.

      – Çox maraqlı nəzəriyyədir. – Hersoginya canlandı. – Mütləq təcrübədə sınaqdan çıxararam.

      Hamı güldü. Söhbətin bu məcraya düşməsi lord Henrinin ürəyindən idi. O, fantaziyasına güc verir, sözlərlə oynayırdı. Fikirləri qanadlanır, rəngbərəng quşlar kimi bir yerdən başqa yerə uçurdu. Lord Henri hiss edirdi ki, Dorian diqqətlə onu dinləyir. O bu gənci özünə məftun etmək istəyirdi və məqsədinə nail olmaq üçün bütün ağlını, natiqlik bacarığını işə salmışdı. Qonaqlar gülürdülər, Dorian heyranlıqla lord Henriyə baxırdı, tez-tez onun da dodaqları qaçırdı.

      Yeməkdən sonra lord Henri bağçaya çıxmaq istədiyini deyib ayağa qalxdı. Qapının ağzında Dorian onun qoluna toxundu:

      – Mən də sizinlə gedə bilərəmmi?

      – Axı siz, deyəsən, Basilə söz vermişdiniz ki, onun yanına gedəcəksiniz?

      – Mən sizin yanınızda qalmaq istəyirəm. Olar? Mənimlə söhbət edin. Heç kim sizin qədər gözəl danışmır.

      Lord Henri gülə-gülə cavab verdi:

      – Oh, bu günlük kifayət qədər danışmışam. İndi, sadəcə, həyatı müşahidə etmək fikrindəyəm. İstəyirsinizsə, birlikdə müşahidə edə bilərik, – deyə lord Henri gülümsədi.

      4

      Bir ay sonra axşamçağı Dorian lord Henrinin Meyferdəki evində kitabxanada oturub dostunu gözləyirdi. Lord Henri həmişəki kimi gecikirdi. Dorian əsəbiləşir, rəfdən götürdüyü şəkilli kitabları vərəqləyirdi. Arada incidiyini göstərmək üçün durub getmək istədi, amma dərhal fikrini dəyişdi.

      Nəhayət, qapının arxasından addım səsləri eşidildi.

      – Çox gecikirsiniz, Harri, – Dorian içəri girən adama baxmadan mızıldandı.

      – Təəssüf ki, bu, Harri deyil, mister Qrey, – cır qadın səsi cavab verdi. – Onun arvadıdır. Mən sizi Harri ilə şəkillərinizdən tanıyıram. Bir dəfə də ikinizi bir yerdə operada görmüşəm.

      Dorian yerindən dik atılıb üzr istədi və dedi:

      – Yəqin, Vaqnerin operasında.

      – Hə, mən Vaqneri çox sevirəm. Onun musiqisi o qədər səsli-küylüdür ki, başqalarına mane olmaqdan çəkinmədən yanındakılarla doyunca söhbət edə bilərsən. Düz demirəm?

      Qadın narahat baxışlarla Dorianı süzür, qəribə


Скачать книгу