İblisin vəkili. Эндрю Найдерман
Doğrudan?
‒ Növbəti müşavirədə danışaram.
Kevin razılıq əlaməti olaraq başını tərpədib Polun arxasınca otaqdan çıxdı, ancaq qapının ağzında ayaq saxladı.
‒ Sizdən bir şey soruşmaq istəyirəm, Ted… ‒ o, başqa işə keçmək barədə qərarına Miriam ilə öz valideynlərinin necə münasibət bəsləyəcəklərindən narahat idi.
‒ Eşidirəm.
‒ Yeni işinizi atanıza necə xəbər verdiniz?
‒ Ən böyük arzumun cinayət işlərinə çıxmaq olduğunu söylədim. Əlbəttə, mister Miltonun məndə dərin təəssürat yaratdığını da gizlətmədim.
‒ Axı siz ailə firmanızın varisi idiniz…
‒ Ooo, ‒ Ted gülümsəyib narazılıq hissi ilə başını yırğaladı. ‒ Tezliklə anlayacaqsınız ki, elə bura da ailə firmasıdır.
Kevin bu cavabdan məmnun qaldı. Tedin səmimiyyəti ona dərin təsir bağışlamışdı.
Gənc vəkil gələcək iş otağına qayıdıb böyük masanın arxasında oturdu. Əllərini boynunun ardında cütləyib kreslosuna söykəndi, sonra pəncərədən açılan mənzərəyə tamaşa etmək üçün üzünü çevirdi. Kevin özünü çox gözəl hiss edirdi. Baxmayaraq ki bu gün baş verənlərin yuxu deyil, həqiqət olduğuna indi hətta onun özü də güclə inanırdı – varlı firma, yüksək maaş, Manhettendə dəbdəbəli mənzil…
Kevin yenidən masaya doğru çevrilib siyirmələrə göz gəzdirdi. Burada ona gərək ola biləcək hər şey – təmiz qeyd kitabçaları, qələmlər, gündəlik var idi. O, siyirməni bağlamaq istəyirdi ki, küncdə nəsə diqqətini cəlb etdi. Zərgərlik mağazasından kiçik bir qutu…
Vəkil qutunu əlinə alıb qapağını açdı. Qutunun içində üzərinə «K» hərfi həkk olunmuş qızıl üzük gördü.
‒ Kresloya öyrəşə bilirsiniz? ‒ içəri daxil olan Pol soruşdu.
‒ Nə? Hə… Bu nədir? ‒ o, üzüyü göstərdi.
‒ Artıq tapmısınız? Bu, mister Miltondan xırda bir hədiyyədir. O bizim hamımız üçün belə üzüklər sifariş verib.
Kevin üzüyü qutudan ehmalca çıxarıb barmağına taxdı. Üzük barmağına düz gəldi. Bu, Kevini təəccübləndirdi, ancaq, deyəsən, Pol üçün qeyri-adi heç nə yox idi.
‒ Mister Milton belə xırda hədiyyələrlə bizi bir insan kimi necə qiymətləndirdiyini göstərmək istəyir. Firmamızı başqalarından fərqləndirən də budur, Kevin.
‒ Anlayıram, ‒ Kevin bir anlıq fikrə getdi, sonra yenidən üzüyə baxdı. ‒ Axı mister Milton hardan bilirdi ki, onun təklifi ilə razılaşacağam?
Pol çiyinlərini çəkdi.
‒ Sizə demişdim axı, o, insanları çox gözəl tanıyır.
‒ İnanılmazdır! ‒ Kevin kabinetə göz gəzdirdi. ‒ Bəs o… Caffi?
‒ Nə?
‒ Doğrudanmı, burada heç kim onun mənəvi əzablarını hiss etməyib, dəyişməyə başladığını görməyib?
‒ Onun sarsıntı keçirdiyini bilirdik. Üstəlik, bu ağır vəziyyətdən çıxması üçün kömək etməyə, əlimizdən gələni əsirgəməməyə çalışırdıq, ona zəng vururduq, yanına gedirdik. Mister Milton uşağı üçün dayə də tapmışdı… Əlbəttə, bu məsələdə biz öz məsuliyyətimizi hiss edirik, bəli, bu bizim günahımız idi…
‒ Mən təsəvvür etmirəm…
‒ Yox… Biz hamımız eyni binada yaşayırıq. Ona kömək etməli idik.
‒ Hamınız bir binada yaşayırsınız?
‒ Siz də ora köçəcəksiniz. Çox güman, elə Caffinin mənzilində yerləşəcəksiniz.
Kevin tutuldu. Miriam bunu necə qarşılayacaqdı?
‒ Bəs hadisə necə olub?
‒ Özünü eyvandan atıb, ‒ Pol sakit tərzdə cavab verdi. Sonra ağzını əyib gülümsündü. ‒ Amma siz narahat olmamalısınız. Mənzilin lənətləndiyini düşünmürəm.
‒ Buna baxmayaraq hesab edirəm ki, arvadıma hər şeyi danışsam yaxşıdır.
‒ Əlbəttə. Amma sizi inandırıram, yeni mənzilinizi görən kimi onun bütün tərəddüd və şübhələri aradan qalxacaq. Bundan sonra arvadınızı oradan vəhşi fil sürüsü də qova bilməyəcək!
IV fəsil
Yalnız sürətli magistraldan ara yola dönəndən sonra o, Miriamla həyatlarının necə kəskin dəyişəcəyini anladı. Yox, Kevin bundan peşman deyildi, əksinə, həyatı və karyerası barədə düşüncələr heç vaxt ona bu qədər xoş duyğular bəxş etməmişdi. Ancaq Miriamla bütün həyatları boyu yaşamağı arzuladıqları sakit şəhərciyə yaxınlaşdıqca illərin xəyalından əl çəkməyə hazırlaşdığını tam aydınlığı ilə dərk etməyə başladı. Bununla belə, gözlənilən bütün dəyişikliklər yaxşılığa doğru idi. Miriam da onları mütləq bəyənəcəkdi. Axı necə bəyənməmək olar? Kevin çoxlu pul qazanacaq və onlar, həqiqətən, arzu etdikləri böyük bir ev tikə biləcəklər. Həm də paytaxt sakinlərinə çevriləcəklər, insanı mənən sıxan əyalət həyatı ilə üzülüşəcəklər. Ən əsası isə çevrələrini genişləndirəcək, Blisdeyldə guya ali sayılan təbəqənin üzvlərindən daha maraqlı yeni dostlar tapacaqlar. Con Miltonun idarəsində işləyən digər iki vəkil Kevinin xoşuna gəlmişdi. O, tam əmin idi ki, yeni tanışları Miriamın da ürəyinə yatacaq.
Kevin köhnə ofisə qayıtdı, ona zəng vuran olub-olmadığını yoxladı. Miriam zəng edibmiş, amma Kevin qərara aldı ki, arvadı ilə evə qayıdandan sonra danışsın.
Gənc vəkil Miriamla birgə Blisdeyl-Qardenzdə yaşayırdı. Taxta kotteclərdən ibarət bu kompleks şəhərciyin kənarında, meşəlikdə yerləşirdi. İkimərtəbəli kotteclər kərpic buxarıları olan geniş və rahat mənzillərdən ibarət idi. Kompleksdə ümumi hovuz və iki torpaq tennis meydançası vardı. Ər-arvad burada özlərini çox rahat hiss edirdilər. Ancaq indi – evə qayıdanda yaşadığı yer Kevinin gözünə birdən-birə ucqar əyalət kəndi kimi göründü. Şəhərcik öz sakinlərinə sanki layla çalır, onları yuxu bataqlığına dartırdı. Kevin əvvəllər buna, demək olar, fikir verməmişdi. Hazırda isə bir tərəfdən diqqətlə ətrafdakı evləri gözdən keçirir, digər tərəfdən isə xəyalında onu qarşıda gözləyən yeni həyat canlanırdı.
Gənc vəkil maşını qaraja saldı, amma qapını açmağa macal tapmadı. Onu Miriam özü açdı. Qadının həyəcanlı olduğu dərhal gözə çarpırdı.
‒ Harada idin? Elə bilirdim, mənə zəng vuracaqsan və bir yerdə nahar edəcəyik. Axı bilirsən ki, narahatam. Senford Boyl nə dedi?
‒ Senford Boylu unut, ‒ Kevin qapını bağlayıb dedi. ‒ Karltonu və Sessleri də həmçinin.
‒ Nə? ‒ Miriam əllərini sinəsinə sıxdı. ‒ Nə üçün? Onlar sənə şəriklik təklif etmədilər?
‒ Şəriklik? Yox. Əksinə.
‒ Kevin, sən nə danışırsan?
Kevin başını