Kataloniyanı Xatırlarkən. Джордж Оруэлл
bir balaca inadkarlıq eləyən kimi dərhal xayasını təpikləməyə başlayırdılar.
Daha bizə şam vermirdilər. Kibritlər də çox az qalmışdı. İspanların köməyi ilə zeytun yağı, tənəkə süd qutusu, giliz və bir parça əskidən lampa düzəltməyi öyrənmişdik. Bir az zeytun yağı tapan kimi belə əldəqayırma lampaya doldurub yandırırdıq. Amma ətrafa möhkəm his yayılırdı. Hər belə lampa bir şamın işığının dörddə birini verirdi. Bu işıqda sadəcə qaranlıqda tüfəngimizi tapa bilirdik.
Əsl döyüşə bəslədiyimiz ümidlər hələ də doğrulmasmışdı. Monte Poçeronu tərk edərkən patronlarımı hesablamışdım. Üç həftə ərzində düşmənə cəmisi üç güllə atdığım aşkara çıxmışdı. Adətən deyirlər ki, bir adamı öldürmək üçün gərək min güllə sıxasan. Deməli, ilk faşisti öldürənə qədər hələ gərək iyirmi il də gözləyəydim. Monte Okurada düşmən daha yaxında idi. Tez-tez tüfəngə əl atmalı oluduq. Lakin gülləmin hələ də bir adama dəymədiyinə əmin idim. Həmin dövrdə cəbhənin bu hissəsində həqiqi silah tüfəng yox, meqafon idi. Düşməni öldürmək imkanı olmadığından üstünə qışqırırdıq. Müharibə aparmağın bu üsulu o qədər qeyri-adidir ki, onun üzərində yəqin ki, daha ətraflı dayanmaq lazımdır.
Əgər düşmən səngəri çox yaxın məsafədə idisə, hər iki tərəf qara – qışqırıqla biri-birinin səsini batırmağa çalışırdı. Biz bağırırdıq: Fascistas-maricones! Faşistlər cavab verirdilər. Viva Espana! Viva Franco!15 Əgər qarşılarında dayananların ingilis olduğunu bilirdilərsə, mütləq əlavə edirdilər: “İngilislər, go home!16 Bizə xaricilər lazım deyil!” Respublika qoşunları, xüsusən də könüllü dəstələr düşməni mənəvi cəhətdən ruhdan salıb sarsıtmaq üçün “qışqırmağın” mükəmməl texnologiyasını yaratmışdılar. Azacıq imkan düşən kimi döyüşçüləri, xüsusən də pulemyotçuları meqafonlarla təchiz edir, səsli təbliğata göndərirdilər. Onlara əvvəlcədən hazırlanmış material, əsasən də inqilabi ruhlu şüarlar verirdilər. Bu şüarlar vasitəsi ilə faşist əsgərlərinə dünya kapitalizminin əlaltıları olduqları, siyasi korluqları ucbatından öz qardaşlarına qarşı mübarizə aparmaları və s. məsələlər izah edilməli idi. Təbliğatın mühüm hissəsi faşistləri bizim tərəfimizə keçmələri üçün şirnikləndirməyə yönəlmişdi. Şüarlar fasiləsiz təkrarlanır, meqafon önündə əsgərlər biri-birini əvəz edirdilər. “Təbliğat” bəzən gecədən səhərə qədər çəkirdi. Bu işin müəyyən bəhrəsinin olması göz önündə idi. Faşistlər tərəfdən qaçan fərarilərin ilk növbədə uğurlu təbliğatımız nəticəsində bu addımı atdıqları güman edilirdi. Yəqin ki, bir vaxtlar sosialistlərin, yaxd anarxistlərin həmkarlar təşkilatının üzvü olan, indi isə keçmiş əqidədaşları ilə üzbəüz səngərdə dayanıb soyuqdan donan əsgərlər “Öz qardaş-larınıza silah qaldırmayın!” – çağırışından təsirlənirdilər. Əks tərəfə keçib-keçməmək məsələsində tərəddüd edən əsgər üçün eşitdiyi ani çağırış həlledici olurdu. Təbii ki, belə müharibə üsulu ingilis anlayışları ilə bir araya sığmırdı. “Meqafon müharibəsini” görəndə özüm də heyrətə gəlmişdim. Düşməni gülləbaran etmək əvəzinə sözlə inandırmaq? İndi isə həmin üsulun hər mənada özünü doğrultduğuna səmimi – qəlbdən inanıram. Artilleriyanı işə salmağa imkan olmadığı səmərəsiz mövqe savaşında özün üç nəfər itki vermədən üç dümən əsgərini aradan götürmək qeyri-mümkündür. Amma onlardan müəyyənini cəbhəni buraxıb qaçmağa inandıra bilsəniz, bu əla nəticədir! İstənilən halda fərarilər sənə meydan oxuyan düşməndən daha yaxşıdır. Çünki onlardan hansısa məlumat almaq olur. Amma ilk vaxtlar bu üsul bizi pərt eləmişdi. İspanların müharibəyə kifayət qədər ciddiyyətlə yanaşmadıqlarını düşünürdük. Bizdən sağ tərəfdəki P.S.U.C. dəstəsində "meqafon müharibəsini" əsl təbliğat ustası aparırdı. Bəzən inqilabi şüarlar qışqırmaq əvəzinə o, faşistlərə yediyimiz ləziz xörəklərdən danışmağa başlayırdı. Bu adamı respublika ordusunun qida rasionu ilə əlaqədar fantaziya qıtlığında günahlandırmaq çətin idi. “Qızardılmış çörək və yağ!” – əsgərin səsi dərə boyu əks-səda verirdi. “İndi biz qızardılmış çörəklə yağ yeyirik! Qızardılmış çörəyin üstünə yaxılan kərə yağı adama ləzzət eləyir!” Şübhəsiz, o da bizim kimi aylarla olmasa da, həftələrlə yağ üzü görməmişdi. Lakin faşistlər isti çörəklə kərə yağı haqqında iştah açan bir tərzdə deyilən sözləri eşidəndə, yəqin, ağızlarının suyunu saxlaya bimirdilər. Təbliğatçı həmkarımızın yüz faiz yalan danışdığını bildiyim halda mənim də ağzımın suyu axırdı.
Fevral ayında bir dəfə yaxınlığımızda uçan faşist təyyarəsi gördük. Həmişə belə hallarda olduğu kimi pulemyotu açıq yerə çıxardıq, lüləsini yuxarı qaldırıb daha yaxşı nişan almaq üçün arxası üstdə uzandıq. Yamacdakı mövqeyimiz düşmənə o qədər də əhəmiyyətli görünmürdü. Yəqin həmin səbəbdən də səmada az-az gözə dəyən faşist təyyarələri pulemyot atəşinə hədəf olmamaq üçün kənardan uçmağa çalışırdılar. Amma bu dəfə təyyarə düz üstümüzə gəlirdi. Həm də elə ucadan uçurdu ki, atəşə tutmaq mümkün deyildi. Təyyarədən atılan isə bomba deyil, havada uçuşan vərəqlər idi. Bir neçə vərəq də bizim səngərə düşmüşdü. Bu, Malaqanın süqutu haqda xəbər verən “Heraldo de Araqon” adlı faşist qəzeti idi.
Həmin gecə faşistlər səngərimizə uğursuz hücuma cəhd göstərmişdilər. Yorğunluqdan ayaq üstə güclə dayandığımdan yatmağa hazırlaşırdım. Birdən yuxarıda, başımızın üstündə açılan atəş səslərini eşitdim. Kimsə səngərin içərisinə əyilib “Düşmən hücuma keçib!”-deyə qışqırdı. Tüfəngi götürüb təpəyə, pulemyot bölüyünün yanındakı postuma qaçdım. Göz – gözü görmürdü. Dəhşətli səs-küy qopmuşdu. Yəqin bizi ən azı beş pulemyotdan atəşə tutmuşdular. Faşistlərin axmaqcasına az qala öz səngərlərinə tulladıqları qumbaralar boğuq səslə partlayırdı. Hər tərəfə zülmət qaranlıq çökmüşdü. Aşağıda, bizdən sol tərəfdəki dərədə düşmənin güllə yağışının yaşılımtıl işığı diqqətimi çəkdi. Deyəsən, hansısa faşist patrulu döyüşə girişmişdi. Qaranlıqda güllə parıltıları işıldayırdı. Başımızın üstündən keçən bir neçə mərminin vıyıltısı eşidildi. Amma bizim müharibədə tez-tez təsadüf etdiyimiz kimi atılan mərmilər də partlamadı. Arxadan pulemyot şaqqıltısı eşidiləndə əməlli-başı qorxuya düşdüm. İlk anda mühasirəyə alındığımızı fikirləşdim. Amma bir an sonra öz pulemyotumuz olduğunu anladım. Deməli, biz də atmağa başladıq. Lakin həmişəki kimi patronların keyfiyyətsizliyi üzündən güllə pulemyotun lüləsində ilişib qaldı. Şompol harasa yoxa çıxmışdı. Əlacımız dayanıb üstümüzə gələn düşməni gözləməyə qalmışdı. İspan pulemyotçuları heç vaxt gizlənmək haqda fikirləşmirlər. Əksinə, bəzən bilərəkdən özlərini güllə qabağına qoyurlar. İndi mən də onlar kimi hərəkət etməyə məcbur idim. İlk dəfə idi ki, sözün həqiqi mənasında atəş altında dayanmışdım. hərəkətim özümə alçaldıcı görünsə də, bərk qorxmuşdum. Atəş yağışına düşəndə həmişə belə olur. Səni vuracaqlarından daha çox
15
Viva Espana! Viva Franko (İsp) – Yaşasın İspaniya! Yaşasn Franko!
16
Go home! .(İng.) – Rədd olun!