Kataloniyanı Xatırlarkən. Джордж Оруэлл
könüllülərin belə balladaları höccələyə-höccələyə oxuyub əzbərlədiklərinin, sonra isə uyğun melodiya tapıb mahnı kimi oxuduqlarının dəfələrlə şahidi olmuşdum.
Bütün bu vaxtı Lenin kazarmasında qalır, cəbhəyə göndəriləcəyim günü gözləyirdim. Könüllü dəstəsinə yazılanda cəbhəyə ertəsi gedəcəyimizi demişdilər. Əslində isə yeni “senturion” yaranana qədər gözləməli olacaqdım. Müharibənin başlanğıcında həmkarlar ittifaqının tələm-tələsik bir yerə yığdığı fəhlələrdən ibarət könüllülər hərəkatı təşkilati baxımdan ordudan xeyli fərqlənirdi. Könüllülərin əsas hərbi vahidləri “seksiya” (təxminən otuz nəfər), “senturion” (yüz nəfərə yaxın) və “briqada” (burada istənilən sayda döyüşçü daxil ola bilərdi) idi. Lenin kazarmaları möhtəşəm binaları, maneji və daş döşəməli həyəti olan bütöv məhəllə idi. İyul döyüşlərinə qədər süvarilərin kazarmaları kimi tanınırdı. Tərkibinə mənim də daxil olduğum senturionun döyüşçüləri daşdan yonulmuş axurların hələ də durduğu tövlələrdən birində yerləşmişdilr. Axurların üstündə hətta atların adları da yazılmışdı. Bu nəcib heyvanlar çoxdan müsadirə edilib cəbhəyə göndərilsə də tövlədən at sidiyinin və yulafın qoxusu hələ çəkilməmişdi. Kazarmada bir həftəyə qədər yaşadım. Ən çox yadımda qalan daim burnumuzu qıcıqlandıran at iyi, bir də şeypurçuların inamsız ifası (hamısı çalmağı özləri öyrənən həvəskarlar idi; ispanların hərbi siqnallarını yalnız cəbhədə, faşist şeypurçularını dinləyəndən sonra ayırd edə bildim) oldu. Kazarmanın daş döşənmiş həyətində əks-səda verən nallı çəkmələrin taqqıltısı, qış günəşi altında bitib-tükənmək bilməyən sıra təlimləri, qum səpilmiş manejdə əlli nəfərin əlli nəfərə qarşı futbol yarışları yaddaşıma həmişəlik həkk olunmuşdu. O zaman könüllü dəstələrində xidmət edən qadınlar sayca nisbətən az idilər. Düşmənlə ilk qarşılaşmalarda kişilərlə çiyin-çiyinə vuruşurdular. Hamı buna adi hal kimi baxırdı. İnqilab zamanı belə vəziyyət təbii görünür. Lakin adamların təsəvvürləri dayanmadan dəyişirdi. İndi dəstənin qadın üzvləri manejdə təlim keçəndə kişiləri ora yaxın buraxmırdılar. Çünki yersiz atmacaları və şit-şit irişmələri ilə təlimə mane olurdular. Amma bir neçə ay əvvəl küçədə çiyni tüfəngli qadın görəndə gülmək bir kimsənin ağlına da gəlməzdi.
Kazarma çirkab içərisində idi. Hər tərəfdə qanunsuzluq hökm sürürdü. Əslində könüllülərin əlinə düşən binaların hamısının aqibəti biri-birinə bənzəyirdi. İstər-istəməz adamda çirkab və xaosun inqilabın ayrılmaz yol yoldaşına çevrilməsi təəssüratı yaranırdı. Bütün künclərdə sındırılmış mebel, əzik yəhərlər, mis süvari dəbilqələri, boş qınlar və çürüməkdə olan ərzaq qırıntıları qalaqlanmışdı. Könüllülər heç bir ehtiyac olmadan kazarmaya çoxlu ərzaq, xüsusən də çörək gətirirdilər. Qaldığım barakdan hər gün nahardan sonra yekə bir zənbil yemək atılırdı. Camaatın necə ehtiyac içərisində yaşadığını düşünsək, bu misli-bərabəri görünməyən biabırçılıq idi. Yonuımamış taxtalardan düzəldilmiş uzun, yöndəmsiz masa arxasında nahar edirdik. Yeməkləri daim yağlovça qoxuyan tənəkə kasalarda verirdilər. Şərabı porrona deyilən əcayib qabdan içirdik. Porrona dar boğazlı şüşəni xatırladırdı. Azacıq əyən kimi içərisindəki şərab fışqırtı ilə axıb tökülürdü. Porronadan yalnız lüləyi ağıza çox yaxınlaşdırmadan, əldən ələ ötürmək şərti ilə aralıda tutub içmək olardı. Bu əcayib qabı ilk dəfə əlimə alan kimi etirazımı bildirdim, parç tələb etdim. İçərisinə ağ şərab töküləndə porrona mənə isti su dolu rezin qızdırıcını xatırladırdı.
Tədricən çağırışçılara pal-paltar verilirdi. Lakin bura İspaniya olduğundan hər şeyi bir-bir gətirirdilər. Heç vaxt kimin nə aldığı bilinmirdi. Daha çox ehtiyac duyduğumuz şeyləri, xüsusən də kəmər və patrondaşları bizə ən son dəqiqədə, cəbhə qatarı hərəkətə başlayanda gətirdilər. Yuxarıda könüllülərin fərqli geyim forması haqqında danışmışdım. Paltarlarımızı sözün həqiqi mənasında “hərbi forma” adlandırmaq olmazdı. Bir tərəfdən baxanda hamının geyimi oxşar idi. Lakin eyni geyimli iki adam tapmaq da mümkün deyildi. Ordudakıların şalvarı məxmərdən tikilmişdi. Bənzərlik bununla da sona çatırdı. Bəzilərinun ayağında çarıq, bəzilərində tufli, bəzilərində isə uzunboğaz çəkmə vardı. Hamı zəncirbəndli gödəkçə geyinirdi. Gödəkçələrin bəziləri dəridən, çoxu isə rəngbərəng şal parçalardan tikilmişdi. Baş geyimlərinin forması döyüşçülərin sayı qədər müxtəlif idi. Papaqlara adətən partiya nişanları taxırdılar. Demək olar ki, hamı boynuna qırmızı, yaxud qırmızı-qara dəsmal bağlayırdı. Elə bu səbəbdən də könüllülər dəstəsi əsl qaraçı köçünü xatırladırdı. Özü də geyimlərin hamısı əvvəldən döyüşçülər üçün nəzərdə tutulmuş və fabrikdə hazırlanmışdı. Şəraiti göz önünə gətirəndə keyfiyyətləri o qədər də pis deyildi. Doğrudur, nazik pambıq parçadan olan köynəklər, yaxud corablar soyuqdan qətiyyən qorumurdu. Hələ heç bir hazırlıq görülmədiyi ilk aylarda könüllülərin hansı şəraitdə yaşadıq-larını isə ümumiyyətlə xatırlamağa dəyməz. Yadımdadır, iki ay əvvəl hansısa qəzetdə cəbhədən dönən R.O.U.M.5 liderlərindən birinin müsahibəsini oxumuşdum. O, ən qısa zamanda “hər könüllünün bir odeyal alacağını” vəd edirdi. Əgər kimsə, nə vaxtsa açıq səngərdə yatıbsa, bu sözləri oxuyanda onu mütləq üşütmə tutmalıdır.
Mən kazarmada yerləşəndən bir gün sonra təlim deyilən proses başlandı. Əvvəlcə hər tərəfdə təsəvvürəgəlməz qarmaqarışıqlıq hökm sürürdü. Əksəriyyəti kasıb Barselona məhəllələrinin sakinləri olan 16-17 yaşlı yeniyetmələrdən ibarət çağırışçıların beyni inqilab havası ilə dosa da, müharibə haqda adi təsəvvürləri yox idi. Onları hətta sıraya düzmək mümkün olmurdu. Nizam-intizamdan isə danışmağa dəyməzdi. Verilən əmr kimin xoşuna gəlmirdisə, sıradan çıxıb zabitlə mübahisəyə başlayırdı. Bizə təlim keçən dolubədənli, yaraşıqlı, üzünün təmiz, duru rəngi ilə diqqət çəkən leytenant çox cavan görünsə də, peşəkar hərbçi idi. Bu, şux qamətindən, iynənin ağzından təzə çıxmış kimi görünən hərbi formasından da aydın hiss edilirdi. Ən maraqlısı isə həqiqi, əqidəli sosialist kimi tanınması idi. Rütbə və vəzifələrinə baxmayaraq bütün döyüşçülərin bərabərliyi məsələsində əsgərlərdən daha qətiyyətli mövqe tuturdu. Hələ heç nədən xəbəri olmayan yeni çağırışçılardan biri ona “sinyor” deyəndə necə özündən çıxdığı indi də yadımdadır. “Nə? Sinyor? Kim mənə sinyor dedi? Məgər burada hamımız yoldaş deyilik?”. Amma belə münasibətin onun işini yüngülləşdirdiyini düşünmürəm. Hələlik çağırışçıların nə isə öyrəndiklərini demək də çətin idi. Xaricilərin hərbi təlimdə iştiraklarının o qədər də vacib olmadığını mənə demişdilər. (Hiss edirdim ki, ispanlar yalnız özlərinə xas bir səmimiyyətlə sərhədin o üzündən gələnlərin hamısının hərbi işi daha yaxşı bildiklərini düşünürlər). Onların sözünə fikir verməyib hamı ilə birlikdə təlimlərə qatılırdım. İlk növbədə pulemyot atmağı öyrənmək istəyirdim. Əvvəllər pulemyotla heç bir tanışlığım olmamışdı. Bizə ümumən silahla rəftarı öyrətməyəcəklərini
5
R.O.U.M. – Partido Obrero de Unifassion Marxista (İsp.) – Birləşmiş Marksist Fəhlə Partiyası