Kataloniyanı Xatırlarkən. Джордж Оруэлл

Kataloniyanı Xatırlarkən - Джордж Оруэлл


Скачать книгу
göstərirdi. İnqilab zamanı ispan süvarilərinin çoxlu sayda əla cins atları ələ keçirilmişdi. Atlar könüllülər arasında paylanmışdı. Onlar isə xüsusi qulluq tələb edən bu zavallı heyvanları ürəkləri çatlayana qədər çapıb öldürməkdən başqa bir şey bacarmırdılar.

      Yol ötən ilki məhsul yığımından sonra başlı-başına buraxılmış sarı, bəhərsiz tarlaların arasından keçirdi. Önümüzdə Alkuberreni Saraqosadan ayıran alçaq təpələr uzanıb gedirdi. Cəbhə xəttinə lap az qalırdı. Get-gedə bomba partlayışlarına, pulemyot atəşlərinə, qana və ölümə yaxınlaşırdıq. Ürəyimin dərinliklərində qorxu hiss edirdim. İndi cəbhədə sakitlik hökm sürdüyünü bilirdim. Amma həmvətənlərimin çoxundan fərqli olaraq Birinci Dünya müharibəsinin təcrübəsindən xəbərim vardı. O müharibədə iştirak etməsəm də hərb təsəvvürümə güllələrin vıyıltısı, mərmilərin od saçan dəhşətli partlayışı ilə həkk olunmuşdu. Amma müharibə deyiləndə gözlərim önündə daha çox çirkab, aclıq, soyuq və insan bədənini basmış bit-birə canlanırdı. Qəribə də olsa, soyuq mənə düşməndən də qorxulu görünürdü. Barselonada qaldığım günlər ərzində soyuqla bağlı fikirlər başımdan bir an da çıxmırdı. Hətta gecələr yuxuya gedə bilmirdim. Səngərlərə hakim kəsilən soyuq, səhərin alaqaranlığında dişin-dişinə dəyə-dəyə gözlərini açmaq, qırov basmış tüfənginə söykənib saatlarla qarovulda dayanmaq, buz kimi çirkli su dolmuş ayaqqabıların fırça-fırç səsi haqqında düşünürdüm. Yanımca addımlayan silahdaşlarıma baxanda məni dəhşət bürüyürdü. Hərəsi bir tərəfdən gəlmiş bu adamların necə əcayib dəli yığnağına bənzədiklərini gözünüz önünə gətirə bilməzsiniz. Qoyun sürüsü kimi başımızı aşağı salıb gedirdik. İki saat keçməmiş arxadakıları gözdən itirdik. Yekə-yekə döyüşçü adlandırılan könüllülərimizin yarısı uşaq idi. Həm də sözün həqiqi mənasında uşaq! Bəzilərinin heç on altı yaşı tamam olmamışdı. Amma hamısı özünü çox xoşbəxt sayırdı. Nəhayət, cəbhəyə gəlmələrinin sevincindən az qala başlarını itirmişdilər. Ön atəş xəttinə yaxınlaşanda əllərində qırmızı bayraq irəlidə gedənlər “Visca P.O.U.M.! Fascistas-maricones7! -deyə qışqırmağa başladılar. Qışqırıqlarının mümkün qədər qorxunc və təhdidedici olmasına çalışırdılar. Lakin uşaqların dilində bu səs-küy pişik miyoltusu kimi zəif-şikayətçi tərzdə çıxırdı. Deməli, Respublikanın müdafiəçiləri cır-cındır geyimli, atmağı bacarmadıqları köhnə tüfənglərlə silahlanmış uşaq-muşaq idi. Yadımdadır, o zaman öz-özümdən sual edirdim: əgər qəflətən başımızın üstündə faşist təyyarəsi görünsə, onda nə olacaq? Təyyarəçi lap aşağı enib hamımızı pulemyot atəşi ilə biçəcək? Düşünürdüm ki, heç birimizin həqiqi döyüşçüyə bənzəmədiyini havadan da görmək mümkündür.

      Təpəyə çatandan sonra sağa döndük, qatırların saldığı cığırla zirvəyə tərəf qalxmağa başladıq. İspaniyanın bu hissəsində təpələrin qəribə forması vardı – onlar zahirən nala bənzəyirdilər, zirvələri yastı, yamacları isə çox sərt idi. Yamaclar hamısı dərin dərələrə enirdi. Təpələrdə yalnız sısqa kollar, bir də ciriş ağacları bitirdi. Hər yerdə torpağın altından çıxmış ağ əhəng daşları gözə dəyirdi. Cəbhə xətti təbii ki, səngərlərin düz sırasından ibarət deyildi. Belə dağlıq yerdə düz xətt boyu uzanan səngər qazmaq çətin məsələdir. Ona görə də cəbhə xətti deyiləndə ilk növbədə təpələrin başındakı möhkəmləndirilmiş məntəqələr silsiləsi nəzərdə tutulurdu. Onlar “mövqe” adlanırdı. Uzaqdan “nalın” düz yuxarı hissəsində yerləşən “mövqeyimizi” görmək mümkün idi. Qum doldurulmuş kisələrdən sipər, havada dalğalanan qırmızı bayraq, tonqalın tüstüsü onun yerini dəqiq nişan verirdi. Lap yaxına gələndə isə sizi ürək bulandıran şirintəhər iy vuracaqdı. Həftələrlə bu dəhşətli qoxu burnumdan çəkilmirdi. Aylarla bütün tullantılar – kiflənmiş çörək qabıqlarından ibarət bütöv bir təpə, insan nəcisi və paslanmış konserv bankaları “mövqenin” iki addımlığında dağ kimi qalaqlanıb ətrafa dəhşətli üfunət yayırdı.

      Bizim ön xətdə əvəz edəcəyimiz rota artıq bağlamalarını yığırdı. Onları bura üç ay əvvəl gətirmişdilər. Pal-paltarları çirk içərisində idi, çoxunun ayaqqabılarının altı qopub aralanmışdı, sifətlərini qalın tük basmışdı. Mövqenin komandiri, hamının nədənsə Bencamin cağırdığı kapitan Levinski öz səngərindən çıxıb gəldi.

      Fransız dilində əsl fransız kimi danışan Polşa yəhudisi idi. Təxminən iyirmi beş yaşlarında olardı. Boyu balaca, cod saçları qapqara idi. Canlı və solğun sifəti səngərdəkilərin hamısı kimi çirkə-pasa batmışdı. Başımızın üstündən, amma çox yuxarıdan vıyıltı ilə bir neçə təsadüfi güllə keçdi. Mövqe təxminən qırx beş metr ölçüdə, yarımdairə şəklində qurğudan ibarət idi. Ön tərəfdə içərisinə qum doldurulmuş kisələrdən və əhəngdaşı parçalarından sipər düzəldilmişdi. Atəş xəttinin arxasında siçovul yuvasını xatırladan otuz, bəlkə də qırx kiçik səngər qazılmışdı. Vilyam, mən, bir də Vilyamın ispan qaynı özümüzü rastımıza çıxan ilk səngərə saldıq. Qarşı tərəfdən tək-tək atılan güllə səsləri eşidilirdi. Atəş dalğa-dalğa ətrafa yayılıb qayalarda əks-səda verirdi. Bağlamalarımızı səngərin dibinə atıb yuxarı qalxmağa macal tapmamış yenə atəş açıldı. Ardınca da dəstəmidəkilərdən biri özünü tələsik səngərə tulladı. Üz-gözü qan içində idi. Sən demə, həvəslənib tüfəng atmaq istəyirmiş, amma gözlənilmədən çaxmaq partlamışdı. Ətrafa saçılan qırmalar başının dərisini yaralamışdı. Bu cavan oğlan ilk yaralımız idi. Zədəni özü-özünə vurmuşdu.

      Axşam ilk döyüşçülərimizi qarovula göndərdik. Bencamin isə mövqeni başdan-başa bizə göstərdi. Sipərin önündə, qayalıqda sadəcə biri-birinin üstünə qalaqlanmış əhəng daşlarından ibarət çox bəsit ambrazuraları olan ensiz tranşeylər qazılmışdı. Tranşeylərdə qarovul xidmətinə çıxan on iki nəfər yerləşə bilərdi. Səngərlərin önünə tikanlı məftil çəkilmişdi. Yamac isə elə bil dibsiz yarğana enirdi. Qarşı tərəfdə boz və soyuq çılpaq təpələr, bəzən də iri, sal qayalar gözə dəyirdi. Heç yerdə həyat nəfəsi hiss olunmurdu. Hətta quşlar da uçmurdular. Faşist səngərlərini görmək üçün ehtiyatla başımı qaldırıb ambrazuranın o biri tərəfinə baxdım.

      –Düşmən haradadır?

      Bencamin əli ilə havada enli dairə cızdı.

      –Orada (Bencaminin ingiliscəsi dəhşət idi)

      –Harada orada?

      Mövqe müharibəsi haqqındakı təsəvvürlərimə görə faşist səngərləri haradasa bizimkilərdən əlli-yüz metrlik məsafədə yerləşməli idi. Amma gözə heç nə dəymirdi. Yəqin səngərlərini yaxşı gizlətmişdilər. Yalnız sonradan anladım ki, Bencamin yarğanın o biri tərəfini, qarşıdakı təpənin zirvəsini göstərir. Aradakı məsafə təxminən yeddi yüz metr olardı. Diqqətlə baxanda həqiqətən də ensiz zolaq kimi uzanıb gedən sipəri və yuxarıda dalğalanan sarı-qırmızı rəngli bayrağı gördüm. Doğrudan da düşmən mövqeyi idi. Dərhal ağlagəlməz ruh düşkünlüyünə qapıldım. Gör düşməndən nə qədər aralıda idik! Belə uzaq məsafədə tüfənglərimiz bir işə yaramayacaqdı.


Скачать книгу

<p>7</p>

Yaşasın P.O.U.M! Faşistlər qorxaqdır! (İsp.)