Radetski Marşı. Йозеф Рот
heç getməyəcəkdi. Dürüst ol, Trotta! Səni qızların yanına mənim apardığımı de.
Bölgə qubernatoru bığaltı gülərək susdu. Rəssam Moser uzun bir söhbətə başlayacaqmış kimi hazırlıq gördü. Qovluğu səkiyə qoydu, şlyapasını əlinə aldı, bir ayağını bir az önə ataraq danışmağa başladı.
–İlk dəfə tətildə qarşılaşmışdıq, hər halda xatırlayarsan. – Birdən-birə dayanıb tələsik hərəkətlərlə ciblərini yoxladı. Alnında muncuq böyüklüyündə tər dənələri yığılmışdı. – İtirdim, – deyə qışqırıb titrəyərək səndələdi. – Pulu itirdim.
Elə o anda otelin qapıçısı çölə çıxdı. Qızıl zolaqlı şlyapasını şişirdilmiş bir şəkildə yelləyərək bölgə qubernatoruyla leytenantı salamladı. Rəssam Moseri otelin qarşısında səs-küy salmaqdan, otel qonaqlarını təhqir etməkdən məhrum edəcəkmiş kimi görünürdü. Yaşlı Trotta əlini iç cibinə saldı, rəssam səsini kəsdi.
–Mənə dəstək ola bilərsənmi? – deyə yaşlı Trotta oğlundan soruşdu. Leytenant dedi:
–Professoru bir az müşayiət edim. Xudahafiz, ata.
Bölgə qubernatoru silindr şlyapasını yüngülcə qaldırıb salam verərək otelə girdi. Leytenant professora bir banknot uzatdıqdan sonra atasının arxasınca getdi. Rəssam Moser qovluğu yerdən qaldırdı, ağır bir tərzdə uzaqlaşdı.
Axşamın qaranlığı artıq küçələrə çökmüşdü, otelin lobbisi də qaranlıq idi. Bölgə qubernatoru otağın açarları əlində, silindr şlyapasıyla çəliyi yanında, alaqaranlığın bir parçasıymış kimi dəri kresloda otururdu. Oğlu sanki Moser hadisəsinin rəsmi nəticəsini bildirmək istəyirmiş kimi aralarına hörmətlə məsafə buraxaraq qarşısına keçdi. Hələ lampalar yandırılmamışdı. Qaranlıq səssizliyin içindən yaşlı kişinin səsi gəldi:
–Sabah günortadan sonra saat üçə on beş dəqiqə işləmiş yola çıxırıq.
–Bəli, ata.
–Musiqi dinləyərkən orkestrin rəhbəri Nexvalı ziyarət etməli olduğun yadıma düşdü. Əlbəttə, baş çavuş Slamadan sonra. Vyanada başqa bir işin varmı?
–Şalvar və siqaretqabını gətirtməliyəm.
–Başqa?
–Başqa bir işim yoxdu, ata.
–Sabah günortadan əvvəl dayına baş çəkəcəksən. Hər halda unutmusan. İldə neçə dəfə ona qonaq olurdun?
–İldə iki dəfə, ata.
–Gördükdə məndən salam deyərsən. Gələ bilmədiyim üçün üzr istəyərsən. Yeri gəlmişkən, bizim Stranski necədir?
–Sonuncu dəfə gördükdə çox yaxşı idi.
Bölgə qubernatoru çəliyinə yönəlib önə uzatdığı əlini ayaq üstə dayanarkən vərdiş etdiyi kimi sanki Stranskidən bəhs edərkən xüsusi bir dəstək lazım olurmuş kimi gümüş tutacağın üstünə söykədi.
–Onu axırıncı dəfə on doqquz il əvvəl görmüşəm. O zamanlar hələ baş leytenant idi. Koppelmanna elə o zamanlardan aşiq idi. Çarəsiz sevgi! Olduqca problemli bir məsələ idi… Nə edəcəksən, aşiq idi. – Koppelmann adını digər sözlərə görə daha səsli, vurğulu şəkildə deyirdi. – Başlıq pulunu, əlbəttə, düzəldə bilmədilər. Anan məni az qala yarısını ödəməyə razı salacaqdı.
–Ordudanmı ayrıldı?
–Bəli, elə oldu. Şimal dəmir yollarına keçdi. Bu gün nə vəziyyətdədi? İdarə Heyətindədi yəqin, elə deyilmi?
–Bəli, ata.
–Bəli, bəli. Oğlunu əczaçılığa qoymamışdımı?
–Xeyr, ata, Aleksandr hələ liseyə gedir.
–Demək, elə. Bir az axsayırmış, elə eşitdim, doğrudurmu?
–Bir ayağı daha qısadı.
Yaşlı kişi Aleksandrın axsayacağını on doqquz il əvvəldən bilirmiş kimi "eh" deyərək söhbətə son verdi.
Yerindən dikəldi, girişdəki lampalar yanaraq yaşlı Trottanın solğun üzünü işıqlandırdı.
–Pulu götürməyə gedirəm, – deyərək pilləkənlərə yönəldi.
–Mən götürərəm, ata, – Karl Cozef dedi.
–Təşəkkür edirəm, – bölgə qubernatoru dedi.
Sonra xəmir xörəklərini yeyərkən Karl Cozefə dedi:
–Sənə Baküs salonlarını tövsiyə edirəm, – dedi. – Yeni bir şey varmış. Bəlkə Smekala rast gələrsən.
–Təşəkkür edirəm, ata. Gecən xeyrə qalsın.
Karl Cozef günortadan əvvəl saat on bir ilə on iki arasında dayısı Stranskinin yanına getdi. İdarə Heyətinin üzvü hələ də ofisdə idi; qızlıq soyadı Koppelmann olan arvadı bölgə qubernatoruna salamlarını çatdırdı. Karl Cozef Rinqkorsodan otelə doğru yola düzəldi. Tuxlaubenə döndü, şalvarı otelə göndərmələrini tapşırıb siqaretqabını götürdü. Siqaretqabının səthi soyuq idi; soyuq metal incə köynəyinin cibindən hiss edilirdi. Baş çavuş Slamanın evinə edəcəyi başsağlığı ziyarəti yadına düşdü və qəti şəkildə içəri girməməyə qərar verdi. Elə şüşəbənddəcə "Başınız sağ olsun, herr Slama" deyəcəkdi. Görünməz tarla quşları mavi qübbənin altında ötəcək, cırcıramaların çıxardığı sürtünmə səsləri eşidiləcəkdi. Jandarm Birliyinin kiçik bağçasında hələ yenicə açan tumurcuqların arasında samanlarla akasiya ağaclarının gecikmiş qoxusunu hiss edə bilirdin. Frau Slama ölmüşdü. Baptizm sənədinə görə Kati, Katerina Luise ölmüşdü.
Evə dönürdülər. Bölgə qubernatoru qovluğu götürdü, başını şüşənin yanındakı kreslonun qırmızı ipək yastığına söykəyərək gözlərini yumdu.
Karl Cozef atasının başını ilk dəfə üfüqi vəziyyətdə görürdü; incə, sümüklü burnunun pərləri genişlənmişdi; təraşlı, pudralanmış çənəsinin ortasında kiçik bir çuxur vardı, bakenbardları iki qara qanad kimi yavaşca aşağıya doğru genişlənirdi. Bakenbardların üst küncləri güclə seziləcək dərəcədə çallaşmağa başlamış, yaşlılıq həmin hissəylə gicgahlara yüngülcə toxunmuşdu. Karl Cozef düşündü ki, günlərin birində öləcək. Öləcək, dəfn ediləcək. Mən burada qalacağam.
Kupedə tək idilər. Yuxulayan atasının çöhrəsi yastıqların qırmızı alaqaranlığında sakitcə sallanırdı. Qara bığın altındakı solğun, incə dodaqlar bir xətt kimi idi; nişastalı yaxalığın parlaq küncləri arasındakı incə boynunun üzərində qırtlağın təraşlı çıxıntısı yüksəlir, bağlı göz qapaqlarının qırışmış dərisi davamlı olaraq yüngülcə titrəyir, qırmızı şərab rəngində olan geniş qalstuk nizamlı bir şəkildə enib-qalxır, sinənin üzərində çarpaz qovuşdurulan qolların altında kreslo altlarına soxulmuş əllər belə yatırdı. Dincələn atasından ətrafa böyük bir sükunət yayılırdı. Burun ilə alın arasına gömülmüş dərin xətdə ifadəsini tapan avtoritar xarakter də dağların arasındakı sarp yarıqlarda dincələn fırtınalar kimi yuxuya getmişdi. Karl Cozef bu izi çox yaxşı tanıyırdı. Eyni iz Trottaların qəzəblə dolu dekoruyla Solferino qəhrəmanının