Radetski Marşı. Йозеф Рот
Barabanların kəskin səsi nizamlı aralıqlarla at nallarının monoton taqqıltısını kəsir, minicilərin qırmızı şalvarları ilə cins heyvanların qəhvəyi gövdələri şəhəri qan rəngli bir ehtişama boyayırdı. Küçələrin kənarlarında yurddaşlar toplaşır, dükan sahibləri dükanlarını, kafelərin avara müştəriləri masalarını, şəhərin polisləri adi iş yerlərini, bazar yerinə təzə tərəvəz gətirən kəndlilər də atlarıyla arabalarını tərk edirdi. Təkcə şəhər parkının yaxınlığında yerləşən bir neçə faytonçu arabalarının üstündəki yerlərindən ayrılmırdı. Hərbi keçid yuxarıdan yolun kənarıyla müqayisədə daha yaxşı görünürdü, faytonların yaşlı atları gənc, sağlam atların görkəmli keçidini donuq bir laqeydliklə salamlamaqda idi. Süvarilərin cins atları on beş ildir sadəcə arabaları stansiyaya aparıb-gətirən baxımsız atların uzaq qohumları idi.
Karl Cozef və baron von Trotta atlara qarşı laqeyd idi. Bəzən damarlarında atalarının qanının gəzdiyini hiss edirdi, onlar heç bir zaman süvari olmamışdı. Döyənəkli əllərindəki dırmıqla torpağı qarış-qarış daramış, kotanı tarlanın məhsuldar torpaqlarına batırmış, cüt qoşulmuş heybətli öküzlərini bükülü dizlərlə izləmişdilər. Heyvanları mahmız və qırmancla deyil, söyüd budağından düzəldilmiş çubuqlarla sürərdilər. İtilənmiş oraqları qollarıyla yuxarıdan şimşək kimi endirər, öz əkdikləri rəhməti biçərdilər. Babasının atası kəndli idi, kökləri Sipolje kəndinə söykənirdi. Sipolje sözünün qədim bir mənası vardı. Bugünkü slovenlər belə bu mənanı artıq bilmirdi. Amma Karl Cozef kəndi tanıdığını düşünürdü. Atasının siqaret otağının yuxarı kandarının altında asılmış portreti təsəvvür edincə gözlərinin qarşısında Sipolje peyda olardı. Adsız dağların arasında, adsız bir günəşin qızıl kimi parıldayan şüalarının altında kərpiclə samandan tikilmiş kasıb daxmaların olduğu gözəl, yaxşı bir kənd… Uğrunda zabitlik karyerası belə fəda edilə biləcək bir kənd!
Yaxşı görək! Karl Cozef kəndli deyil baron idi; Ulanlar alayında leytenantlıq rütbəsi vardı. Başqaları kimi şəhərdə bir otaqda deyil, qışlada qalırdı. Otağının pəncərəsi həyətə baxırdı. Düz qarşısında əsgər yataqxanaları vardı. Günortadan sonra qışlaya geri döndükdə, böyük, cüt qanadlı qapı arxasınca hər dəfə bağlandıqda əsir düşdüyü və qapının bir daha əsla açılmayacağı hissinə qapılırdı. Mahmızları çılpaq daş pilləkəndə soyuq bir səslə şaqqıldadı, yerə basarkən çəkmələrinin çıxardığı səs dəhlizin qəhvəyi taxta döşəməsində əks-səda verdi. Ağ əhəng divarlar yavaşca gücünü itirən günün işığını bir az olsun əsir götürür, sanki sadə bir qənaətcillik duyğusu içərisində ictimai qaz lampalarının axşam qaranlığı hələ tam çökməzdən əvvəl yandırılmamasını güdürmüş, gün işığını qaranlıqda sərf etmək üçün gün boyunca yığıbmış kimi onu çölə əks etdirirdilər. Karl Cozef lampanı yandırmadı. Zahirən onu qaranlıqdan ayıran, amma əslində qaranlığın tanış, sərin çöl divarını meydana gətirən şüşəyə alnını söykəyərək əsgər yataqxanalarının sarı işıqlı səmimi mühitinə baxdı. O adamlardan birinin yerində olmaq istəyərdi. Orada dövlətə aid kobud, sarı köynəkləriylə yarıçılpaq halda oturmuş, yataqlarının kənarlarından çılpaq ayaqlarını yelləyir, mahnı oxuyur, danışır, ağız qarmonu çalırdılar. Payızın olduqca irəliləmiş olduğu günün toplantıdan bir saat sonra, yatmaq vaxtını bildirən şeypur səsindən saatyarım əvvəlki bu saatında qışla nəhəng bir gəmiyə bənzəyirdi. Karl Cozefə belə sanki qışla yavaşca yellənirmiş; böyük, ağ şlyapalı çəlimsiz, sarımtıl qaz lampaları yad bir okeanın dalğalarının nizamlı ritmiylə enib-qalxırmış kimi görünürdü. Əsgərlər tanımadığı bir slavyan dilində mahnı oxuyurdu. Sipoljenin yaşlı kəndliləri onları hər halda anlayardılar! Sirli portreti siqaret otağının üst kandarının altında unudulub gedən babası da onları başa düşərdi. Məchul yaşlı soyundan geridə qalan yeganə və son simvol olaraq Karl Cozefin yaddaşı bu portretə pərçimlənmişdi. Bax o soyun ardıcılı idi Karl Cozef. Alaya gəldikdən bəri özünü atasının oğlu olaraq deyil, babasının nəvəsi kimi hiss edirdi, bəli, o, sirli babasının nəvəsi idi. Qarşıda heç dayanmadan ağız qarmonu çalınırdı. Kobud, qəhvəyi əllərin aləti qırmızı ağızlara yapışmış vəziyyətdə irəli-geri hərəkət etdirməsini, metalın ara-sıra parlamasını görə bilirdi. Musiqinin yaydığı böyük hüzn bağlı pəncərələrin içindən keçərək həyətin qaranlığına axır; qaranlığı doğma torpaq, arvad, uşaq, kənd həsrətiylə doldururdu. Bu əsgərlər kəndlərində basırıq daxmalarında yaşayar, gecələr arvadlarını, gündüzlər isə tarlalarını dölləndirərdilər. Daxmalarının ətrafı qışda dümağ, hündür bir qarla əhatələnər, yayda isə sarı buğda əllərindəki bellərinin ətrafında dalğalanardı. Kəndli idi onlar, kəndli! Trottaların soy-kökü onlardan fərqli yaşamamışdı. Fərq yox idi aralarında!
Payız olduqca irəliləmişdi. Səhər qalxınca günəş qan qırmızısı rəngində olan bir portağal kimi göy üzünün şərq ucunda peyda olurdu. Qaramtıl küknarlarla əhatələnmiş geniş, yamyaşıl Wasserwiesedə bədən təlimləri başlayınca, gümüşü buludlar ağır-ağır dikəlir, təkcə tünd mavi uniformaların sərt, nizamlı hərəkətləri buludları dağıdırdı. Sonra günəş solğun, hüznlü bir şəkildə yüksəlir, donuq işığı qara budaqların arasına soyuq, yad çöhrəsiylə nüfuz edirdi. Buz kimi soyuq leysan yağışı mərhəmətsiz bir daraq kimi cins atların qızıla çalan tüklərinin üzərindən keçir, qonşu otlaqdan atların isti axurlarına olan həsrətlərini dilə gətirən acı kişnəmələri yüksəlirdi. "Karabin məşqləri" keçirilirdi. Karl Cozef qışlaya dönüşünü dörd gözlə gözləyirdi. Saat onda verilən on beş dəqiqəlik "fasilə"dən; pivə içib polkovnik Kovacsı gözləmək üçün yaxınlıqdakı pivəxanada bir yerə yığışan yoldaşlarıyla etməyə məcbur olduğu söhbətlərdən qorxurdu. Kazinodakı axşamlar daha da xoşagəlməz idi. Bir azdan başlayacaqdı, qatılmaq da zəruri idi. Yatmaq saatı yaxınlaşmaqda idi. Qışlaya dönən əsgərlərin tünd mavi kölgələri həyətin qaranlığında hələ indidən ora-bura qaçışır, baş çavuş Reznisek əlində sarımtıl bir şəkildə parıldayan fənərlə qapıdan çıxır, şeypurçular qaranlığın içində toplaşırdılar. Sarı düyüdən olan alətlər uniformaların tünd parlaq mavi rənginin qarşısında işıldayır, axurlardan atların yuxulu kişnərtiləri eşidilirdi. Göy üzündə ulduzlar qızıl və gümüş muncuqlar kimi göz vururdu.
Qapı döyüldü, Karl Cozef heç tərpənmədi. Xidmətçi əsgərdir, necə olsa içəri girər. İndi girər. Adı Onufrijdi. Bu adı yadda saxlamaq nə qədər uzun zaman aldı! Onufrij! Babası bu adı bilirdi.
Onufrij içəri girdi, Karl Cozef alnını şüşəyə söykədi. Arxasında xidmətçi əsgərin dabanlarını bir-birinə vurduğunu eşitdi. Onufrijin bu gün "bazar icazəsi" vardı. Lampanı yandırıb bir kağızı imzalamalı idi. Karl Cozef arxasına dönmədən lampanı yandırmağı əmr etdi. Qarşıda əsgərlər hələ də ağız qarmonu çalırdılar.
Onufrij lampanı yandırdı. Karl Cozef qapı pərvazındakı düymənin basıldığını eşitdi. Arxası işıqlandı. Pəncərədə hələ də dördbucaqlı bir qaranlıq asılıydı, qarşıdakı yataqxanaların sarımtıl işığı solğun bir şəkildə parıldayırdı (elektrik işığı təkcə zabitlərə verilirdi).
– Hara gedəcəksən bu gün? – deyə Karl Cozef əsgər yataqxanalarına