Radetski Marşı. Йозеф Рот
Solğun, sısqa Taittinger qılıncını qınından tutub uzun, incə addımlarla frau Horvatın salonunda masadan masaya gəzirdi, bayat bir əyləncənin yavaş-yavaş gəzişən təşkilatçısıydı. Kindermann çılpaq qadın qoxusunu hiss edincə bayılırmış kimi olur, dişi cinsiyyəti ürəyini bulandırırdı. Mayor Prohaska tualetdə qısa, qalın barmağını ciddiyyətlə boğazına soxmağa çalışırdı. Frau Resi Horvatın ipək paltarları evin hər küncündə xışıldayır; böyük, qara gözləri hədəfsiz bir şəkildə enli, solğun üzündə fır-fır fırlanır, piano tuşu böyüklüyündəki protez dişləri geniş ağzında dümağ parlayırdı. Trautmannsdorff frau Horvatın hərəkətlərini oturduğu küncdən xırdaca, yaşılımtıl baxışlarıyla sürətlə izləyirdi. Sonra ayağa qalxaraq əlini frau Horvatın dekoltesinə soxdu. Əli döşlərin içində ağ siçanın ağ təpələrdə yox olması kimi yox oldu. Musiqinin köləsi pianoçu Pollak isə qara işıqları əks etdirən pianonun başında kürəyi önə doğru qövsvarı şəkildə oturub tuşlara basarkən, sərt manjetlərinin tıqqıltısı metallik səsləri müşayiət edirdi.
Resi xala! Resi xalanın yanına gedilirdi. Polkovnik aşağıda üzünü çevirib dedi:
– Yaxşı əyləncələr, cənablar. – Səssiz küçədə iyirmi səs: "Hörmətimizi bildiririk, cənab polkovnik" – deyə guruldadı. Qırx mahmız bir-birinə vuruldu. Alay həkimi Maks Demant utancaqlıqla qrupdan ayrılmağa cəhd elədi. Leytenant Trottadan yavaşca soruşdu:
– Siz də onlara qoşulmağa məcbursunuzmu?
– Yəqin elə lazımdır, – deyə Karl Cozef pıçıldadı. Alay həkimi heç bir söz demədən yoluna davam etdi. Bu iki nəfər kiçik şəhərin səssiz, ay işığının işıqlandırdığı küçələrində şaqqıltılar arasında nizamsız bir şəkildə yeriyən zabitlər qrupunun ən sonuncuları idi. Bir-birləriylə danışmırdılar. Hər ikisi də pıçıldayaraq verilən sualın, pıçıldayaraq verilən cavabın onları bir-birinə bağladığını hiss edirdi, başqa bir şey edə bilməzdilər. Hər ikisi də alaydakılardan fərqli idi, ən çoxu yarım saatdan bəri tanış idilər.
Karl Cozef birdən-birə dedi:
– Kati adlı bir qadını sevdim. Öldü.
Bunu niyə dediyini bilmirdi. Alay həkimi dayanıb üzünü leytenanta tutaraq dedi:
– Başqa qadınları da sevəcəksiniz.
Yola davam etdilər. Uzaqlardakı qatar stansiyasından gecə işləyən qatarların fit səsləri gəlirdi. Alay həkimi dedi:
– Getmək istəyirəm, çox uzaqlara getmək istəyirəm.
Resi xalanın mavi fənərinin önünə çatmışdılar. Kapitan Taittinger bağlı qapını döydü. Kimsə qapını açdı. İçəridə piano dərhal çalınmağa başladı: “Radetski” marşı. Zabitlər salona üz tutdular. Taittinger "Bir-bir azalın!" əmrini verdi. Qarşıdan gülüşərək gələn çılpaq qızlar qıvraq toyuq dəstəsinə bənzəyirdilər.
–Tanrı sizinlə olsun, – Prohaska dedi. Trautmannsdorff bu dəfə dərhal, hələ ayaq üstə dayanarkən əlini frau Horvatın döşlərinə salıb bir daha da çıxarmadı. Frau Horvatın mətbəxlə zirzəmiyə nəzarət etməsi lazım idi; baş leytenantın oxşamalarının onu gözlə görüləcək bir şəkildə narahat etməsinə baxmayaraq, qonaqpərvərliyin öhdəçiliklərinə dözməyə məcbur olaraq yoldan çıxarılmağa razı oldu. Leytenant Kindermannın üzü dümağ olmuşdu, qızların çiyin-lərindəki pudradan daha ağ idi. Mayor Prohaska mineral su sifariş verdi. Onu yaxından tanıyan hər kəs bu gün çox sərxoş olacağını əvvəlcədən görə bilərdi. Mineral su ilə sadəcə spirtli içkinin yolunu açırdı, lap əhəmiyyətli bir qəbuldan əvvəl yolların təmizləndiyi kimi.
– Həkim bizimlə gəldimi? – deyə yüksək səslə soruşdu; sonra elmi bir ciddiyyətlə həmişəki solğunluğu, həmişəki sısqalığıyla dedi. – Xəstəliklərin mənbəyindəcə araşdırılması lazımdır.
Zabitliyə namizəd Barensteynin gözlüyü indi ağa çalan sarışınlıqda olan bir qızın gözündə idi. Özü isə kiçik, qara gözlərini qırparaq oturub qəribə heyvanlara bənzəyən qəhvəyi, tüklü əllərini qızın üstündə gəzdirirdi. Axırda hər kəs bir yerdə oturmuşdu. Qırmızı divanın üzərindəki həkim ilə Karl Cozefin arasında iki qadın dizlərini birləşdirib donuq halda otururdu; Karl Cozeflə həkimin çarəsiz üz ifadələri onları qorxutmuşdu. Qara paltarlı, ciddi görünüşlü xidmətçi mərasimsayağı bir ədayla şampan şərabını gətirincə, frau Horvat baş leytenantın əlini sinəsindən çəkib çıxardı, əli borc alınan bir əşyanı geri verirmiş kimi intizama olan hörmətin tələb etdiyi kimi baş leytenantın qara şalvarının üzərinə qoyub avtoritar görkəm alıb dikəldi. Çilçırağın işığını söndürdü. İndi təkcə künclərdəki kiçik lampalar yanırdı. Qırmızı alaqaranlıqda pudralı ağ bədənlər parlayır, qızılı ulduzlar yanıb-sönür, gümüşü qılınclar parıldayırdı. Cütlər bir-birinin ardınca yerlərindən qalxıb gözdən itdilər. Çoxdan konyaka keçmiş olan Prohaska alay həkiminin yanına gələrək dedi:
– Sizin onsuz da ehtiyacınız olmayacaq, mən ikisini də aparıram, – dedi. Sonra qadınların arasında yırğalana-yırğalana pilləkənlərə doğru getdi.
Birdən-birə Karl Cozef və həkim tək qalmışdılar. Pianoçu Pollak salonun qarşı küncündə eləcə çalmaq xətrinə barmaqlarını tuşların üzərində gəzdirir, çox mülayim bir vals otağın içində süzülürdü. Bunun xaricində səssizlik və demək olar ki, xoş bir mühit hakim idi, buxarının üstündəki ayaqlı saat tıqqıltı səsləri çıxardırdı.
– Zənnimcə, burada bir işimiz qalmadı, elə deyilmi? – deyə həkim soruşdu. Ayağa qalxdı. Karl Cozef buxarının üstündəki saata baxdı, sonra o da ayağa qalxdı. Qaranlıqda saatın neçə olduğunu görə bilmədi, saatın yanına getdi, sonra yenə bir addım gerilədi. Üzərinə ağcaqanadların qonduğu düyüdən düzəldilmiş çərçivə içərisində Əlahəzrət Baş komandanın hər yerdə görünən ağ geyimli, qan qırmızısı rəngində olan qurşaqlı, qızılı cəngavər nişanlı bir şəkli vardı. Leytenant tez və uşaq məsumluğuyla düşündü ki, bir şey eləməliyəm. Bir şey edilməliydi! Saraldığını, ürəyinin sürətlə döyündüyünü hiss etdi. Əlini çərçivəyə uzatdı, qara kağızdan olan arxa divarını sökərək şəkli çərçivənin içindən çıxardı. Sonra şəkli qatladı, bir daha, bir daha qatladı, cibinə qoydu. Geri döndü. Arxasında alay həkimi dayanırdı. Həkim barmağıyla Karl Cozefin imperatorun portretini gizlədiyi cibini göstərdi. Həkim Demant düşündü ki, babası da onu xilas etmişdi. Karl Cozef qızardı.
– Böyük bir əxlaqsızlıqdı, – dedi. – Nə düşünürsünüz?
– Heç bir şey, – deyə həkim cavab verdi. – Sadəcə babanızı düşünürdüm!
– Mən onun nəvəsiyəm, – Karl Cozef dedi. – Mənim heyif ki, imperatoru qurtarmaq üçün fürsətim yoxdur!
Masanın üstünə dörd gümüş pul qoyub frau Resi Horvatın evini tərk etdilər.
VI
Alay həkimi Maks Demant üç ildən bəri alayda idi. Şəhərdən kənarda, cənub ucunda, yolun "köhnə" və "yeni" qəbiristanlığa çıxdığı yerdə yaşayırdı. Hər iki qəbiristanlıq gözətçisi həkimi yaxşı tanıyırdı. Həkim həftədə bir neçə dəfə ölüləri ziyarətə gəlirdi, həm çoxdan