Əyyaş. Ханс Фаллада

Əyyaş - Ханс Фаллада


Скачать книгу
bir qaranlıqda, silinib yox olunacaq bir qaranlıqda itib-batmaq… Bütün bunları böyük bir həssaslıqla təsəvvür edərkən bir tərəfdən də özümü aldatdığımı, kimsənin dəstəyi olmadan, yurdumdan, ocağımdan uzaqda yaşayacaq cəsarətin məndə olmadığını bilirdim. Alışmış olduğum yumşaq yatağımdan, evimin nizamından, heç dəyişməyən yemək zamanlarından əl çəkə bilməyəcəkdim! Qorxularıma rəğmən elə bu gecə evə, Maqdaya dönəcək, alışdığım yataqda yatacaqdım. Çöldəki, qaranlıqdakı həyat mənə görə deyildi, çöldə yaşamaq və kim bilir hansı dəlikdə ölüb getmək! “Amma” deyirdim, sonra yenə addımlarımı sürətləndirirdim, amma mənə nə olur belə? Əvvəllər olduqca işləyib-çalışmağı sevərdim. Hərçənd bir az zəif bir insandım; amma bunu elə yaxşı gizlədə bilmişdim ki, indiyədək Maqda belə sezməmişdi. Yaxşı, bir ildir getdikcə artan, beynimi keyidən bu zəiflik haradan gəlir? Mənim kimi olduqca yaxşı bir insan necə olur ki, indi arvadını aldada bilir, xidmətçi qızın sinəsinə şəhvətlə baxır? Bu, içkidən ola bilməz, çünki arağı ilk dəfə bu gün içdim, halbuki bu zəifliyi uzun müddətdir hiss edirəm. Yaxşı, elə isə nədir?

      Qırx yaşımı aşmış olduğumu düşündüm. Bir zamanlar kişilərin dəyişmə illərindən söz açıldığını eşitmişdim. Amma tanıdığım qırx yaşını aşmış kişilərdən heç biri mənim kimi dəyişməmişdi. Bir də sevgidən məhrum halda yaşamağımı düşündüm. Kimsəyə sezdirmədən, gizli-gizli həm sayılmaq, həm də sevilmək istəmiş, hər ikisini də istər Maqda, istərsə də içində yaşadığım dairədə böyük ölçüdə tapmışdım. İndi isə bunları yavaş-yavaş itirməkdəydim. Bunun necə baş verdiyini, getdikcə necə inkişaf etdiyini mən də bilmirdim. Mən pisləşdiyim üçünmü bu sevgi və hörməti itirdim, yoxsa bunların itirilməsi ilə köhnə dayaqlarımın çökməsi səbəbiyləmi pis bir insan halına gəldim? Bütün bu suallara cavab tapa bilmirdim; öz haqqımda düşünməyə vərdiş etməmişdim. Oraya, insanı yeyib-bitirən sualların olmadığı yerə tezliklə çatmaq üçün daha da sürətlə gedirdim. Budur, nəhayət hədəfimə çatmış, həbsxana baş nəzarətçisiylə danışdığım gün tapdığım bu kənd meyxanasına çatmışdım.

      Şüşədən içəri baxaraq o gün açıqdan-açığa baxışlarıyla kişiliyimi ölçərək az hesab edən o solğun gözlü qızı axtardım. Kiçik, yanan tək lampanın solğun işığı altında oturub nə isə tikirdi. Uzun müddət qıza baxdım; heç cür qərar verə bilmir, öz-özümdən niyə bu qızı axtardığımı soruşur, ağrılı, şəhvət dolu bir alçaldılma hissi içində cavab tapa bilmirdim.

      Amma artıq bütün bu suallardan bezmiş, yorulmuşdum. Az qala qaça-qaça çıxdığım meyxananın bir neçə mərmər pilləsini geridə qoyub, qaranlıq girişdə qapının toxmağını əlhavasına tapıb dərhal içəri girdim. Canlı, şən bir səslə:

      –Bax budur, yenə gəldim, gözəlim! – deyərək özümü qızın yanındakı bir həsir kresloya atdım. Bu anda etdiklərim normal vaxtlarımdakı davranışlarıma elə yad, əvvəlki ölçülü-biçili rəftarıma elə zidd idi ki, mən belə bu halıma çaşıb qaldım. Öhdəsindən gəlib-gəlməyəcəyi bilinməyən çətin bir rolu üzərinə götürmüş, amma oyunu axıra qədər müvəffəqiyyətlə icra edən bir aktyor qorxulu, narahat bir həyəcanla necə seyr edilirsə, mən də elə bir çaşqınlıqla etdiklərimə baxırdım.

      Qız tikişdən başını qaldırıb, bir anlığa açıq rəngli gözlərini mənə dikdi, sonra:

      –Ah, sizsinizmi! – dedi. Bu iki sözün altında yenə şəxsiyyətim haqqındakı mühakimə yatırdı.

      –Mənəm də, həyatım! – dedim, əslində mənə çox yad olan bir hazırcavablıqla özündənrazı bir haldaydım. – Və sizin bu gözəl “Stange”lərinizdən bir, üç ya da beş qədəh içməyə gəldim, istəsəniz siz də mənimlə için.

      –Mən araq içmirəm, – qız soyuq tərzdə müqavimət göstərərək dedi. Qalxıb bara getdi, kiçik bir stəkan və bir şüşə götürərək masaya yaxınlaşıb içkini qoydu. Sonra əvvəlki yerində oturdu, şüşəni də yanına, yerə qoydu.

      –Üstəlik, 25 dəqiqədən sonra bağlayırıq, – deyib tikişinə davam etdi.

      –Mən də tez içərəm, – deyərək stəkanı götürüb axıra qədər içdim. – Araq içmirsinizsə, – deyə davam etdim, – sizin üçün bir şüşə şərab ya da şampan şərabı sifariş vermək istəyərdim, əlbəttə, əgər burada belə şeylər tapılırsa. Mənim üçün bunu ödəmək çətin deyil.

      Bu vaxt stəkanımı yenidən doldurmuşdu; onu da birnəfəsə bitirdim. Bütün başıma gələnləri unutmuş, içində olduğum bu anı yaşayırdım. Özünü çəkən, amma yenə də bu məsələdə çox təcrübəli olduğu aydın olan bu qız mənə açıqdan-açığa həqarətlə baxırdı.

      –Şampan şərabı var, – dedi, – üstəlik, çox sevirəm, amma bunu ağlınızdan çıxarmayın, nə sərxoş olaram, nə də bir şüşə içki sifariş verdiyiniz üçün sizinlə yatağa girərəm.

      Bunları deyərkən heç utanmadan, dümdüz üzümə baxırdı, rolumu davam etdirməyə məcbur idim:

      –Elə bir şeyi düşünən yoxdur, quzum, gətirin şərabınızı. Mənim yanımda heç narahat olmadan içə bilərsiniz. Siz mənim üçün başqa bir planetdən gələn mələksiniz, – bir qədəhi də başıma çəkdikdən sonra dedim. – Tanrının mənə göndərdiyi pislik mələyi! Sizi görmək mənə bəs edir.

      –Baxmaq pulla deyil, – deyib qısa, pis bir gülüşlə güldü. – Siz də mənə qəribə bir övliya kimi görünürsünüz. Amma elə bu axşam sizin niyə belə həyəcanlı olduğunuzu öyrənəcəyəm.

      Sonra bir stəkan da doldurub qalxdı, şampan şərabını gətirməyə getdi. Bu dəfə işi daha uzun çəkdi. Əvvəlcə pərdələri bağladı, sonra çölə çıxdı. Girişdəki çöl qapını, ardından meyxananın qapısını qıfılladığını eşitdim. İçəri girərkən:

      –Bağladım meyxananı, artıq kimsə gəlməz. Burada qalanlar da çoxdan yatıblar, – dedi. Sonra gəlib önümdə dayanaraq lağlağı bir rəftarla: – Amma buna görə əsla ümidlənməyin!

      Heç mənim cavab verməyimə fürsət vermədən yenə yanımdan uzaqlaşdı. Qızın yoxluğunu fürsət bilərək dərhal ard-arda iki, üç stəkan da doldurub içdim. Sonra əlində ağzı qızılı zərlə sarılmış bir şüşəylə döndü.

      Masanın üstünə bir şampan qədəhi qoydu, bacarıqlı əlləriylə şüşənin ağzını açdı və partlatmadan tıxacı çıxardı. Ağ köpük şüşənin ağzından daşarkən dərhal qədəhimə süzdü, bir az gözlədi, sonra yenə süzdü. Qədəhi götürüb ağzına apararkən:

      –Şərəfinizə içmirəm, – dedi, – çünki o zaman mənimlə qədəh toqquşdurmaq istəyəcəksiniz, halbuki bu anda yetərincə sərxoşsunuz.

      Etiraz etmədim. Həqiqətən sərxoşluq bütün bədənimi bürümüşdü, içimdə sanki bir arı pətəyi varmış kimi hər yanımdan vızıltılar, uğultular gəlirdi. Qədəhi yerinə qoydu, gözlərini qıyaraq mənə baxdı və lağlağı tərzdə dedi:

      –Deyin görək, mən yoxkən neçə qədəh araq içdiniz? Beş? Altı?

      –Sadəcə üç! – deyə güldüm. Utanmaq


Скачать книгу