Həyat sandığı. Zaur Pənahov

Həyat sandığı - Zaur Pənahov


Скачать книгу
Elion, olduqca çox olan yaşına baxmayaraq Eçsonun nakra təlimi almağına qərar vermişdi. Ən azı fiziki güc qədər biliyə də dəyər verən nakra təliminin hər bir günü gənc Eçso üçün əzablı keçən illərə bərabər idi. Təlimlərin bəziləri o qədər dözülməz olurdu ki, Eçso hətta bir gün qaçış təlimlərindən birində mütləq öləcəyinə əmin idi. İntensiv keçən dərslərlə yanaşı fiziki təlim ustaları da olduqca tələbkar, seçilmiş döyüşçülər idi. Təlimçilərini heyrətə salan dözümlülüyü və güclü yaddaşı nəticəsində Eçso, başqalarının on iki ildə aldığı təlimi əzablı keçən dörd il ərzində aldı. Təliminin beşinci ilində iyirmi dörd yaşına çatan Eçso, on yeddi yaşlı nakrinlərə qatılaraq son bir ildə rahat nəfəs almışdı.

      İndi isə ağır keçən təlimlərin meyvəsini yığmaq üçün son sınaq olan Oringen sınağından keçməyin vaxtı çatmışdı. Yalnız son sınaqdan sonra bir nakrin, nakra adını ala bilərdi. Oringen, nakrinlərin təlim müddətində qarşılaşdıqları sınaqlara oxşasa da bir çox ünsürləri və çətinlik dərəcəsi ilə fərqlənirdi. Oringen tapşırığı on dörd gündə keçirilən iyirmi tapşırıqdan ibarətdir. Bunların on ikisi asan, yeddisi çətin və biri çox çətin olan, bir-birinə bağlı iyirmi tapşırıq.

      On dörd gün ərzində Eçso on səkkiz tapşırığın öhdəsindən gəlmişdi. Bura kimi gəlib çatmağı bunu göstərirdi. Çünki tapşırıqlar o qədər qüsursuz bir-birinə bağlanmışdı ki, birinci tapşırığı etməmiş ikincini nəinki etmək, bəzən heç onun nə olduğunu belə bilmirsən. Başlanğıc olaraq yerinə yetirdiyi on iki tapşırıq Eçso üçün çox asan keçmişdi. Vidra sürüsünün hərəkət istiqamətini tapmaq, canlı vidra balası tutmaq, qanunsuz vidra tacirini tutmaq və buna bənzər qurulmuş tapşırıqların on ikincisi onu ilk çətin tapşırığa aparmışdı. Yeddi çətin tapşırıq isə hər biri ayrılıqda bir əşya qazandırır. Hansı ki bu əşya ya növbəti tapşırığın yerini göstərir, ya da həmin tapşırığı yerinə yetirməyə kömək edir. Ancaq on beşinci tapşırıqda tapdığı açarı və on yeddinci tapşırıqda tapdığı xəncəri hələ işlətmə fürsəti tapmamışdı. Ola bilsin xəncər özünü qorumaq üçün idi, lakin belə olmadığını gənc nakrin bilirdi. Küt ağızlı, balaca, dəmir xəncərlə nəinki vidra, heç toyuq da öldürmək olmazdı.

      Eçso dayanıb xəritəsini açaraq doğru yolda olub-olmadığına baxdı. Günəşin və ulduzların olmadığı Sirenat torpaqlarında yolunu tapmaq az qala mümkünsüz idi. On səkkizinci tapşırıqda tapdığı bu xəritə yaxşı ki xüsusi xəritə idi. Burada yol dağların, meşələrin, ağacların, evlərin və göllərin vasitəsi ilə xüsusi işarələrlə göstərilirdi. Hara gedəcəyini bilmək üçün bu işarələrin mənasını bilmək kifayət edirdi. Eçso qəzəblə öz-özünə deyindi.

      Oringen sınağından əvvəl keçirilən təlimatda on doqquzuncu və iyirminci tapşırığın bir şəhərdə olacağı və ora ən gec sınağın on üçüncü günündə çatmalı olduqları bildirilmişdi. Digər tapşırıqları vaxtında bitirməyinə baxmayaraq, Eçso bir gün gecikmişdi. İki ən vacib və çətin tapşırıq onu gözləyirdi, lakin bu günün sonunda ona verilən vaxt bitirdi. Demək olar ki, yarım gündən də az vaxtı qalmışdı. Sınağı vaxtında keçmədiyi təqdirdə Eçso növbəti ili gözləməli olacaq.

      Payızın gəlişi ilə sarı rəngə bürünmüş ərazi, sanki uzaq bir yerdə göylə birləşirdi. Çox diqqətlə baxdıqda Koran dağları yaxınlığında möhkəm yağışın yağdığını görmək olurdu. Və külək əks istiqamətdə əsirdi. Bu, şiddətli yağışın tezliklə bura da gəlib çatacağını göstərirdi. Hər baxımdan Eçso az vaxtının qaldığını anlayırdı, lakin hədəfinə doğru qaçmaq istəmirdi. Lazım olan yerə çatdıqda yorğunluq ən böyük düşməni ola bilərdi. Onsuz da son altı gündə düzgün yatmamışdı. Eçso tərk edilmiş bir dəyirmanın yanından keçərək yoxuşu qalxdı. Çatmışdı.

      Sirenat ərazisinin mirvarisi olan böyük Sirenat şəhəri, daha doğrusu şəhərdən geri qalan xarabalıq aşağıda, gözlərinin qabağında idi. Eçso şəhərə baxarkən qeyri-ixtiyari sükuta qərq olmuşdu. Yarı bükülü vəziyyətdə durub uzaqdan daş yığınından çox da fərqlənməyən şəhərə baxırdı gözləri, amma beyni yatırdı. Dəhşətli dərəcədə yorulmuşdu və çox yuxusu gəlirdi. Fikrini cəmləməyə çalışırdı, lakin alınmırdı. Hər dəfə “Bir az da dincəlim sonra gedərəm,” deyə-deyə az qala yuxulayırdı ki, birdən yaxınlığındakı ağaclardan birinə qulaq batıran gurultu ilə ildırım düşdü. Ağac şaqqıltı ilə aralanıb yanmağa başlamışdı.

      Gözünün ani olaraq yumulmağı ilə hətta yuxu belə görən Eçso, qopan gurultu ilə geri atılmışdı. Bədəninə girən qorxu artıq bütün yuxusunu qaçırmışdı. Gözlərini ovuşdurub son dəfə ətrafa göz gəzdirdi. Üşüməyə başlamışdı. Çılpaq bədənini döyən külək getdikcə soyuyur, sanki yaxınlaşan yağış haqqında xəbərdarlıq edirdi. Nəhayət asta addımlarla başlayan qaçış aşağı doğru enən ərazi ilə birlikdə sürətləndi və Eçso Sirenat şəhərinin xarabalığına doğru qaçmağa başladı.

      Ora çatdıqda haradan başlayacağını bilmirdi. Şəhəri əhatə edən hündür, taxta hasar çoxdan çürüyüb, bir çox yerləri uçmuşdu. Yaşayış yerlərinin çoxu bir-birinin eynisi olan daş evlər idi. Küçələrin birini digərindən çətinliklə fərqləndirmək olurdu. Demək olar ki, hər tərəfi sarmaşıqlar, hündür kollar və ağaclar tutmuşdu. Küçələrdə vızıldayan külək, qurumuş yarpaqları qabağına alıb bir o yana, bir bu yana aparırdı.

      Eçso sonuncu çətin tapşırıqda nakra zirehini və silahını tapacağını bilirdi. Digər tapşırıqlar keçirildiyi əraziyə və vaxta görə fərqli olsa da on doqquzuncu tapşırıq heç vaxt dəyişmirdi. Son həlledici ağır tapşırığın öhdəsindən gəlmək üçün nakrinə zirehi və silahı verilirdi. Lakin bu silahı da tapmaq lazımdı.

      Eçso qurumuş kolların arasından keçərək özünə açıq yol tapdı və nə edəcəyinə qərar verməzdən əvvəl bir müddət sadəcə yeridi. Silahı istənilən yerdə ola bilərdi. Evlərdən birinin içində, ağacın başında, yeraltı kanalizasiyada və hətta torpağın altında. Eçso sınaq başlamazdan əvvəl hər kəs kimi köhnə nakralardan sınaq haqda bəzi məlumatlar almışdı.

      “On doqquzuncu sınaqda ən çox nəyə fikir vermək lazımdı?” deyə Eçso nakradan soruşmuşdu.

      “Sən hansı dərəcədən keçəcəksən?” nakra daha dəqiq cavab vermək üçün sual vermişdi.

      Nakrinlər son sınağa kimi göstərdikləri uğurlara görə birinci, ikinci, üçüncü və xüsusi olmaqla dörd səviyyədə bölünürlər. Bunlar ardıcıl olaraq güclü, orta, zəif və rizanmaq səviyyələridir. Bu bölgüyə görə nakralar Azarın müxtəlif yerlərində fəaliyyət göstərən sınaq ərazilərinə bölünürlər.

      “Birinci dərəcədən,” deyə Eçso qürurla cavab vermişdi.

      Nakra bir az düşündükdən sonra “Belə çıxır Oringen sınağından keçəcəksən. Əngəllərin böyük qismi, eləcə də son tapşırıq vidralarla bağlı olacaq,” deyə cavab vermişdi “Ən az iyirmi tapşırıq.”

      “Bunu bilirəm. Sirenat ərazisinə düşdüyümdən də demək olar ki, əminəm. Bilmək istəyir…”

      “Sirenat?!”


Скачать книгу