Hekayələr. Оскар Уайльд
yazdıqlarını oxuyurdu.
Bir axşam Balaca Hans buxarının yanında oturmuşdu. Birdən qapı bərkdən döyüldü. Həmin gecə hava yaman pis idi. Külək elə şiddətlə əsir, evin divarlarına çırpılaraq uğuldayırdı ki, Hans əvvəlcə bu havada kiminsə qapını döyməsinə inanmadı. Lakin qapını ikinci və üçüncü dəfə də möhkəm döyəclədilər.
Balaca Hans öz-özünə:
– Görünür, kimsə qərib adamdır, – deyib tez qapıya yaxınlaşdı.
Qapının kandarında dəyirmançı, bir əlində lampa, o birisində isə böyük bir əsa, dayanmışdı:
O, hövlnak dilləndi:
– Əziz Balaca Hans, mənə böyük bədbəxtlik üz verib. Kiçik oğlum pilləkəndən yıxılıb və möhkəm əzilib. İndi həkim dalınca gedirəm. Ancaq o, yaman uzaqda yaşayır, hava da çox pisdir. Buna görə ağlıma belə bir fikir gəldi ki, həkimin dalınca sən getsən, daha yaxşı olar. Bilirsən ki, əl arabamı sənə verəcəyəm. Ona görə də, təbii ki, bunun əvəzində mənimçün bir şey etməlisən.
Balaca Hans cavabında:
– Əlbəttə, – dedi. – Evimə gəlməyin mənim üçün böyük şərəfdir. Elə bu dəqiqə həkimin dalınca gedərəm. Ancaq lampanı mənə verməli olacaqsan. Gecə çox qaranlıq olduğundan bayırda göz-gözü görmür. Qorxuram xəndəyə düşüm.
Dəyirmançı:
– Məni bağışla, – dedi, – amma bu mənim təzə lampamdır. Ona bir şey olmasından ehtiyat edirəm.
Balaca Hans:
– Yaxşı, eybi yoxdur. Lampasız gedərəm, – deyib böyük xəz paltosunu əyninə geydi, isti qırmızı papağını başına taxdı, şərfini boğazına doladı və yola düzəldi.
Bayırda dəhşətli tufan qopmuşdu. Gecə elə qaranlıqdı ki, Balaca Hans ayağının altını güclə seçirdi. Şiddətli küləksə onu sanki göyə qaldırıb yerə çırpmaq istəyirdi. Uzun sözün qısası, Hans cəsur adam idi. Üç saat yol getdikdən sonra həkimin evinə çatıb qapını döydü.
Həkim başını yataq otağının pəncərəsindən bayıra çıxarıb soruşdu:
– Kimdir?
– Mənəm, Balaca Hans.
– Nə istəyirsən, Balaca Hans?
– Dəyirmançının oğlu pilləkəndən yıxılıb və möhkəm əzilib. Təcili köməyiniz lazımdır.
– Yaxşı, – deyən həkim atını, iri çəkmələrini və lampasını hazır etməyi tapşırdı. Hər şey hazır olandan sonra aşağı endi və dəyirmançının evinə tərəf üz qoydu. Balaca Hans da onun dalınca düşdü.
Tufan getdikcə şiddətlənir, yağış da göydən sel kimi axırdı. Balaca Hans nə getdiyi yolu seçir, nə də atla ayaqlaşa bilirdi. Axırda o, yolu azıb torf bataqlığına düşdü. Çoxlu dərin çalalar olduğundan bura yaman qorxulu yer idi. Zavallı Balaca Hans onların birinin içinə düşüb batdı. Ertəsi gün onun cəsədini bir çoban böyük su gölməçəsinin içindən tapıb Hansın öz daxmasına gətirdi.
Balaca Hansın dəfninə, onu çox istədiklərindən, hamı gəlmişdi. Dəyirmançı isə hamıdan çox canfəşanlıq edirdi.
– Onun ən yaxın dostu olduğum üçün ən yaxşı yer də mənim olmalıdır, – deyərək dəfnə gedən camaatın qabağınca addımlamağa başladı. Əynində uzun, qara əba olan Hyuq dəqiqədə bir gözlərini iri cib yaylığı ilə silirdi.
Dəfn mərasimindən sonra hamı meyxanada rahatca oturub ədviyyatlı çaxırla şirin qoğal yeyəndə dəmirçi dedi:
– Balaca Hansın ölümü, doğrudan da, hamı üçün ağır itkidir.
Bu yerdə dəyirmançı sözə qarışdı:
– Hər halda, mənimçün böyük itkidir. Mən ona, demək olar ki, öz əl arabamı vermişdim. İndi onu-neyləyəcəyimi bilmirəm. Müəyyən səbəblərə görə əl arabası mənim evimdədir, amma elə bərbad vəziyyətdədir ki, onu məndən heç alan da olmaz. Əlbəttə, bundan sonra çalışacağam ki, heç kimə heç nə verməyim. Birinə yaxşılıq edəndə sonra həmişə altını çəkirsən.
Uzunsürən sükutdan sonra susiçovulu dilləndi:
– Yaxşı, bəs sonra?
– Sonrası yoxdur. Əhvalat bitdi, – deyə kətanquşu ona cavab verdi.
Susiçovulu:
– Bəs dəyirmançının axırı nə oldu? – deyə maraqlandı.
Kətanquşu:
– Eh, mən nə bilim. O məni heç maraqlandırmır da.
– Sözlərindən belə çıxır ki, sən heç kimin halına acımırsan.
– Deyəsən, sən əhvalatın əxlaqi nəticəsini başa düşməmisən.
Susiçovulu çığırdı:
– Nəyi başa düşməmişəm?
– Əhvalatın əxlaqi nəticəsini.
– Demək istəyirsən ki, danışdığının əxlaqi nəticəsi də var?
Kətanquşu:
– Əlbəttə, – deyə cavab verdi.
Susiçovulu acıqlı-acıqlı dedi:
– Zənnimcə, sən bunu söhbətə başlamazdan əvvəl deməli idin. Belə etsəydin, sənə heç qulaq da asmazdım. Sözün düzü, mən də tənqidçi kimi öz narazılığımı bildirərdim. Hər halda, mən bunu indi də edə bilərəm.
Bunu deyən susiçovulu hirslə yerə tüpürdü və quyruğunu hərləyib yuvasında gözdən itdi.
Bir az sonra üzə-üzə gəlib çıxan ördək dedi:
– Sən bir buna bax! Ancaq hər halda, onun yaxşı cəhətləri də çoxdur. Özümə gəldikdə isə onu deməliyəm ki, subay görəndə gözlərim yaşarır, çünki mən anayam, məndə analıq hissiyyatı var.
Kətanquşu cavab verdi:
– Deyəsən, söhbətimlə onu dilxor etdim. İş orasındadır ki, mən ona mənası olan əhvalat söylədim.
Ördək:
– Belə şeylər danışmaq həmişə təhlükəlidir!
Ördəyin bu fikri ilə mən də şərikəm.
QEYRİ-ADİ FİŞƏNG
Böyük şənlik idi. Padşahın oğlu evlənirdi. Düz bir il nişanlısının yolunu gözlədikdən sonra, nəhayət, qız gəlib çıxmışdı. Nişanlısı rus şahzadəsi idi. Özü də Finlandiyadan sonrakı yolu altı şimal maralı qoşulmuş kirşədə gəlmişdi. Kirşə qızıldan ququşu şəklində düzəldilmişdi. Balaca şahzadə qız bu böyük qu quşunun qanadları arasında əyləşmişdi. Çiynində ətəyi yer süpürən bahalı sincab dərisindən tikilmiş bürüncək, başında nazik gümüşdən düzəldilmiş kiçicik papaq vardı. Yanaqları isə indiyədək həmişə divarları arasında yaşadığı Qar sarayı kimi dümağ idi. Ona görə də küçələrdən keçən şahzadə qızın ağ çöhrəsini görən camaat: “Bu ki lap ağ qızılgüldür”, – deyə təəccüblənir və onun üstünə eyvanlardan çiçək səpirdilər.
Sarayın