Hekayələr. Лев Толстой

Hekayələr - Лев Толстой


Скачать книгу
uzun deyildi, geyimi çox sadə və miskindi. Üst-başı tökülmüş və kirli idi. Sir-sifəti qarsalanmışdı. Bir sözlə, zəhmət adamına oxşayırdı. O, aktyordan daha çox yoxsul alverçiyə bənzəyirdi. Yalnız həmişə yaş olan parıltılı gözlərində və sıxılmış dodaqlarında nə isə orijinal və təsirli bir ifadə vardı. Üzdən ona iyirmi beşdən qırxadək yaş vermək olardı. Əslində isə otuz səkkiz yaşı vardı.

      O, sadə və açıq bir səmimiyyətlə öz həyatı barədə belə danışdı: Arqoviyadandı. Hələ uşaq ikən ata-anasını itirib. Heç bir qohumu yoxdur. Heç bir zaman var-dövləti olmayıb. Dülgərlik öyrənib və iyirmi iki il əvvəl əlində sümük çürüməsi əmələ gəldiyindən dülgər işləməkdən məhrum olub. Uşaqlıqdan mahnıya həvəsi olduğundan oxumağa başlayıb. Əcnəbilər hərdənbir ona pul verirlərmiş. O, beləliklə, oxumağı özünə peşə eləmiş və gitara alaraq, on səkkizinci ildir ki, İsveçrəni və İtaliyanı gəzir, mehmanxanaların qabağında oxuyur. Bütün yükü gitaradan və bir pul kisəsindən ibarətdir, onun içində də cəmi bir yarım frank vardır ki, bu axşam yemək yeyib gecələyə bilsin. O artıq on səkkiz dəfədir ki, hər il İsveçrənin ən yaxşı və ən gəzməli yerlərini – Sürixi, Lütserni, İnterlakeni, Şamonini və başqa yerləri gəzir. Oradan İtaliyaya keçir və sonra St.-Qotarddan, ya da Savoyadan geri qayıdır. İndi ona gəzmək çətinləşir, çünki soyuqda hiss edir ki, ayaqlarındakı ağrı ildən-ilə güclənir, gözləri və səsi zəifləyir. Buna baxmayaraq o, indi İnterlakenə, Aix-les-Bains-ə yola düşür, oradan da kiçik St.-Bernardı keçərək xüsusilə çox sevdiyi İtaliyaya keçəcəkdir. Bir sözlə, görünürdü ki, öz həyatından çox razıdır. Mən ondan niyə evə qayıtdığını, orada yaxın adamları, evi-eşiyi, torpağı olub-olmadığını soruşanda dodaqları ucunda oynaq təbəssüm göründü və mənə belə bir cavab verdi:

      – Oui, le sucre est bon, il est doux pour les enfants!14 – və ofisiantlara tərəf göz vurdu.

      Mən heç bir şey başa düşmədim, lakin xidmətçilər gülüşdülər.

      – Heç nəyim yoxdur. Olsaydı, mən belə gəzərdim? – deyə məni başa saldı. – Mən evə ona görə gedirəm ki, necə olsa da, vətəndir, özünə çəkir.

      O, hiyləgər, özündənrazı bir təbəssümlə: "Oui, le sucre est bon" cümləsini yenə də təkrar etdi və mehribanlıqla güldü. Ofisiantlar bundan çox razı qalıb qəhqəhə ilə güldülər. Təkcə qozbel qabyuyan arvad mehriban gözləri ilə balaca adama baxaraq söhbət zamanı onun yerə saldığı papağını qaldırıb verdi. Mən bilirdim ki, səyyar müğənnilər, akrobatlar, hətta fokusçular belə özlərini artist adlandırmağı sevirlər və buna görə o öz müsahibinə bir neçə dəfə eyhamla bildirmək istəyirdi ki, artistdir. Lakin o bu keyfiyyətin özündə olduğunu heç də etiraf etmirdi və öz peşəsinə yaşamaq üçün çox sadə bir vasitə kimi baxırdı. Ondan soruşdum ki, oxuduğu mahnıları özümü qoşur? Belə qəribə suala təəccübləndi və cavab verdi ki, oxuduqlarının hamısı qədim Tirol mahnılarıdır.

      – Bəs Riqi mahnısı? Mən elə bilirəm ki, o, qədim deyil, – dedim.

      – Bəli, bu mahnı on beş il bundan qabaq bəstələnib. Bazeldə bir alman vardı, çox ağıllı adamdı. Sözlərini o qoşub. Əla mahnıdı. Bilirsiniz, onu səyyahlar üçün yazıb.

      O, görünür, çox xoşuna gəldiyi Riqi mahnısının sözlərini fransızcaya tərcümə etməyə başladı.

      Getmək istəyirsən Riqiyə əgər,

      Başmaq gərək deyil Veqisə qədər.

      (Onsuz da Veqisə paroxod gedir)

      Veqisdə əlinə bir ağac götür,

      Bir gözəl qızı da vur qoltuğuna,

      Arada şərabla özünü sına.

      Ancaq ki çox içmək gəlməsin asan,

      Halal keflənməkçün hələ nə qədər

      Tər töküb bu haqqı qazanmalısan15.

      – Oh, əla mahnıdır! – deyə sözünü bitirdi.

      Ofisiantlar, görünür, bu mahnını çox yaxşı hesab etdiklərindən bizə yaxınlaşdılar.

      – Bəs musiqisini kim bəstələyib? – soruşdum.

      – Heç kim. Elə belə, bilirsinizmi, əcnəbilərə mahnı oxumaq üçün nə isə təzə bir şey lazımdır.

      Bizə buz gətirdikləri zaman müsahibim üçün bir qədəh şampan tökdüm, görünür, o bundan narahat oldu və öz stulunda çevrilib ofisiantlara tərəf baxdı. Qədəhlərimizi toqquşdurub artistlərin sağlığına içdik. O, şərabı yarıyadək içərək qaşlarını çatdı və fikirləşdi.

      – Çoxdandır ki, belə şərab içməmişəm, je ne vous dis que ça16. İtaliyada d`Asti çaxırı yaxşıdır. Ancaq bu ondan da yaxşıdır. Eh, İtaliya! Orada olmaq necə xoşdur, – deyə əlavə etdi.

      – Bəli, orada musiqini və artistləri qiymətləndirirlər, – söhbəti Şveytserqof qarşısındakı axşamkı uğursuzluğun üstünə gətirmək arzusuyla dedim.

      – Xeyr, – dedi, – orada mən musiqi ilə heç kəsə həzz verə bilmərəm. İtalyanlar özləri musiqiçidirlər, yer üzündə tayları yoxdur. Mən ancaq Tirol mahnılarından danışa bilərəm. Bu onlar üçün, hər halda, yeni şeydir.

      – Orada ağalar daha səxavətlidirlər? – deyə onu da Şveytserqof sakinlərinə olan qəzəbimə şərik olmağa məcbur etmək məqsədilə sözümə davam etdim. – Orada buradakı kimi ola bilməz: dövlətlilərin yaşadığı iri bir hoteldə artistə yüz nəfər qulaq asa və ona heç bir şey verməyələr…

      Mənim sualım heç də gözlədiyim təsiri bağışlamadı. Müğənni onlara qəzəblənmək belə istəmədi, əksinə, mənim sözlərimdə özünün mükafata layiq görülməmiş istedadı barədə məzəmmət duyaraq qarşımda özünə bəraət qazandırmağa çalışdı.

      – Həmişə çox qazanmaq olmur, – deyə cavab verdi. – Bəzən səsim batır, yoruluram. Elə bu gün doqquz saat gəzmişəm və bütün günü də, demək olar, oxumuşam. Çətindir. Təkəbbürlü kübar ağalar bəzən Tirol mahnılarına heç qulaq asmaq istəmirlər.

      – Ancaq yenə də, heç pul verməmək olar? – təkrar etdim.

      O mənim sözlərimi başa düşmədi.

      – Belə deyil, – dedi, – burada əsas şey on est tres serre pour la police17, məsələ bundadır. Burada respublika qanunlarına görə, oxumağa icazə verilmir, İtaliyada isə nə qədər istəsən gəzə bilərsən, heç kəs də bir söz deməz. Burada əgər istəsələr, adama icazə verirlər, istəməsələr, həbsxanaya da sala bilərlər.

      – Necə? Doğrudan?

      – Bəli. Əgər sizi bir dəfə görsələr və yenə də oxusanız, sizi həbsxanaya sala bilərlər. Mən də üç ay yatmışam, – deyib gülümsədi. Bu elə bil onun ən xoş xatirələrindən biri idi.

      – Bu ki dəhşətdir! – dedim. – Axı nəyin üstündə?

      – Onlarda respublikanın təzə qanunlarına görə belədir,


Скачать книгу

<p>14</p>

Bəli, qənd yaxşı şeydir, o, uşaqlar üçün şirnidir.

<p>15</p>

Şeirin tərcüməsi Sabir Rüstəmxanlınındır.

<p>16</p>

Bunu ancaq sizə deyirəm.

<p>17</p>

Polis çox sıxışdırır.