Hekayələr. Проспер Мериме

Hekayələr - Проспер Мериме


Скачать книгу
götürüb oxumaq istədi, amma bir səhifə belə oxuya bilmədi. Pianoya yaxınlaşıb çalmaq istədi, ancaq qapağını açmadan fikrindən daşındı. Fit çala-çala, səmadakı buludlara diqqətlə tamaşa etdi, pəncərələrin qarşısındakı qovaq ağaclarını saymaq istədi. Nəhayət, çevrilib yenidən divar saatına baxdı, bayaqdan bəri hələ üç dəqiqəni də yola sala bilməmişdi. “Onu sevməyə bilmirəm, – Sən-Kler dişlərini bir-birinə sıxıb şaqqıldadaraq ayağını yerə döydü. – O, mənə hökmranlıq edir, mən onun quluyam. Məndən əvvəl Masini onun qulu olduğu kimi… Hə, olsun! İtaət elə, bədbəxt, madam ki, nifrət etdiyin bir zənciri parçalamağa gücün çatmır, onda itaət elə!” O, papağını götürdü və cəld otaqdan çıxdı.

      Ehtiras bizə hakim kəsiləndə məğrurluğumuzun zirvəsindən öz zəifliyimizə baxıb təsəlli axtarırıq, öz-özümüzə düşünürük: “Düzdür, zəifəm, ancaq istəsəydim…”

      Sən-Kler yavaş addımlarla parkın kiçik qapısına tərəf gedən cığırla yuxarı qalxırdı. Ağacların yaşıl fonunda açıq-aydın görünən ağ geyimli qadının üzünü uzaqdan görürdü. Qadın əlindəki yaylığı sanki ona işarə edirmiş kimi yelləyirdi. Sən-Klerin ürəyi şiddətlə vururdu, dizləri əsirdi; danışmağa heyi çatmırdı. Qorxurdu ki, əhvalının təlx olduğunu qrafinya onun üzündən oxuyar.

      Sən-Kler ona tərəf uzanan əli tutdu. Qadın özünü onun ağuşuna atdı. Sən-Kler onun alnından öpdü və onlar səssiz-səmirsiz otağa keçdilər. Oqüst dərindən köks ötürməkdən özünü güclə saxlayırdı.

      Qrafinyanın otağını təkcə bir şam işıqlandırırdı. Hər ikisi oturdu. Qrafinyanın fərqli saç düzümü Sən-Klerin diqqətini cəlb etdi: Matilda saçının arasına tək bircə dənə qızılgül qoymuşdu. Bir gün əvvəl Sən-Kler ona bir ingilis qravürü hədiyyə etmişdi. Qravürün üzərində rəssam Lesli32 tərəfindən çəkilmiş hersoginya Portlendin portreti vardı. (Bu gün qrafinyanın saç düzümü qravürdəki qadının saçına bənzəyirdi). Hədiyyəni edərkən Sən-Kler demişdi: “Qadın saçını bəzəyən sadə bir gül mürəkkəb formalı saç düzümündən daha çox xoşuma gəlir”.

      O, qaş-daşı sevmirdi və belə şeylər barədə ağzının danışığını bilməyən bir lord kimi düşünürdü: “Bəzənmiş qadınlardan və çullu-yəhərli atlardan heç fələk də baş açmaz”. Sən-Kler keçən axşam qrafinyanın mirvari boyunbağısını əlində oynadanda (danışanda gərək həmişə onun əlində bir şey olaydı) demişdi: “Bər-bəzək yalnız eyibləri ört-basdır etmək üçündür. Siz çox gözəlsiniz, Matilda, belə bər-bəzək sizə gərək deyil”. Həmin o gecə Sən-Klerin təsadüfən dediyi sözlərin mənasına varan qrafinya üzüklərini, bilərziklərini, boyunbağılarını və hətta sırğalarını da çıxarmışdı.

      Sən-Klerin fikrincə, qadın bəzəyində hər şeydən əvvəl ayaqqabı mühüm əhəmiyyət kəsb edir və bu haqda onun özünün xüsusi fikri vardı. Bu gün günəş batmamışdan əvvəl güclü yağış yağmışdı, otluq tamam yaş idi. Buna baxmayaraq, qrafinya ayaqlarında qara atlas ayaqqabı və ipək corab, onun qarşısına çıxmışdı… “Allah eləməsin, birdən qrafinya xəstələnər…”

      “Qrafinya məni sevir!” – Sən-Kler düşündü və bu səfeh düşüncələri üçün xəcalət çəkib dərindən köks ötürdü və özündən asılı olmadan Matildaya nəzər saldı. Sən-Kler odla su arasında qalmışdı. O, qarşısında dayanmış bu qadına bir tərəfdən şübhə ilə yanaşırdısa, digər tərəfdən, nəyin bahasına olursa-olsun, onun xoşuna gəlməyə çalışan bu qadını görmək arzusu ilə yaşayırdı. Çünki Matilda ən xırda şeylərdə belə onun istəklərinə əməl edib xoşuna gəlmək istəyirdi. Onu da deyək ki, qadını aşiqə sevdirən də elə bu xırdalıqlardır.

      Qrafinyaya gəlincə, onun gözəl üzündə həm sirli məhəbbət, həm də məftunedici şıltaqlıq oxunurdu. O, parlaq yapon mücrüsündən nə isə götürdü, onu balaca ovcunda gizlədərək Sən-Klerə tərəf tutdu və dedi:

      – Keçən axşam sizin saatınızı sındırmışdım. Budur, baxın, düzəltdirmişəm.

      Qrafinya gülməkdən özünü saxlamaq üçün alt dodağını dişləyərək incə və şux nəzərlə sevgilisinə baxdı və saatı ona təqdim etdi. İlahi, onun dişləri necə də gözəl idi! Onlar şəhvətdən od tutub yanan çəhrayı dodaqlar arasında sədəf kimi görünürdü. (Gözəl qadının nəvazişini soyuq qarşılayan kişinin çox səfeh görkəmi olur.)

      Sən-Kler təşəkkür etdi, saatı götürüb cibinə qoymaq istədi.

      – Yox, dayanın, – qrafinya onun qolundan tutdu. – Hələ bir açın. Baxın görün, yaxşımı təmir ediblər? Siz alim adamsınız, Politexnik İnstitutunun33 məzunusunuz. Bunu bilməlisiniz axı!

      Sən-Kler:

      – Eh, belə şeylərdən mənim başım çıxmaz, – dedi.

      O, saatın qapağını laqeydliklə açdı və təəccübdən donub qaldı! Qapağın içəri tərəfində, düz ortada madam de Kursinin miniatür portreti həkk olunmuşdu. Məgər bundan sonra qaşqabağını sallamaq olardımı? Onun sifəti işıqlandı və Masini haqda fikirlər bir anda yox oldu. İndi Sən-Kler yalnız ona qəlbən vurğun, füsunkar bir qadının yanında olduğu barədə düşünürdü.

***

      “Xoş sabahın müjdəçisi, gözəl torağay!”34 mahnısı səsləndi. Günəşin solğun, saralmış şüaları üfüqün şərq tərəfindəki qara, topa buludları yarıb keçirdi. Romeo məhz günün bu çağında Cülyettaya əlvida demişdi; bütün sevənlər belə bir klassik vaxtda bir-birindən ayrılmalıdırlar.

      Sən-Kler bağın kiçik qapısının açarını əlində tutaraq buxarının qarşısında dayanmışdı. Gözləri həmin etrüsk vazasına zillənmişdi. O, bu vazaya qarşı qəlbinin dərinliyindəki qəzəbi gizli saxlamağa çalışırdı. Bununla belə, Sən-Klerin kefi kök idi. Onun ağlına sadə bir fikir gəldi: “Bəlkə, Temin onu aldadırdı?!”

      Qrafinya onu yola salmaq üçün başına şal örtürdü. Elə bu vaxt Sən-Kler əlindəki açarla bu mənfur vazanı əvvəlcə yavaş, sonra isə getdikcə bərkdən döyəcləməyə başladı; elə bil, vazanı çilik-çilik etmək istəyirdi.

      Matilda qışqırdı:

      – Ah! İlahi! Ehtiyatlı olun! Mənim qəşəng etrüsk vazamı sındırarsınız!

      Qrafinya açarı onun əlindən aldı.

      Sən-Kler pərt idi, ancaq vəziyyətlə barışdı. O, şübhələrini büruzə verməmək üçün arxasını buxarıya çevirdi, saatı çıxarıb qapağını qaldırdı və qrafinyanın şəklinə diqqətlə tamaşa etməyə başladı.

      – Bunun rəssamı kimdir? – deyə soruşdu.

      – Müsyö R… Bilirsiniz, məni onunla Masini tanış edib. Romaya ilk səyahətindən sonra Masini incəsənəti zövqlə başa düşdüyünü sanki kəşf etmiş və bütün gənc rəssamların hamisinə çevrilmişdi. Doğrusu, bir az təmtəraqlı çəkilməsinə baxmayaraq, elə bilirəm ki, bu şəkil mənə oxşayır.

      Sən-Kler əlindəki saatı divara çırpmaq istədi, ancaq özünü ələ aldı; sonra onu təmir etdirmək


Скачать книгу

<p>32</p>

Lesli Çarlz-Robert (1794-1859) – ingilis portret rəssamı.

<p>33</p>

Politexnik İnstitutu – Parisdə ali təhsil ocağı; institutun çoxsaylı inqilabçı tələbələri olmuşdur. Ali məktəb müxtəlif ixtisaslı hərbi mühəndislər (artilleriyaçı, minaaxtaran və.s) yetişdirmişdir.

<p>34</p>

Xoş sabahın müjdəçisi, gözəl torağay!” – U. Şekspirin “Romeo və Cülyetta” faciəsindən ifadə.