Hekayələr. Проспер Мериме

Hekayələr - Проспер Мериме


Скачать книгу
satsaydı, yüz dəfə bundan yaxşı idi. Onda mən heç olmazsa fikirləşərdim ki, doğrudan da məni sevir, çünki məşuqəm olduğu üçün ona pul vermirəm.

      Tezliklə başqa, özü də daha kədərli bir fikir onu daxilən narahat etməyə başladı. Bir müddətdən sonra qrafinyanın ərinə görə saxladığı matəm qurtaracaqdı. Sən-Kler qrafinyanın dul həyatının bir ili başa çatan kimi dərhal kəbin kəsdirməlidir. O, buna söz vermişdi! Söz vermişdi? Xeyr! Bu haqda Sən-Kler heç kəlmə də kəsməmişdi. Ancaq Sən-Klerin niyyəti belə idi və qrafinya bunu duymuşdu. Onun aləmində bu özü elə bir anda bərabər idi. Bir az əvvəl Sən-Kler hamının qarşısında məhəbbətini etiraf edəcəyi o anın tez yetişməsi üçün hər şeyi qurban verməyə hazır idi. İndi isə taleyini Masininin bu keçmiş məşuqəsi ilə bağlayacağı fikri onu sarsıdırdı.

      Sən-Kler öz-özünə deyirdi:

      “Bununla belə, bu mənim borcumdur və bu, olmalıdır, olacaqdır da. Yəqin, bu yazıq qadına elə gəlir ki, onun keçmiş əlaqələrindən mənim xəbərim vardır. Deyilənlərə görə, onlar münasibətlərini heç də gizlətməyiblər”. Daha sonra Sən-Kler başqa cür düşünürdü: “Qrafinya məni yaxşı tanımır, o, məni yaxşı başa düşə bilmir… Belə fikirləşir ki, mən onu Masini sevən kimi sevirəm. Neynək, – o, qürurla öz-özünə dedi. – Onun hesabına üç ay ən xoşbəxt adam oldum. Bu xoşbəxtlik üçün bütün ömrümü qurban verməyə dəyər”.

      O yatmadı və bütün səhəri at belində, meşədə gəzdi. Veryer meşəsindəki36 xiyabanların birində uzaqdan bir nəfəri qəşəng ingilis atının üstündə gördü. Həmin adam onu adı ilə səslədi və dərhal ona tərəf yönəldi. Bu, Alfons de Temin idi. Sən-Kler bikef idi, o, tənhalıq axtarırdı. Teminə rast gəlməyi onsuz da pis əhvalını tamam pozdu. O isə bu pərtliyi hiss etmədi, ya bəlkə, Sən-Klerə əzab verməkdən həzz almaq üçün belə dona girmişdi. Temin Sən-Klerin ona cavab verib-vermədiyinə məhəl qoymadan danışır, dil-dil ötür, gülür, zarafat edirdi. Sən-Kler qarşıya ensiz bir xiyaban çıxdığını görən kimi bu dözülməz, sırtıq yol yoldaşından yaxa qurtarmaq niyyətilə atını tez ora sürdü. Ancaq o yanılırdı; həyasız adamlar öz ovlarını asanlıqla əldən vermirlər. Temin cilovu yana çəkdi, Sən-Klerlə söhbəti daha da rahat davam etdirmək və onunla yanaşı getmək üçün atı mahmızlayıb həmin xiyabana çıxartdı və Sən-Klerə çatdı.

      Dediyim kimi, xiyaban ensiz idi. Burada iki at yan-yana çox çətinliklə gedə bilərdi. Temin yaxşı at minən olsa da, Sən-Klerin yanından ötərkən onun ayağına yüngülcə toxundu. Əlbəttə, bu təhqiramiz hərəkət sayıla bilməzdi. Lakin Sən-Klerin qəlbində qəzəb elə şiddətlənmişdi ki, artıq özünü saxlaya bilmirdi. O, üzəngidə ayaq üstə qalxaraq əlindəki qırmancla Teminin atının üzündən vurdu.

      – Lənət sənə kor şeytan, sizə nə olub, Oqüst? – Temin qışqırdı. – Mənim atımı nə üçün vurursunuz?

      – Niyə dalımca düşüb məni qarabaqara izləyirsiniz? – Sən-Kler hədələyici, ötkəm səslə cavab verdi.

      – Sizin ağlınız çaşıb, Sən-Kler? Yoxsa kiminlə danışdığınızı unudursunuz?

      – Yelbeyinin, azğının birisi ilə danışdığımı lap yaxşı bilirəm.

      – Sən-Kler!.. Siz, deyəsən dəli olmusunuz… Bura baxın, eşidin! Sabah mənim qarşımda üzr istəməli olacaqsınız, ya da elədiyiniz bu kobudluğa görə cavab verməli olacaqsınız.

      – Elə isə sabaha qədər, müsyö!

      Temin atının başını çəkib saxladı, Sən-Kler öz atını qabağa buraxdı və tez də meşədə gözdən itdi.

      Bu andan o, özünü çox sakit hiss etdi. Əvvəlcədən ürəyinə daman hadisələrə inanmaq onun zəif cəhəti idi. Sən-Klerə elə gəlirdi ki, sabah onu öldürəcəklər və bu da onun hal-hazırda vəziyyətdən çıxmaq üçün yeganə çıxış yolu olacaq. Hələ qabaqda bir gün var; sabah daha heç nəyin qeydinə qalmayacaq. O, evə qayıtdı, xidmətçisi ilə polkovnik Bojeyə məktub göndərdi. Daha bir neçə məktub yazdı, sonra iştahla nahar etdi və saat doqquzun yarısında gəlib bağ-bağatlı həyətin kiçik qapısının qarşısına çatdı.

***

      – Sizə bu gün nə olub, Oqüst? – qrafinya soruşdu. – Siz çox şənsiniz və bununla belə, heç bir zarafatınızla məni güldürə bilmirsiniz. Dünən sizin ovqatınız nə qədər təlx idisə, mən bir o qədər şən idim. Bu gün isə elə bil, rollarımızı dəyişmişik. Başım bərk ağrıyır.

      – Əziz dost, boynuma alıram, doğrudur, dünən çox bikef idim. Ancaq bu gün axı mən gəzmişəm, çox hərəkət etmişəm, buna görə də özümü çox yaxşı hiss edirəm.

      – Mən isə əksinə, çox gec durmuşam, bu gün səhər yatıb yuxuya qalmışam, ağır, qarmaqarışıq yuxular görmüşəm…

      – Ah, yuxu? Yuxuya inanırsınız?

      – Boş şeydir!

      – Mən isə inanıram. İnandırıram ki, gördüyünüz yuxular nəsə faciəli bir hadisənin olacağını xəbər verir.

      – İlahi, gördüyüm yuxular heç vaxt yadımda qalmır. Buna baxmayaraq, bugünkü yuxum yadımdadır. Yuxuda Masinini görmüşəm. Elə bundan belə bir nəticəyə gəlmək olar ki, yuxum o qədər də maraqlı olmayıb.

      – Masini! Əksinə, mən isə belə düşünürəm ki, siz onu yenidən görsəydiniz, məmnun olardınız, elə deyilmi?

      – Yazıq Masini!

      – Yazıq Masini?

      – Oqüst, xahiş edirəm, mənə deyin görüm, bu gün bir hadisə-filan baş verməyib ki? Sizin təbəssümünüzdə nəsə iblisanə bir şey gizlənmişdir. Elə bil ki, siz özünüzü ələ salırsınız…

      – Ah! Siz mənimlə ahıl, qoca arvadlar kimi danışırsınız, rəfiqələriniz kimi!

      – Doğru deyirəm, bu gün sizin sifətinizdə elə bir ifadə var ki, bu cür ifadə adətən xoşlamadığınız, zəhləniz gedən adamlarla danışanda olur.

      – Elə deməyin. Əlinizi mənə verin.

      Sən-Kler qrafinyanın əlini əda ilə öpdü və onlar bir müddət gözlərini bir-birinə zillədilər. Sən-Kler baxışlarını aşağı dikib dedi:

      – Bu dünyada qəddar olmamaq necə də çətindir! Qəddar olmadan yaşamaq istəyirsənsə, gərək ovdan, havanın yaxşı olmasından, keçmiş qadın dostlarından, onların büdcələrinin gətirdiyi mənfəətdən başqa ayrı bir şeydən danışmayasan…

      Sən-Kler stolun üstündən bir kağız götürdü:

      – Bax, sizin paltaryuyanın haqq-hesabıdır, mənim mələyim. Gəlin, indi də bu haqda söhbət edək. Belə olsa, məni qəddar adlandırmazsınız axı!

      – Düzü, Oqüst, siz məni təəccübləndirirsiniz…

      – Bu yazı, məni bu gün səhər tapdığım bir məktub haqda düşünməyə sövq edir. Sizə bildirməliyəm ki, sənədlərimi sahmana salırdım. Mən hərdənbir onları gözdən keçirirəm. Kağızların içərisində bir dərzi qadının vaxtilə mənə yazdığı məktub əlimə keçdi. Mən on altı yaşında olarkən həmin qadına vurulmuşdum. Onda hər sözü


Скачать книгу

<p>36</p>

Veryer meşəsi – Parisin altında, Versal yaxınlığında meşə.