Hekayələr. Фазиль Искандер
İndi qırx birinci il deyil.
– Əlbəttə, – dedim, – sizin kimi qərargahlarda yançağını isidənlərin günahıdır ki, indi qırx birinci il deyil.
– Mən bütün bunlar haqqında sizin hərbi hissəyə xəbər verməli olacam, – deyib mayor pilləkənlə aşağı düşməyə başladı, əsgər də onun dalınca.
– Xəbər verin! – dedim. – Əlinizdən ayrı nə gəlir ki!
Onlar qapıdan çıxdılar. Biz susurduq. Motosikletin tırıltısını eşitdik, sonra səs-səmir kəsildi.
– Sən onunla çox kobud danışdın, – Aleksey dilləndi. – İndi bizə rahatlıq verməyəcəklər.
– Qorxma, – dedim, – bizi komandirlərimiz yaxşı tanıyırlar. Böyük iş olub, alman qızları ilə gecələmişik.
– Axı sən onu tapança ilə hədələdin, – Aleksey dedi. – Təsəvvür edirsən, o bunu necə qələmə verə bilər?
– Biz də deyərik ki, o, yalan deyir, – cavab verdim. – Deyərik ki, o özü qadınlarla qalmaq istəyirdi, hər şey də ona görə başladı. Yoxsa niyə gecə saat üçdə motosikletdə fırlanır.
– Əlbəttə, – Aleksey razılaşdı. – İndi gərək bir-birimizin tərəfini saxlayaq. Ancaq sən gərək onunla kobudluq etməyəydin.
Mən başa düşürdüm ki, Aleksey indi Qretasının qarşısında özünü naqolay hiss edir. Qızlar, əlbəttə, sözləri başa düşmürdülər, ancaq burda başa düşməli bir şey yox idi; Alekseyi geyinməyə məcbur etmiş mayoru mən evdən qovmuşdum.
Mən gərginliyi aradan götürmək üçün hamıya spirt süzdüm və biz yenə də masa arxasında əyləşdik. Bacılar öz aralarında pıçıldaşdılar. Qreta parıldayan gözləri ilə mənə baxırdı, onun qara teli tez-tez alnına düşürdü. Qəşəng qız idi şeytan.
Qərəz, bir az içdikdən sonra hərə öz otağına getdi.
– Mayor gestapo?6 – Katya məndən soruşdu.
– Nayn, nayn, – dedim.
Elə bircə bu çatmırdı. Ancaq gördüm inanmır.
Bir gündən sonra bizdə hərbi uçuş var idi. Mən sağ-salamat uçuşumu başa çatdırdım. Öz ekipajımla birlikdə yeməkxanada çörəyimi yedikdən sonra Alekseyə yaxınlaşdım. O, nədənsə tək oturmuşdu.
– Bir az dincələk, – dedim, – güc toplayaq. Sabah qızların yanına gedək.
O, nədənsə duruxdu.
– Bilirsən, Kamal, – dedi, – bu haqq-hesabı qurtarmaq lazımdır.
– Niyə qurtaraq? – soruşdum.
– Rahat qoymayacaqlar, sonra pis olacaq.
– Nədən qorxursan? – dedim. – Əgər o, xəbər veribsə, onsuz da heç nə dəyişəsi deyil.
– Yox, qurtardı. Mən pas.
– Özün bilən yaxşıdır. Ancaq mən gedəcəm. Yaxşı, bəs Qreta səni soruşsa, nə deyim?
– Nə istəyirsən de. – O, kompotunu araq kimi birnəfəsə içib öz otağına getdi.
Aleksey həmişə komandanlığa həddən artıq ciddi yanaşırdı. Bir də görürdün fərəqət komandası ilə mil dayanıb onların öyüd-nəsihətinə elə qulaq asır ki, elə bil uçuşdan salamat qayıdıb-qayıtmamağı onlardan asılıdır. Mən bu xasiyyətinə görə ona tez-tez sataşırdım.
– Sən vəhşisən, – deyə cavabında gülürdü, – biz ruslar isə rəhbərliyi damarlarımızla hiss edirik.
Bəli, axşam alman qızlarımızın yanına getdim. Yolda gedə-gedə fikirləşirdim ki, onlara nə deyim. Axır qərara gəldim ki, deyim xəstələnib. Bəlkə, sonra ağlı başına gəldi.
Evə girəndə mənimki üstümə atıldı. Qreta isə yerindəcə donub-qaldı. Gözünün üstünə düşən qara teli elə bil bir az da qaraldı.
– Alyoşa?! – deyə o, nəhayət, dilləndi.
– Krank7, – dedim. – Alyoşa krank. Yəni xəstədir.
– Krank, oder toten?8 – deyə o, ciddi soruşdu və düz gözlərimə baxdı. Elə fikirləşirdi ki, onu öldürüblər. Mən isə düzünü deməyə qorxurdum.
– Nayn, nayn, – dedim, – qrip.
– O, – onun rəngi-ruhu özünə gəldi, – das ist nixte.
Bəli, biz həmişəki kimi oturduq, yedik, içdik, rəqs etdik. Katya bir neçə dəfə mənə göz vurdu ki, onun bacısı ilə rəqs edim. Mən də rəqs edirdim, yazıq qız gah gülümsəyirdi, gah da saralıb solurdu. Darıxdığına görə utanırdı. Məlum məsələdir: qız dostuma bir könüldən min könülə aşiq olmuşdu.
Mən Katya ilə tək qaldıqdan sonra o, göy gözləri ilə mənə baxıb soruşdu:
– Mayor?
Belə yerdə necə yalan deyəsən, axı onun gözlərində həqiqətin özü yazılmışdı. Mən çiynimi çəkdim.
– Yazıq Qreta, – o dedi. Yadımdan çıxıb almanca necədir.
– Yer libt, – dedim, – yer libt Qreta9!
– Ya, ya, – Katya dedi və nə isə əlavə etdi, mən belə başa düşdüm ki, Aleksey sevir, ancaq qorxu daha güclüdür.
– Mayor papir? – soruşdu və əli ilə də göstərdi ki, yəni donos yazıb. Almanlar bir işarədən qanandırlar.
Mən yenə də çiynimi çəkib qapıya tərəf göstərdim:
– Yer ist krank… – yəni xəstədir.
– Bura bax, adam dilində danış! – Sandro əmi onun sözünü kəsdi. – Nə var, qarğa bazarı açmısan burda: “Qar, qar, qar!”
– Belə xatırlamaq daha asandır, – deyə Kamal öz fleqmatik öküz gözləri ilə Sandro əmiyə baxdı.
– Yaxşı, yaxşı, danış. – Sandro əmi bilirdi ki, əgər Kamal söhbətinə ara versə, onu yenidən işə salmaq üçün xeyli yanacaq lazım olacaq.
– Hm-m-m, – Kamal bir az mızıldayıb tez də öz söhbətinə qayıtdı. – Sözün kəsəsi, mən çox ümid edirdim ki, Aleksey fikrini dəyişər. Səhəri gün mən onu görüb tanımadım. Bir gecəyə qaralmışdı.
– Nə olub sənə? – soruşdum.
– Heç, – dedi. – Gecə yata bilməmişəm. Qreta necədir?
– Səni gözləyir. Mən dedim ki, sən xəstəsən.
– İnandı?
– O inandı, ancaq bacısı başa düşür.
– İndi qurtarmaq yaxşıdır. Onsuz da mən evlənə bilməyəcəm, uzatmağın nə mənası var?
– Ay axmaq, – dedim, – kimdir səni evlənməyə məcbur edən? Ancaq nə qədər ki biz burdayıq, nə qədər ki sağıq, niyə də görüşməyək?!
– Sən məni başa düşməzsən. Sənin üçün bu, vaxt keçirməkdir, mən isə birinci dəfədir sevirəm.
Bu
6
7
8
9