Hekayələr. Василий Шукшин

Hekayələr - Василий Шукшин


Скачать книгу

      “Nə var ki, ana? Qocalığı at kənara – gəl buralara. Həm də Moskvanı gör. Sənə yolpulu göndərəcəyəm. Ancaq yaxşı olar ki, təyyarə ilə gələsən – belə ucuz başa gələr. Özün də dərhal teleqram göndər ki, səni nə vaxt qarşılayacağımı bilim. Əsas odur ki, ürəkli olasan”.

      Malanya nənə məktubu oxudu, qurumuş dodaqlarını büzdü və fikrə getdi.

      – Pavel məni yanına çağırır, – deyib eynəyinin üstündən Şurkaya baxdı. (Şurka Malanya nənənin nəvəsi, qızının oğlu idi. Qızı şəxsi həyatını hec cür qura bilmirdi (üçüncü dəfə ərə getmişdi), nənə də qızından Şurkanı hələlik ona verməsini xahiş etmişdi. O, nəvəsini çox sevirdi, amma çox ciddi nəzarət altında saxlayırdı.)

      Şurka masa arxasında oturub dərslərini hazırlayırdı. Nənəsinin sözlərinə çiyinlərini çəkməklə cavab verdi – əgər çağırırsa, get.

      – Sənin tətilin nə vaxtdır? – nənə ciddiyyətlə soruşdu.

      Şurka qulaqlarını şəklədi.

      – Hansı tətil, qış tətili?

      – Əlbəttə qış tətili, indi yay deyil ki…

      – Yanvarın birindən. Necə məgər?

      Nənə yenə dodaqlarını büzüb fikrə getdi.

      Şurkanın isə həyəcan və sevincdən ürəyi sıxılırdı.

      – Nə olub ki? – o, bir də soruşdu.

      – Heç bir şey. Dərsini oxu! – Nənə məktubu önlüyünün cibində gizlədib geyindi və daxmadan çıxdı.

      Şurka nənəsinin hara getdiyini görmək üçün pəncərəyə tərəf qaçdı.

      Darvazanın ağzında Malanya nənə qonşu ilə görüşüb ucadan danışmağa başladı:

      – Pavel məni Moskvaya qonaq çağırır, açığı, qalmışam neyləyim. Ağlımı bir yerə cəm eləyə bilmirəm. “Ana, – deyir, – sənin üçün bərk darıxmışam, gəl”.

      Qonşu qadın cavabında ona nəsə deyirdi. Şurka onun dediklərini eşitmirdi. Nənə isə ucadan ona:

      – Bu, aydın məsələdi, olar. Nəvələrimi bir dəfə də olsun görməmişəm, ancaq şəkillərinə baxmışam. Amma çox qorxuludur.

      Onlara daha iki qadın yanaşdı, sonra daha birisi, sonra yenə… Az sonra Malanya nənənin ətrafına xeyli adam toplaşdı. O isə hər dəfə söhbətə yenidən başlayırdı:

      – Pavel məni öz yanına – Moskvaya çağırır. Açığı, qalmışam belə, bilmirəm nə edim?

      Hiss olunurdu ki, hamı ona getməyi məsləhət görürdü. Şurka əllərini cibinə soxub daxma boyunca var-gəl etməyə başladı. Üzündə xəyalpərəst və eynən nənəsində olduğu kimi dalğın və düşüncəli ifadə var idi. O, ümumiyyətlə, nənəsinə çox oxşayırdı – elə onun kimi arıq bədəni, enli sifəti, xırda və ağıllı gözləri var idi. Lakin xasiyyətləri heç uyğun gəlmirdi. Nənəsi qıvraq, güclü, çığırqan, hər şeylə maraqlanan qadın idi. Şurka da hər şeylə maraqlanan idi, amma həddindən artıq utancaq, ədəbli və dəymədüşər idi.

      Axşam Moskvaya göndərmək üçün teleqram yazırdılar. Nənə diktə edir, Şurka yazırdı.

      – Əziz oğlum Paşa, əgər sən mənim gəlməyimi istəyirsənsə, mən, əlbəttə, gələ bilərəm, hərçənd ki bu qoca vaxtımda…

      – Salaməleyküm! – Şurka dedi. – Kim belə teleqram yazır?

      – Səncə, bəs necə yazılmalıdır?

      – Gələcəyik. Nöqtə. Ya da belə: Yeni ildən sonra gələcəyik. Nöqtə. İmza: anan. Vəssalam.

      Nənə hətta incidi.

      – Altıncı sinfə gedirsən, Şurka, ancaq düşüncən yoxdur. Yavaş-yavaş ağıllanmaq lazımdır.

      Şurka da incidi.

      – Buyur! – dedi. – Sən heç bilirsən, biz belə nə qədərlik yazarıq? Köhnə pulla 20 manatlıq.

      Nənə yenə dodaqlarını büzüb fikirləşdi.

      – Onda belə yaz: “Oğlum, mən burada bəzi adamlarla məsləhətləşdim…”

      Şurka qələmi kənara qoydu.

      – Mən belə bacarmıram. Sənin burada kimlərləsə məsləhətləşməyin kimə lazımdı axı? Poçtda hamı bizə güləcək.

      Nənə hökmlə dilləndi:

      – Sənə nə deyirlər onu da yaz. Məgər mən oğlum üçün 20 manata qıymayacağam.

      Şurka qələmi götürdü və güzəştə gedərək iltifatla kağıza tərəf əyildi.

      – Əziz oğlum Paşa, burada mən qonşularla danışdım. Hamı mənə getməyi məsləhət görür. Əlbəttə, bu qoca yaşımda bir balaca qorxuram…

      – Onsuz da poçtda mətni dəyişəcəklər, – deyə Şurka əlavə etdi.

      – Hünərləri var dəyişsinlər!

      – Sənin heç xəbərin də olmayacaq.

      – Ardını yaz: mən, əlbəttə, bir balaca qorxuram, ancaq… yaxşı… Yeni ildən sonra gələrik. Nöqtə. Şurka ilə. O artıq böyüyüb. Pis uşaq deyil, sözəbaxandır.

      Şurka son sözləri – böyüdüyü və sözəbaxan olduğu haqda sözləri yazmadı.

      – O, yanımda olsa, heç bir qorxum olmaz. Hələlik sağ ol, oğlum. Mən özüm də sizdən ötrü çox…

      Şurka “yaman” yazdı.

      – …darıxmışam. Heç olmasa, gəlib uşaqları görərəm. Nöqtə. Anan.

      – İndi gəl hesablayaq, – deyə Şurka istehza ilə dilləndi və qələmin ucunu bir-bir sözlərin üstünə vuraraq pıçıltıyla saymağa başladı: – Bir, iki, üç, dörd…

      Nənə onun arxasında durub gözləyirdi.

      – Əlli səkkiz, əlli doqquz, altmış! Elədir? Altmışı vuraq otuza – bir min səkkiz yüz? Elədir? Onu da bölək 100-ə və alaq on səkkiz. Bir sözlə, iyirmi neçə manatsa, – Şurka bunu təntənəli şəkildə elan etdi.

      Nənə teleqramı ondan alıb cibində gizlətdi.

      – Poçta özüm gedəcəm. Sən burada savadlı çıxmısan, yaman da hesablayırsan.

      – Buyur, onsuz da həmin məbləğ olacaq. Bəlkə, bir neçə qəpik səhv etmiş olaram.

      …Saat on bir radələrində məktəbin təsərrüfat müdiri, qonşu Yeqor Lizunov onlara gəldi. Nənə onun ailə üzvlərindən xahiş etmişdi ki, işdən gəldikdən sonra ona baş çəksin. Yeqor öz zamanında çox gəzib-dolaşmış, təyyarəyə minmişdi.

      O, yarımkürkünü və papağını çıxartdı, codlaşmış kobud ovucları ilə tərli çal saçlarını tumarladı, stola yaxın əyləşdi. Daxmanı saman və yəhər-qayış iyi basdı.

      – Demək, uçmaq istəyirsiniz?

      Nənə zirzəmiyə girib oradan içində baldan çəkilmiş pivə olan dörddəbir litrlik şüşə çıxartdı.

      – Uçmaq, Yeqor. İndi hər şeyi bir-bir danış. Nə olur, necə olur.

      – Burada danışmalı nə var ki? – Yeqor gözütoxluqla, hətta bir az da iltifatla nənənin pivəni necə süzdüyünə baxırdı. – Əvvəlcə şəhərə, oradan Biysk-Tomsk avtobusuna oturub Novosibirskə qədər gedərsiniz. Orada şəhər hava kassasının harada olduğunu soruşarsınız. Birbaşa aeroporta da getmək olar…

      – Bir dayan görüm! Elə bil əzbərləmisən – “olar, olar”. Nə etmək olar yox, de görüm, nə etmək lazımdır. Həm də aramla de. Yoxsa hər şeyi qatıb-qarışdırarsan, – nənə bir stəkan pivəni Yeqorun qabağına qoyub onu sərt baxışlarla süzdü.

      Yeqor barmaqları ilə stəkana toxundu, onu tumarladı.

      – Deməli, belə, Novosibirskə gedirsiz, çatan kimi dərhal aeroportun yolunu soruşursuz. Şurka, yadında saxla.

      – Şurka, yaz, – nənə əmr etdi.

      Şurka dəftərindən təmiz vərəq cırıb yazmağa başladı.

      – Tolmaçevoya


Скачать книгу