Hekayələr. Василий Шукшин
ata öz kiçik oğluyla…
Marfa hıçqırtı ilə ağladı:
– Antip, ay Antip! – O, göz yaşları içində: – Əgər mən hərdən sənin xətrinə dəyirəmsə, məni bağışla, – dedi.
– Boş şeydi, – Antip dilləndi. – Əgər mən günahkaramsa, sən də məni bağışla.
– Sənə çalmağa imkan vermirəm…
– Boş şeydi, – Antip təkrar etdi. – Mənə imkan versən, gecə-gündüz çalaram. Belə də olmaz. Mən başa düşürəm.
– İstəyirsən, sənə araq alaq?
– Olar! – Antip razılığını bildirdi.
Marfa göz yaşlarını silib ayağa qalxdı.
– Hələlik sən mağazaya get, mən də şam yeməyi hazırlayım.
Antip əyninə brezent geyinib daxmanın ortasında dayanmışdı. Gözləyirdi ki, Marfa haçan iri sandığın dərinliyindən, əsgi-üsgünün altından pulu çıxaracaq. O, arxadan Marfanın enli kürəklərinə baxırdı.
– Bir iş də var, – Antip sanki sözgəlişi dedi, – o artıq qocalıb… təzəsi lazımdır. Mağazaya dünən axşam yaxşılarını gətiriblər. Ver birdəfəlik alım.
– Nədən danışırsan? – Marfa hərəkətsiz qaldı.
– Balalaykanı deyirəm də…
Marfa yenə hərəkətə gəldi. Pulları götürüb sandığın üstündə oturdu, asta-asta, çətinliklə saymağa başladı. Qaşqabağını töküb dodaqlarını tərpədirdi.
– O ki hələ çalır, – dedi.
– Orada bir lövhəcik qırılıb… çalanda cingildəyir.
– Sən onu yapışdır. Bişmiş qatranı götür və səliqə ilə yapışdır.
– Məgər aləti qatranla yapışdırmaq olar? Allah köməyin olsun!
Marfa susdu. Yenidən pulları saydı. Onun ciddi və qayğılı görkəmi var idi.
– Al! – o, pulu Antipə uzatdı. Marfa onun gözlərinə baxmırdı.
– Təkcə araqpulu? – Antipin alt dodağı sallandı. – Həə…
– Eybi yox, o hələ çalacaq. Gör bu gün nə yaxşı çalırdı.
– Eh, Marfa! – Antip dərindən ah çəkdi.
– Nə “eh”? Nə “eh”?
– Heç… keçdi daha, – Antip üzünü çevirib qapıya doğru getdi.
– O neçəyədir ki? – birdən Marfa acıqlı soruşdu.
– Əşi, qəpik-quruşdu, – Antip kandarda ayaq saxladı. – Təzə pulla altı manata.
– Al, – Marfa altı manatı qaşqabaqla ona uzatdı.
Antip cəld addımlarla arvadına yanaşdı, pulları alıb sakitcə çıxdı: danışmaq, yaxud yubanmaq təhlükəli idi. Yoxsa Marfa asanlıqla fikrini dəyişə bilərdi.
GÜNƏŞ, QOCA VƏ QIZ
Qızmar günəşin meydan suladığı günlər idi. Torpaq da, ağaclar da od tutub yanırdı.
Quru otlar ayaq altında xışıldayırdı. Bircə axşamlar sərin düşürdü. Bax elə həmin axşamlarda iti axan Katun çayının sahilinə bir qoca çıxır, həmişə eyni yerdə – kökləri suya batmış ağacın qalın budaqlarından birində oturur və günəşin qürubunu seyr edirdi. Göydən dağların arxasına doğru enən günəş iri və qırmızı idi. Qoca heç qımıldanmırdı. Dizlərinin üstünə qoyduğu əlləri günəşdən qaralmış, qupquru və qırış içində idi. Dərin qırışlar üzünü də bürüyüb, gözləri nəm və donuqdur. Nazik boynu, balaca başı və çal saçları var. Göy rəngdə çit köynəyinin altından kürəyinin sümüyü çıxır.
Günlərin birində, qoca elə beləcə oturanda arxadan bir səs eşitdi:
– Babacan, salam!
Qoca başı ilə salam verdi.
Əlində yastı, balaca bir çamadan tutmuş qız yanında əyləşdi.
– Dincəlirsiniz?
Qoca yenə başını tərpətdi. Dedi:
– Dincəlirəm.
Qızın üzünə baxmadı.
– Olar, sizin üzünüzü köçürüm? – qız soruşdu.
– Necə yəni köçürəsən? – qoca anlamadı.
– Sizi çəkim.
Qoca bir müddət sükuta daldı, vərdişinə xilaf çıxmayıb günəşi seyr etdi, kirpikləri tökülmüş qırmızımtıl göz qapaqlarını qırpdı.
– Mən indi qəşəng deyiləm, – dedi.
– Niyə ki? – Qız azacıq özünü itirdi. – Heç də yox, babacan, siz qəşəngsiniz.
– Üstəlik də naxoşam.
Qız qocaya uzun-uzadı tamaşa elədi. Sonra ovcu ilə onun günəşdən qaralmış quru əlini sığallayıb dedi:
– Babacan, siz çox qəşəngsiniz. Düz sözümdür.
Qoca xəfif gülümsündü:
– Daha sənsən də, çək.
Qız öz çamadanını açdı.
Qoca ağzını ovucu ilə tutub öskürdü:
– Yəqin, şəhərlisən, hə? – soruşdu.
– Hə, şəhərliyəm.
– Yəqin, buna görə pul verirlər, hə?
– Baxır da. Qəşəng çəkəndə verirlər.
– Çalışmaq lazımdır.
– Çalışıram.
Susdular.
Qoca elə hey günəşə tamaşa edirdi.
Qız qocanın üzünə yandan baxıb çəkirdi.
– Babacan, buralısız?
– Hə, buralıyam.
– Elə burada doğulmusuz?
– Burada, burada.
– İndi neçə yaşınız var?
– Yaşımı deyirsən? Səksən.
– Oho!
– Hə, yaman çoxdur, – qoca razılaşdı və yenə xəfif gülümsündü. – Bəs sənin?
– İyirmi beş.
Ortaya yenə sükut çökdü.
– Yaman günəşdir! – qoca pəsdən səsləndi.
– Necədir ki? – qız anlamadı.
– İridir.
– A-a… Hə. Ümumiyyətlə, bura çox qəşəngdir.
– Hələ bir suya bax, gör günəşin şəfəqlərinə necə boyanıb… Hələ o biri sahildəkinə…
– Hə, hə.
– Elə bil qan qatmısan.
– Hə. – Qız o