Şah Abbas. Cahid Aydoğmuşoğlu

Şah Abbas - Cahid Aydoğmuşoğlu

Скачать книгу
heç bir dayağı qalmadı. Buna baxmayaraq Xudabəndə azsayda əsgərlə Qəzvinə yaxınlaşdı. Lakin şəhərə çatanda bu əsgərlərin də döyüşmək niyyətində olmadığı ortaya çıxdı. Xudabəndə və ona sadiq əmirlərin əlacı məsələni danışıqlar yolu ilə həll etməyə qaldı. İki tərəf arasında yazışmalar başladı. Mürşidqulu xan dövlətin qərbdən Osmanlı, şərqdən isə özbək təhdidi altında olduğunu bildirərək əlavə elədi ki, bu bəlanın yeganə çarəsi Abbas Mirzəyə itaət edərək onun ətrafında birləşməkdir. O, eyni zamanda itaət qərarı verən kimsənin canına və malına toxunulmayacağına söz verdi. Nəticədə Şah Məhəmməd Xudabəndə ilə əmirlər Abbas Mirzənin taxta keçməsinə razı oldular. Bunun ardınca Abbas Mirzə atasına xəbər göndərərək onu görmək istədiyini, həmçinin qardaşının qətlinə görə çox təəssüləndiyini bildirdi.

Abbas Mirzənin xəbər yolladığı adamlar Xudabəndəni paytaxta gətirdilər. Yeni hökmdar onu dövlətxanada qarşıladı. Bundan başqa, qardaşları da daxil olmaqla bütün ailəsini saraya yerləşdirdi.

1587-ci il oktyabrın 3-də Qəzvindəki Çəhəl sütun sarayında keçirilən rəsmi mərasimlə Abbas Mirzə şah elan olundu. Dövlət və din xadimlərinin iştirak etdiyi həmin mərasimdə Şah Məhəmməd Xudabəndə Səfəvi tacını əz əlləri ilə oğlunun başına qoydu.

Tacqoyma mərasimi zamanı Şah I Abbas səltənət taxtına əyləşdirildi, onun əlində isə qızıldan hazırlanmış şahlıq əsası var idi. Bir yanında atası, o biri yanında Mürşisqulu xan dayanmışdı. Xorasandan gələn ustaclı tayfasının adlı-sanlı sərkərdələrindən 300 nəfər şahlıq taxtının ətrafında əqrar tutmuşdu. Xəncər və qılınc qurşanmış bir xeyli sufi isə mərasimə həm də çiyinlərindəki təbərzinlə qatılmışdı.

Beləliklə, Abbas Mirzə cəmi 17 yaşında «Şah I Abbas» ünvanı ilə Səfəvi taxtının sahibi oldu. Mürşidqulu xan isə «Vəkili-səltənət» olaraq dövlət işlərini öz əlində cəmləşdirdi.

Şah I Abbas taxta keçdikdən sonra hər gün qoşun başçıları və xanlar dəstə-dəstə onun hüzuruna gəlməyə başladı. Gələnlər yeni hökmdarı təbrik edir, ona itaətlərini bildirib daim sədaqətli olacaqlarına and içir, şahın bütün əmrlərini can-başla yerinə yetirəcəklərinə söz verirdilər. Burada kifayət qədər nüfuzlu əmirlər – Kirman əfşarlarından Əfşar Vəli xan, Dulqədirli Mehdiqulu xan, Şirazlı Mirzə Abdulla, Qumdan gələn Dulqədirli Əliqulu sultan, Astarabaddan gələn Talış Əmir Həmzə xan, Museyib xan Təkəli və Ərdəbil tərəflərdən təşrif buyuran Türkmən Mehdi xan vardı.

Qeyd eləmək lazımdır ki, Şah I Abbas hakimiyyətə gələrkən Səfəvi dövlətinin vəziyyəti heç də ürəkaçan deyildi. Daxildən qızılbaş əmirlərinin çəkişmələri, xaricdən isə Osmanlı və özbəklərin müdaxiləsi ölkəni ağır duruma salmışdı. Gənc hökmdar Şah I Abbas bu ağır durumu Babur dövlətinin23 hökmdarı Sultan Əkbərə24 yazdığı məktubda babasının təfsilatı ilə açıqlamış, babası I Təhmasibdən sonra baş verənləri ətraflı izah etmişdir. O həmin məktubda babasının vəfatından sonra yaranan daxili qarışıqlığı taxta I Təhmasib kimi güclü bir hökmdarın çıxmaması ilə əsaslandırır, elə Səfəvi dövlətinə qarşı xarici müdaxilələrin də buradan qaynaqlandığını bildirirdi: «Hər qrupun öncülləri və hər tayfanın böyükləri irəli keçmək, daha çox (imtiyaz) qazanmaq arzusu ilə bir-birindən fərqli və ziddiyyətli iddialar irəli sürmüşlər. Nəticədə Qızılbaş əmirləri arasında sədaqət və birlik öz yerini üsyana və nifaqa buraxmışdır. Bir-birinə müxaliflik, bir-biri ilə yersiz və gərəksiz inadlaşma, bir-birinə qarşı fitnə-fəsad ucbatından aralarına qarğaşanın25 atəşi düşmüş, üzərlərinə düşmənçiliyin qaranlığı çökmüşdür. Belə bir vəziyyət yadların bu diyara tamah salmasına yol açmışdır. Gözləri hər zaman bu zəngin torpaqlarda olan Turan (Özbək) və Anadolu (Osmanlı) sultanları fürsət tapıb ixtilaf qapılarını üzümüzə açmışlar».

Şah I Abbas hakimiyyətə gəldikdən sonra onu dəstəkləyən əmirləri mükafatlandırdı. Bəzi şahzadə və əmirlərə qiymətli hədiyyələr, bahalı xələtlər göndərib hərəsini bir bölgəyə hakim təyin etdi. Sonra isə qardaşı Həmzə Mirzənin qətlində əli olan yeddi qızılbaş əmirini hüzuruna çağırdı. Bunlar ölkə içində daim qarışıqlıq yaradan, bir müddət öncə atası Məhəmməd Xudabəndənin yanından qaçıb Qəzvinə gələn adamlar idi. Şah I Abbas onları anasının və böyük qardaşının qətli ilə bağlı sorğu-suala çəkdi. Həmin adamlar sadalanan cinayətlərdə əllərinin olmadığına dair tutarlı, ağlabatan cavab verə bilmədilər. Belə olduqda şahın işarəsini gözləyən saray mühafizləri dərhal hərəkətə keçdilər: haqqında danışılan yeddi nəfərin yeddisi də qətlə yetirildi. Bu hadisə 1587-ci il noyabrın 8-də baş verdi.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Həmzə Mirzənin aradan götürülməsində Mirzəqulu xanın da əlinin olduğu şübhə doğurmur. Çünki o, Şah I Abbası taxta çıxararaq dövləti özü idarə etmək arzusunda idi.

Qətlə yetirilən Qızılbaş sərdarları içində Əbutalıb Mirzəni özləri ilə götürüb şahın hüzuruna gələn əmirlər də var idi. Həm onların, həm də öldürülən digər qızılbaşların malları, evləri və bütün əşyaları müsadirə olundu, sonra isə Şah I Abbasın sərkərdələri, eləcə də gənc hökmdarla birgə Xorasandan Qəzvinə gələn 300 əmirə paylandı.

Mürşidqulu xan bu baş verənlərdən olduqca məmnun idi. Çünki xüsusilə yeddi qızılbaş sərdarının qətli hamıdan çox xanın işinə yaramışdı. Bununla o, əsas rəqiblərindən qurtulmuş və naibüs-səltənə (səltənət vəkili) məqamının26 sahibi kimi dövlət işlərini asanlıqla öz əlində cəmləmişdi. Ancaq Mürşidqulu xanın xəbəri yox idi ki, çox keçmədən sıra onun özünə də gələcək.

Səltənət vəkilindən öncə isə Şah I Abbas öz hakimiyyəti üçün təhlükə hesab etdiyi atasının və iki qardaşının gözlərinə mil çəkdirdi, ardınca isə onları Ələmut qalasına27 saldırdı. Atasının əslən tacik olan vəzirlərini isə xeyli məbləğdə pul alaraq əfv elədi. Bundan sonra o, bütün diqqətini ölkənin dirçəlişinə yönəltdi. Şahın yeganə istəyi xalqı düşdüyü zülm və xaos bataqlığından qurtarıb rahat və firavan həyata qovuşdurmaq idi. Gənc hökmdar üç yol müəyyənləşdirmişdi. Birincisi, nizam-intizam yaratmaq və qanunları işlək hala gətirməklə asayiş və əmin-amanlığı bərpa etmək; ikincisi, ordunu yenidən təşkil eləmək və iqtisadi islahatlar aparmaq; üçüncüsü, özbəkləri Xorasandan çıxarmaq və Osmanlı imperiyasının zəbt elədiyi torpaqları geri almaq.

Şah I Abbası başa düşmək olardı: o, taxta əyləşdiyi vaxt Səfəvi dövləti süqutun bir addımlığında idi. Ticarət və sənaye tənəzzülə uğramış, əhalinin həyat səviyyəsi kəskin aşağı düşmüşdü. Bu ağır vəziyyəti dəyişmək üçün şaha, hələ ki, qulaq dincliyi lazım idi. Ona görə də Osmanlı dövləti ilə sülh bağlayaraq ölkədaxili məsələlərlə rahat şəkildə məşğul olmaq imkanı qazandı. Ticarət sahəsində aparılan islahatlar nəticəsində

Скачать книгу

23

Babur imperiyası – 1526-cı ildən 1857-ci ilədək hökm sürmüş və əsası Teymurilər sülaləsindən olan Babur (1483 – 1530) tərəfindən qoyulmuş türk dövləti (red.)

24

Sultan Əkbər (və ya Əkbər şah) – Babur imperiyasının üçüncü hökmdarı və Baburun nəvəsi. Müsəlman ölkələr arasında çadranı qadağan edən ilk padşahdır. Babur dövlətinin ən parlaq dövrü «Böyük Əkbər» kimi də tanınan Əkbər şahın hakimiyyət illəri sayılır. 1542 – 1605-ci illərdə yaşayıb, 14 yaşında taxta çıxıb və ömrünün sonunadək hakimiyyətdə qalıb (red.).

25

Qarğaşa – qarışıqlıq, hərc-mərclik, çaxnaşma, araqarışma (red.)

26

Məqam – burada: vəzifə, rütbə, mənsəb, mərtəbə

27

Ələmut qalası – indiki İran ərazisində, Talış dağları ilə Elbrus dağ silsiləsinin kəsişməsində, 2163 metr hündürlükdə yerləşən qədim qala. Hazırda yalnız dağıntıları qalmışdır. IX yüzillikdə inşa edildiyi deyilir (red.).